Şriftin ölçüsü :
Saytın rəngi :
|
İntihar sosial, əxlaqi, psixoloji, hüquqi və sair kimi mənbələrdən əmələ gələn mürəkkəb bir fenomendir. İntiharların sayı əsaslı olaraq sosial rifahın göstəricisi sayılır. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) verdiyi məlumata görə, hər il 0,8 milyon insan könüllü şəkildə öz həyatlarına qəsd edir.1 ÜST intiharın göstəricilərinə görə ölkələri üç qrupa bölür:
Təəssüflə qeyd etmək lazımdır ki, Azərbaycanda da intihar hallarına rast gəlinir. Son zamanlar isə intihar hallarının gəncləşməsi, yəni uşaqlar və gənclər arasında suisid hallarının daha çox baş verməsi narahatedici məsələlərdəndir. Azərbaycan Respublikasında 2019-cu ilin dekabr ayına olan statistik məlumata görə əhalinin sayı 10.067.108 nəfərə çatmışdır2. Azərbaycan ÜST-ün təsnifatına görə 100 min əhaliyə təqribi 6 nəfər hesablanaraq intiharın aşağı səviyyəli olan ölkələrin qrupuna aiddir. Qeyd edək ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci (özünün öldürmə həddinə çatdırma) maddəsi ilə məsuliyyətə cəlb olunma nəzərdə tutulmuşdur. Lakin reallıqda bu məsələ bir qədər fərqli nəticə alınır. Belə ki, intihar hadisəsi qeydə alınan kimi, 125-ci maddə ilə cinayət işi başlanır. Əslində isə həmin hadisə bu maddə üzrə ciddi sübuta yetirilməlidir. Çox vaxt insanları özünü öldürmə cinayətinə sövq edən faktorlar onun əhatəsində - ailəsində, qohumlarında və iş yerində olur. Ona görə də, özünü öldürən insanın əhatəsi bu cinayətin üstünün açılmasına maraq göstərmir. Bundan əlavə cinayətin sübuta yetirilməməsinə digər hallar da səbəb olur. Beləliklə də, 125-ci maddə ilə başlanılan cinayət işi sonradan iş prosesində digər maddələrlə əvəz olunur və ya xitam verilir. Özünü öldürmə həddinə çatdırma cinayətinin təsnifatı CM-in 15-ci maddəsinə əsasən xarakterindən və ictimai təhlükəlilik dərəcəsindən asılı olaraq az ağır cinayətlərinin sırasına daxildir. Bu cinayətin bilavasitə obyektini insan həyatı təşkil edir. Cinayətin obyektiv cəhəti - zərərçəkmişin özünü öldürmə və ya özünü öldürməyə cəhd həddinə çatdırılmasına səbəb olan: a) amansız rəftar etmədə; b) ləyaqətini mütəmadi olaraq alçaltmada; c) hədə-qorxu gəlmədə ifadə olunur. Təqsirin forması - birbaşa və ya dolayı qəsdlə müəyyən edilir. CM-in 125-ci maddəsində nəzərdə tutulan əməlin törədilməsinə yönəlmiş hazırlıq hərəkətləri cinayət məsuliyyətinə səbəb olmur (CM-in 28-ci maddəsi).3 İntihar fenomenini filosoflar, sosioloqlar, psixoloqlar, mədəniyyətşünaslar və hüquqşünaslar tədqiq etmişlər. SSSR-in vaxtlarında, siyasi nöqteyi-nəzərdən, əsasən də XX əsrin 30-cu illərin əvvəlində intihar problemlərin araşdırılması üçün icazə faktiki olaraq yalnız psixiatrlarda var idi, təkidlə də tələb edilirdi ki, intiharı əksər hallarda psixiki patologiyanın büruzə verilməsi kimi nəzərə alınsın. İntihar cəhdləri alınmayan şəxsləri isə avtomatik olaraq məcburi şəkildə ruhi-əsəb xəstəxanalarına yerləşdirirdilər. Sovet dövrünün sonunda, alimlərin səyləri nəticəsində intihar məsələləri daha geniş fənlərarası mövzunun təşkil etdiyi ərsəyə gəldi.
1 URL: https://www.who.int/mental_health/suicide-prevention/infographic/ru/ 2 URL: https://www.stat.gov.az/news/index.php?id=4459
İntihar fenomenini filosoflar, sosioloqlar, psixoloqlar, mədəniyyətşünaslar və hüquqşünaslar tədqiq etmişlər. SSSR-in vaxtlarında, siyasi nöqteyi-nəzərdən, əsasən də XX əsrin 30-cu illərin əvvəlində intihar problemlərin araşdırılması üçün icazə faktiki olaraq yalnız psixiatrlarda var idi, təkidlə də tələb edilirdi ki, intiharı əksər hallarda psixiki patologiyanın büruzə verilməsi kimi nəzərə alınsın. İntihar cəhdləri alınmayan şəxsləri isə avtomatik olaraq məcburi şəkildə ruhi-əsəb xəstəxanalarına yerləşdirirdilər. Sovet dövrünün sonunda, alimlərin səyləri nəticəsində intihar məsələləri daha geniş fənlərarası mövzunun təşkil etdiyi ərsəyə gəldi. Hüquq nəzəriyyəçiləri tərəfindən “intihar” termininin mənasını açıqlayan müxtəlif təriflər təklif edir. Belə ki, N.A. Safonova yazır: “İntihar-öz həyatını almağa yönəlmiş dərk edilmiş, könüllü hərəkətlərdir."4 İntiharı bir şəxsin özünə qəsdən ölüm tətbiq edilməsi kimi təyin edən E.K.Volkonskaya, bu tərifin intiharın iradəli hərəkətlərə aid olmasını, özündə qəsd etmək niyyətinin mövcud olmasını və insanın öz ölümünə nail olmasını özündə ehtiva etdiyini vurğulayır.5 Bununla da belə nəticəyə gəlmək olar ki, E.K.Volkonskayanın intihar termininə verdiyi tərif daha uğurludur, çünki o həmin sahədə mövcud olan mülahizələri birləşdirir və N.A. Safonovadan fərqli olaraq intihar cəhdlərini intiharın özünə aid etməyə imkan yaratmır. Bu gün intiharların artmasının səbəblərindən biri də bu mövzunun KİV-də aktuallığıdır. Mətbuatda intiharın azalması üçün təbliğat aparılsa da, onun çoxalma halları daha da artır. Çünki bu mövzu üzrə doğru maarifləndirmə istiqaməti mövcud deyil. Bu kateqoriyaya aid cinayətin iştirakçıları, xüsusən də yeniyetmə yaş dövründə olanlar KİV-də adlarının çəkilməsi, şəkillərinin yayılması ilə diqqət mərkəzində olduqlarını, tanınmaq istədiklərindən intihara əl atırlar. Bununla bağlı G.P. İsgəndərova qeyd edir: “Əgər bir zamanlar intiharların sayının artmasında səbəb kimi genetik, sosioloji, psixoloji faktorlar göstərilirdisə, bu gün də həmin faktorlar yerində qalır. Lakin əvvəllər əsasən, 30-40 yaşdan yuxarı insanlar arasında intiharlar baş verirdisə, bu gün yeniyetmə və uşaq intiharlarını da müşahidə edirik. Bu gün intiharların səbəblərinə yeni, informasiya amili də daxil olub. İfrat informasiya insanın ruh halının dəyişməsinə səbəb olur.”6 Kütlə mədəniyyəti, KİV-lər cəmiyyətə müəyyən bir müvəffəqiyyət standartlarını tətbiq edirlər və həmin standartlara uyğunsuzluq insan tərəfindən faciə kimi qəbul edilir. Bu, xüsusilə yetkinlik yaşına çatmayanların şüuru üçün sarsıdıcıdır. Mütəxəssislərin fikrincə, xüsusi təhlükəni “Külək effekti” kimi tanınan sosial fenomeni yaradır (intiharı təqlid edən kütləvi dalğa).7
3 Əfəndiyev E.M. Azərbaycan Respublikasının Cinayət Məcəlləsi: mənbəyi, şərhi, tətbiqi. Beş cilddə. - Bakı: “Hüquq ədəbiyyatı” Nəşriyyatı, 2005. S. 488. 4 Сафонова H.A. Спорные вопросы понятия “самоубийство” // Российский юридический журнал. 2000. №4. S.45. 5 Волконская Е.К. Предупреждение доведения до самоубийства: уголовно-правовой и криминологический аспекты: дисс. на ... канд. юрид. наук. - Рязань, 2011. S. 31. 6 İsgəndərova G.P. Özünü öldürmə həddinə çatdırma cinayətinin subyektiv cəhəti // Qanun. 2020. № 1 (303). S. 82. 7 Daha ətraflı: Пучнина M.H. Криминальный суицид несовершеннолетних: криминологические и уголовно-правовые меры противодействия: дисс. на ... канд. юрид. наук. - Воронеж, 2019. S. 75-76.
Fərqli yaşlarda insanların özünə qəsd etməsi hər zaman müxtəlif, lakin həmişə güclü sosial emosiya doğuran (vahimə, nifrət, anlamama, qəm, təəssüf, təskinlik) kifayət qədər qapalı və mürəkkəb mövzudur. Yetkinlik yaşının yuxarı dövründə və erkən yeniyetmə yaşlarında intiharlarla qarşılaşdıqda, təhsil, psixologiya, psixoterapiya və klinik sosial iş sahələrində böyük təcrübələri olan mütəxəssislər belə çaşqınlıq içində olur. Əfsuslar olsun ki, yeniyetmələrin intihar davranışlarının aradan qaldırılması məsələləri əksər hallarda hadisənin baş verdiyindən sonra postfaktum qaldırılır. Bununla bərabər olaraq intiharların qabağının alması sahəsi bu cür ciddi məsələ üçün kifayət qədər öyrənilməmişdir.8 Bunlara misal kimi 14 yaşlı 8-ci sinif şagirdi Elina Hacıyevanın intihar hadisəsini göstərmək olar. Elina Hacıyevə 2019-cu il aprelin 4-də Bakı şəhəri 162 saylı tam orta məktəbin 3-cü mərtəbəsindən özünü ataraq intihar etmişdir. Bu, onun ikinci intihar cəhdi olmuşdur. İntiharın ikinci cəhdi olduğundan intihar fikirləri onda bir qədər öncə formalaşmışdır. Məktəbli Elina Hacıyevanın intiharı ilə bağlı dəqiq səbəb göstərilməmişdir. Adətən, intihar hallarında psixoloji açıqlama olaraq, ailə və sosial faktlar əsas götürülür. İntihar məna əskikliyi yaşandıqda baş verir. Bu baxımdan, Elina Hacıyevanın hansı məna əskikliyi yaşadığı bilinmir. Yəni, onun dostları arasında istədiyi səmimiyyəti tapa bilməməsi, həmçinin ailədaxili münaqişələrdən yaranan situasiyaya görə dəyərsizlik hissi yaşaması məktəblinin intiharına səbəb ola bilərdi. Yeniyetmələrlə intihar haqqında danışmaq və ya onlara təlim vermək, intihar riskini azaldır - məktəbdə oxuyan yeniyetmələrin 3/4-nün intiharla bağlı məlumatları olsaydı dostlarına yardım edəcək ilk insan olardılar. Təlim proqramları yeniyetmələri risk altındakı dostlarını tanımalarına kömək etməklə yanaşı lazım olduqda yardım almalarını da asanlaşdırardı. Yeniyetmələrdə baş verən ciddi dəyişikliklərdən biri də onların emosional sferasında baş verən dəyişikliklərdir. Emosiya və hislərin təlatümlüyü onların idarə olunmasını çətinləşdirir və yeniyetmənin özünürefleksiyasının, özününəzarətin zəifləməsinə gətirib çıxarır9. Yeniyetməlik elə bir yaş dövrüdür ki, burada deyilən bir söz və ya edilən hər hansı hərəkət intihar həddinə çatdırmağa səbəb ola bilər. Həmin yaş dövrlərində həddindən çox inadkarlıq mövcud olur. Bu dövrlərdə yeniyetmənin səhvlərini bildirmək onların aqressivləşməsinə və yaş dövrünün verdiyi çılğınlıqla çıxış yolu kimi intihara əl atmasına yol aça bilər. Bu məsələdə cəmiyyətin də təsiri danılmazdır. İntihar edən şəxslərin 90%-i depressiya xəstəsidir. Depressiya xəstələrinin 15%-i intihara cəhd nəticəsində həyatlarını itirirlər. Depressiyada olan kişilərin intihar nəticəsində həyatını itirmə nisbəti qadınlara görə daha yüksəkdir. Problemləri həll etmə bacarığının kifayətsizliyi, stress və ümidsizlik hissləri ilə intiharın yaxın əlaqəsi olduğu göstərilir. İntihar həmişə həmin şəxsin beynində qabaqcadan planlaşdırılmış olur. Kişilərdə əksər hallarda intihar axıra kimi tamamlanır. Qadınlarda isə daha çox isterik tipli, yəni diqqət çəkmək üçün həyata keçirilir və çox vaxt axıra kimi tamamlanmır. Məsələn, məktub qoyurlar ki, onları tapmaq və dayandırmaq mümkün olsun. Belə bir iddia rus alimlərinin təhqiqatları ilə təsdiqlənir. Həmin təhqiqatlara əsasən, statistikaya görə kişilər qadınlara nisbətən üç dəfə artıq intihar törədirlər, lakin qadınlar kişilərə nisbətən dörd dəfə artıq intihara cəhd edirlər.10 8 Сенкевич Л.В., Донцов Д.А., Донцова M.В., Орешкина А.С., Пятаков Е.О. Методологическое научное понимание суицида в качестве культурно-исторического, философского и психосоциального феномена // Вестник практической психологии образования. Апрель-июнь 2016. № 2 (47). S. 47. 9 Zamanzadə G.N. Orta məktəb şagirdlərində internet asılılığı və psixoloji simptomlar arasındakı əlaqələrin təhlili: magistr diss. - Bakı, 2018. S. 14. 10 Борзов В.М., Костовская Н.В., Яворский В.В. Криминальный суицид (психолого-психиатрические, уголовно-правовые и процессуально-криминалистические аспекты): монография. - М.: Юрлитинформ, 2015. S. 87.
Bədbinlik və şəxsi dəyişiklik - müxtəlif hisslərin hər birimizin qəlbindən keçməsi adi bir haldır. Kənardan ətrafımızda olan insanlara müşahidə etsək onların şəxsi xüsusiyyətlərini seçə bilərik. Məsələn ümumən şən bir insan ola bilər, həyata optimist baxışları ilə, və ya əksinə hər zaman və hər şeydən narazı olan insanlara da rast gələ bilərik. İnsanların müəyyən davranışları onların xasiyyətlərini də büruzə verir. Bizim yaxınlarımız da, bizi əhatə edən və bizimlə təmasda olan insanlar da bir-birinin xasiyyətlərini öyrənərək ünsiyyət qururlar. Lakin müəyyən vaxtlarda xasiyyətinə bələd olduğumuz insanda dəyişiklik görsək bu artıq bizi düşündürməyə sövq edər. Belə ki, hər zaman gülərüz və nəzakətli birinin qəfildən qəmgin, kobud və ya qəzəbli görməyimiz ən azı həmin insana diqqət yetirilməsi üçün göstərici ola bilər. Hətta həmişə özünə qapanmış gördüyümüz bir insanı da birdən birə şən və ruhu yüksək halda olması da həyəcan təbilinin çalınması üçün səbəb ola bilər. Həmin insan öz problemlərindən yorularaq çıxış yolunu intiharda tapmış olar və bu hal da onun ruh yüksəkliyinə səbəb ola bilər. Həyatdakı mənəvi zərbə keçidləri - emosional bağlılığı olan insanı itirmək, daimi iş yerinin itirilməsi, hətta maliyyə problemləri belə insanlarda intiharı döşünməyə sürükləyir. Uşaqlarda isə məktəbin dəyişməsi, evin dəyişməsi, valideynlərin ayrılması, mütəmadi fiziki və psixoloji zorakılığa məruz qalması posttravmatik stressin yaranmasına səbəb yarada bilər ki, bunun qarşısı alınmadıqda intiharla sonlanır. Müəyyən mənəvi zərbə ilə gündəlik həyatda hər bir kəs rastlaşa bilər lakin, o demək deyil ki hər bir kəs intihara əl atacaq. Bununla bağlı Avropa İnsan Hüquqları Məhkəməsinin Styajkova v. Russia iş üzrə çıxarılmış qərarını göstərmək istərdim. Odur ki, oğlu əsgər yoldaşları tərəfindən döyüldüyü səbəbindən intihar etmiş Lyubov Styajkovanın şikayətin daxil olmasından 16 (on altı) il sonra Avropa Məhkəməsi tərəfindən 14 yanvar 2020-ci il tarixdə qərarın çıxarılması cinayət işinin mürəkkəbliyindən bizə xəbər verir. AİHM işgəncə, ləyaqəti alçaldan rəftar və ya özbaşına cəza təyin etmə cinayətin qurbanının davranışından asılı olmayaraq qətiliklə qadağan olmduğunu vurğuladı. Eyni zamanda Anton Styajkov (oğul) növbədə durduğu zaman yatmasına görə tüfəngin dəstəyi və yumruq ilə çoxsaylı zərbələrlə cəzalandırılmışdır. Qərarda göstərildiyi kimi, bu hal mərhumun ləyaqətini alçaltmış, ona kəskin ağrılar vermiş və şübhəsiz ki, hərbi xidmət dövrünün qaçılmaz çətinliklərinin həddini aşmışdır. Bunu əsas götürərək Avropa Məhkəməsi qərara gəldi ki, ərizəçinin oğlu Avropa İnsan Hüquqları Konvensiyası 3-cü maddəsinin maddi-hüquqi aspektinin pozulması ilə amansız rəftara məruz qalmışdır. AİHM şikayəti təmin edərək, onun xeyrinə 33,8 min Avro ziyanın ödənilməsini qərara almışdır.11 Hədə-qorxu gəlmək - bu halda insanın öz həyatında aydın şəkildə narazılığını bildirməsi və bu səbəbdən özünə qəsd etmək istəklərini onu əhatə edən şəxslərə bildirir. Belə davranış əksər hallarda isterik tipli insanlarda müşahidə olunur və əsas məqsəd özünə diqqət cəlb etməklə istədikləri məqsədlərə nail olmaq. Həmin hallarda “özümü öldürəcəm, onda mənsiz rahat yaşayacaqsınız” ifadələrini də eşitmək olar. Bəzən intiharla yalnız hədələmək istəyi də faciə ilə sonlana bilər. Məsələn, zəhərli maddələr sahəsində suisidə əl atan şəxsdə müvafiq biliklərin olmaması, zəhərin az miqdarın içib yarıboş zəhər qabını nümayiş etmək istəyi həmin insanın ölümü ilə nəticələnə bilər və tarixdə belə halların mövcud olması bəllidir. 11 Case of Styazhkova v. Russia (Application no. 14791/04) // [Elektron mənbə]: https://hudoc.echr.coe.int/ eng#{%22itemid%22:[%22001-200311%22]}
İntihara meyillilik yaşlılarda, həyat yoldaşını itirən adamlarda, spirtli içkilərə meyilli insanlarda, narkotik vasitələrinin istifadəçilərində (istədiklərini tapa bilməyəndə), keçmişdə intihara təşəbbüs etmiş adamlarda və ailəsində bu cür situasiyalarla rastlaşanlarda olduqca yüksəkdir. Təsir altında saxlayıb suisidal davranışa yönləndirmək iradə zəifliyindən irəli gəlir. Belə insanlar adətən iradəcə çox zəif və eyni zamanda özünə inam səviyyəsi aşağı olan şəxslərdir. Bu cür insanlar öz güclərini kəşf edə və öz güclərinə görə davrana bilmirlər. Kənar təsirlər altında hərəkət edirlər nəticə etibarı ilə müəyyən bir həddi keçəndə artıq təsir altında hansı addım atacaqlarını bilmirlər. Gündəlik həyatımızda qarşılaşdığımız bir çox insanlar var ki, onlar həyat şəraitlərindən şikayətlənirlər. Əlbətdə ki, bunların hər birini incələşək ayrı ayrılıqda çoxsaylı problemlər ortaya çıxar. Amma bu o demək deyil ki, problemi olan bütün insanlar suisidə əl atırlar. Təbii ki, araşdırsaq, görərik ki, bütün suisidal davranışa əl atanların heçdə hamısı kəskin həyat şəraitindən bezənlər deyildir. Normal maddi imkanı və həyat şəraiti olan insanlar da suisidə əl ata bilirlər. Bunu ilkin versiyada iradə zəifliyi ilə də əlaqələndirmək olar. İradəsi zəif olan insanlar iradəcə güclü insanların təsiri altına tez düşür və yaşamaq uğurunda mübarizə aparılan zaman iradəsi güclülər iradəcə zəif olanları əsir altında saxlayıb suisidal davranışa yönlən- dirə bilirlər. Belə insanların adətən öz yolu öz dəst-xətti olmur, onlar öz güc və bacarıqlarını görə bilmir, bir növ özlərini fiqur kimi hiss edirlər. Suisidal davranışa meyilli şəxslər iradəcə çox zəif və eyni zamanda özünə inam səviyyəsi aşağı olan şəxslərdir. İntiharın baş vermə səbəbi aşağıdakı faktorlarla müəyyən edilir:
Nəzərə almaq lazımdır ki, intihar edənlərin bir qismi də psixiatrik problemlərdən əziyyət çəkirlər. Həmin problemlərə isə aşağıdakılar daxil edilir:
Xüsusən depressiyada olan şəxslərə zamanında psixoloji dəstəyin göstərilməsi vacibdir. Çünki intihar edənlərin böyük bir qismi depressiya vəziyyətində olurlar. Ümumdünya Səhiyyə Təşkilatı da bununla bağlı həyəcan təbili çalıb. 12 Nəbiyeva A. İntihar... // Azərbaycan müəllimi. 18.04.2014. № 14. // [Elektron mənbə]: https://mual- lim.edu.az/www.old/ arxiv/2014/14/37.html
Hesab edirəm ki, intihar hallarının azalması üçün əsasən maarifləndirmə işləri aparılmalıdır. Bununla yanaşı mürəkkəb psixoloji vəziyyətdə düşmüş inşalara təsir edən neqativ faktorların minimuma endirilməsi vacib görünür. Burada, müxtəlif vasitələrdən istifadə oluna bilər: ilk növbədə KİV-də zorakılıq və ölüm səhnələrini əks etdirən seriyallara, verilişlərə qadağa qoyulmalıdır. Sosial şəbəkələrdə intiharı təbliğ edən mənbələr ciddi şəkildə araşdırılıb bağlanmalıdır. Orta məktəblərdə “məktəb psixoloqu” sosial təsisatın fəaliyyəti gecləndirilməməlidir. Bir çox ailələrdə ünsiyyət probleminin olması da keçid yaş dövrünü yaşayan uşaqlarda psixoloji çətinliklər yaradır. Bunun qarşısının alınması üçün “məktəb psixoloqu”nun valideynlərlə mütəmadi olaraq işləməsi zərurəti yaranır. Valideynlər üçün xüsusi maarifləndirici seminarların keçirilməsi, sosial çarxların hazırlanaraq, telekanallarda yayımlanmaması məqsədəmüvafiq olardı. Bu məsələnin rus tədqiqatçıları A.P. Suxodolov və A.M. Bıçkova qeyd edirlər, “sosial baxımdan ən kəskin problem, yeniyetmələrin intihar etmələri ilə onların sosial şəbəkələrdə intihar mövzularını təbliğ edən səhifələrə baxışı arasındakı əlaqəsidir”.13 Kriminologiya elmi üçün, şübhəsiz ki, o intihar hadisələri maraq kəsb edir ki, onlarda həyatına qəsd etmək arzusu qəsdən başqaları tərəfindən intihara səbəb olan vəziyyətləri yaratmaqla kənardan müdaxilə yolu ilə formalaşdırılmışdır. İnternet texnologiyalarının inkişafı ilə qurbanların şüuruna təsir göstərən yeni üsullar meydana çıxdı, məsələn, kiber bullinq və onun kəskin forması - “birbaşa və ya dolayı yolla onlayn təcavüzlə toqquşma nəticəsində yaranan intihar” kimi anlayışı verilən kiberbullisid.14 İnsanların, xüsusilə, uşaq və gənclərin internetdə müxtəlif saytlarda “həyat”, “ölüm” və s. bağlı yazılar, video çarxlar olmasıdır. Belə yazı və videolar onların yaşamaq arzusunu alt- üst edir. Bir çox hallarda isə intiharın ən “düzgün” seçim olduğu göstərilir. Bu mənada uşaqların və gənclərin asudə vaxtının təşkil edilməsi önəmldir. Onların maraqlarına səbəb olan, özlərini ifadə və təsdiq edə biləcək məşğuliyyətlərə cəlb olunması müsbət nəticələr verə bilər. Yuxarıda göstərilənlər intihar təbliğatına dair açıq elmi əsaslandırılmış məlumat əks strategiyasının yaradılmasının zəruriliyini təsdiqləyir. Hər bir insanın özünəməxsus temperament tipi mövcuddur. Onları əsas dörd qrupa bölmək olar: xolerik, fleqmatik, sanqvinik və melanxolik. Həmin temperament tipindən asılı olaraq onun davranışı, hərəkətləri və həyat maraqları ilə insanlar biri birindən fərqlənir. Belə ki, yuxarıda göstərilənləri nəzərə alaraq, hər bir şəxs barəsində intiharın qarşısı alınması ilə bağlı profilaktik işlərin aparılmasından öncə onun xasiyyəti hansı temperament tipinə aid olması psixoloq üçün birinci növbəli işdir. Yalnız bu halda həmin insanın intihar etmək fikirlərindən çəkindirmək məqsədi ilə profilaktik tədbirlər müəyyən edilə bilər. 13 Суходолов А.П., Бычкова А.М. К вопросу о роли средств массовой информации в противодействии пропаганде суицида в социальных сетях // Евроазиатское сотрудничество: гуманитарные аспекты. 2017. Б. 113. 14 Подробнее: Краснова К.А. Противодействие кибербуллициду как средство предупреждения суицидов несовершеннолетних / К.А. Краснова, Д.И. Ережипалиев // Юристъ-Правоведъ. 2017. № 3. Б. 78-84.
İstifadə edilmiş ədəbiyyatının siyahısı:
Elm-Tədris Mərkəzi Prokurorluq işçilərinin fəaliyyətinin qiymətləndirilməsi və peşə hazırlığının təşkili şöbəsinin prokuroru, III dərəcəli hüquqşünas Əskərova Nigar Əlöhsət qızı E-mail: nigaraam@yandex.ru
|