Şriftin ölçüsü :
Saytın rəngi :
Xülasə Məqalədə Ermənistanın Azərbaycana qarşı otuz ilə yaxın davam edən təcavüzü nəticəsində törədilmiş beynəlxalq cinayətlərinin qiymətləndirilməsində və istintaqında prokurorluq orqanlarının rolundan bəhs olunur. Qeyd olunur ki, törədilmiş beynəlxalq cinayətlərlə əlaqədar olaraq Ermənistanın beynəlxalq məsuliyyətə cəlb olunması üçün vahid hüquqi konsepsiyanın müəyyən olunmasına ehtiyac vardır. Bu konsepsiyanın işlənib hazırlanması və ərsəyə gəlməsində prokurorluq orqanlarının üzərinə olduqca ciddi yük düşür. Vahid hüquqi konsepsiyanın məğzində criminal niyyətin təhlükəli növləri olan və beynəlxalq birlik tərəfindən beynəlxalq cinayət kimi tanınan təcavüz, soyqırım, insanlıq əleyhinə cinayətlər və müharibə cinayətləri ilə bağlı məsuliyyətin labüdlüyü və əhəmiyyəti durmalıdır. Açar sözlər: beynəlxalq hüquq, beynəlxalq cinayət hüququ, beynəlxalq humanitar hüquq, beynəlxalq cinayətlər, universal yurisdiksiya, soyqırım cinayəti, Azərbaycan Respublikasının Cinayət Məcəlləsi, vahid hüquqi konsepsiya, Ermənistanın təcavüzkar niyyəti, BMT Təhlükəsizlik Şurası, Beynəlxalq Cinayət Məhkəməsi. Ermənistanın otuz ilə yaxın davam edən təcavüzü nəticəsində Azərbaycan xalqına qarşı beynəlxalq cinayətlər törətmiş təqsirli şəxslərin cinayət məsuliyyətinə cəlb edilib cəzalandırılması işində prokurorluq orqanlarının fəaliyyəti və rolunu təhlil etməzdən öncə, mövzunun mahiyyəti ilə birbaşa əlaqəyə malik olan bir sıra prinsipial əhəmiyyətli məsələlərə aydınlıq gətirməyi məqsədə müvafiq hesab edirik. Həmin məsələlər əsasən beynəlxalq hüquq pozuntusunun xüsusi təhlükəli növü olan beynəlxalq cinayətin müəyyənliyi, bu cinayətlərə tətbiq olunan universal yurisdiksiya prinsipinin şərtləri, həmin cinayətlərə görə fərdi cinayət məsuliyyəti və dövlətin beynəlxalq hüquqi məsuliyyəti arasında əlaqənin mövcudluğu ilə bağlıdır. Sadalanan məsələlərin kompleks təhlili və araşdırılması Ermənistanın Azərbaycan xalqına qarşı törətdiyi beynəlxalq cinayətlərə görə həmin dövlətin özünün, təqsirli şəxslərin, işğal olunmuş ərazilərimizdə qanunsuz iqtisadi fəaliyyətlə məşğul olmuş xarici dövlətlərin hüquqi və fiziki şəxslərinin beynəlxalq hüquqi, cinayət hüquqi və mülki hüquqi məsuliyyətə cəlb edilməsi işində vahid hüquqi konsepsiyanın müəyyən edilməsinə töhfə verilməsi məqsədi daşıyır. Beynəlxalq cinayət - ayrı-ayrı dövlətlərin hüquq və qanuni mənafelərini, beynəlxalq səviyyədə tanınmış insan hüquqlarını kobud və ya kütləvi şəkildə pozan, hüquqi tərkibi beynəlxalq hüquq normalarında müəyyən olunmuş beynəlxalq hüquqa zidd əmələ deyilir (4,s.202). Beynəlxalq hüquqda, daha dəqiq ifadə etsək beynəlxalq cinayət hüququnda beynəlxalq cinayət adı altında insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, soyqirim və təcavüz cinayəti başa düşülür və bu əməlləri digər beynəlxalq hüquq pozuntularından, məsələn, beynəlxalq xarakterli cinayətlərdən fərqləndirmək üçün (insan alveri, qanunsuz silah alveri, terrorçuluğun maliyyələşdirilməsi və d.) prinsip etibarilə bir-birinə yaxın olan terminlərdən - ciddi cinayətlər, sülh və bəşəriyyətin təhlükəsizliyi əleyhinə cinayətlər, bütün beynəlxalq birliyin narahatlığına səbəb olan ən ciddi cinayətlər, beynəlxalq hüquq üzrə cinayətlər, beynəlxalq cinayətlər və digər bu kimi terminlərdən istifadə olunur (14,p.587; 15, p. 4; 13,s.6). Eyni zamanda hüquq ədəbiyyatında (11 ,s. 38-39) və rəsmi beynəlxalq hüquqi aktlarda (18,p.469; 16,p.2) vurğulanır ki, əməlin beynəlxalq cinayət hüququnun təsiri altına düşməsi üçün üç şərtin olması vacibdir: birincisi, o fərdi cinayət məsuliyyətinə səbəb olmalı və cəzalanmalı olmalıdır; ikincisi, belə məsuliyyət müəyyən edən normalar beynəlxalq hüququn sisteminə daxil olmalıdır; üçüncüsü, əməlin milli qanunvericilikdə cinayət kimi müəyyən olunub-olunmamasından asılı olmayaraq, o cəzalanmalı olmalıdır. Beynəlxalq cinayətlərin ilk dəfə olaraq siyahısı Nürnberq Beynəlxalq Cinayət Tribunalının Nizamnaməsində verilmişdir və orada həmin cinayətlər müvafiq olaraq: a) sülh əleyhinə cinayətlərə; b) müharibə cinayətlərinə; c) insanlıq əleyhinə cinayətlərə bölünürdü. Soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında 1948-ci il tarixli BMT Konvensiyasının qəbulundan və qüvvəyə minməsindən (1951 -ci il) sonra soyqırım (genosid) cinayəti də müstəqil beynəlxalq cinayət kimi sadalanan klassik beynəlxalq cinayətlər dairəsinə daxil edilmişdi. Hal-hazırda beynəlxalq cinayətlərin tərkibləri, xüsusilə müharibə cinayətlərinin və insanlıq əleyhinə cinayətlərin növ bildirən tərkibləri Yuqoslaviya və Ruanda beynəlxalq cinayət tribunallarının Nizamnamələrində və daha sonra permanent (daimi) əsasda fəaliyyət göstərən Beynəlxalq Cinayət Məhkəməsinin 1998-ci ildə qəbul edilmiş Statutunda daha da genişləndirilmiş və dəqiqləşdirilmişdir. Eyni zamanda, yuxarıda sadalanan beynəlxalq cinayətlər Azərbaycan Respublikası da daxil olmaqla, dünyanın əksəriyyət ölkələrinin cinayət qanunvericiliyinə transformasiya edilmişdir. Təbii ki, bu cinayətlərin istər beynəlxalq hüquqi aktlarda, istərsə də milli cinayət qanunlarında qadağan olunan əməl kimi kriminallaşdırılmasının əsas səbəbi həmin əməllərin yus cogens (imperativ) normalarda təsbit olunmuş dəyərlərə və maraqlara (sülh, təhlükəsizlik, əmin-amanlıq, insan və vətəndaşın hüquq və azadlıqlarını qorumaq) qəsd etməsi ilə bağlıdır. Məhz bu amil nəzərə alınaraq həmin cinayətlərə qarşı mübarizə beynəlxalq birliyin yekdil razılığı əsasında universal yurisdiksiyanın təsir dairəsinə daxil edilmişdir. Bununla bağlı beynəlxalq hüquqşünas alim K. Randal qeyd edir ki, beynəlxalq cinayətlər özlərinin müstəsna ağırlığı və ciddiliyi ilə xarakterizə olunan pozuntulardır və bu meyara əsaslanmaqla istənilən hər hansı bir dövlət bu cinayətləri törətməkdə ittiham olunan şəxsləri təqib etmək üçün öz təşəbbüslərini və iradələrini ortaya qoya bilərlər. Ona görə ki, bu cinayətlərin törədilməsi faktı universal narahatlıq doğuran problemdir və bu da həmin əməlləri törətməkdə təqsirləndirilən şəxslərin təqib olunması və məhkəmə orqanına gətirilməsi üçün əsas səbəb hesab olunur (17,p.785- 788). Qeyd olunan fikirdən göründüyü kimi insanlıq əleyhinə cinayətlərə, müharibə cinayətlərinə, soyqırım və təcavüz cinayətinə görə mühakimə yurisdiksiyasının həyata keçirilməsi üçün əsas şərt, - törədilmiş əməlin xarakteridir. Bu prinsipial müddəa Universal yurisdiksiyaya dair Prinston prinsiplərinin I Prinsipində də öz təsbitini tapıb. Orada vurğulanır ki, universal yurisdiksiyanın əlaqəsi cinayətin baş vermə yeri, şübhəli şəxsin, cinayəti törətmiş şəxsin və ya zərər çəkmiş şəxsin vətəndaşlıq mənsubiyyəti ilə deyil, birbaşa cinayətin xarakteri ilə bağlıdır (19.p,28-29). Azərbaycan Respublikasının qüvvədə olan Cinayət Məcəlləsinin 12.3-cü maddəsi də bu prinsipə söykənir və orada qeyd olunur ki, sülh və insanlıq əleyhinə cinayətləri, müharibə cinayətlərini.............................................................................. törətmiş Azərbaycan Respublikası vətəndaşları, əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər, cinayətlərin törədilməsi yerindən asılı olmayaraq, bu Məcəllə əsasında cinayət məsuliyyətinə cəlb edilir və cəzalandırılır (1,s.35-36). Lakin Cinayət Məcəlləsinin 12.3-cü maddəsində soyqırım universal yurisdiksiyaya daxil edilmiş beynəlxalq cinayətlər sırasında yer almamışdır. Məsələnin hüquqi və siyasi əhəmiyyətinə diqqət çəkərək beynəlxalq hüquqşünas alim Rahim Məmmədov haqlı olaraq qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 12.3-cü maddəsində universal cinayət yurisdiksiyasının təsir sferasına düşən cinayətlər dairəsinə nədənsə soyqırım cinayətinin daxil edilməməsi olduqca təəssüf doğuran bir məsələdir və təbii ki, Cinayət Məcəlləsində belə qeyri-müəyyənliyin davam etməsi bu cinayətin universal cinayət yurisdiksiyasının təsir sferasına aid olmaması kimi skeptik yanaşmalara rəvac vermiş və eyni zamanda, xalqımızın tarixində kədərli səhifə açmış Xocalı faciəsinin soyqırım kimi tanınması işinə hüquqi əngəl törətmişdir (5, s. 104-105). Beynəlxalq cinayətlərə görə təqsirli şəxslərin fərdi cinayət məsuliyyətinin müəyyən edilməsində əhəmiyyətli addım ilk dəfə 28 iyun 1919-cu ildə I Dünya müharibəsinin qurtarmasını rəsmiləşdirən Versal sülh müqaviləsinin qəbuluna təsadüf edir. Həmin Müqavilə əsasında Belçika, İngiltərə, Rusiya və Fransa hökumətlərinin yaratdıqları xüsusi istintaq Komissiyası Almaniya tərəfindən müharibə adət və qanunlarının kütləvi şəkildə və kobud pozulması faktlarını aşkara çıxardı və alman imperatoru II Vilhelm Hohençoller də daxil olmaqla bu əməlləri törətməkdə təqsirli bilinən şəxslərin, yəni hərbi cinayətkarların cəzalandırılması üçün xüsusi məhkəmənin təsis edilməsinin vacibliyi gündəmə gətirildi. Komissiyanın yekun hesabatında təcavüzkar - dövlətlər (Almaniya, Avstriya, Türkiyə, Bolqarıstan) tərəfindən törədilmiş əməllər iki kateqoriyada birləşdirilmişdi: 1) müharibəni hazırlama və başlama; 2) girov götürülmüş şəxsləri öldürmə, zorlama, zəhərli qazlardan istifadə etməklə mülki əhalini və hərbiçiləri qırma, dövlət və ya şəxsi əmlakı məhv etmə və talama kimi cinayət tərkiblərini özündə əks etdirən müharibə qanun və adətlərinin qəsdən pozulması. Versal sülh müqaviləsinin 227 (2) -ci maddəsinə müvafiq olaraq ABŞ, Böyük Britaniya, Fransa, İtaliya və Yaponiyanı təmsil edən 5 hakimdən ibarət tərkibdə Məhkəmə təsis edildi. Eyni zamanda, sülh müqaviləsi müttəfiq ölkələrə öz məhkəmələri tərəfindən müharibə qanun və adətlərinin pozulmasına görə təqsirli şəxsləri mühakimə etmək hüququ da vermişdir. Lakin Versal sülh müqaviləsi əsasında beynəlxalq cinayətlərə görə formalaşdırılmağa cəhd edilən fərdi cinayət məsuliyyəti modeli həyata keçirilmədi və məhkəməni yaratmaq mümkün olmadı. Almaniyanın keçmiş kayzeri Niderland hökumətindən siyasi sığınacaq aldığı üçün onun müttəfiq dövlətlərə verilməsindən imtina edildi və bunun nəticəsi kimi Versal sülh müqaviləsinin müddəaları həyata keçirilməmiş qaldı (12, s.6). Beynəlxalq cinayətlərinə görə fərdi cinayət məsuliyyəti yalnız II Dünya müharibəsindən sonra alman və yapon militaristlərini cəzalandırmaq üçün təsis olunmuş Nürnberq və Tokio beynəlxalq cinayət tribunallarının timsalında həyata keçirilə bildi. Əslində qalib dövlətlərin məhkəməsi kimi çıxış etdiyinə və yalnız bir tərəfin (məğlub olmuş Almaniyanın və Yaponiyanın) törətdiyi cinayətləri araşdırdığına baxmayaraq, həmin tribunalların Nizamnamələri və konkret işlər üzrə qəbul etdikləri hökmləri beynəlxalq cinayətlərin tərkib ünsürlərinin formalaşmasında və beynəlxalq fərdi cinayət məsuliyyətinin reallaşmasında mühüm rol oynadı; ilk dəfə olaraq fiziki şəxslər beynəlxalq cinayət məhkəmə orqanı tərəfindən beynəlxalq hüquq normaları əsasında mühakimə olundular. Müasir dövrdə beynəlxalq cinayətlər törətmiş təqsirli şəxslərin mühakimə edilib cəzalandırılmasında keçmiş Yuqoslaviya və Ruanda üzrə ad hoc beynəlxalq cinayət tribunallarının, habelə universal yurisdiksiya əsasında milli məhkəmələrin və daimi əsasda fəaliyyət göstərən Beynəlxalq Cinayət Məhkəməsinin rolu danılmazdır. Lakin beynəlxalq hüquq beynəlxalq cinayətlərə görə təqib etmə və mühakimə yurisdik- siyasını daha çox dövlətlərin öz üzərinə bir öhdəlik kimi qoyub. Belə bir öhdəlik həm müvafiq dövlətin qoşulduğu beynəlxalq müqavilədən, həm də beynəlxalq hüquqi adətdən irəli gələ bilər. Bu gün beynəlxalq cinayətlər kimi tanınan müharibə cinayətlərinin, insanlıq əleyhinə cinayətlərin, təcavüz cinayətinin və soyqırım cinayətinin tərkib ünsürlərinin formalaşması tarixi baxımdan dövlətlərin praktikasına söykənməklə sonda opinio juris (hüquqi məcburi) statusu əldə etmişlər. Məsələn, indinin özünə kimi Soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında 1948-ci il Konvensiyasını Azərbaycan Respublikası daxil olmaqla (1996-cı ildə) cəmi 141 dövlət ratifikasiya edib. Bu o deməkdirmi ki, dünyanın 50- dən artıq dövləti soyqırım cinayəti törətməmək, soyqırım aktları törətmiş şəxslərin cəzalandırılmasını təmin etmək və s. kimi beynəlxalq öhdəliklərdən azaddırlar? Əlbəttə ki, yox. BMT Beynəlxalq Məhkəməsinin Soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiyaya qeyd-şərtlər haqqında iş üzrə məsləhət xarakterli Qərarında (1951), Soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiyanın tətbiq olunması haqqında iş üzrə (ilkin etirazlar mərhələsində) Qərarında (1996), Bosniya və Herseqovina Yuqoslaviyaya qarşı iş üzrə Qərarında (1996), sonra isə Yuqoslaviya Beynəlxalq Cinayət Tribunalı Kristiç işi üzrə Qərarında (2001), Ruanda Beynəlxalq Cinayət Tribunalı Akayesu işi üzrə Qərarında (1998) 1948-ci il Konvensiyasının əsasında duran müddəaları beynəlxalq adət hüququnun bir hissəsi kimi tanımışdır. Qeyd olunanlardan göründüyü kimi beynəlxalq hüquq dövlətə beynəlxalq cinayətlərlə mübarizə işində geniş hüquqi imkanlar təqdim edir və eyni zamanda onu təşviq edir ki, dövlətin məhkəmə və prokurorluq, habelə digər hüquq-mühafizə və xüsusi xidmət orqanları bu cinayətləri törətmiş təqsirli şəxslərin məsuliyyətə cəlb edilib cəzalandırılmasında aktiv şəkildə iştirak etsinlər. Səbəb isə beynəlxalq cinayətlərə görə mühakimə yurisdiksiyasını həyata keçirən və hal-hazırda daimi əsasda fəaliyyət göstərən Beynəlxalq Cinayət Məhkəməsinin komplementarlıq prinsipi (tamamlayıcı və yaxud subsidiär) əsasında fəaliyyət göstərməsidir. Beynəlxalq Cinayət Məhkəməsi milli cinayət ədliyyə orqanlarına münasibətdə dördüncü instansiya məhkəməsi deyil. Yəni Məhkəmə özünün predmet yurisdiksiyasına daxil olan cinayətlərin təqibi və istintaqının həyata keçirilməsi baxımından dövlətlərə münasibətdə subsidiär rola malikdir. Başqa sözlə, Statutda nəzərdə tutulmuş cinayətlər üzrə mühakimə icraatını həyata keçirmək vəzifəsi ilk növbədə dövlətlərin üzərinə düşür. Mümkünsüz hallarda isə dövlət komplementarlıq prinsipinə istinad etməklə mühakimə yurisdiksiyasını Beynəlxalq Cinayət Məhkəməsinə ötürə bilər. Hüquq ədəbiyyatında vurğu landığı kimi komplementarlıq prinsipinin məqsədi beynəlxalq cinayətlər üzərində rəqabət şəraitində olan birdən çox mühakimə orqanları arasında tarazlığı təmin etməkdir. Beynəlxalq Cinayət Məhkəməsi baxımından bu tarazlıq, dövlətdaxili mühakimə mexanizmlərinin üstünlüyünü təmin etmək şərtilə, rəqabət aparan bu qurumlar arasında prioritetliyi müəyyən etmək məqsədinə xidmət edir (9, s.181; 20,p.19-20; 21,p.123). Məsələyə müasir dövrün siyasi və hüquqi reallıqları müstəvisindən yanaşsaq, dövlətdaxili mexanizm beynəlxalq cinayətlərə görə təqib etmə və mühakimə yurisdiksiyasının (məsələn, sübutların toplanması və qiymətləndirilməsi, təqsirli şəxslərin vaxtında aşkar edilib cəzalandırılması nöqteyi-nəzrdən və s.) daha təkmil variantı hesab olunur. Təbii ki, ən son mümkünsüzlük halında beynəlxalq cinayət ədliyyə mexanizmlərinə (ad hoc beynəlxalq cinayət tribunalının yaradılmasına cəhd, Beynəlxalq Cinayət Məhkəməsinin yurisdiksiyasının tanınması) müraciət etmə istisna təşkil edir. Əvvəldə vurğulandığı kimi, beynəlxalq cinayət fərdi cinayət məsuliyyəti doğuran və cəzalanmalı olan əməldir. Lakin bu bir danılmaz faktdır ki, beynəlxalq cinayət hüququnun müəyyənləşdirdiyi və törədilməsində təqsiri olan şəxsləri cəzalandırmağa çalışdığı cinayətlərin əksəriyyətini beynəlxalq hüquq da dövlətlər tərəfindən törədilən son dərəcə ciddi pozuntular kimi nəzərdən keçirir: bunlar dövlətlərin beynəlxalq cinayətləri olub, cinayətkarlar hansı dövlətin adından hərəkət etmişlərsə, həmin dövlət üçün daha ağır məsuliyyət doğurur. Burada söhbət təkcə soyqırımdan, insanlıq əleyhinə cinayətlərdən, işgəncələrdən, terrorizmdən deyil, həm də müharibə cinayətlərindən gedir. Deməli, bu cinayətlərdən biri şəxs qismində hərəkət edən fərd tərəfindən törədildikdə ikiqat məsuliyyət yarana bilər: həmin şəxsin beynəlxalq cinayət hüququnun qüvvəsi altına düşən cinayət məsuliyyəti və dövlətin beynəlxalq hüququn müvafiq normaları ilə tənzimlənən beynəlxalq hüquqi məsuliyyəti (6,s.35-36). Məsələn, Hərbi əsirlərlə rəftar haqqında 1949-cu il Cenevrə Konvensiyanın ciddi pozuntulara görə cəzalara dair 129-131-ci maddələri (8,s.140-141) həmin pozuntuların cinayət-hüquqi vasitələrin köməyilə qarşısının alınması üçün xüsusi hüquqi rejim müəyyənləşdirmiş, eyni zamanda, bu cür ciddi pozuntuları törətməyə görə iştirakçı dövlətlərin beynəlxalq hüquqi məsuliyyətini də təsbit etmişdir. Professor Lətif Hüseynovun vurğuladığı kimi beynəlxalq cinayətə görə dövlətin beynəlxalq məsuliyyəti və təqsirli fiziki şəxslərin beynəlxalq cinayət məsuliyyəti arasında qarşılıqlı əlaqə belə bir ümumi prinsipə əsaslanır ki, fiziki şəxslərin məsuliyyətə cəlb olunması və cəzalandırılması həmin dövlətin beynəlxalq hüquq əsasında daşımalı olduğu məsuliyyətini istisna etmir (4,s.213). Beynəlxalq cinayət dövlətin beynəlxalq cinayət siyasəti ilə birbaşa əlaqəyə malikdir və buna görə də belə əməl törədilərkən həmin cinayəti törətmiş dövlət üçün xüsusi məsuliyyət rejimi ortaya çıxır. Bu rejim adi beynəlxalq hüquq pozuntusu törədildiyi zaman meydana çıxan beynəlxalq məsuliyyət rejimindən tamamilə fərqlənir. Belə ki, əgər birinci halda söhbət dəymiş zərərin, sadəcə, ödənilməsindən gedirsə, ikinci halda isə zərərin ödənilməsindən əlavə, cinayəti törətmiş dövlətin suverenliyinin və beynəlxalq-hüquqi subyektliyinin müxtəlif cür məhdudlaşdırılması mümkün ola bilər. Məsələn, İraqın Küveytə qarşı təcavüzünə cavab tədbiri olaraq Təhlükəsizlik Şurası BMT Nizamnaməsinin 39-cu, 41-ci və 42-ci maddələrini əldə rəhbər tutaraq özünün müvafiq qətnaməsi əsasında İraqın suverenliyinin məhdud- laşdırılmasına yönəlik bir sıra tədbirlərin tətbiqinə razılıq vermişdir. Bunun nəticəsi olaraq İraqın öz təbii resurslarına, xüsusən, neft sənayesinə nəzarət etməsinə məhdudlaşdırıcı tədbir kimi fövqəladə reparasiya tətbiq edilmişdir. Yəni, İraqın öz təbii resurslarına və iqtisadi fəaliyyətinə münasibətdə sərəncam vermək hüququ əlindən alınmışdır. Onu qeyd edək ki, fövqəladə reparasiya yalnız maddi zərərin ödənilməsi üçün deyil, həmçinin beynəlxalq cinayətlərin törədilməsinə köməklik göstərən faktorların aradan qaldırılması məqsədi ilə də həyata keçirilə bilər. Məhz bu yanaşma Azərbaycanın Ermənistana qarşı ediləcək iddialarında nəzərə alınmalıdır. Belə bir sual yaranır: Ermənistanın Azərbaycana qarşı otuz ilə yaxın davam edən təcavüzü və onun nəticəsi olaraq törədilmiş cinayətlərin prokurorluq orqanları tərəfindən əsasən beynəlxalq cinayətlər kimi qeydə alınması və istintaqının vacibliyi nə üçün əhəmiyyətlidir və buna nail olsaq, o bizə hansı üstünlüyü qazandıracaqdır və bu prosesdə vahid hüquqi konsepsiyanın müəyyən edilməsi vacibdirmi ? Təbii ki, təcavüzdən zərər çəkən dövlət kimi vahid hüquqi konsepsiyanın işlənib hazırlanması Azərbaycanın maraqlarının təmini baxımından olduqca zəruri və əhəmiyyətlidir. Vahid hüquqi konsepsiyanın formalaşdırılması nəyin ki, prokurorluq orqanlarının, o cümlədən işğal faktlarının qiymətləndirilməsi işinə cəlb olunmuş bütün səlahiyyətli qurumların ən ümdə vəzifəsi olmalıdır. Bunu zəruri edən əsas səbəb ondan ibarətdir ki, istər təcavüz nəticəsində törədilmiş beynəlxalq cinayətlərlə bağlı, istərsə də vurulmuş maddi və mənəvi zərərlə bağlı əldə olunan və toplanılan sübutların beynəlxalq müstəviyə çıxması, yəni həmin sübutların beynəlxalq məhkəmə orqanlarına, beynəlxalq təşkilatlara, qanunsuz iqtisadi fəaliyyətlə məşğul olmuş hüquqi və fiziki şəxslərinin mənsub olduqları dövlətlərə təqdim olunması istisna deyildir. Deməli, bu prosesdə vahid hüquqi konsepsiyanın ortalığa çıxması üçün atılacaq bütün addımların ardıcıllılığına, əsaslılığına (hüquqi və faktiki) nail olmaq lazımdır və hesab edirik ki, bu prosesin alternativi olmamalıdır. Təbii ki, bu məsələlərin pozitiv həlli dövlətdən kompleks hüquqi və təşkilati xarakterli tədbirlərin həyata keçirilməsini tələb edir. Bu kontekstdə ən mühüm məsələlərdən biri - beynəlxalq cinayətlərlə səmərəli mübarizənin hüquqi əsaslarının formalaşdırılmasıdır. Yəni prokurorluq, məhkəmə və digər hüquq-mühafizə orqanlarına beynəlxalq cinayətlər törətmiş təqsirli şəxsləri cinayət məsuliyyətinə cəlb etmək və cəzalandırmaq üçün onları təqib etməyə imkan verən hüquqi əsaslar olmalıdır. Belə hüquq əsaslar qismində Azərbaycan Respublikasının (AR) qoşulduğu beynəlxalq müqavilələr (məsələn, 1949-cu il Müharibə qurbanlarının müdafiəsinə dair Cenevrə Konvensiyası və I Əlavə Protokol; döyüş aparılmasının metod və vasitələrini qadağan edən Haaqa konvensiyaları və digər beynəlxalq hüquqi aktlar; 1948-ci il Soyqırım Konvensiyası və d.) və həmin beynəlxalq aktlardan cinayət, cinayət-prosessual və digər sahəvi qanunvericilik aktlarına implementasiya olunmuş beynəlxalq hüquq normaları, habelə beynəlxalq hüququn ümumtanınmış normaları və prinsipləri əsasında qəbul edilmiş qanunlar çıxış edir. Bu istiqamətdə həyata keçirilən ən vacib hüquqi islahat qüvvədə olan Cinayət Məcəlləsi ilə bağlıdır. Belə ki, beynəlxalq birlik tərəfindən beynəlxalq cinayət kimi tanınan təcavüz cinayəti, soyqırım, insanlıq əleyhinə cinayətlər və müharibə cinayətləri Cinayət Məcəlləsinə transformasiya edilmiş və bu cinayətlərə görə ciddi cəzalar müəyyənləşdirilib. Yeri gəlmişkən, ölkənin qanunverici orqanı insanlıq əleyhinə cinayətlərin və müharibə cinayətlərinin tərkiblərinin transformasiyası zamanı daha çox Beynəlxalq Cinayət Məhkəməsinin Statutundan yararlanmışdır, baxmayaraq ki, AR həmin Statuta qoşulmayıb. Bəşəri maraqların mühafizəsi və təmin edilməsi baxımından “sülh, təhlükəsizlik, insan hüquq və azadlıqların qorunması” Cinayət Məcəlləsinin vəzifələri sırasında ilk yerdə qərarlaşan dəyərlər kimi təsbit olunub. 12.3-cü maddədə beynəlxalq cinayətlər universal cinayət yurisdiksiyasının təsiri altına düşən cinayətlər kimi tanınır; 75.5-ci və 80.4-cü maddələrdə bu cinayətlərə müddətin keçməsinin şamil olunmaması təsbit olunub. Lakin həmin maddələrdə soyqırım cinayətinə münasibət qeyri-müəyyəndir və təbii ki, bu uğurlu sayıla bilməz. 2006-cı ildə beynəlxalq cinayətlərə görə məsuliyyət müəyyən edən qanunun qüvvəsinin geriyə şamil olunması haqqında Konstitusiya Qanununun qəbul edilməsi isə vahid hüquqi konsepsiyanın formalaşdırılması istiqamətində ən uğurlu addım hesab edilməlidir. Məhz bunun nəticəsi idi ki, Azərbaycan Respublikasının hərbi prokurorluğu 2008-ci ildə Cinayət Məcəlləsinin 103-cü maddəsini 1992-ci ildə törədilmiş Xocalı soyqırımına retroaktiv qaydada tətbiq etmişdir. Beynəlxalq cinayət tərkiblərini müəyyən edən beynəlxalq hüquq normaları özü icra olunmayan normalar olduğuna görə, onların məhkəmə - prokurorluq orqanları tərəfindən birbaşa tətbiq edilməsi qeyri-mümkündür. Bu barədə Cinayət Məcəlləsinin 1.3-cü və 5.2-ci maddələrində müvafiq qadağalar nəzərdə tutulub (1,s.28-30). İstənilən hər hansı dövlət kimi Azərbaycan Respublikasında da cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamağını, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamağını, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və müdafiəsinin, hüquqi şəxs barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsinin hüquqi prosedurları cinayət-prosessual qanunvericiliklə müəyyən edilir (2). Təbii ki, bu hüquqi müəyyənlik Cinayət Məcəlləsinin Xüsusi hissəsinin VII Bölməsində nəzərdə tutulan beynəlxalq cinayətlərə də şamil edilir. Nəzərə alsaq ki, beynəlxalq cinayətlər özünün ictimai təhlükəliliyinə, vurduğu zərərin həcminə və xarakterinə görə ciddi hüquq pozuntularıdırlar, məhz buna görə də belə cinayət faktlarına görə prokurorluq orqanları cinayət işinin dərhal başlanması üçün hərəkətə keçməlidirlər. Cinayət-Prosessual Məcəllənin 209.2.-ci maddəsində vurğulanır ki, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror aşağıdakı hallarda dərhal cinayət işini aşkar edilmiş fakt üzrə başlamalıdır (məsələn, 209.2.1. qətl əlamətlərinin izləri ilə insan meyiti aşkar edildikdə; 209.2.3. insanların kütləvi həlak olması, yoluxması və ya zəhərlənməsi əlamətləri olduqda; 209.2.9. silahlı qiyam olduqda, hakimiyyət zorla ələ keçirildikdə və ya zorla saxlanıldıqda; 209.2.10. Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsi barədə açıq çağırışlar olduqda; 209.2.11. kütləvi iğtişaş olduqda; 209.2.12. təxribat və ya terror aktı törədildikdə). Lakin sözügedən maddədə beynəlxalq cinayətlərə görə cinayət işinin dərhal başlanması ilə bağlı müddəa yoxdur. Hesab edirik ki, bu boşluq aradan qaldırılmalıdır. Bəzi kollizion aspektlər və müddəalar istisna olmaqla, Ermənistanın təcavüzkar siyasəti nəticəsində Azərbaycan xalqına qarşı törədilən cinayətlərin prokurorluq orqanları tərəfindən beynəlxalq cinayətlər və beynəlxalq xarakterli cinayətlər kimi qiymətləndirilməsi, qeydə alınması və təqibi üçün hüquqi baza mövcuddur. Bu hüquqi baza beynəlxalq hüquq normalarından, habelə bu normalara əsaslanan sahəvi qanunvericilik aktlarından ibarətdir. Yuxarıda qoyulmuş sualın digər tərəfi. Yəni Ermənistanın hərbi-siyasi rəhbərliyinin təşkilatçılığı və təhriki ilə törədilmiş cinayətlərin prokurorluq orqanları tərəfindən əsasən beynəlxalq cinayətlər kimi qeydə alınmasının zəruriliyi ona görə vacibdir ki, beynəlxalq cinayətlərə görə məsuliyyətin rejimi əvvəldə qeyd etdiyimiz kimi ikili təbiətə malikdir. Məhz buna söykənməklə, Ermənistanı törətdiyi beynəlxalq cinayətlərə görə siyasi və maddi məsuliyyətə cəlb etmək olar və təbii ki, bunun üçün kifayət qədər hüquqi əsaslar vardır: bu hüquqi əsaslardan ən birincisi BMT Nizamnaməsində təsbit olunmuş beynəlxalq hüququn əsas prinsipləri, ikincisi, Ermənistanın qoşulduğu və kobud şəkildə pozduğu beynəlxalq müqavilələr, üçüncüsü, Təcavüzün tərifinə dair 1974-cü il Qətnaməsinin müddəaların pozuntuları, dördüncüsü, BMT Təhlükəsizlik Şurasının (TŞ) Azərbaycanın işğal olunmuş ərazilərinin erməni silahlı birləşmələri tərəfindən qeyd-şərtsiz boşaldılmasına dair dörd məlum qətnamələri (822, 853, 874, 884 saylı qətnamələr). Təəssüflər olsun ki, sadalanan qətnamələrin heç birində Ermənistanın təcavüz aktı birbaşa təsdiqlənməyib. Baxmayaraq ki, Ermənistanın təcavüzkar dövlət olduğuna dair kifayət qədər hüquqi meyarlar mövcuddur. Birincisi, bu dövlətin ölkəmizə qarşı təcavüzü BMT Nizamnaməsində bəyan edilmiş beynəlxalq sülh və təhlükəsizliyə ciddi təhlükədir. İkincisi, Ermənistanın təcavüzü nəticəsində milyonlarla insan öz ev-eşiklərindən, ata-baba yurdlarından didərgin düşüb, daha dəqiq vurğu- lasaq, insan hüquq və azadlıqları kobud və kütləvi şəkildə pozulub. Bu isə həmin əməllərin beynəlxalq cinayət kimi qiymətləndirilməsi üçün əsasdır (7). 1992-ci ildən 2020-ci ilə qədər davam edən təcavüz nəticəsində illər üzrə Ermənistan tərəfindən törədilmiş cinayətlərin təsnifatının aparılması, yəni onların beynəlxalq cinayətlər və yaxud beynəlxalq xarakterli cinayətlər kateqoriyasına aid edilməsi və qiymətləndirilməsi bir sıra obyektiv və subyektiv səbəblər nəzərə alınmaqla, prokurorluq orqanlarının nə qədər mürəkkəb bir proseslə üzləşdiyinə əyani sübutdur. Məsələn, belə bir problemlərdən biri 2000-ci ilə qədər qüvvədə olmuş Cinayət Məcəlləsində işğal olunmuş ərazilərdə törədilən cinayətlərin (məsələn, Xocalı, Qaradağlı, Ağdaban, Başlı beldə azərbaycanlılara qarşı törədilmiş soyqırımın) beynəlxalq cinayət kimi tövsif olunmasına əngəl yaradan cinayət tərkiblərinin olmaması idi. Eyni zamanda, ərazilərin işğal vəziyyəti, cinayət faktlarının, sübutlarının ermənilər tərəfindən qəsdən məhv edilməsi, cinayətkarların cinayət məsuliyyətinə cəlb edilib mühakimə olunmasının mümkünsüzlüyü və digər faktlar da hüquq-mühafizə orqanları üçün ciddi problemlər yaradırdı. Düzdür, həmin vaxtlarda artıq Yuqoslaviya və Ru- andada soyqırım və beynəlxalq humanitar hüququn ciddi pozuntularını törətməkdə təqsirli bilinən şəxslərin cinayət məsuliyyətinə cəlb edilib cəzalandırılması üçün BMT TŞ müvafiq qətnamələri əsasında beynəlxalq cinayət tribunalları yaradılmışdı və həmin tribunalların qərarları əsasında formalaşan presedent praktikası o qədər də inkişaf etməmişdi ki, ona müraciət olunsun. Həmin zamanlarda beynəlxalq cinayət törətmiş təqsirli şəxslərin dövlət- daxili mexanizm çərçivəsində cinayət məsuliyyətinə cəlb edilib cəzalandırılması praktikası da demək olar ki, yox vəziyyətində idi. Lakin bütün bu çətinliklərin olmasına baxmayaraq, erməni cinayətkarları tərəfindən xalqımıza qarşı törədilmiş bu ağır cinayətlərin istintaqı və onlara hüquqi qiymətin verilməsi, həmin cinayətlərin təşkili və törədilməsində iştirak etmiş təqsirkar şəxslərin müəyyənləşdirilib mövcud qanunvericiliyə əsasən cinayət məsuliyyətinə cəlb olunması məqsədi ilə 18 dekabr 2003-cü il tarixdə Azərbaycan Respublikasının Baş Prokurorunun, Daxili işlər və Milli təhlükəsizlik nazirlərinin əmri ilə birgə istintaq-əməliyyat qrupu yaradılmışdır. Qeyd edilən cinayətlər üzrə müxtəlif vaxtlarda başlanmış lakin icraatı dayandırılmış cinayət işləri üzrə icraat təzələməklə istintaq aparılması həmin qrupa həvalə edilmişdir. Baş prokurorluğun 2005-ci il 5 may tarixli qərarına əsasən cinayət işinə prosessual rəhbərliyin həyata keçirilməsi hərbi prokurora tapşırılmışdır. Xocalı soyqırımı və digər cinayətlərin istintaqı sahəsində səmərəliliyin, davamlılığın və hüquqi varisliyin təmin olunması həmişə ölkənin siyasi rəhbərliyinin xüsusi diqqət mərkəzində olan prioritetlərdən biri olub. Bu məqsədlə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 27 sentyabr 2008-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin müasirləşdirilməsinə dair 2009- 2011-ci illər üçün Dövlət Proqramına müvafiq olaraq, Respublikanın Baş prokurorunun 30 mart 2009-cu il tarixli əmrinə əsasən, Hərbi Prokurorluğun Ağır Cinayətlərə dair İstintaq İdarəsinin tərkibində Xüsusi istintaq şöbəsi yaradılmış və yuxarıda göstərilən cinayət işlərinin istintaqı həmin şöbəyə həvalə edilmişdir. Xüsusi istintaq şöbəsi 1 yanvar 2011-ci il tarixədək CM-in 103-cü, 107-ci, 113-cü, 115-ci və 116.0.17-ci maddələrini əldə rəhbər tutaraq soyqırım, insanlıq əleyhinə cinayətlər və müharibə cinayətləri törətmiş 239 nəfər, habelə ümumi cinayətlər kateqoriyasına aid banditizm, qəsdən adam öldürmə və digər cinayətlər törətmiş 48 nəfər, cəm olaraq 287 nəfər barəsində təqsirləndirilən şəxs qismində cəlbetmə qərarları çıxarıb. Məhkəmə qərarlarına əsasən, onların barələrində həbs qəti imkan tədbiri seçilmiş, axtarışları elan edilmiş, bununla bağlı müvafiq sənədlərin aidiyyəti orqanlara, xüsusən İnterpol-un Azərbaycan Respublikasındakı Milli Bürosuna göndərilməsi təmin edilmişdir (10). 27 sentyabr 2020-ci ildən 10 noyabr 2020-ci ilə qədər zaman kəsiyində baş vermiş müharibə zamanı Ermənistanın təcavüzkar hərbi-siyasi rəhbərliyi və silahlı qüvvələri tərəfindən törədilən cinayətlərin Azərbaycan Respublikasının Baş Prokurorunun birbaşa rəhbərliyi ilə həyata keçirilən cinayət işlərinin istintaqı, bəzi epizodlar istisna olmaqla, törədilmiş cinayətlərin çoxunun beynəlxalq cinayətlər olduğunu bir daha sübut etmiş oldu. Buna əsas verən ən mühüm meyar odur ki, istər Gəncədə, istər Bərdədə, istərsə də Tərtərdə dinc mülki əhaliyə, mülki obyektlərə qarşı edilmiş cinayət aktları Ermənistanın dövlət səviyyəsində planlaşdırılan, hazırlanan, başlanılan və aparılan təcavüzkar siyasətinin tərkib hissəsi olaraq törədilirdi. Otuz ilə yaxın bir müddət ərzində Ermənistanın Azərbaycan ərazilərini işğal altında saxlaması faktı, - onun təcavüzkar niyyətinə (animus aggressiois) sübutdur. Bu cinayətin ictimai təhlükəliliyi də məhz bir dövlətin başqa bir dövlətin ərazisini zəbt etməsi və təcavüzkar əməllərini davam etdirilməsinin beynəlxalq hüququn “dövlətlərin dinc yanaşı yaşamas/’’ prinsipinə zərbə vurmasında ifadə olunur (3,s. 340). Onu da qeyd edək ki, niyyət və məsuliyyət bir-biri ilə bağlı olan anlayışlardır və BMT TŞ tərəfindən təcavüz aktının müəyyən edilməsi zamanı niyyətin nəzərə alınması bu orqanın qərarına əsaslı surətdə təsir göstərən mühüm amil hesab edilməlidir. Ancaq biz bunu Ermənistanın işğalına dair qəbul olunmuş qətnamələrdə görə bilmədik. Baş Prokurorluq Ermənistanın Azərbaycana qarşı törətdiyi beynəlxalq cinayətlərin beynəlxalq səviyyədə tanınmasında, beynəlxalq birliyin Ermənistanın təcavüzkar siyasətinə səssiz qalmaması istiqamətində də mühüm işlər həyata keçirir. Bununla bağlı Baş Prokurorluq nüfuzlu beynəlxalq təşkilatlara, qeyri-hökumət təşkilatlarına, cinayətkarlıqla beynəlxalq mübarizə sahəsində sıx əməkdaşlıq edən dövlətlərin prokurorluqlarına, habelə digər qurumlara müraciətlər ünvanlayıb və habelə rəsmi tədbirlər keçirib. Təbii ki, prokurorluq orqanları tərəfindən görülən bütün bu tədbirlər Ermənistanın beynəlxalq cinayətlərə görə beynəlxalq məsuliyyətə cəlb olunması və cavab verməsi istiqamətində Azərbaycanın vahid hüquqi konsepsiyasının müəyyən olunmasına xidmət edən bir addım kimi qiymətləndirilməlidir. Mövcud beynəlxalq hüquqi təcrübə və konsepsiyalara söykənməklə apardığımız təhlil və araşdırmanın yekunu olaraq aşağıdakı nəticələrə gələ bilərik:
Beynəlxalq cinayətlər kimi tanınan və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə transformasiya edilmiş tərkiblər üzrə; Xocalı soyqırımı üzrə - 103-cü maddə; əhalini deportasiya etmə və ya məcburi köçürmə - 107-ci maddə; işgəncə -113-cü maddə; müharibə qanunlarını və adətlərini pozma - 115.2,-ci maddə; zorlama, cinsi köləlik, məcburi fahişəlik, məcburi sterilizasiya, məcburi hamiləlik, habelə cinsi zorakılıqla əlaqədar başqa hərəkətlər etmə -116.0.17-cı maddə; təcavüzkar müharibəni planlaşdırma, hazırlama və ya başlama - 100.1,-ci maddə və təcavüzkar müharibəni aparma - 100.2,-ci maddə. Baş Prokurorluq tərəfindən Cinayət Məcəlləsinin 100.1.-Cİ və 100.2,-ci maddələri ilə cinayət işinin başlanması təqdirəlayiq hesab edilməlidir. Bu, eyni zamanda, beynəlxalq hüquq tarixində mühüm bir hadisədir ki, BMT Nizamnaməsinin qəbulundan sonra dünyada baş vermiş heç bir təcavüz aktına görə milli çərçivədə cinayət işi qaldırılmayıb. Ermənilərin Gəncəyə, Bərdəyə, Tərtərə və hərbi əməliyyatlar zonasından kənarda yerləşən rayon və şəhərlərə etdiyi raket hücumlarının hüquqi qiymətləndirilməsindən belə bir nəticəyə gəlmək olur ki, Cinayət Məcəlləsinin “silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma”-ya görə cinayət məsuliyyəti müəyyən edən 116-cı maddədə nəzərdə tutulan tərkiblərin demək olar ki, əksəriyyəti törədilmişdir, xüsusən, mühüm dağıntılara səbəb ola bilən müharibə üsullarından istifadə etmə - 116.0.1 .-ci maddə; ətraf mühitə qəsdən geniş, uzun sürən və ciddi ziyan vurma - 116.0.2.-ci maddə; hərbi zərurətdən irəli gəlməyən geniş miqyaslı dağıntılar törətmə-116.0.6.-cı maddə; dağıdılması mülki əhali arasında böyük itkilərə səbəb ola bilən və ya mülki obyektlərə əhəmiyyətli zərər vura bilən qurğulara hücum etmə - 116.0.12-ci maddə; Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrlə qadağan edilmiş silahları, müharibə vasitələrini və üsullarını silahlı münaqişələrdə tətbiq etmə -116.0.16.-cı maddə. Beynəlxalq xarakterli cinayətlər müstəvisində törədilmiş işlərin istintaqı əsasən, terrorçuluq -214-cü maddə, terrorçuluğu maliyyələşdirmə - 214-1 .-ci maddə), adamları girov götürmə -215-ci maddə, banditizm -217-ci maddə və d. maddələr üzrə, adi ümumcinayət tərkibli əməllər üzrə isə - cinayətkar birlik-təşkilat tərəfindən qəsdən adam öldürmə - 120.2.1 .-ci maddə, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə -120.2.4,-ci maddə, milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürmə -120.2.12.-ci maddə, qanunsuz sahibkarlıq - 198-ci maddə, qəbir üzərində təhqiredici hərəkətlər - 245-ci maddə və digər maddələr üzrə aparılır. Bütün bunlara rəğmən onu qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının Ermənistana qarşı irəli sürəcəyi bütün iddialar, vurulmuş maddi və mənəvi zərərin ödənilməsi tələbi beynəlxalq hüquqda təşəkkül tapmış hüquqi praktikaya, daha dəqiq desək, iki kriteriyaya əsaslanmalı və mübahisələndirilməlidir. Bu kriteriyalardan biri və ən əsası - substantiv kriteriyadır. Nəzərə alsaq ki, beynəlxalq hüquqi nöqteyi-nəzədən zərərin ödənilməsində həmişə iki tərəf mövcud olur: yəni hüquq pozuntusuna yol vermiş tərəf və zərərçəkmiş tərəf. Deməli, Azərbaycan Respublikası işğal prosesində ona dəymiş maddi və mənəvi zərərə görə reparasiyanın, restitusiyanın, kompensasiyanın, satisfaksiyanın və vəziyyətdən asılı olaraq təkrar etməmə hallarına təminat verən subyektlərin dairəsini dəqiq müəyyənləşdirməlidir. Beynəlxalq hüquqi məsuliyyət aspektində belə subyekt qismində birbaşa Ermənistanın özü və işğal altında olan ərazilərdə hüquqi və fiziki şəxslərin qanunsuz iqtisadi fəaliyyətinə açıqca göz yummuş mənsubiyyət ölkələri; mülki hüquqi məsuliyyət baxımından isə qanunsuz iqtisadi fəaliyyəti həyata keçirmiş hüquqi və fiziki şəxslərin özü (təbii ki, bu həmin şəxslər dairəsinin cinayət məsuliyyətinə cəlb olunmasına da aiddir). Beynəlxalq cinayət hüququ müstəvisində isə - təqsirli şəxslər fərdi cinayət məsuliyyətinin subyektləridir və əvvəldə də vurğulandığı kimi beynəlxalq cinayətlərə görə fiziki şəxslərin cinayət məsuliyyəti dövlətin beynəlxalq məsuliyyətini də doğurur. İkinci kriteriya isə - prosedur kriteriyadır, yəni pozulmuş hüququn bərpası, dəymiş maddi və mənəvi zərərin təmin olunması tərəfi. Belə təminatlandırma beynəlxalq hüququn prinsip və normalarına, beynəlxalq müqavilələrə və beynəlxalq standartlara söykənən milli qanunlara əsaslanmaqla hüquq pozuntusuna yol vermiş dövlət, qanunsuz iqtisadi fəaliyyətlə məşğul olmuş şirkət tərəfindən, habelə müvafiq beynəlxalq məhkəmə orqanlarının qərarları əsasında mümkün ola bilər.
İstifadə edilmiş ədəbiyyat siyahısı
Azərbaycan Respublikası Baş Prokurorluğunun Elm-Tədris Mərkəzinin böyük prokuroru I dərəcəli hüquqşünas, Beynəlxalq Prokurorlar Assosiasiyasının üzvü, hüquq üzrə fəlsəfə doktoru Qələndərli Nigar Hüseyn qızı
|