Şriftin ölçüsü :

Saytın rəngi :

MƏHKUM QADINLARIN HÜQUQİ STATUSUNUN MƏZMUNU

10.01.2022

Müasir insan hüquqları nəzəriyyəsində yalnız məhkumlara aid olan fərqli insan hüquqları qrupunun mövcudluğunu iddia etmək ağlabatan deyil. Beynəlxalq və milli səviyyələrdə cəza sisteminin hüquqi əsasları və cəza siyasəti də insan hüquqları hüququna əsaslanmalıdır. Bu mənada, qanuni qaydada həbs olunduqları zaman məhkum statusu alsalar da, məhbuslar yenə də insan və vətəndaş sayılmalıdırlar.

Məhkumların hüquqi vəziyyəti “cinayətkar” və “vicdanlı insan” arasındakı fərqi adekvat şəkildə nəzərə almamalıdır, çünki həbsxanada hüquqların tanınması və təşviqi qanunun aliliyinə və demokratiyaya əsaslanır. Beləliklə, insan hüquqları ayrı-seçkilik etmədən bütün fərdləri, o cümlədən həbs nəticəsində azadlığı məhdudlaşdırılan şəxsləri də əhatə edir.

Bir qayda olaraq, azadlıqdan məhrum etmə cinayət qanununun ağır pozuntularını törədən (və ya törətdiyi ehtimal edilən) şəxslərə qanuni olaraq tətbiq edilən sanksiyadır. Bununla belə, həbsin özünəməxsus xüsusiyyətlərindən biri, onun keçici xarakter daşımasıdır. Müvafiq olaraq, məhbuslar, nəhayət öz cəmiyyətlərinə azad vətəndaş kimi qayıtdıqda, sözügedən cəmiyyətin daha geniş mənafeləri həbsxanada onlara ədalətli, humanist və sivil şəkildə rəftar edilib-edilməməsindən asılıdır. Bu anlayış həm də “cəza üçün deyil, cəza kimi azadlıqdan məhrum etmə” prinsipi kimi formalaşdırılır (22, p. 136). Müvafiq olaraq, azadlığına məhdudiyyətlər məcburi olaraq məhbuslar üçün tətbiq edilsə də, onlar cəzalarını çəkərkən bütün digər insan hüquqlarını mümkün qədər qoruyub saxlamaqda davam edirlər: onlar ləyaqətlə rəftar olunmaq və hüquqlarına hörmətlə yanaşmaq hüququna malikdirlər; onlar öz şəxsiyyətlərinin təhlükəsizliyi və toxunulmazlığı hüququna malikdirlər və s.

Təcrid olunmaq bir sıra məhdudiyyətlərə səbəb olsa belə, məhbuslar hələ də öz əsas hüquqlarını qoruyub saxlayırlar. Deməli, analoji qaydada məhkum qadınların hüquqi vəziyyəti yalnız həbsxana divarları üçün nəzərdə tutulmuş xüsusi kateqoriya hüquq və azadlıqları əhatə etməməlidir.

Açar sözlər: cəza icra qanunvericiliyi, hüquqi vəziyyəti, hüquqi statusu, insan hüquqları, qadın məhkumlar, cəzaçəkmə müəssisəsi, Azərbaycan Respublikası Konstitusiyası, subyektiv hüquq, dövlət orqanları.

Tədqiqatın aktuallığı və əsas istiqamətləri.

Azərbaycanın cəza icra qanunvericiliyində məhkumların hüquqi statusu insan və vətəndaşın cəmiyyətdə və dövlətdə tutduğu mövqenin ümumi prinsipləri əsasında formalaşır ki, onlar məhkumlarla rəftarın beynəlxalq standartlarının tələbləri nəzərə alınmaqla müdafiə olunmalıdırlar. Məhkumların hüquqi statusunun müəyyən edilməsinin əsasında fundamental müddəalar – Azərbaycan Respublikasının Konstitusiyasında və cəzaların icrasına dair digər hüquqi aktlarda təsbit olunmuş insan və vətəndaş hüquqları; beynəlxalq standartlarda nəzərdə tutulmuş hüquqlar və məhkumlarla rəftar qaydaları; cəzanın məzmunu, məhkumun şəxsi xüsusiyyətləri dayanır (20, p. 9).

Hüquq ədəbiyyatında bu günə qədər ən mübahisəli problemlərdən biri fərdin “hüquqi vəziyyəti” və “hüquqi statusu” anlayışları arasındakı nisbət, onların məzmun tərəfinin qurulması məsələsidir. Belə vəziyyət əksər tədqiqatçı və alimlərin diqqətini cəlb etmiş istiqamətlərin mürəkkəbliyi ilə əlaqədardır ki, bu da vahid fikrin olmamasına və çoxsaylı müzakirələrə səbəb olmuşdur (1, p. 33 — 35., p. 139- 150). Bu da tədqiqat mövzusunun aktuallığını bir daha təsdiq edir. Bir çox alimlər “hüquqi vəziyyət” və “hüquqi status”u vahid məzmunlu elmi termin kimi qəbul edirlər. Belə ki, V.M.Baranov hesab edir ki, bu anlayışların müstəqil hüquqi kateqoriyalar kimi ayrılması tamamilə əsassız olmaqla, nə nəzəri dəyəri, nə də praktiki əhəmiyyətə malikdir. Onun fikrincə, bu yanaşma süni xarakter daşıyır və ilk növbədə, tədqiqatçıların bu sahədə mövcud olan nəzəri araşdırmaları yeni məzmunla doldurmaq istəyi ilə bağlıdır (2, pp. 56 – 60).

Eyni zamanda, səciyyəvi cəhət ondan ibarətdir ki, getdikcə daha çox alim qeyd olunan anlayışları bir çox elementləri birləşdirən hüquqi reallığın mürəkkəb təzahürləri kimi qəbul edir. Ənənəvi olaraq, onlara daxil edilən hüquq və azadlıqlardan, hüquqi vəzifələrdən və qanuni mənafelərdən əlavə, digər komponentlər də daxildir. Belə ki, M.S.Stroqoviç yuxarıda göstərilənlərlə yanaşı, hüquqi vəziyyətin elementlərinə hüquqi təminatları və hüquqi məsuliyyəti (23, pp. 33-35.), L.D.Voyevodin isə hüquq qabiliyyətini, hüquq prinsiplərini, vətəndaşlığı və hüquq və vəzifələrin həyata keçirilməsi üçün təminatları aid etmişdir (28, pp. 139-150).

Tədqiqatın elmi yeniliyi.

Respublikamızda məhkum qadınların hüquq və azadlıqlarının müdafiəsinə həsr olunmuş tədqiqat əsəri yoxdur. Mövcud araşdırmalar isə problemləri yalnız cinayət və cəza icra hüququ aspektindən təhlil etmişdir. Tədiqat işində ilk dəfə olaraq, məhkum qadınların hüquq və azadlıqlarının qorunması və müdafiəsi üzrə problemlər “hüquqi vəziyyət” və “hüquqi status” kateqoriyaları üzrə müəyyənləşdirilmişdir. Bundan əlavə, hüquqi vəziyyət anlayışına aid hüquqi statusun zəruri ilkin şərtləri kimi çıxış edən vətəndaşlıq və hüquq subyektliyi kimi anlayışlar, hüquqi statusun özü, habelə şəxsin hüquq və azadlıqlarının hüquqi təminatları kimi hüquq sisteminin elementlərinin təhlili tədiqat işinin yeniliklərindəndir.

Tədqiqatın əsas məzmunu.

Hüquq ədəbiyyatında şəxsiyyətin hüquqi statusunun müxtəlif növlərinin fərqləndirilməsi problemi ilə bağlı fərqli yanaşmalar mövcuddur. Hüquq nəzəriyyəsində onları ənənəvi olaraq üç yerə ayırırlar: vətəndaşın ümumi, yaxud konstitusion-hüquqi statusu; müəyyən vətəndaşların xüsusi və ya ümumi statusu; konkret şəxsin fərdi vəziyyəti.

Şəxsiyyətin ümumi hüquqi statusu insanda müxtəlif sosial xüsusiyyətlərin olması səbəbindən xüsusi status üçün əsas rolunu oynayır. O, öz növbəsində bu və ya digər konkret şəxsin düşdüyü müəyyən şərtlərə və şəraitə uyğun fərdi hüquqi vəziyyətinin əsasını təşkil edir. Bütövlükdə biz tədqiqatımızın xüsusiyyətlərini nəzərə alaraq, hamı tərəfindən qəbul edilmiş hüquqi doktrinanı dəstəkləyirik. Nəzəri cəhətdən konstitusion-hüquqi statusun əsas kateqoriya olmasına və onun təsir dairəsinin cəmiyyətin tamamilə bütün üzvlərini əhatə etməsinə baxmayaraq, şəxsin bu və ya digər sosial-hüquqi xüsusiyyətlərə malik olması nəzərdən keçirilən anlayışın konkret məzmununun müəyyənləşdirilməsinə əhəmiyyətli təsir göstərən amil ola bilər. Xüsusi hüquqi vəziyyət kateqoriyasını daha əsaslı və zəruri hesab edən N.V.Vitrukun nöqteyi-nəzəri ilə razılaşmağı məqsədəuyğun hesab edirik (25, pp. 27-34). Fikrimizcə, bu anlayış öz semantik mənasına əsaslanaraq, müxtəlif sosial xüsusiyyətlərə malik olan şəxsin hüquqi statusunun xüsusiyyətlərini daha çox əks etdirir.

Hüquqi statusun funksional hüquqi təyinatı məsələsinə dair elmi ədəbiyyatda vahid mövqe yoxdur. Belə ki, H.A.Boqdanova ondan hüquq sisteminin şəxslərin öz hüquqlarını, azadlıqlarını və vəzifələrini həyata keçirmə prosesini təmin edən müstəqil elementi kimi söz açır (4, p. 18), V.A.Patyulin onu subyektlə dövlət arasında hüquqi münasibətlərin qurulmasına yönəlmiş hüquq sisteminin həlqələri ilə qırılmaz vəhdətdə nəzərdən keçirməyi təklif edir (19, pp. 25-28), N.V.Vitruk onun mövcudluğunu ictimai münasibətlər sistemində şəxsiyyətin yerini əks etdirmək ehtiyacı ilə əlaqələndirir (26, p. 29). Ümumən öz sahələrində aparıcı mütəxəssislərin fikri ilə razılaşaraq, onların ifadə etdikləri baxışların əsas aspektlərinə toxunan və eyni zamanda, tədqiqat sahəmizi nəzərə alaraq, kompromis mövqe təklif etmək istərdik. Bununla əlaqədar qeyd etmək lazımdır ki, hüquqi status kateqoriyasının mövcudluğu zərurəti yalnız onun əhəmiyyəti ilə bağlı deyil ki, bu da azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslərin sosial əlaqələr və münasibətlər sistemində vəziyyətini onlara müəyyən hüquq və vəzifələr verməklə ən dolğun şəkildə qeyd etməyə, habelə bu hüquq və vəzifələri islah müəssisələrində saxlanılan şəxslərin, xüsusən də azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş qadınların həyata keçirmələri prosesində onların inkişaf dinamikasına nəzarət etməyə imkan verir.

Təklif olunan modelə diqqət yetirməklə, məhkum qadınların hüquqi statusu anlayışının, onun elementlərinin müəyyən edilməsi ilə əlaqəli məsələləri nəzərdən keçirməyə davam edəcəyik.

Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslərin hüquqi statusu həm struktur, həm də məzmun etibarilə cəzaçəkmə müəssisələrində saxlanılan şəxslərin hüquq və azadlıqlarının həyata keçirilməsi, habelə vəzifələrin icrası ilə bilavasitə bağlıdır. Bu cür məqsədləri həyata keçirən hüquqi status nəzərdə tutduğumuz şəxslər kateqoriyasının hüquqi vəziyyətinin digər elementlərinin ətrafında yerləşdiyi özəyinə çevrilir. Eyni zamanda, o, belə mühüm rol oynayaraq, yalnız azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslərin ictimai münasibətlər sistemindəki yerini müəyyən etməklə ayrılıqda mövcud ola bilməz (3, pp. 57 - 63.). Məhkum qadınların hüquqi statusunun məzmununa ənənəvi yanaşmadan çıxış edərək, hüquqlar, vəzifələr, məsuliyyət və qadağaları daxil etməyi məqbul sayırıq.

Azadlıqdan məhrum etməyə məhkum olunmuş qadınların hüquq və azadlıqları cəzaçəkmə müəssisəsi müdiriyyətinin hüquqi vəzifəsi ilə təmin edilən, dövlət tərəfindən təminat verilən və qanunla təsbit edilən müəyyən davranış və sosial imtiyazlardan istifadə imkanında ifadə olunur. Məhkumların hüquqlarının məzmununu açıqlayan G.L.Minakov aşağıdakı hüquqi imkanları daxil edir: 1) başqa şəxslərdən müəyyən davranış tələb etmək; 2) müəyyən şəkildə davranmaq; 3) müəyyən sosial nemətdən istifadə etmək; 4) zəruri hallarda dövlət və ya ictimai müdafiəyə müraciət etmək (17, p. 7).

İ.V.Şmarov və V.İ.Seliverstov məhkumların hüquqlarının məzmununa üç element daxil edirlər: 1) məhkumun qanunla müəyyən edilmiş çərçivədə sosial nemətlərdən (yemək, geyim təminatı) sərbəst istifadə etmək imkanı; 2) islah müəssisəsinin müdiriyyətindən hüquqi vəzifəsinin icrasını tələb etmək imkanı; 3) zəruri hallarda öz hüquqlarının müdafiəsinə (milli və beynəlxalq hüquq müdafiə vasitələri) müraciət etmək imkan (7, p. 111).

Qanunverici məhkumların hüquqi statusuna ənənəvi elementlərlə yanaşı, “məhkumun hüquqi vəziyyəti” adı altında spesifik hüquq və azadlıqları, eləcə də qanuni mənafeləri daxil etmişdir. Tədqiqatçıların şəxsiyyətin hüquqi statusunun məzmununa daxil olan elementlər haqqında ifadə etdikləri çoxlu və ziddiyyətli fikirlərə baxmayaraq, onların böyük əksəriyyəti subyektiv hüquqları onun mərkəzi həlqəsi adlandırırlar. Ənənəvi olaraq subyektiv hüquq dedikdə, bu və ya hər hansı digər həyat vəziyyətində insanın mümkün davranışının rəsmən tanınan və spesifik hüquqi formada leqallaşdırılan ölçüsü başa düşülür (9. p. 26). Qeyd etmək lazımdır ki, “subyektiv hüquq” hüquqi kateqoriyası nisbi xarakter daşıyır, onu müəyyən məzmunla doldurmaq üçün hüququn müxtəlif sahələrində nəzərdə tutulmuş konkret hüquq və azadlıqlar prizmasından nəzərdən keçirilməlidir. İşimizin mövzusu cəzaların icrasının tənzimlənməsi sahəsinə aid olduğundan, biz bilavasitə bu problemlərin nəzərdən keçirilməsi və islah müəssisələrində şəxslərin ümumi və xüsusi hüquqi statuslarının onların məzmununu müəyyən edən konkret elementlərinin tədqiqi üzərində dayanacağıq.

Qeyd olunanları qadın məhkumların hüquqi vəziyyətinə şamil etsək, onların qanunvericilikdə təsbit olunmuş hüquq və azadlıqlarını üç qrupda ayıra bilərik:

1. Konstitusion qaydada bəyan olunmuş hər kəsə şamil edilən hüquq və azadlıqlar;
2. Məhkumluq vəziyyətindən irəli gələn hüquq və azadlıqlar;
3. Sırf qadın məhkumlar üçün nəzərdə tutulmuş hüquq və azadlıqlar.
Birinci qrup hüquq və azadlıqlar həm cəzaların icrası qanunvericiliyində nəzərdə tutulan,

həm də bilavasitə Konstitusiyanın müvafiq normalarına istinadən təsnifləşdirilə bilər. Məsələn, bərabərlik, yaşamaq kimi hüquqlar birbaşa Konstitusiyada hər kəs üçün bəyan olunmuşdur. Bəzi hüquqlar isə konstitusion qaydada nəzərdə tutulmuş hüquqların məhkumlara da şamil edilməsinə əsasən, konkret sahəvi qanunlarda əks olunmuşdur. Belə ki, AR CİM-nin 10-cu maddəsində təsbit olunmuş aşağıdakı hüquqlar konstitusion normalara əsaslanır:

 Cəzaların İcrası Məcəlləsinin 10-cu maddəsi

Konstitusiya

 Cəzanı insan şəxsiyyətinə hörməti təmin edən     şəraitdə   çəkmək hüququ

  Şərəf və ləyaqətin müdafiəsi     hüququ (ARK maddə 46)

 İctimai faydalı əməklə məşğul olmaq hüququ

  Əmək hüququ (ARK maddə 35)

 İstirahət etmək hüququ

 İstirahət hüququ (ARK   maddə 37)

 Pensiya və ya sosial müavinət almaq hüququ

 Sosial təminat hüququ   (ARK maddə 38)

 İlk tibbi yardım daxil olmaqla, ambulator və ya   stasionar   şəraitdə tibbi yardım almaq hüququ

 Sağlamlığın qorunması   hüququ (ARK maddə   41)

 Hüquq və azadlıqlarının müdafiəsi üzrə Azərbaycan   qanunvericiliyi ilə müəyyən edilmiş qaydada təklif, ərizə   və şikayətlə dövlət dilində və ya başqa dildə müraciət   etmək hüququ

 Müraciət etmək hüququ   (ARK maddə 57)

 Hüquqi yardım almaq hüququ

 Hüquqi yardım almaq   hüququ (ARK maddə 61)

 Dini ayinlərin icra edilməsində iştirak etmək hüququ

 Vicdan azadlığı (ARK   maddə 48)

Sxem 2.1. Məhkumların hüquqlarının konstitusion və sahəvi normalarda təsbiti ilə bağlı müqayisəli təhlil (Sxem müəllif tərəfindən təqdim edilmişdir)

İkinci qrup hüquq və azadlıqlar isə sırf məhkumlar üçün onların hüquqi vəziyyətindən asılı olaraq müəyyən edilmişdir və bu, qadın məhkumlara da şamil edilir. Bu hüquqlar qrupu xüsusi xarakter daşıyır, çünki onlar müstəsna olaraq azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslərə xasdır və yalnız onların hüquqi statusunun ayrılmaz elementidir. İslah müəssisələrində saxlanılan şəxslərin hüquq və azadlıqlarının bu qruplarının hüquqi təbiətinin müəyyən edilməsi məsələsi maraqlıdır. Bu təzahürün ifadəsinin hüquqi forması bu və ya digər xüsusi hüququ təsbit edən və ya mövcud olanı azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslərin həyata keçirməsini dəyişdirən, qanuna tabe olan vətəndaşların həyata keçirməsindən fərqli edən mövcud qanunvericiliyin normalarıdır. Məsələn, bədən tərbiyəsi və idmanla məşğul olmaq, cəzanın icrası və çəkilməsi ilə əlaqədar öz barəsində qəbul edilmiş qərarlara dair öz rəyini bildirmək və ya onlardan şikayət etmək hüququ və s. Bundan əlavə, məhkumların qapalı məkanda saxlanılmasını nəzərə alaraq, onların şəxsi təhlükəsizlik hüququ ayrıca bir hüquq kimi nəzərdə tutulmuşdur (CİM-nin 12- ci maddəsi).

Üçüncü qrup hüquq və azadlıqlar məhkum qadınların sırf qadın olmasından irəli gələrək müəyyən olunmuşdur. Belə ki, məhkum qadınlar asudə vaxtlarında onların 3 yaşına çatmayan uşaqlarının yerləşdirilməsi üçün təşkil olunmuş uşaq evlərində uşaqları ilə məhdudiyyətsiz görüşmək hüququna malikdirlər. Hətta qanunvericilik belə qadınların uşaqla birgə yaşamasına icazə verir (CİM-nin 92-ci maddəsi). Hamilə qadınların doğuş və doğuşdan sonrakı müddət ərzində xüsusi tibbi yardım almaq hüququ vardır (CİM-nin 92-ci maddəsi).

Qanuni mənafelərə gəldikdə isə, onların mahiyyəti subyektiv hüquqda olduğu kimi imkanlardan ibarətdir, lakin qanuni mənafedə əks olunan imkanın hüquqi qüvvəsi hüquq və azadlıqda olduğundan xeyli azdır, çünki o, sahib olma deyil, yalnız nemətə sahib olmaq istəyi xarakteri daşıyır və müvafiq olaraq, islah müəssisəsinin müdiriyyətinin konkret vəzifəsi ilə təmin olunmur (24, p. 91).

Hüquq elmində qanuni mənafelərin hüquqi mahiyyəti ilə bağlı bir neçə mövqe mövcuddur. Belə ki, çox vaxt qanuni mənafelər qanunla qorunan mənafelərlə eyniləşdirilir, halbuki sonuncular subyektiv hüquqlar şəklində hüquqi müdafiəsi və ya hüquq-mühafizə orqanları tərəfindən birbaşa müdafiəsi təmin edilməli olan iqtisadi, sosial, mənəvi və digər mənafelər, məsələn, xüsusi mülkiyyətin toxunulmazlığı kimi qanunla qorunan mənafelər kimi başa düşülür (13, pp. 27-28.). Onun pozulması halında şəxsin özünün müstəqil müdafiə hüququ yaranır, yaxud səlahiyyətli dövlət orqanlarının müdaxilə etmək və pozulmuş qaydanı bərpa etmək hüququ vardır. Bununla belə, V.İ.Seliverstovun fikrincə, belə yanaşma məqbul hesab edilməməlidir, çünki qanunla qorunan mənafe qeyri-hüquqi ola, lakin qanuna əsaslana bilərsə, qanuni mənafe hüquqidir və bilavasitə qanunda nəzərdə tutulmuşdur.

Bu baxımdan, ən geniş yayılmış konsepsiya qanuni mənafelərin dövlətlə şəxsiyyət arasındakı münasibətlər prinsipinin təsirindən əldə edilməsidir. Bu zaman qanuni mənafelər bilavasitə qanuni hüquq və vəzifələrdə ifadə olunmayan, lakin dövlət tərəfindən qanunla qorunmalı olan mənafelər kimi başa düşülür (15, p. 14). Şəxsiyyətin mənafeyinin qanuni hesab olunması üçün o, hüquqazidd olmamalıdır, yəni onun həyata keçirilməsi cəmiyyətin ümumi mənafelərini ifadə edən hüquq normalarını pozmamalıdır. Şəxsiyyətin müxtəlif konkret mənafeləri o mənada qanunidir ki, onlar hüququn əhatə dairəsinə düşür və onların həyata keçirilməsinə icazə verilir və təşviq edilir. Belə bir şəraitdə bu mənafelərin hüquqauyğunluğundan və qanuniliyindən təkcə qanunun hərfi deyil, həm də qanunun ruhu baxımından danışmaq olar. Qanuni mənafelərin hüquqi məzmununu müəyyən edən xüsusiyyətlərə, onların xarakterinə görə icrası səlahiyyətli dövlət orqanlarının iradəsindən asılı olan hüquqi iddia kimi hüquqi imkan növünü təmsil etmələri daxil edilməlidir (məsələn, məhkumun islah müəssisələrindən məzuniyyətə çıxmaq imkanı müdiriyyətin qərarından asılıdır).

Cəzaların icrası qanunvericiliyinin təhlili göstərir ki, məhkumların qanuni mənafelərinin sayı hüquqların sayından əhəmiyyətli dərəcədə çoxdur və onlar qanunverici tərəfindən “ola bilər”, “istisna halında”, “bir qayda olaraq”, “mümkün olduqda” ifadələrindən istifadə etməklə təsbit edilir. (Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 70, 87, 89, 105, 112-ci maddələri və s.). İstər Azərbaycan Respublikasının Konstitusiyasında, istərsə də Cəzaların İcrası Məcəlləsində “məhkumların hüquqları” və “qanuni mənafeləri” anlayışları ilə yanaşı, “insan azadlığı” termini də işlədilir. Bu anlayışların oxşarlığı ondan ibarətdir ki, onlar hüquqi imkan, yəni bu və ya digər davranış növünü seçmək, verilən sosial nemətlərdən istifadə etmək qabiliyyəti vasitəsilə müəyyən olunur, lakin hüquqlar müəyyən sosial nemətlərin əldə edilməsinin mümkünlüyünü göstərir, azadlıq isə dövlətdən, onun tərəfindən bu və ya digər məhdudiyyətlərdən müstəqilliklə xarakterizə olunur.

Cəzaçəkmə müəssisələrində saxlanılan şəxslərin hüquqi vəziyyətinin elementi hüquqi təminatlardır. Təkcə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslərin deyil, digər şəxslərin də hüquq və azadlıqlarının təmin edilməsi problemi kifayət qədər spesifik xarakter daşıyır. Bu anlayışın təzahürlərinin çoxşaxəliliyi və qeyri-müəyyənliyi təkcə onun hüquq və azadlıqların həyata keçirilməsi sistemindəki mühüm rolunu deyil, həm də azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin hüquqi vəziyyətinin bu elementinin nəzəri tədqiqinin və qanunvericiliklə tənzimlənməsinin mühüm problemlərindən xəbər verir (11, p. 21). Hüquqi təminatların həm tədqiq etdiyimiz anlayışın strukturu, həm də bütövlükdə hüquq sistemi üçün dəyəri, fikrimizcə, iki müstəvidə nəzərdən keçirilməlidir: 1) sistemin tamlığına təsir və azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslərin hüquqi vəziyyətinin bütün elementlərinin ahəngdar qarşılıqlı əlaqəsi və 2) hüquqi statusun, daha doğrusu, onun əsas həlqəsinin – islah müəssisələrində saxlanılan şəxslərin hüquq və azadlıqlarının həyata keçirilməsinə təsir.

Birinci mənada hüquqi təminatlar məhkumların hüquqi vəziyyətinin strukturunun kompleks xarakterini şərtləndirən müəyyən vasitə və beləliklə onun fəaliyyətini təmin edən mexanizm kimi çıxış edir (6, p. 139). Belə ki, məsələn, hüquq subyektliyinin və vətəndaşlığın mövcudluğu, habelə bu hüquq kateqoriyalarını xarakterizə edən hüquqi əlamətlər bu halda onların mövcudluğunu və qanunvericilikdə tam əksini, zəruri hallarda müdafiəsini təmin edən xüsusiyyətlər kimi çıxış edən hüquqi təminatlardan ayrılıqda nəzərdən keçirilə bilməz.

İkinci mənada hüquqi təminatlar azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslərin öz hüquqlarını həyata keçirmələri üçün dar ixtisaslaşdırılmış funksiyaları yerinə yetirir. Onlar bu keyfiyyətdə fəaliyyət göstərərək, islah müəssisələrində saxlanılan şəxslərin hüquq və azadlıqlarının ən səmərəli şəkildə təmin edilməsini və müdafiəsini təmin edən şərait və vasitələr xüsusiyyətinə yiyələnir, sanki onların həyata keçirilməsi üçün əlverişli mühitə çevrilirlər.

Məhkum qadınların hüquqi vəziyyətini xarakterizə edərkən, qanunverici tərəfindən azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslər üçün zəruri hesab olunmuş fəaliyyətə, yəni onların hüquqi vəzifələrinə toxunmamaq olmaz.

Hüquqi vəzifələrin hüquqi reallığın bütöv təzahürü kimi qavranılmasına gəlincə, qeyd etmək lazımdır ki, elmi ədəbiyyatda vahid fikir yoxdur. Belə ki, G.V.Maltsevin fikrincə, hüquqi vəzifə subyektiv hüquq kimi hüquq normalarında təsbit olunmuş davranış imkanıdır (14, pp. 71- 73). Vəzifə, eləcə də subyektiv hüquq ictimai inkişafın obyektiv qanunauyğunluqlarına əsaslanan və onları ifadə edən insan davranışının müəyyən meylini əks etdirir. Hüquqi vəzifədə ifadə olunan və şəxsə ünvanlanmış tələb realdır, deməli, mümkündür: insanın üzərinə praktiki olaraq heç vaxt yerinə yetirə bilməyəcəyi vəzifə qoya bilməzsiniz. Bununla yanaşı, hüquqi nöqteyi-nəzərdən vəzifəli şəxsin davranışı eyni zamanda qanunverici tərəfindən zəruri hesab edilən belə bir imkanla əlaqələndirilir. Buna görə də hüquqi vəzifəni hüquq normasında təsbit olunan tələblə şərtlənən və dövlət məcburiyyəti ilə təmin edilən müəyyən davranış zərurəti kimi qəbul etmək düzgün deyil.

Hüquq sistemində hüquqi vəzifələr əhəmiyyətli müstəqil məna daşıyır və hüquq və azadlıqların bir növ əlavəsi kimi qəbul edilə bilməz. Əgər sonuncunun vasitəsi ilə dövlət müəyyən davranış növlərinə icazə və təminat verirsə, vəzifələr qoymaqla lazımi hərəkətləri tələb edir.

Azadlıqdan məhrum edilmiş şəxslərin ictimai zəruri davranışı ilə bağlı sosial funksiyalara əlavə olaraq, bu kateqoriyadan olan şəxslərin vəzifələri mühüm hüquqi əhəmiyyətə malik olub, onların hüquqi statusunun üç növü arasında əlaqəni xarakterizə edir: bütün vətəndaşlar üçün eyni olan konstitusion, məhdud konstitusion, habelə yalnız nəzərdən keçirdiyimiz şəxslər kateqoriyasına xas olan xüsusi. Ümumi hüquq nəzəriyyəsində hüquqi vəzifələrin mahiyyəti dövlət nöqteyi- nəzərindən zəruri və lazımi davranış tələbi, normativ məzmunu isə üç elementdən ibarət struktur kimi müəyyən edilir:

1) fəal hərəkətləri yerinə yetirmək vəzifəsi;
2) belə hərəkətlərdən çəkinmək vəzifəsi;
3) hüquqi məsuliyyət tədbirlərinə məruz qalmaq vəzifəsi (8, p. 185).
Bütün bu elementlər azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslərinvəzifələrinin bilavasitə təsbitinin formalarıdır. Eyni zamanda, qanunvericilikdə belə bir təcrübə mövcuddur ki, onlar sanki dolayı yolla - müvafiq dövlət orqanlarına hüquqlar verilməklə müəyyən edilir ki, bu da sözügedən kateqoriyadan olan şəxslər tərəfindən müəyyən hüquqi tələblərin lazımi şəkildə yerinə yetirilməsini zəruri edir. Vəzifələrin təsbit edilməsinin belə bir üsuluna misal olaraq, cəzaçəkmə müəssisəsinin müdiriyyətinin azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxsin onun ərazisində sahibkarlıq fəaliyyəti göstərməsini qadağan etmək hüququndan irəli gələn imkanları və həmin şəxsin bu qanuni tələbə əməl etmək vəzifəsini göstərmək olar.

Məhkumların hüquqi vəzifəsi cəza məqsədlərinə çatmaq, həm vəzifə daşıyan şəxsin, həm də digər şəxslərin hüquq və azadlıqlarına riayət etmək mənafeləri naminə cəzanı çəkdiyi müddət ərzində məhkumun qanun normaları ilə müəyyən edilmiş zəruri davranışının meyarıdır. Struktur baxımından hüquqi vəzifə iki elementlə təmsil olunur: 1) müəyyən hərəkətlərin yerinə yetirilməsi zərurəti (məhkumların gün rejiminə riayət etmək, işləmək, tərbiyə işlərində iştirak etmək vəzifəsi və s.); 2) qanunda göstərilən qanunsuz hərəkətlərdən çəkinmək zərurəti (jarqonların, nitqdə nalayiq ifadələrin işlədilməsinin qadağan edilməsi, yaşayış və sənaye zonalarının təcrid olunmuş ərazilərini rəhbərliyin icazəsi olmadan tərk etməyə qadağa və s.) .

Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş məhkumların kifayət qədər çox sayda hüquqi vəzifəsinin mövcudluğu onların təsnifatı məsələsinin həllini zəruri edir. Belə ki, G.O.Bekuzarov nəzərdən keçirilən kateqoriyaya aid olan şəxslərin vəzifələri arasında keyfiyyətcə eyni olan aşağıdakı qrupları ayırmağı təklif edir: 1) ümumi vətəndaşlıq vəzifələrini təkrarlayan vəzifələr (təbiəti mühafizə, ətraf mühitin qorunması); 2) ümumi vətəndaşlıq vəzifələrini müəyyən edən vəzifələr (məsələn, azadlıqdan məhrum etmə cəzasının çəkilməsi şərtlərini və qaydasını müəyyən edən qanunların tələblərinə riayət etmək vəzifəsi); 3) ümumi vətəndaşlıq hüquqlarına məhdudiyyətləri ifadə edən xüsusi vəzifələr (yaşayış azadlığını məhdudlaşdıran islah müəssisəsinin hüdudlarında qalmaq vəzifəsi); 4) xüsusi spesifik vəzifələr (şəxsi gigiyena tələblərinə riayət etmə və s.) (10). Bu təsnifat, fikrimizcə, məhkumların hüquqi statusunun xüsusiyyətlərini kifayət qədər tam əks etdirir, azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxsin bu və ya digər hüquqi vəzifəsinin sadalanan qruplardan hansına aid edilə biləcəyini dəqiq müəyyən etməyə imkan verir.

Yuxarıda qeyd olunanları yekunlaşdıraraq, islah müəssisələrində saxlanılan şəxslərin hüquqi vəzifələrinə dair öz tərifimizi təklif etmək istərdik: Belə vəzifələr dedikdə, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslərin Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş və dövlət məcburiyyəti ilə təmin edilmiş, hüququ olan subyektlərin mənafelərinin həyata keçirilməsinə yönəlmiş lazımi davranış meyarları başa düşülür.

Artıq qeyd etdiyimiz kimi məhkum qadınların hüquqi statusu statik ola bilməz, məhkumun davranışından asılı olaraq yaxşıya və ya pisə doğru dəyişə bilər. Cəza çəkərkən məhkuma qarşı həvəsləndirmə və cəza tədbirləri tətbiq edilir ki, bu da məhkumun hüquqlarını əhəmiyyətli dərəcədə genişləndirir və ya daraldır (5, p. 68).

Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş qadınların hüquqi vəziyyətinin spesifikliyini şərtləndirən üç növ hüquqi nəticə mövcuddur: bəzi hallarda onlar ümumiyyətlə hər hansı hüquqdan (məsələn, ədalət mühakiməsinin həyata keçirilməsində iştirak hüququndan) tam istifadə edə bilmirlər. Digər hallarda isə onlar qanuna tabe olan vətəndaşlar üçün qeyri-mümkün olan xüsusi hüquqlara malikdirlər (məsələn, islah müəssisəsinin əməkdaşları tərəfindən nəzakətli rəftar hüququ).

Azadlıqdan məhrum etməyə məhkum olunmuş qadınların hüquqlarının məhdudlaşdırılması problemi çox aktualdır və buna görə də hüquq elminin V.İ.Seliverstov, G.M.Minakov, G.O.Bekuzarov (21, pp. 22 – 39). kimi aparıcı nümayəndələri tərəfindən aparılan tədqiqatlar çərçivəsində dərin təhlil predmetinə çevrilmişdir. Onlar islah müəssisələrində saxlanılan şəxslərin hüquq və azadlıqlarına qoyulan məhdudiyyətlərin mahiyyəti, xarakteri və növləri haqqında kifayət qədər obyektiv təsəvvür əldə etməyə imkan verən çox ciddi konsepsiyalar işləyib hazırlamışlar.

G.L.Minakovun belə bir fikri ilə razılaşmalıyıq ki, nəzərdən keçirdiyimiz hüquq və azadlıqların məhdudlaşdırılması iki halda baş verə bilər: qanunvericilikdə buna birbaşa istinad edilməklə (birbaşa) və azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxsə tətbiq olunan rejimin mahiyyətindən irəli gələrək (dolayı) (16, p. 29). Birbaşa məhdudlaşdırmanın başa düşülməsində heç bir çətinlik yoxdur, çünki bu, bilavasitə normativ-hüquqi aktda öz əksini tapır (məsələn, azadlıq hüququnun məhdudlaşdırıması).

Dolayı məhdudiyyətin mahiyyətinin açıqlanması ilə bağlı vəziyyət daha mürəkkəbdir. Məsələn, Azərbaycan Respublikasının Konstitusiyasına görə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxsin də hər bir vətəndaş kimi təhsil almaq hüququ vardır. Amma bu hüquqa yalnız müəyyən növ təhsil almaq imkanı daxildir. Məsələn, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslər bu cəza növünün məzmununa əsaslanan orta ixtisas və ali təhsil müəssisələrində əyani əsasda fiziki cəhətdən təhsil ala bilməzlər, çünki bu cəza növünün əsas xüsusiyyətləri onların məcburi təcrid olunması və onlara daim nəzarət edilməsidir.

Eyni zamanda qeyd etmək lazımdır ki, qanunun aliliyinin möhkəmləndirilməsi naminə və mövcud qanunvericiliyin normalarının özbaşına təfsirinə və tətbiqinə yol verilməməsi üçün azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmiş şəxslərin məhdud hüquqları qanunda tam şəkildə öz əksini tapmalıdır. Axı, Konstitusiyanın normaları müəyyən edir ki, islah müəssisələrində saxlanılan şəxslərin (həqiqətən, bütün vətəndaşlar kimi) hüquqları yalnız mövcud qanunvericilikdə birbaşa nəzərdə tutulmuş hallarda hüquqi yolla məhdudlaşdırıla bilər. Məhdudiyyətlərin birbaşa və dolayı bölünməsi məcburidir, çünki bir sıra hallarda azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslərə müəyyən növ məhdudiyyətlərin birbaşa tətbiqi ilə bağlı qanunun göstərişi sadəcə olaraq yoxdur. Bu baxımdan, P.C.Makovik hesab edir ki, əgər mövcud qanunvericilik islah müəssisələrində saxlanılan şəxslərin hüquqlarını birbaşa məhdudlaşdırmırsa, deməli, söhbət bu hüquqların həyata keçirilməsinin xüsusi xarakterindən gedir (12, p. 13). Fikrimizcə, bu təklif həmin kateqoriyadan olan şəxslərin hüquqi statusu sahəsində bəzi yeni nəzəri konstruksiyalardan daha çox qanunvericiliyin yetərincə təkmilləşdirilmədiyini göstərir.

Azadlıqdan məhrum etmə cəzasının icrası zamanı məhkumların həyati maraqlarını təmin edən müxtəlif imkanların məhdud şəkildə həyata keçirilməsi özbaşına ola bilməz, o, ciddi hüquqi xarakter daşımalıdır. Qeyd olunan problem Azərbaycan üçün son dərəcə aktualdır. Bu, bir tərəfdən ölkəmizdə sosial-hüquqi dəyərlərin əhəmiyyətinin artması ilə əlaqədardır, o cümlədən Konstitusiyanın 12-ci maddəsinə uyğun olaraq Azərbaycanda insan və vətəndaş hüquq və azadlıqları təmin edilir. Digər tərəfdən isə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslərin hüquqi vəziyyəti, hüquqlarının mühafizəsi və müdafiəsi məsələlərinin qanunvericilikdə kifayət qədər təsbit olunmaması praktikada tez-tez qanunçuluğun pozulması hallarına səbəb olur (18). Bu baxımdan, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslərin hüquqlarının həyata keçirilməsini məhdudlaşdıran hüquq normalarının sistemləşdirilməsinin zəruriliyi məsələsinə toxunmaq lazımdır. Belə ki, məhkum qadınların hüquq və azadlıqlarını məhdudlaşdıran müddəaların siyahısını qəti şəkildə tənzimləməyi təklif edirik: Onların hamısı Cəzaların İcrası Məcəlləsinin azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslərin hüquqi vəziyyətinin əsaslarını müəyyən edən ikinci fəslində və ya ictimai münasibətlərin bu və ya digər sahəsini tənzimləyən müvafiq daxili qanunvericilikdə öz əksini tapmalıdır. Birincisi, vətəndaşların Azərbaycan Respublikasının qanunvericiliyi ilə elan edilmiş və təminat verilən hüquqlarına hər hansı məhdudiyyətlər müstəsna olaraq hüquqi aktlarda ifadə edilə bilər. Bu müddəa Konstitusiyanın 71-ci maddəsinin 2-ci hissəsinə tam uyğundur. İkincisi, bu hüquq normalarının özünəməxsus inteqrasiyası onların təfsirində müxtəlifliyi aradan qaldıracaq və bununla da hüquq-mühafizə orqanlarının əməkdaşlarının fəaliyyətini xeyli asanlaşdıracaq. Üçüncüsü, onların hüquqi tənzimlənməsi azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslərin hüquqlarını pozanlardan etibarlı müdafiə mexanizminə çevriləcək və eyni zamanda, onların müvafiq vəzifələrini yerinə yetirmələrinin təminatı olacaqdır.

Bununla əlaqədar olaraq, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş qadınların öz hüquqlarını həyata keçirmələri sahəsində qanunvericiliklə və qanun qüvvəli aktlarla tənzimləmənin nisbəti məsələsi prinsipial əhəmiyyət kəsb edir. AR CİM-nin 4-cü maddəsində göstərilir ki, müvafiq icra hakimiyyəti orqanları cəzaların icrası məsələlərinə dair qanunvericiliyə əsaslanan normativ- hüquqi aktlar qəbul edə bilərlər. Fikrimizcə, qanun qüvvəli aktlarla belə tənzimləmənin hüdudlarını dəqiqləşdirmək lazımdır. Burada, ilk növbədə, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxsin insan ləyaqətinin təmin edilməsi, insanın və vətəndaşın hüquq və qanuni mənafelərinə hörmət prinsipinə əməl olunmasının zəruriliyini qeyd etmək məqsədəuyğundur (27, p. 24.). Bu onunla əlaqədardır ki, qanun qüvvəli aktlarla normativ tənzimləmə islah müəssisələrində saxlanılan şəxslərin qanunvericiliklə təsbit olunmuş hüquqlarını məhdudlaşdıra, onlar üçün qanunla nəzərdə tutulmayan qadağalar tətbiq edə bilməz. Buna görə də fikrimizcə, mövcud qanunvericilikdə bilavasitə göstərilməlidir ki, Konstitusiyaya və digər normativ-hüquqi aktlara (məsələn, Azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxslərin əsas ümumi və orta (tam) təhsil alması qaydası haqqında Əsasnamə) uyğun olaraq azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslərin hüquqlarının həyata keçirilməsinin qanun qüvvəli normativ aktlarla müəyyən edilmiş qaydası bu hüquqların əlavə məhdudlaşdırılmasına və ya pozulmasına səbəb ola bilməz.

Məhkum qadınların hüquqi statusu onların məsuliyyət məsələsini də əhatə edir. Bu kontekstdən struktur komponentlər kimi həvəsləndirmə tədbirlərinin və intizam tənbehlərinin tətbiqi qeyd olunmalıdır. Həvəsləndirici tədbirlər və intizam tənbehləri sistemi məhkumun davranışında baş verən dəyişikliklərə vaxtında reaksiya verməyə imkan verir, onu cəzanın çəkilməsi qaydasına və davranış qaydalarına əməl etməyə istiqamətləndirir.

Müsbət xarakterizə edilən məhkumlar barəsində, habelə CİM-nin 70-ci maddəsinin 2-ci hissəsində və 79-cu maddəsində nəzərdə tutulmuş tədbirlər tətbiq oluna bilər. Ən mühüm həvəsləndirmə tədbirləri islah olunmaq üçün cəzasını tam çəkməsinə ehtiyac olmayan məhkumlar barəsində materialların vaxtından əvvəl şərti olaraq azadlığa buraxılma və ya cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz edilməsi üçün məhkəməyə təqdim edilməsidir (bu halda məhkumun davranışının bütün aspektləri nəzərə alınmalıdır). Hazırda cəzanın çəkilməmiş hissəsinin cəzanın daha yüngül növü ilə əvəz edilməsi həvəsləndirmə qaydasında yalnız cəzanın qanunla müəyyən edilmiş cəza hissəsini faktiki çəkdikdən sonra məhkuma təqdim edilə bilər. Buraya həm də müsbət xarakterizə olunan məhkumlar barəsində onların əfv olunması üçün vəsatət qaldırma kimi həvəsləndirmə növü də aid edilə bilər.

Məhkum qadınlar üçün şərti cəzanın tətbiqi təcrübəsinin təhlili ciddi düşünməyə əsas verir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76-cı maddəsində və CİM-nin 170-ci maddəsində onun tətbiqi üçün əsaslar və şərtlərin tam siyahısı kifayət qədər aydın şəkildə müəyyən edilmişdir. Beləliklə, şərti azadlığa buraxılanların sayı durmadan artır və həvəsləndirmə tədbiri kimi cəzasını çəkməkdən şərti olaraq vaxtından əvvəl azad etmənin qadınlara münasibətdə kifayət qədər tez-tez tətbiq olunduğunu təsdiqləyir.

Məhkumlara qarşı həvəsləndirmə tədbirlərinin və intizam tənbehlərinin tətbiqi ilə bağlı Azərbaycan üçün müsbət nümunələr mütərəqqi xarakter daşıyır. Belə ki, məsələn, İngiltərənin həbsxana sistemində müəssisə rəisi xəbərdarlıqdan başqa istənilən tənbehi altı aya qədər dayandıra bilər. Məhkum bu müddət ərzində daha bir qanun pozuntusuna yol vermədikdə o qüvvəyə minmir. Həqiqətən də, cəzanın təxirə salınması məhkuma müəyyən dərəcədə inam deməkdir ki, bu da onun davranışını yaxşılığa doğru dəyişməsinə təkan ola bilər. Bununla əlaqədar CİM-nin 109-cu maddəsinə aşağıdakı məzmunda 5-ci hissəsinin əlavə edilməsi təklif olunur: “Məhkum tərəfindən sınaq müddətində cəzanın çəkilməsinin müəyyən edilmiş qaydasının yeni pozuntusunun törədilməməsi şərti ilə, müəssisə rəisi intizam tənbehinin və ya onun bir hissəsinin icrasını ləğv edə bilər. Sınaq müddəti bir aydan altı aya qədər müddətə təyin edilir. Sınaq müddəti ərzində məhkum yeni pozuntuya yol verərsə, hər iki cəza dərhal icra edilir. Sınaq müddətində pozuntuya yol verilməməsi halında tənbeh icra olunmur”. Beləliklə, məhkuma öz hərəkətlərini dərk etmək imkanı verilir. Bəzən bu, arzu olunan məqsədə çatmaq üçün kifayətdir. Həvəsləndirmə və tənbeh tədbirlərinin adekvat və əsaslandırılmış tətbiqi təkcə məhkumlara bu tərbiyəvi təsir vasitələrindən istifadə mexanizmini optimallaşdırmağa deyil, həm də bu hüquq institutunun səmərəliliyini artırmağa imkan verir.

Tədqiqat üzrə əldə edilən nəticələr.

Tədqiqatın ümumiləşdirilməsi nəticəsində qeyd etmək olar ki:

• azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş qadınların hüquqi statusu (hüquqi vəziyyəti) məhkum qadınların mülki, siyasi, sosial-iqtisadi və mədəni hüquq və azadlıqlarının, onların xüsusi hüquq və vəzifələrinin məcmusudur;

• cəzaçəkmə müəssisələrində saxlanılan şəxslərin hüquqi statusunun strukturunun əsas elementləri digər element olan hüquqi status üçün ilkin şərt kimi çıxış edən hüquqi subyektliyi və vətəndaşlıq və azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslərin hüquqi statusunun hüquqi təminatlarıdır ki, bu da struktur və məzmun baxımından bu kateqoriyadan olan şəxslərin hüquqi statusunun əsas elementidir;

• hüquqi statusun mahiyyətinin, məzmununun öyrənilməsi belə nəticəyə gəlməyə imkan verir ki, məhkum qadınların hüquqi vəziyyətinin əsas elementləri aşağıdakılardır: subyektiv hüquq və azadlıqlar, o cümlədən məhdud xarakterli hüquqlar, qanuni mənafelər və hüquqi vəzifələr.

İstifadə edilmiş ədəbiyyat:

  1. Baranov V.M. The legal status of the individual. General theory of law: course of lectures. - N. Novgorod: NVSH of the Ministry of Internal Affairs of the Russian Federation, 1993. - 544 p.; Vitruk N.V. General theory of the legal status of the individual. - M.: Norm, 2008. - 448 e.; Strogovich M.S. Questions of the theory of personal rights /In the book: Philosophy and Modernity. - Moscow: Nauka, 1976. — pp. 33-35.. Voevodin L.D. The concept of the legal status of a person and the peculiarities of the legal status of various categories of persons in the USSR II Soviet State Law / ed. by S.S.Kravchuk. - Moscow: Legal Literature, 1985. pp. 139- 150.

  2. Baranov V.M. The legal status of the individual. General theory of law: course of lectures / edited by N. B.K. Babayev. - N. Novgorod: NVSH of the Ministry of Internal Affairs of the Russian Federation, 1993. - pp. 56-60.

  3. Baskov V.I. The legal status of convicts // Pravovedenie. - 1978. - No. 2. - pp. 57-63.

  4. Bogdanova H.A. Category of status in constitutional law // Vestnik Mosk. un-ta. Series. II.

    Right. 1998. No. 3. p. 18.

  5. Brilliantov A.V. The legal status of the convicted person and the direction of reforms in the

    system of execution of criminal punishment // Improvement of legislation and practice of institutions executing punishments on the basis of the Constitution of the Russian Federation. - M., 1995. - p. 68.

  6. Entin M.L. International guarantees of human rights. The practice of the Council of Europe. - M.: International. relations, 1992-p. 139.

  7. Filimonov V.D. Penal enforcement law. Textbook/edited by I.V. Shmarov. - M.: BEK, 1998, p. 111.

  8. General theory of law and the state. Textbook for universities / edited by V.V.Lazarev. - M.: Lawyer, 1999. - p. 185.

  9. Goyman V.I. Principles, limits and grounds for determining human rights and freedoms under Russian and international legislation // State and Law. - 1998. - No. 7. - p. 26.

  10. Koltashev, A.I. Problems of humanization of the activities of the Department of Internal Affairs to ensure the rights and freedoms of citizens / A.I. Koltashov // Improving the fight against crime in the conditions of the Far East: materials of scientific works. - Khabarovsk.: EVSH of the Ministry of Internal Affairs of the Russian Federation, 1997.

  11. Koltashov A.I. Guarantees of the realization and protection of the rights and freedoms of youth in the Russian Federation // Legal mechanisms for the protection of human and civil rights and freedoms: regional problems: A collection of materials of the interregional scientific and practical conference. - Khabarovsk: KHGAEP, 1998. -p. 21

  12. Makovik P.C. On the legal status of citizens subjected to deprivation of liberty in ITU (constitutional and legal aspect) //Actual problems of correctional labor law (theory and practice). — Ryazan: RVSH Ministry of Internal Affairs of the USSR, 1989.-p. 13.

  13. Malein N.S. Legally protected interest//The Soviet state and law. - 1980, No. 1. - pp. 27-28.

  14. Maltsev G.V. Socialist law and personal freedom. - M.: Legal literature, 1968. — pp. 71-73.

  15. Minakov G.L. Decree. op. - P. 23; Seliverstov V.I. Legitimate interests as an element of the

    legal status of persons serving a sentence of imprisonment // Collection of scientific works of the Research Institute of the Ministry of Internal Affairs of the Russian Federation: Legal and methodological support for the execution of criminal penalties. - M.: Research Institute of the Ministry of Internal Affairs of the Russian Federation, 1994. - P. 14

  16. Minakov G.L. Rights and legitimate interests of persons serving a sentence of imprisonment and guarantees of their implementation. - M.: Academy of the Ministry of Internal Affairs of the Russian Federation, 1993. - p. 29.

  17. 17.Minakov G.L. The rights and legitimate interests of persons serving a sentence of imprisonment, and guarantees of their implementation. - M.: Publishing House of the Academy of Sciences. Ministry OF Internal Affairs of the Russian Federation, 1993. - p. 7.

    18.On the protection of human rights in the Republic of Azerbaijan // report of the Commissioner for Human Rights (Ombudsman) of the Republic of Azerbaijan for 2021. https://ombudsman.az/az/view/pages/59

  18. Patyulin V.A. State and personality in the USSR. Moscow: Moscow. worker, 1978. pp. 25- 28.

  19. Salimov K.N, Qafarov M.S. Medical service to persons and convicts detained in places of detention in the Republic of Azerbaijan. International standards and national legislation, Baku, 2008. p. 9.

  20. Seliverstov V.I. Theoretical problems of the legal status of persons serving sentences: Monograph. - M.: Academy of the Ministry of Internal Affairs of the Russian Federation, 1992. - p. 48-73; Bekuzarov G.O. Legal obligations of persons serving sentences in the form of imprisonment: abstract of the dissertation ... cand. PhD. - M.: Academy of Management of the Ministry of Internal Affairs of the Russian Federation, 1996. - p. 14-19; Minakov G.L. Rights and legitimate interests of persons serving a sentence of imprisonment and guarantees of their implementation. - M.: Academy of the Ministry of Internal Affairs of the Russian Federation, 1993. - p. 22-39.

  21. 22.Stephen Livingstone. International Human Rights Law and Prisons // INTERIGHTS BULLETIN, 1997, Volume 11, No 4, p. 136.

  22. Strogovich M.S. Questions of the theory of individual rights / in the book: Philosophy and modernity. - M.: Nauka, 1976. — pp. 33-35.

  23. Sundurov F.R., Bakulina L.V. Deprivation of liberty and the rights of convicts in Russia. - Tolyatti, 2000, p. 91.

  24. Vitruk N.V. Fundamentals of the theory of the legal status of the individual in a socialist society. — M.: Nauka, 1979. - pp. 27-34.

  25. Vitruk N.V. The legal status of personality in the USSR. Moscow: Yurid. lit., 1985. p. 29.

  26. Vitruk N.V. The rights of convicts: prospects for development // Crime and punishment. -

    1993. - No 4 - 5. - p. 24.

  27. Voevodin L.D. The concept of the legal status of a person and the peculiarities of the legal

    status of various categories of persons in the USSR. Soviet state law / under the general editorship of S.S.Kravchuk. - Moscow: Legal Literature, 1985.-pp. 139-150.

 

Günay Hacıyeva

Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin

İnsan hüquqları və informasiya hüququ UNESCO kafedrasının müəllimi

(agamirova-gadjiyeva@mail.ru)

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.