Şriftin ölçüsü :

Saytın rəngi :

QƏRBİ AVROPA DÖVLƏTLƏRİNDƏ MİQRASİYA PROSESLƏRİNİN İNZİBATİ-HÜQUQİ TƏNZİMLƏNMƏSİNİN XÜSUSİYYƏTLƏRİ

09.01.2022

Məlumdur ki, son 10 il ərzində xüsusilə Yaxın Şərq regionunda hərbi münaqişələrin sayının və əhatə dairəsinin artması həmin bölgədən Avropaya güclü mühacir axını ilə nəticələnmişdir. Avropaya mühacir axını hələ də davam etdiyindən miqrasiya məsələləri öz aktuallığını qoruyub saxlamışdır. Bu səbəbdəndir ki, Avropa ölkələrində miqrasiya qanunvericiliyi son illərdə böyük inkişaf yolu keçmiş, müasir dövrün geosiyasi şəraitinə sürətlə uyğunlaşdırılmışdır. Həmçinin, tələbat nəticəsində Avropanın çoxsaylı ali təhsil müəssisələrində miqrasiya hüququ üzrə magistr və doktorantura proqramları yaradılmış, bu sahəyə daxil olan institutlar daha ətraflı şəkildə tədqiq olunmağa başlanmışdır. Bu məqalədə yeddi ölkənin miqrasiya qanunvericiliyi tədqiq edilmiş, inzibati-hüquqi tənzimlənmə ilə bağlı önə çıxan xüsusiyyətlər göstərilmişdir.

Bu araşdırmada dünyada mövcud olan koronavirus pandemiyası və bununla bağlı müvəqqəti qaydalar və məhdudiyyətlər nəzərə alınmayıb və buna görə də normal şəraitdə tətbiq olunan müvafiq ölkələrin miqrasiya qanunvericiliyi təhlil edilib. Ölkələrin miqrasiya qanunvericiliyi ayrı-ayrılıqda, təhlil üsulu ilə öyrənilmiş, bir neçə ölkənin hüquqi müddəaları sintez edilmiş və ümumi nəticələr müəyyən edilmişdir. Bundan başqa, müqayisəli tədqiqat metodundan istifadə etməklə müxtəlif ölkələrin miqrasiya qanunları arasında müəyyən fərqlər müəyyən edilmişdir. Araşdırma zamanı qanunvericilik mənbələrinə istinad dövlətlərin normativ-hüquqi aktlarının rəsmi elektron məlumat bazalarından istifadəyə əsaslanmış və bununla da qanunların ən son variantı əldə edilmişdir.

Açar sözlər: qanunvericilik, miqrasiya prosesləri, əcnəbi, vətəndaşlığı olmayan şəxs, yaşayış icazəsi, immiqrasiya, etibarlılıq müddəti

Tədqiqatın aktuallığı və əsas istiqamətləri.

Miqrasiya proseslərinin səmərəli inzibati-hüquqi tənzimlənməsi bu gün dünyanın üzləşdiyi ən mühüm problemlərdən biridir. İnsanların hərəkətinə nəzarət zərurəti, eləcə də insan hüquq və azadlıqlarının qorunması və təmin edilməsi öhdəliyi müvafiq qanunvericilik aktlarının formalaşdırılmasında ölkələr üçün müəyyən çətinliklər yaradır. Xüsusilə, 2015-ci ildə ortaya çıxan miqrasiya böhranının Avropa ölkələri üçün bu sahədə yeni mərhələnin başlanğıcı olduğunu söyləmək olar. Bu tədqiqatın mövzusu Avropanın qərb bölgəsindəki yeddi ölkənin miqrasiya qanunvericiliyidir. Bu regionda miqrasiya proseslərinin funksional inzibati-hüquqi tənzimlənməsinin davamlı zərurətini nəzərə alaraq, məqalədə Qərbi Avropa ölkələrində yaşayış icazələrinə xüsusi diqqət yetirilməklə miqrasiya qanunvericiliyinin ümumi məsələləri təhlil edilir.

Tarix boyu miqrasiya proseslərinin daim aktiv olduğu Avropa regionu bu sahədə hüquqi tənzimləmənin inkişafında mühüm rol oynamışdır. Bölgədəki imperiyalar, böyük müharibələr, burjua və sənaye inqilabları insanların bir yerdən başqa yerə köçməsi ilə nəticələndi. Son on ildə Avropa ölkələrinin müvəqqəti və daimi yaşamaq üçün icazələrin verilməsi aktual mövzuya çevrilib. Bundan başqa, regionda dövlətlərarası əməkdaşlıq nümunələri çoxdur. Dövlətlər bu miqrasiya axınlarını idarə etmək üçün müxtəlif qərarlar və aktlar qəbul etməli, ikitərəfli və çoxtərəfli müqavilələr imzalamalı idilər. Dövlətlər tərəfindən miqrasiya proseslərinin inzibati və hüquqi tənzimlənməsini öyrənmək üçün yaşayış icazələrinin verilməsinə xüsusi diqqət yetirməklə onların miqrasiya münasibətlərinə dair müvafiq qanunvericiliyini nəzərdən keçirmək lazımdır.

İnzibati hüquq baxımından isə qeyd olunmalıdır ki, miqrasiya məsələlərinin tənzimlənməsi dövlət idarəetməsinin predmetinə daxil olan məsələlərdən biridir. Məhz dövlətin qanunvericilik orqanı bu sahədə müvafiq normativ-hüquqi aktları qəbul edir, icra hakimiyyəti orqanları həmin normativ-hüquqi aktlarla yanaşı özləri tərəfindən də qəbul edilən normativ-hüquqi və digər aktların həyata keçirilməsini təmin edir, məhkəmə orqanları isə tətbiq zamanı ortaya çıxan mübahisəli məqamların həll edilməsi, həmçinin, pozulmuş insan hüquq və azadlıqlarının müdafiəsi və bərpası funksiyasını yerinə yetirir. Ancaq bütün bu qeyd edilənlərlə yanaşı, miqrasiya proseslərinin təkcə İnzibati hüquqla bağlı olduğunu demək də yanlış olardı. Hüququn digər sahələri, hətta hüquqdan başqa digər elm sahələri də öz predmetlerinə uyğun şəkildə miqrasiyanı öyrənməkdədir.

Tədqiqatın elmi yeniliyi.

Araşdırmanın elmi yeniliyi onunla izah oluna bilər ki, bu vaxta qədər Azərbaycanın hüquq doktrinasında miqrasiya proseslərinin inzibati-hüquqi nizamlanması məsələsi hər hansı kompleks elmi tədqiqat predmeti olmamışdır. Xüsusilə qeyd etmək olar ki:

- Araşdırma obyekti olan ölkələrin müvafiq normativ-hüquqi aktlarının bəzi müddəalarından da görünür ki, icra hakimiyyəti sistemində ayrı-ayrı orqanlar və vəzifəli şəxslər əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkəyə giriş, qalma, ölkədən getmə qaydalarını da müəyyən edə bilərlər. Böyük Britaniya və İsveçrə istisna olmaqla, tədqiq olunan ölkələr Aİ-yə üzv dövlətlərdir və biz miqrasiya qanunlarında üçüncü ölkə vətəndaşlarının ifadəsi ilə tez-tez rastlaşmışıq.

- Digər tərəfdən, yaşayış icazələrinin verilməsi baxımından dövlətlər arasında həm oxşar, həm də fərqli cəhətlər var. Oxşarlıqlara humanitar əsaslar, ölkələrin tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklər, cəmiyyət üçün təhlükə yaratmamaq, müvəqqəti qalma qaydalarına riayət etmək, özlərini və ailələrini (əgər varsa) müstəqil şəkildə təmin etmək imkanı daxildir.

- Baxılan normativ-hüquqi aktlarda diqqət çəkən məqamlardan biri də yaşayış icazələrinin bir qayda olaraq şəxsə həmin ölkədə işləmək hüququ verməməsi və beləliklə, əcnəbinin ayrıca iş icazəsi almalı olması olub. Belə nəticəyə gəlmək olar ki, tədqiq olunan Avropa ölkələri çox vaxt iqtisadi fəaliyyətlə bağlı miqrasiyanı digər növlərdən fərqləndirmək və bununla da əmək miqrasiyasını xüsusi nəzarətdə saxlamaq məqsədi güdürlər.

Tədqiqatın əsas məzmunu.

Tədqiqat üzrə miqrasiya proseslərinin hüquqi tənzimlənməsi istiqamətində bir sıra dövlətlərin təcrübəsinə müraciət edilmiş, müvafiq sferada ətraflı təhlillər aparılmışdır.

Birləşmiş Krallıq

Ada ölkəsi Birləşmiş Krallıqda miqrasiya qanunvericiliyi digər Qərbi Avropa ölkələrinə nisbətən anqlo-sakson hüquq sisteminin də təsiri ilə mürəkkəb bir xarakterə malikdir. Əcnəbilərin ölkəyə gəlişi, qalması, çıxışı, müvəqqəti və daimi yaşayış icazələrinin verilməsi kimi məsələlər ayrı-ayrı normativ-hüquqi aktlarda təsbit edildiyindən BK hökumətinin rəsmi internet səhifəsinə istinadən, İmmiqrasiya qaydaları adlı müxtəlif miqrasiya aktlarında əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin ölkəyə girişi, çıxışı, qalması və s. ilə bağlı nəzərdə tutulmuş müddəaların konsolidasiya sənədinə nəzər yetirmək lazımdır. Britaniya və ya Millətlər Birliyi (Commonwealth) vətəndaşı olmayan və həmçinin, yaşayış icazəsinə sahib olmayan şəxsdən Krallıq ərazisinə girmək üçün icazə tələb olunur. 1971-ci il İmmiqrasiya Qanununun 3-cü və 4-cü bəndlərinə əsasən, müvafiq vəzifəli şəxs əcnəbini Birləşmiş Krallığa qəbul edərkən immiqrasiya nəzarətinə tabe olan şəxsə məhdud müddətə giriş icazəsi verə bilər və bu halda ona məşğulluğun məhdudlaşdırılması, şəxsin özünü və himayəsindəkiləri ictimai fondlara müraciət etmədən təmin edə bilməsi tələbi, polisdə qeydiyyatdan keçmək, təhsilinin məhdudlaşdırılması kimi qaydaları tətbiq edə bilər (5). BK, Kanal adaları, Men adası və İrlandiya Respublikası kollektiv olaraq ortaq bir səyahət sahəsini təşkil edirlər. Bölgəyə daxil olduğu nöqtədə immiqrasiya nəzarəti məqsədi ilə yoxlanılan şəxsdən normal olaraq ərazinin digər hissələrinə daxil olmaq üçün icazə tələb edilmir (5). Bununla yanaşı, İrlandiya 

ərazisindən BK-ya daxil olan 1972-ci il tarixli İmmiqrasiya (İR ərazisindən girişə nəzarət) Sərəncamının əhatə dairəsinə aid müvafiq şəxslərdən – sadəcə İrlandiyadan keçənlər, viza tələb olunan şəxslər, qanunsuz şəkildə İrlandiyaya daxil olmuş şəxslər, Dövlət Katibliyinin ictimai faydaya əsaslanan qərarına görə BK ərazisindən qovulan şəxslər və nəhayət Men adası və Krallığa qanunsuz daxil olduqdan və qanuni müddətdən artıq qaldıqdan sonra İrlandiyaya keçmək istəyən şəxlərdən giriş icazəsi tələb edilir (5). İmmiqrasiya qaydalarında vətəndaşlığı olmayan şəxslər üçün ayrıca bölmə ayrılmışdır və müəyyən tələblərə uyğun gələn vətəndaşlığı olmayan şəxslər BK ərazisində qalmaq hüququna sahibdirlər (7). Hazırda BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığından başqa digər orqanların müdafiəsi və yardımından yararlanan, əvvəl yaşadığı ölkənin vətəndaşları ilə eyni hüquq və vəzifələrə malik olan, beynəlxalq sənədlərə uyğun olaraq sülh, insanlıq və müharibə əleyhinə cinayət törətmiş, BK ərazisindən kənarda qeyri-siyasi ağır cinayət törətmiş və BMT-nin məqsəd və prinsiplərinə zidd hərəkətlər törətməkdə təqsirkar olan vətəndaşlığı olmayan şəxslər bu hüquqdan məhrumdurlar (7). Dövlət katibinə vətəndaşlığı olmayan şəxs kimi məhdud müddətə qalması üçün etibarlı müraciət etmiş, Katib tərəfindən qanunvericiliyə uyğun şəkildə vətəndaşlığı olmayan şəxs kimi tanınan, əvvəl yaşadığı ölkəyə girişi üçün lazımi qaydada etdiyi müraciəti qəbul olunmayan, vətəndaşlığını bərpa və ya əldə edə bilməmiş vətəndaşlığı olmayan şəxslərə bu statusla Krallıq ərazisində qalmağa icazə verilir. Birləşmiş Krallığın miqrasiya qanunvericiliyində istifadə olunan vacib anlayışlardan biri də “davamlı yaşayış”dır (continuous residence) və ölkə ərazisində fasiləsiz müddətdə yaşamağı ifadə edir. Qeyd edək ki, qaydalara əsasən 6 ay və daha az müddət ərzində BK-da olmamaq davamlı yaşayış qaydasını pozmur (6). Şəxsin geri dönməmək niyyəti ilə Krallığı tərk etməsi, BK ərazisindən çıxarkən gələcəkdə qanuni şəkildə yenidən qayıtmaq ehtimalının olmaması, cinayət törətdiyinə görə müddətli azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi və ya tibbi xarakterli məcburi tədbirlər görülməsi üçün müvafiq tibb müəssisəsinə və ya yetkinlik yaşına çatmayanlar üçün tərbiyə müəssisəsinə göndərilməsi və 18 aydan çox müddətdə ölkə ərazisində olmaması qanunvericilikdə davamlı yaşayışın pozulması kimi qiymətləndirilir (6). BK-ın immiqrasiya qaydalarını tədqiq etdikdə ilkin növbədə belə bir nəticəyə gəlmək olar ki, burada İrlandiya, Men adası və Kanal adaları ilə birlikdə Şengen bölgəsinə bənzər bir sistem qurulub və insanlar (müəyyən istisnalarla) bu ortaq səyahət bölgəsi daxilində sərbəst hərəkət edə bilirlər. Həmçinin, ölkəyə girişdə Millətlər Birliyi vətəndaşlarına üstünlük verilməsi, fikrimizcə, BK-nın immiqrasiya siyasətində hazırki və keçmiş imperiya ərazisində yaşayanların ön planda olduğunu göstərir. Vətəndaşlığı olmayan şəxslər bu ölkənin immiqrasiya qanunvericiliyində xüsusi yerə malikdir və düşünürük ki, hər nə qədər onların BK ərazisinə sərbəst daxil ola bilməsi nəzərdə tutulsa da, bunun üçün müəyyən olunmuş şərtlərin yumşaldılması müvafiq kateqoriyaya daxil olan şəxslərin vəziyyətinin müsbətə doğru dəyişdirilməsi üçün zəruri tələb kimi çıxış edir.

Fransa Respublikası

Qərbi Avropada yerləşən ölkələrdən Fransada Əcnəbilərin girişi və qalması və sığınacaq hüququ Məcəlləsi miqrasiya proseslərinin tənzimlənməsində ən əsas normativ-hüquqi aktlardan biri hesab edilə bilər. Əcnəbilərə və müəyyən dövlətlərin vətəndaşlarına tətbiq olunan ümumi müddəalar adlı hissədə L111-1-ci maddəyə əsasən, fransız vətəndaşlığına mənsub olmayıb başqa bir dövlətin vətəndaşlığına mənsub olan və ya heç bir dövlətin vətəndaşlığına mənsub olmayan şəxs əcnəbi hesab olunur (2). Buradan görünür ki, Fransa qanunvericiliyi apatridlə başqa dövlətin vətəndaşını eyni – əcnəbi anlayışı altında birləşdirir. L111-5-ci maddədə isə hər hansı bir əcnəbinin Fransada hansı kateqoriya altında qalmasından asılı olmayaraq, qanunvericilikdə nəzərdə tutulmuş şərtlər daxilində fransız vətəndaşlığı əldə edə bilməsi hüququ təsbit olunmuşdur (2). Yetkinlik yaşına çatmış şəxslərin 3 aydan çox müddətdə Fransa ərazisində qala bilmələri üçün uzunmüddətli, məsələn 1 illik vizaya, müvəqqəti yaşamaq üçün maksimum 1 illik müddətə icazə, ən çoxu 4 il müddətinə verilən çoxillik yaşayış icazəsi, onillik və ya qeyri-müəyyən müddətə verilmiş yaşayış icazəsi, üzərində “pensiyaya çıxmış” ifadəsi yer alan 10 illik verilən yaşayış icazəsi kimi sənədlər tələb olunur (2). Məcəllədə müvəqqəti və çoxillik yaşayış icazələri ilə bağlı məsələlər 3-cü hissənin 1-ci başlığının 3-cü fəslində nizamlanır. L313-1-ci maddədə göstərilir ki, müvəqqəti yaşayış kartının qüvvədə olma müddəti bir ildən çox ola bilməz. Həmçinin, çoxillik yaşayış icazəsinin qüvvədə olma müddəti maksimum dörd il təşkil edir. İcazənin etibarlılıq müddəti bitdiyi və yenilənmədiyi, yaşayış üçün başqa bir sənəd verilmədiyi halda əcnəbi Fransanı dərhal tərk etməlidir (2). Qeyd etmək lazımdır ki, Fransanın miqrasiya qanunvericiliyi əsaslandırılmış qərarla Fransada olması ictimai asayişi təhdid edən hər hansı bir əcnəbiyə müvəqqəti yaşamaq icazəsi və ya çoxillik yaşayış icazəsinin verilməsindən imtinanı və ya verilmiş icazənin geri götürülməsini mümkün etmişdir. Bütün bunları nəzərə alaraq, Fransada miqrasiya proseslərinin inzibati-hüquqi nizamlanmasının müəyyən qədər mürəkkəb xarakter daşıdığını söyləyə bilərik. İlk növbədə, müsbət hal kimi qanunvericilikdə Fransa vətəndaşlığına müraciət hüququnun bütün kateqoriya əcnəbilər üçün təsbit olunduğunu qeyd etmək lazımdır. Miqrasiya prosesləri ilə bağlı digər müddəalara da nəzər yetirdikdə, bu ölkədə əcnəbilərin müvəqqəti qalması və yaşaması üçün münasib şərtlərin mövcudluğu görünür.

Belçika Krallığı

Regionun digər fransızdilli ölkəsi Belçikada 15 dekabr 1980-ci ildə Xarici vətəndaşların girişi, qalması, məskunlaşması və çıxarılması haqqında Qanun qəbul edilmişdir. Aktın struktur sistemi Fransanın müvafiq Məcəlləsi ilə oxşarlıq təşkil edir, burada əsas fərq Qanunun ilkin olaraq hissələrə yox, başlıqlara ayrılmasıdır. Qanunun 1-ci maddəsində müəyyən anlayışlar təsbit olunmuşdur və bu maddənin müddəalarına əsaslanaraq deyə bilərik ki, bu ölkənin qanunvericiliyi də əcnəbi anlayışına Belçika vətəndaşlığına mənsub olmayan hər kəsi daxil etmişdir (8). Həmin maddədəki maraqlı anlayışlardan biri kimi qaçma riski (risque de fuite) ifadəsinin adını çəkə bilərik. Bu anlayış qovulma proseduruna məruz qalan üçüncü ölkə vətəndaşının vəzifəli şəxslərdən yayınma ilə bağlı mövcud və real bir riski ifadə etməkdədir. Bu riskin nəzərə alınması üçün müvafiq vəzifəli şəxslər obyektiv və ciddi elementlərə əsaslanmalıdır (8). Ölkə ərazisində qalma müddətlərini tənzimləyən qaydalara əsasən beynəlxalq müqavilə ilə, qanunla və ya kralın fərmanı ilə nəzərdə tutulmuş istisnalar olmadıqca və ya pasportuna və ya onu əvəz edən səyahət sənədinə vurulmuş vizada başqa bir müddət göstərilmədiyi təqdirdə, əcnəbinin üç aydan çox müddətdə Krallıq ərazisində qalmasına yol verilmir (8). Əgər əcnəbinin daha uzun müddətə ölkə ərazisində qalmasına icazə verilmirsə, bu zaman vəzifəli şəxslər ərazini tərk etməklə bağlı göstəriş verirlər. Əlbəttə, belə bir göstəriş üçün başqa əsaslar da mövcuddur ki, bunlara əcnəbinin müvafiq qanunda sadalanan xəstəliklərdən birinin daşıyıcısı olması, tələb olunan lisenziyanı əldə etmədən müəyyən peşə fəaliyyəti ilə məşğul olması, davranışı ilə ictimai asayiş və milli təhlükəsizliyi pozması və s.-ni misal göstərə bilərik. Qanunun 9-cu maddəsinə əsasən, 3 aydan daha çox Belçika ərazisində qalmaq icazəsi əldə edə bilmək üçün beynəlxalq müqavilə, qanun və ya kral fərmanı ilə nəzərdə tutulmuş istisnalar olmadıqca, əcnəbi tərəfindən yaşadığı ölkədə yerləşən Belçikanın diplomatik və ya konsulluq orqanlarına müraciət olunmalıdır (8). Krallığın miqrasiya qaydalarının tətbiqi zamanı xüsusilə də risque de fruite institutuna həssas yanaşılmalıdır, çünki bu ifadə ilə bağlı müddəaların təcrübədə vəzifə səlahiyyətlərini aşma və əcnəbinin hüquq və azadlıqlarının pozulması hallarına zəmin yaratmaq potensialı mövcuddur. Xüsusilə də, əgər cəmiyyətdə miqrantlara qarşı ksenofobiyaya rast gəlinirsə, qaçma riskini tənzimləyən normalar üzərində qanunverici orqan daha da diqqətlə işləməlidir.

Niderland Krallığı

Zanbaqlar ölkəsi Niderland Krallığında 2000-ci ildə qəbul edilən Əcnəbilər qanunu ölkəyə gəliş-gediş və həmçinin, yaşayış icazələrinin verilməsi ilə bağlı məsələləri özündə əks etdirir (9). 1- ci bölmədə müvəqqəti yaşamaq icazəsi üçün “əcnəbinin mənşə ölkəsində və ya adi yaşayış ölkəsində yerləşən Niderlandın diplomatik və ya konsulluq nümayəndəliyi tərəfindən və ya Niderland Antilləri Qubernatorluğu və ya Aruba Qubernatorluğu tərəfindən verilən və Xarici İşlər nazirinin təsdiqi ilə üç aydan çox müddətə verilən icazə” şəklində anlayış verilmişdir. Əcnəbi anlayışına isə Fransa və Belçikada olduğu kimi dövlətin vətəndaşlığına mənsub olmayan hər kəs daxil edilmişdir (9). Qanunun 13-cü bölməsinə diqqət yetirsək, Niderlandda yaşayış icazəsi üçün müraciətin qəbul edilməsinin 3 haldan asılı olduğunu görə bilərik. Bu hallar beynəlxalq öhdəliklərdən doğan zərurət, əcnəbinin ölkədə qalmasının Niderlandın mənafeyinə xidmət etməsi və humanitar xarakterli təcili səbəblər kimi təsbit olunmuşdur (9). Müəyyən müddətə yaşayış icazəsi verildiyi məqsədlə ilə əlaqəli məhdudiyyətlərə bağlı olaraq verilir və buraya müəyyən qaydalar da əlavə edilə bilər. Məhdudlaşdırma və tənzimləməyə aid qaydalar Dövlət Şurasının Əmrilə və ya ona uyğun olaraq müəyyən edilə bilər. Müəyyən bir müddət üçün yaşayış icazəsi isə ən çox beş ardıcıl il üçün verilir. Yaşayış icazəsinin qüvvədə olma müddəti və icazənin yenilənməsi ilə bağlı qaydalar Şura tərəfindən qəbul olunan əmrlərlə müəyyənləşdirilir (9). Əcnəbinin icazə müraciətinin məqsədinə uyğun müvəqqəti qalmaq üçün icazəyə, etibarlı səyahət sənədinə, müstəqil, davamlı və kifayət qədər yaşayış vasitələrinə (həmçinin əcnəbinin birlikdə yaşamaq istədiyi şəxsin) malik olmaması, ictimai və milli təhlükəsizliyi pozması və digər bir sıra səbəblər onun müraciətinin qəbul edilməməsi üçün əsas təşkil edir (9). Qeyd olunan əsasların tətbiq olunması ilə bağlı qaydalar Şuranın əmrləri və onlara uyğun olaraq müəyyən edilə bilər. Lakin, bununla birlikdə, Niderland qanunvericiliyinə əsasən, Xarici İşlər naziri tərəfindən müəyyən edilən ölkələrdən birinin vətəndaşı olan, sağlamlıq vəziyyəti səyahət etməyə imkan verməyən, qadın cinayətinin qurbanı olmuş və ya bu növ cinayət işi üzrə şahid qismində çıxış edən, yaşayış icazəsinin dəyişdirilməsi üçün vaxtında müraciət edən və, həmçinin, Şura tərəfindən müəyyən olunan kateqoriyaya daxil olan əcnəbinin müraciəti müvəqqəti yaşamaq üçün icazəyə malik olmaması əsasından qəbul edilməyə bilməz (9). Niderlandın miqrasiya qanunvericiliyində, xüsusilə də, Dövlət Şurasına verilən səlahiyyətlər diqqəti cəlb edir. Yuxarıda gördüyümüz kimi, əcnəbilərə yaşayış icazəsinin verilməsi qaydalarının müəyyənləşdirilməsində Dövlət Şurasının geniş hüquqlarının olması inzibati-hüquqi tənzimləmə baxımından digər ölkələr üçün də örnək təşkil edə bilər. Əcnəbiyə ictimai və milli təhlükəsizliyi pozması səbəbindən yaşayış icazəsinin verilməməsi müddəası isə, fikrimcə, qeyri-müəyyənlik yaradır və əcnəbinin əleyhinə sui-istifadə edilə bilər.

Almaniya Federativ Respublikası

Almaniya Federativ Respublikasında Federal Ərazidə Əcnəbilərin Yaşayışı, İqtisadi Fəaliyyəti və İnteqrasiyası adlı Qanun bu ölkədə əcnəbilər axınının idarə edilməsinə və məhdudlaşdırılmasına xidmət edir. Qəbul və inteqrasiya imkanlarını və AFR-in iqtisadiyyatı və əmək bazarı baxımından mənafelərini nəzərə alaraq immiqrasiyanı təmin və təşkil edir. Eyni zamanda, Qanun Almaniyanın humanitar borclarını yerinə yetirməyə də xidmət edir və elə bu məqsədlə də əcnəbilərin giriş, yaşayış, iqtisadi fəaliyyət və inteqrasiyasını tənzimləməkdədir (4). Qanunun 2-ci bölməsində vurğulanır ki, konstitusion müddəalara uyğun olaraq Alman olmayan hər kəs əcnəbi hesab edilir. Qanunun Yaşayış ünvanı tələbi adlanan 4-cü bölməsinə əsasən, Federal əraziyə daxil olmaq və qalmaq üçün əcnəbilərdən Avropa İttifaqı qanunlarında və ya digər bir sənəddə əksinə bir müddəa olmadıqda yaşayış ünvanı tələb olunur (4). Bu yaşayış ünvanı əcnəbiyə viza, müvəqqəti yaşamaq üçün icazə, Aİ mavi kartı, ICT (Intra-Corporate Transfer) kartı, daimi yaşamaq üçün icazə və Aİ-nin uzunmüddətli yaşamaq icazəsi formalarında verilə bilər (4). Yaşayış icazəsinin verilməsi üçün Federal Qanunun 5-ci bölməsində müəyyən şərtlər təsbit edilmişdir ki, bunlara əcnəbinin təminatının zəmanət altında olması, onun qovulmasında hər hansı bir ictimai marağın olmaması, yaşayış hüququ olmadığı təqdirdə əcnəbinin qalmasının başqa bir səbəbdən AFR-in maraqlarını təhdid etməməsi və ya təhlükə yaratmaması və etibarlı pasporta malik olması aiddir (4). Əcnəbiyə yaşayış hüququ verilməsi üçün ilkin şərtlər yerinə yetirildikdə və ya əlaqədar fərdi işdə xüsusi hallar sonrakı viza müraciəti prosedurunu əsassız hala gətirdiyi təqdirdə bu tələblər ləğv edilə bilər. Almaniyada müvəqqəti yaşamaq üçün icazə (Aufenthaltserlaubnis) vaxtı məhdud olan bir yaşayış sənədidir və bu Qanunun digər hissələrində göstərilən yaşayış məqsədləri üçün verilir. Əsaslandırılmış hallarda Qanunla nəzərdə tutulmayan yaşayış məqsədi üçün də müvəqqəti yaşayış icazəsi verilə bilər, lakin bu yaşayış icazəsi subyekt üçün iqtisadi fəaliyyət göstərmək hüququ yaratmır (4). O da qeyd edilməlidir ki, müvəqqəti yaşayış icazəsi, nəzərdə tutulmuş yaşayış məqsədi nəzərə alınaraq müəyyən bir müddətə tabedir. Yaşayış icazəsinin verilməsi və ya uzadılması və ya müddətinin müəyyənləşdirilməsi üçün həyati bir şərt tətbiq olunmazsa, etibarlılıq müddətini azaltmaq da mümkündür. 9-cu bölməyə əsasən, daimi məskunlaşma icazəsi (Niederlassungserlaubnis) vaxt məhdudiyyəti olmayan yaşayış icazəsidir. Bir əcnəbiyə yalnız 5 il müddətinə müvəqqəti yaşamaq icazəsi olduğu və təminatının zəmanət altında olduğu, ən azı 60 ay müddətində qanuni pensiya sxeminə icbari və ya könüllü ödəmələr etdiyi və ya sığorta və ya pensiya sxemindən və ya sığorta şirkətindən müqayisə edilə bilən müavinət almaq hüququ barədə sübut təqdim etdiyi, ictimai təhlükəsizlik və ya qaydanın pozulmasının şiddəti və mahiyyəti və ya əcnəbinin yaratdığı təhlükə nəzərə alınmaqla bu icazənin verilməsini istisna edən heç bir ictimai təhlükəsizlik səbəbinin olmaması, iqtisadi fəaliyyətinin daimi davam etdirilməsi məqsədi ilə tələb olunan hər hansı digər icazəsinin olduğu, kifayət qədər alman dilini bildiyi, qanuni və sosial sistem və federal ərazidə həyat tərzi haqqında əsas biliklərə və özü və eyni evdə birlikdə yaşayan ailə üzvləri üçün kifayət qədər yaşayış sahəsinə sahib olduğu hallarda daimi məskunlaşma icazəsi verilə bilər (4). Fikrimcə, Qanunda əcnəbilər üçün qəti şəkildə müəyyən olunmuş yaşayış ünvanı tələbi AFR-in ölkəyə gələn miqrantların məskunlaşmaq problemini daha ön plana çəkdiyinin göstəricisidir. Təqdirəlayiq hal kimi, daimi yaşayış icazəsinin müddətsiz olaraq verilməsini qeyd etmək olar, bununla bağlı qoyulan tələblərin yaxın gələcəkdə nisbətən yumşaldılması isə, xüsusilə də yaxşı səviyyədə alman dilini bilən və federal ərazinin qaydaları və həyat tərzinə uyğunlaşmış əcnəbilər üçün stimulverici addım ola bilər.

İsveçrə Konfederasiyası

Qərbi Avropanın ən çox inkişaf etmiş dövlətlərindən biri olan İsveçrədə miqrasiya ilə bağlı yaranan ictimai münasibətlər əsas etibarilə 16 dekabr 2005-ci il tarixli Xarici vətəndaşlar və İnteqrasiya haqqında Federal Qanunla tənzimlənir. Qanun xarici vətəndaşların İsveçrəyə giriş və çıxışını, yaşayış yerini və ailənin birləşməsini, həmçinin, onların inteqrasiyası məsələlərini nizamlayır (1). 3-cü maddədə bir növ miqrasiya qanunvericiliyinin prinsipləri açıqlanmışdır, burada göstərilir ki, qazanclı işləyən xarici vətəndaşların qəbuluna bütövlükdə iqtisadiyyatın mənafeyi baxımından icazə verilir. Çünki İsveçrənin məşğulluq bazarında və sosial mühitdə davamlı inteqrasiya şansı çox vacibdir. Eyni zamanda, qeyd olunur ki, İsveçrənin mədəni və elmi ehtiyacları uyğun şəkildə nəzərə alınmalıdır (1). Xarici vətəndaşlar beynəlxalq hüquq öhdəlikləri humanitar əsaslar və ya ailənin birliyi tələb etdiyi halda da qəbul edilir. Bununla belə, xarici vətəndaşların qəbuluna qərar verilərkən İsveçrənin demoqrafik və sosial inkişafı nəzərə alınmalı olduğu vurğulanmışdır. Federal Qanunun 10-cu maddəsinə əsasən əcnəbilərin üç aya qədər qazanclı bir iş olmadan ölkə ərazisində qalması üçün icazə tələb olunmur və təbii ki, viza daha qısa bir qalma müddətini göstərirsə, bu müddət tətbiq olunur. Qazanclı iş olmadan daha uzun müddət qalmaq istəyən xarici vətəndaşlar üçün isə icazə tələb olunmaqdadır. Bununla bağlı icazə üçün hələ İsveçrəyə girmədən əvvəl planlaşdırılmış yaşayış yerindəki səlahiyyətli orqana müraciət etmək lazımdır (1). Tez-tez qarşımıza çıxan qazanclı məşğulluq (iş) anlayışının rəsmi tərifi 11-ci maddənin 2-ci hissəsində təsbit olunmuşdur: Qazanclı məşğulluq, ödənişin olub-olmamasından asılı olmayaraq normal olaraq ödəniş üçün həyata keçirilən hər hansı bir maaşlı və ya fərdi sahibkarlıq fəaliyyətidir. İstənilən halda bu ölkədə müddətdən asılı olmayaraq işləmək üçün icazə alınması mütləq tələbdir (1). Yaşayış icazəsi bir ildən çox müddətə üçün verilir və burada müəyyən bir qalma məqsədi olmalıdır. İcazədə qeyd olunan müddət bitdikdə ləğv edilməsi üçün heç bir əsas olmadığı 

təqdirdə uzadıla bilər və bu zaman etibarlılıq müddətini təyin etmək üçün əlaqədar şəxsin inteqrasiyası nəzərə alınır. Daimi yaşayış icazəsi isə qeyri-müəyyən müddətə və şərt qoyulmadan verilir (1). Daimi yaşayış icazəsi müvəqqəti olmaq və müvəqqəti yaşamaq üçün icazələrlə ümumilikdə azı 10 il müddətində (son beş ildə fasiləsiz) İsveçrədə yaşayan və bundan əlavə, inteqrasiya ola bilmiş əcnəbilərə verilə bilər (1). Qeyd olunanları analiz etdikdə, İsveçrənin mövcud miqrasiya normalarında əsasən iqtisadi məsələlərin üstünlük təşkil etdiyini söyləmək mümkündür. Çünki yuxarıda göründüyü kimi yaşayış icazəsi ilə əlaqəli bir çox normada qazanclı məşğulluq ifadəsi yer alır və buradan İsveçrədə miqrantın bu və ya digər formada əmək fəaliyyəti ilə məşğul olub-olmamasının qanunverici üçün əhəmiyyət daşıdığı nəticəsi meydana çıxır. Digər bir mühüm məqam isə əcnəbinin İsveçrə cəmiyyətinə inteqrasiyasına ayrılan diqqətdir ki, bu da müasir dövr miqrasiya proseslərinin effektiv tənzimlənməsi baxımından, fikrimizcə, həyati əhəmiyyət daşıyır.

Avstriya Respublikası

İsveçrənin sərhəd qonşusu Avstriyada da müvafiq məsələlərlə bağlı federal səviyyədə qanun qəbul edilmişdir. Avstriyada Məskunlaşma və Yaşayış haqqında Qanun adlanan bu akt federal ərazidə 6 aydan çox qalmaq istəyən əcnəbilərə yaşayış icazəsinin verilməsi, icazənin geri götürülməsi və ya verilməsindən imtina edilməsi, həmçinin, İttifaq qanunları əsasında ICT yaşayış kartına sahib olan 3-cü ölkə vətəndaşlarının yaşayış hüquqlarının rəsmiləşdirilməsi və yerləşdirilməsi ilə bağlı məsələləri tənzimləyir (3). Əsas anlayışlardan bəhs edən 2-ci paraqrafda məsuliyyət bəyannaməsi (Haftungserklärung) ifadəsi diqqəti cəlb edir. Paraqrafın 1-ci hissəsinin 15-ci bəndində belə bir anlayış verilmişdir ki, məsuliyyət bəyannaməsi üçüncü şəxslərin avstriyalı notarius və ya yerli məhkəmə orqanı tərəfindən təsdiqlənən və azı 5 illik etibarlılıq müddətinə malik, yaşayış yerləri və müvafiq yaşayış vasitələri ilə əlaqədar tələbləri yerinə yetirəcəklərinə, həmçinin, regional inzibati orqanların ölkədən çıxarma, geri qaytarma və bu kimi digər qərarlarının icrası ilə bağlı çəkiləcək xərcləri ödəyəcəklərinə dair bəyannamədir (3). Qanunun yaşayış icazələrini tənzimləyən müddəalarına nəzər yetirdikdə görürük ki, Avstriyada bir neçə növ icazədən istifadə olunur. Bunlardan ilki "Rot-Weiß-Rot-Karte" adlanan yazılı bildiriş və ya ekspert rəyi əsasında verilən müvəqqəti məskunlaşma və qazanclı iş görmək icazəsidir. "Rot-Weiß-Rot-Karte plus" isə müstəqil işlə məşğul olmaq və müvəqqəti məskunlaşmaq hüququ verən yaşayış icazəsi kimi ifadə oluna bilər (3). Digər növ icazə isə məskunlaşma icazəsi adlanır ki, bu, müvafiq şəxs üçün məhdud müddət üçün yerləşmək və fərdi məşğulluq hüququnu təmin edir. Əcnəbiyə hər hansı qazanclı işlə məşğul olmadan sadəcə müvəqqəti məskunlaşmaq hüququ da verilə bilər (3). Bu ölkədə məsuliyyət bəyannaməsi üçün müəyyən olunan 5 illik müddət, hesab edirəm ki, xüsusilə də əcnəbilər üçün şəraitin sürətlə dəyişə bildiyi bir dövr üçün normadan artıqdır. Bəyannaməni imzalayan əcnəbi 4-5 il sonra inzibati orqanların qərarlarının icrası ilə əlaqəli xərcləri ödəmək iqtidarında olmazsa, bu zaman həbs və bu kimi ağır əvəzedici sanskiyalarla üzləşə bilər. İstənilən halda əcnəbinin belə ağır vəziyyətlə üzləşməsi qəbuledilməzdir, buna görə də məsuliyyət bəyannaməsini tənzimləyən müddəaların əcnəbilərin lehinə yenidən formalizə edlməsinə ehtiyac olduğunu düşünürük.

Tədqiqat üzrə əldə edilən nəticələr.

Xülasə, Qərbi Avropa regionunda yerləşən dövlətlər miqrasiya proseslərinin inzibati və hüquqi tənzimlənməsində, əsasən, qanunlardan istifadə edirlər. Nəticə olaraq nəzərdən keçirdiyimiz region ölkələrinin miqrasiya qanunvericiliyi, hansı ki bunlar istər hüquqi, istərsə də siyasi-iqtisadi baxımdan inkişaf etmiş dövlətlərdir, bizlərə müvafiq sahədə milli qanunvericiliyimizi inkişaf etdirmək üçün təkan verməkdədir. Üstəlik bir məsələni də xüsusilə qeyd etmək lazımdır ki, 2015-ci ildə Avropa ölkələrinin yaşadığı ağır miqrasiya böhranı bu ölkələrin həm milli səviyyədə, həm də regional səviyyədə miqrasiya qanunvericiliklərini inkişaf etdirmələri və qarşılıqlı əməkdaşlığı artırmaları ilə müşayiət olunmuşdur. Araşdırma zamanı nəzərə çarpan əsas məqamlardan biri əksər Avropa ölkələrinin əcnəbilər və vətəndaşlığı olmayan şəxslər arasında elə bir fərq qoymamaları, hər ikisini “alien” termininə daxil etmələri oldu. Digər mühüm məqam isə vahid miqrasiya məcəlləsinin olmaması, bunun əvəzinə ayrı-ayrı qanun səviyyəli normativ-hüquqi aktlardan istifadə olunmasıdır. Bu aktlara xüsusilə də, XXI əsrin ikinci onilliyində miqrasiya proseslərinin inkişafına paralel olaraq çoxlu əlavə və dəyişikliklər edilmişdir. Xüsusilə də, 2015-ci ildə baş verən qaçqın böhranından sonra bu əlavə və dəyişikliklərin İsveç nümunəsində də gördüyümüz kimi nisbətən məhdudlaşdırıcı xarakter daşıdığını söyləmək mümkündür. Digər tərəfdən, müvəqqəti və daimi yaşamaq üçün icazələrin verilməsinə qoyulan tələblərin əsas etibarilə şəxsin müraciətində göstərdiyi məqsədin əsaslılığından və daha əvvəl müvəqqəti qaldığı dövrdəki davranışı ilə bağlı olduğunu söyləmək mümkündür. İstənilən halda, milli qanunvericiliyimizin inkişaf etdirilməsində haqlarında danışdığımız ölkələrin, xüsusilə də MDB-yə və keçmiş “dəmir pərdə”yə daxil olmayan dövlətlərin nəzəri və praktiki təcrübələrindən istifadə edilməlidir.

İstifadə edilmiş ədəbiyyat

         1. Bundesgesetz über die Ausländerinnen und Ausländer und über die Integration – Switzer- land. 2005https://www.admin.ch/opc/de/classified- compilation/20020232/index.html#:~:text=Dieses%20Gesetz%20regelt%20die%20Ein,die%20F%C3%B6rderung%20von%20deren%20Integration.

  1. Code de l'entrée et du séjour des étrangers et du droit d'asile – France. 2007 https://www.legifrance.gouv.fr/codes/texte_lc/LEGITEXT000006070158/.

  2. Gesamte Rechtsvorschrift für Niederlassungs- und Aufenthaltsgesetz – Austria. 2005 https://www.ris.bka.gv.at/GeltendeFassung.wxe?Abfrage=Bundesnormen&Gesetzesnum mer=20004242.

  3. Gesetz über den Aufenthalt, die Erwerbstätigkeit und die Integration von Ausländern im Bundesgebiet – Germany. 2004 https://www.gesetze-im-internet.de/englisch_aufenthg/index.html#gl_p0089.

  4. Immigration Rules part 1: leave to enter or stay in the UK - Immigration Rules - Guid- ance - GOV.UK https://www.gov.uk/guidance/immigration-rules/immigration-rules-part-1-leave-to- enter-or-stay-in-the-uk.

  5. Immigration Rules part 7: other categories - Immigration Rules - Guidance - GOV.UK https://www.gov.uk/guidance/immigration-rules/immigration-rules-part-7-other- categories.

  6. Immigration Rules part 14: stateless persons - Immigration Rules - Guidance - GOV.UK https://www.gov.uk/guidance/immigration-rules/immigration-rules-part-14-stateless- persons.

  7. Loi sur l'accès au territoire, le séjour, l'établissement et l'éloignement des étrangers – Belgium. 1980

    http://www.ejustice.just.fgov.be/eli/loi/1980/12/15/1980121550/justel.

  8. Vreemdelingenwet – The Netherlands. 2000

    https://wetten.overheid.nl/BWBR0011823/2020-05-14

 

Elvin Əliyev

Bakı Dövlət Universitetinin Hüquq fakültəsi Konstitusiya hüququ kafedrasının müəllimi

(alisoyelvin95@gmail.com)

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.