Şriftin ölçüsü :
Saytın rəngi :
Məqalədə beynəlxalq münaqişələrin həllində beynəlxalq məhkəmə təsisatlarının rolu hüquq ədəbiyyatında mövcud fikir müxtəlifliyi və beynəlxalq praktika əsasında geniş təhlil edilir. Qlobal təhlükəsizliyin beynəlxalq-hüquqi mexanizmlərinin rolunun artırılması və təkmilləşdirilməsi, o cümlədən səmərəliliyinin artırılması vəzifəsi müasir dünya inkişafının əsas tendensiyasına çevrilmişdir ki, burada da beynəlxalq məhkəmə mexanizmləri xüsusi yer tutur. Mübahisələrin həllinin beynəlxalq səviyyədə tanınmış digər üsul və vasitələri ilə birlikdə beynəlxalq məhkəmə institutlarından istifadə edilməsi beynəlxalq məsuliyyət institutunu gücləndirməklə beynəlxalq münaqişələrin ümumilikdə qlobal təhlükəsizliyə dağıdıcı təsirini tam şəkildə azalda bilər.
Bu mənada, BMT Beynəlxalq Ədalət Məhkəməsinin fəaliyyəti xüsusi qeyd edilməlidir. BMT Beynəlxalq Ədalət Məhkəməsinin fəaliyyətinin artırılması beynəlxalq zərurətdən irəli gəlməklə bərabər, həm də beynəlxalq ədalətin bərpa edilməsinə dəstək verə bilər. Bundan başqa, beynəlxalq hüququn aliliyinin təmin edilməsi bu zaman ən əhəmiyyətli amil kimi çıxış edir. BMT Beynəlxalq Ədalət Məhkəməsinin fəaliyyətində beynəlxalq müqavilələrlə yanaşı, beynəlxalq-hüquqi adət normalarına geniş istinad edilməsi praktikasının beynəlxalq hüququn müxtləlif sahələri (beynəlxalq himanitar hüquq, beynəlxalq insan hüquqları hüququ, beynəlxalq dəniz hüququ və s.) ilə yanaşı, beynəlxalq təhlükəsizlik üzrə münasibətləri tənzim edən beynəlxalq təhlükəsizlik hüququ sferasında da möhkəmlənməsi beynəlxalq hüquqa mühüm töhfə kimi qiymətləndirilməlidir. Bundan başqa, beynəlxalq münaqişələrin həllində BMT Beynəlxalq Ədalət Məhkəməsinin rolu və fəaliyyətinin genişləndirilməsi istiqamətində dövlətlərin fəaliyyəti daha da artırılmalı, BMT Beynəlxalq Ədalət Məhkəməsinin qərarlarının dərhal yerinə yetirilməsi istiqamətində ciddi beynəlxalq- hüquqi tədbirlər, o cümlədən beynəlxalq məsuliyyət tədbirləri həyata keçirilməlidir. Nəhayət, BMT Beynəlxalq Ədalət Məhkəməsinin Təhlükəsizlik Şurasının qərarlarının beynəlxalq-hüquqa uyğunluğu məsələsini aydınlaşdırmaq səlahiyyətinin verilməsi də aktual məsələdir.
Açar sözlər: qlobal təhlükəsizlik, beynəlxalq münaqişələr, beynəlxalq müqavilələr, beynəlxalq hüquq, beynəlxalq əməkdaşlıq, beynəlxalq məsuliyyət, məhkəmə təsisatları.
Tədqiqatın aktuallığı və əsas istiqamətləri.
Tədqiqatın aktuallığı bir neçə istiqamətdə müəyyən edilə bilər. İlk növbədə, qeyd edilməlidir ki, qlobal təhlükəsizliyin təmin edilməsi beynəlxalq cəmiyyətin qarşısında dayanan ən mühüm vəzifədir. XX əsrin sonu - XXI əsrin əvvəllərində dünyada baş verən əsaslı dəyişikliklər beynəlxalq münasibətlərin və beynəlxalq hüququn təbiətinə, həm də mövcud olan beynəlxalq təhlükəsizlik konsepsiyasına ciddi təsir göstərmişdir. Beynəlxalq münaqişələrin artması, regionlar arasında təhlükəsizlik tarazlığının pozulması, o cümlədən bütövlükdə qlobal təhlükəsizliyə təhdidlərin çoxalması qloballaşma və inteqrasiya prosesləri ilə bir arada ola bilməz. Bu zaman müasir şəraitdə beynəlxalq hüququn subyektləri olan suveren dövlətlərin hüquqlarını müasir təhdidlərdən və qloballaşma çağırışlarından eyni dərəcədə qorumağa qadir olan dünya nizamının və onun hüquqi bazasının formalaşdırılması mühüm elmi problemdir. Bütün dövlətlər bu cür təhdid və çağırışlarla birgə mübarizə aparmalı, bunun üçün isə beynəlxalq əməkdaşlığın səmərəli beynəlxalq normativ- təşkilati hüquqi bazası formalaşdırılmalıdır. Bu müstəvidə qloballaşma şəraitində qlobal təhlükəsizliyin beynəlxalq-hüquqi təminatı sisteminin aktual problemlərinin təhlili olduqca əhəmiyyətlidir.
Bu zaman xüsusi olaraq qeyd edilməlidir ki, müasir qloballaşma şəraitində qlobal və regional təhlükəsizliyin beynəlxalq-hüquqi təminatı mexanizminin rolu və əhəmiyyəti, eləcə də dövlətlərin müasir təhdid və çağırışlara qarşı mübarizə aparmağa qadir olan beynəlxalq tədbirlər kompleksinin həyata keçirilməsi zərurəti mövcuddur. Qeyd edilən istiqamətdə mühüm məsələlərdən biri də beynəlxalq münaqişələrin həlli üzrə beynəlxalq məhkəmə vasitələrinin rolunun müəyyən edilməsi və daha da möhkəmləndirilməsidir. Qlobal təhlükəsizliyin beynəlxalq-hüquqi mexanizmlərinin rolunun artırılması və təkmilləşdirilməsi, o cümlədən səmərəliliyinin artırılması vəzifəsi müasir dünya inkişafının əsas tendensiyasına çevrilmişdir ki, burada da beynəlxalq məhkəmə mexanizmləri xüsusi yer tutur. Son dövrlər beynəlxalq praktika da problemin kifayət qədər aktuallığını təsdiq edir ki, burada da ilk növbədə BMT Beynəlxalq Ədalət Məhkəməsi, Avropa İnsan Hüquqları Məhkəməsi, Beynəlxalq Cinayət Məhkəməsi qeyd edilə bilər.
Tədqiqatın elmi yeniliyi.
Elmi yenilik əsasən onunla müəyyən edilir ki, beynəlxalq münaqişələrin həllində beynəlxalq məhkəmə vasitələrinə müraciət praktikası az olmaqla bərabər, bu sahədə tədqiqatlar da çox deyildir. Eyni zamanda, beynəlxalq münaqişələr müxtəlif regionları əhatə etməklə bərabər, həm də özlərinin spesifik xüsusiyyətlərinə malikdirlər. Bundan başqa, təqdim olunan elmi məqalə Azərbaycan beynəlxalq hüquq elmində də, demək olar ki, tədqiq edilməyən bir sahəyə həsr edilmişdir. Qeyd edilməlidir ki, qlobal təhlükəsizlik sisteminin səmərəliliyi beynəlxalq məsuliyyət instututunun inkişafını tələb edir. Belə ki, törədilən beynəlxalq cinayətlərə görə məsuliyyət məsələlərini həll etmədən beynəlxalq münaqişələrin həlli və qlobal təhlükəsizliyin real təminatı mümkün deyildir. Qlobal təhlükəsizliyin təmin edilməsinin səmərəli sisteminə nail olunması BMT-də aparılan islahatlardan başlanılmalıdır. Burada əsas yeri BMT Təhlükəsizlik Şurasında dövlətlərin təmsilçilik və qərarların qəbul edilməsi qaydasının dəyişdirilməsi, qlobal təhlükəsizliyin təmin edilməsində BMT Baş Məclisinin və BMT Beynəlxalq Ədalət Məhkəməsinin rolunun artırılması, nəhayət BMT- nin ayrı-ayrı orqanlarının fəaliyyətində islahatların aparılması zəruridir.
Beynəlxalq münaqişələrin həllinin mühüm yollarından biri beynəlxalq münaqişələrin həlli üçün məhkəmə vasitələri institutudur. Beynəlxalq münaqişələrin həlli üçün məhkəmə vasitələrinin institusionallaşdırılması beynəlxalq hüququn subyektləri arasında siyasi, iqtisadi və sosial-mədəni əməkdaşlığın hüquqi təminatına və dövlətlər tərəfindən bütövlükdə beynəlxalq hüququn norma və prinsiplərinin, həmçinin onların beynəlxalq öhdəliklərinin vahid təfsirinə, tətbiqinə və ümumiləşdirilməsinə gətirib çıxarır. Bu mənada BMT Beynəlxalq Ədalət Məhkəməsinin fəaliyyəti xüsusi qeyd edilməlidir. BMT Beynəlxalq Ədalət Məhkəməsinin fəaliyyətində beynəlxalq müqavilələrlə yanaşı, beynəlxalq-hüquqi adət normalarına geniş istinad edilməsi praktikasının beynəlxalq hüququn müxtəlif sahələri (beynəlxalq humanitar hüquq, beynəlxalq insan hüquqları hüququ, beynəlxalq dəniz hüququ və s.) ilə yanaşı, beynəlxalq təhlükəsizlik üzrə münasibətləri tənzim edən beynəlxalq təhlükəsizlik hüququ sferasında da möhkəmlənməsi beynəlxalq hüquqa mühüm töhfə kimi qiymətləndirilməlidir.
Tədqiqatın əsas məzmunu.
Beynəlxalq münaqişələrin həllində məhkəmə vasitələrinin rolu beynəlxalq-hüquqi əsaslara malikdir. Belə ki, BMT Nizamnaməsinin VI fəslinin 33-cü maddəsinin 1-ci bəndində qeyd edilir ki, beynəlxalq sülhün və təhlükəsizliyin qorunub saxlanmasına təhlükə yarada biləcək hər hansı bir mübahisədə iştirak edən tərəflər, həmin mübahisəni, hər şeydən əvvəl, danışıqlar, müayinə, vasitəçilik, barışdırma, arbitraj, məhkəmə vasitəsi ilə, regional orqanlara və ya sazişlərə müraciət etməklə, yaxud öz seçimi ilə dinc vasitələrlə həll etməyə çalışmalıdırlar. Həmin maddənin 2-ci bəndində isə qeyd edilir ki, BMT Təhlükəsizlik Şurası, bunu zəruri hesab etdikdə, tərəflərdən mübahisəni bu vasitələrlə həll etməyi tələb edir [1].
Göründüyü kimi, beynəlxalq hüquq beynəlxalq münaqişələrin məhkəmə yolunu nəinki tövsiyə, hətta tələb də edə bilər. Bu isə məhkəmə vasitəsinin kifayət qədər önəmli və zəruri olmasının nəticəsidir.
Qloballaşma çağırışlarının təsiri altında beynəlxalq münaqişələrin həlli üçün məhkəmə vasitələrinin institusionallaşdırılmasının konseptual dinamikası onların mütərəqqi inkişafında müsbət yüksəliş tendensiyası nümayiş etdirir. Bu tendensiya BMT Baş katibinin illik hesabatlarında da təsdiqlənir [14].
Beynəlxalq məhkəmə institutlarına müraciət etmək və sonradan bu məhkəmə proseduruna vicdanla riayət etmək mübahisələrin həlli üzrə rəsmi olaraq tanınmış digər beynəlxalq sənədlərlə birlikdə münaqişələrin qlobal təhlükəsizliyə dağıdıcı təsirini azalda bilər. Beynəlxalq hüququn tanınmış alimlərindən olan L.Oppenheym haqlı olaraq hesab edirdi ki, hüquq nə qədər güclüdürsə, onun faktiki həyata keçirilməsinə bir o qədər təminatlar vardır [18, s. 23].
Beynəlxalq hüquq doktrinası dövlətlərin suveren bərabərliyi imperativ prinsipinin inkişafının real təcəssümünü məhkəmə prosesində görür. Beynəlxalq məhkəmə proseduru, dövlətlərin buna tez-tez müraciət etməməsinə baxmayaraq, beynəlxalq mübahisələrin sülh yolu ilə həllinin digər vasitələrindən kompromislər, güzəştlər və qarşılıqlı məqbul həll yollarının axtarışı ilə deyil, beynəlxalq hüquqda müəyyən edilmiş norma ilə ittihamlar və qarşılıqlı iddialar irəli sürən dövlətlərin de-fakto davranışının obyektiv müqayisəsi ilə fərqlənir. Beləliklə, daha güclü dövlətlər öz üstünlüklərindən istifadə edə bilmir və iqtisadi və hərbi potensialda obyektiv olaraq mövcud olan faktiki bərabərsizlik bərqərar olur.
Məcburi qərar qəbul edən beynəlxalq qurumların əsas rolu isə bütün dünya birliyinin təhlükəsizliyini təmin etmək üçün hüququn aliliyini qorumaqdır. Bu cəhətdən, BMT-nin beynəlxalq sülhün və təhlükəsizliyin qorunmasına kömək etmək üçün yaradılmış əsas məhkəmə orqanı Beynəlxalq Ədalət Məhkəməsidir.
BMT Beynəlxalq Ədalət Məhkəməsinin məsləhət xarakterli rəyləri məcburi xarakter daşımadan beynəlxalq hüququn aydınlaşdırılmasına və inkişafına töhfə verir, onların nüfuzu və yüksək hüquqi statusu dünya birliyində tanınır. İngilis və Amerika beynəlxalq hüquq məktəbləri beynəlxalq məhkəmələri və arbitrajı təkcə mübahisələri həll edən hüququ araşdırma deyil, həm də qlobal inkişafı təhlükə altına alan münaqişələri, dövlətlər arasında münasibətlərin kifayət qədər əhəmiyyətli hissəsini tənzim edən orqan kimi müəyyən edirlər [13, s. 67; 17, s. 56].
Heydelberq Beynəlxalq Hüquq İnstitutunun professoru, Venesiya Komissiyasının üzvü A.Peters beynəlxalq münaqişələrin həlli sistemində məhkəmə institusionallaşdırılmasını, məhkəmə strukturları və prosedurlarının gücləndirilməsini beynəlxalq münasibətlərin “qanuniləşdirilməsi”nin mərkəzi elementi kimi qiymətləndirir. Eyni zamanda, A.Peters beynəlxalq hüququn beynəlxalq münaqişələrin həlli sistemində məhkəmə strukturlarının və prosedurlarının gücləndirilməsi istiqamətində konseptual dəyişməsini hüququn müxtəlif sahə və sektorlarının (beynəlxalq humanitar hüquq, beynəlxalq təhlükəsizlik hüququ və beynəlxalq insan hüquqları hüququ) əlaqələndirilməsi və uyğunlaşdırılması ilə əlaqələndirir, hansı ki gələcəkdə qlobal təhlükəsizliyin möhkəmlənməsinə töhfə verməlidir [9].
Digər bir tədqiqatda, beynəlxalq hüquq sisteminin əhəmiyyətli məhkəmə təcrübəsinin təhlili əsasında belə bir nəticəyə gəlinmişdir ki, qloballaşma proseslərinin formalaşması və inkişafı və beynəlxalq təhlükəsizliyə təhdidlərlə müşayiət olunan dövrü əhatə edən son 30 il beynəlxalq məhkəmə institutlarının bütün dünya üçün görünməmiş və kifayət qədər gözlənilməz inkişafı ilə xarakterizə olunur [11, s. 111]. Beynəlxalq mübahisələrin həlli üçün beynəlxalq məhkəmə institutlarına müraciət təkcə daimi fəaliyyət göstərən məhkəmələr üçün deyil, həm də beynəlxalq məsuliyyətə cəlb etmək üçün BMT Təhlükəsizlik Şurasının qətnamələri ilə yaradılmış ad hoc məhkəmələr üçün geniş vüsət almışdır.
Hüquq normalarının müəyyənləşdirilməsinin əlavə vasitələrindən biri kimi tanıdığı BMT Beynəlxalq Ədalət Məhkəməsinin qərarlarında silahlı münaqişə vəziyyətlərində dövlətlərin insan
hüquqlarına hörmətlə bağlı öhdəlikləri daha çox qeyd edilir. BMT Katibliyi rəsmi şəkildə bəyan etmişdir ki, quru və dəniz sərhədləri və ərazi suverenliyi kimi məsələlərin sülh yolu ilə həllini təmin etməklə BMT Beynəlxalq Ədalət Məhkəməsi bir çox hallarda münaqişələrin genişlənməsinin qarşısını almağa kömək etmişdir [4, s.143].
Beynəlxalq münasibətlərdə güc tətbiqinin qadağan edilməsi ilə bağlı BMT Beynəlxalq Ədalət Məhkəməsinin qərarlarının sayının artması beynəlxalq adətlərin formalaşmasına kömək edir. Məsələn, İsrail tərəfindən İordan çayının qərb sahilində maneə sərhəd divarının tikintisinə dair Məsləhətçi Rəyində (2004) BMT Beynəlxalq Ədalət Məhkəməsi belə tikintini qeyri-qanuni hesab etmişdir [16]. Eyni aktda BMT Beynəlxalq Ədalət Məhkəməsi bir sıra normaları beynəlxalq adət kimi tanıdı, məsələn, bir dövlətin digər dövlətə qarşı güc tətbiq etməsinin qadağan edilməsi, ərazinin müharibə yolu ilə əldə edilməsinin yolverilməzliyi, başqa dövlətin silahlı hücumuna qarşı dövlətin özünümüdafiə hüququ, özünümüdafiə üçün gücdən mütənasib istifadənin zəruriliyi, və s.
2000-ci illərin ortalarında BMT Beynəlxalq Ədalət Məhkəməsinin prezidenti R. Hiqqins qeyd edirdi ki, yeni məhkəmələrin və tribunalların formalaşdırılması beynəlxalq sülhün və qlobal təhlükəsizliyin təmin edilməsində yeni maraq və ehtiyaclarla bağlıdır, lakin hüquq normalarının ardıcıl olmaması və pərakəndəliyi səbəbindən beynəlxalq mübahisələrin həlli üçün hüquqi vasitələrin daha da institusionallaşdırılması müəyyən narahatlıq doğurur [19, c. 77]. BMT Beynəlxalq Ədalət Məhkəməsinin ad hoc hakimi Abi-Saab Rosemary isə hesab edir ki, qlobal təhlükəsizliyi təhdid edən münaqişələrin sülh yolu ilə həlli üçün perspektivli üsul dövlətlərin eyni vaxtda ikitərəfli danışıqlara başlamaq cəhdi ilə BMT Beynəlxalq Ədalət Məhkəməsinə müraciətidir [3, s. 98].
BMT Beynəlxalq Ədalət Məhkəməsinin fəaliyyətinin mötəbərliliyi həm də qərarların qəbul edilməsi proseduru və praktikasında əsaslandığı beynəlxalq bazadır. Belə ki, BMT Beynəlxalq Ədalət Məhkəməsi Statutunun 38-ci maddəsində qeyd edilir ki, BMT Beynəlxalq Ədalət Məhkəməsi ona təqdim edilmiş mübahisələri həll edərkən beynəlxalq müqavilələrə, beynəlxalq- hüquqi adətə, hüququn ümumi prinsiplərinə və hüquq normalarının məzmununu müəyyən etmək üçün köməkçi vasitə kimi məhkəmə qərarlarına və tanınmış alimlərin rəylərinə əsaslanır.
Göründüyü kimi, BMT Beynəlxalq Ədalət Məhkəməsinin kifayət qədər mürəkkəb dövrdə, həm də beynəlxalq hüququn əsl mənada formalaşmağa başladığı dövrdə beynəlxalq-hüquqi adətə müraciət etməsi beynəlxalq hüququn gələcək inkişafına böyük töhfə vermişdir. Sonradan isə, 1969- cu il tarixli Beynəlxalq müqavilələr hüququ haqqında Vyana Konvensiyası birmənalı şəkildə qeyd etmişdir ki, beynəlxalq adət normaları əvvəllərdə olduğu kimi beynəlxalq münasibətlərin mühüm məsələlərini tənzim edir. Hüquq ədəbiyyatında isə beynəlxalq-hüquqi adətin iki mühüm elementi fərqləndirilir: dövlətlərin müvafiq norma ilə bağlı təcrübəsi və təcrübənin ümumməcburi norma (opinio juris) kimi tanınması.
BMT Beynəlxalq Ədalət Məhkəməsinin fəaliyyətində bəzən mübahisələrin baxılmasından imtina edilməsi halları da olmuşdur. Belə ki, Şərqi Timur işində BMT Beynəlxalq Ədalət Məhkəməsi hesab etmişdir ki, Avstraliyanın davranışını qiymətləndirməzdən əvvəl İndoneziyanın Şərqi Timura sahib olmasının hüququyğunluğu məsələsinə baxmaq lazımdır, İndoneziya isə BMT Beynəlxalq Ədalət Məhkəməsinin yurusdiksiyasını qəbul etmədiyindən, İndoneziyanın razılığı olmadan bu məsələ həll edilə bilməz [2, s. 203].
Beləliklə, BMT Beynəlxalq Ədalət Məhkəməsinin fəaliyyətində beynəlxalq mübahisələrin həlli istiqamətində çoxlu praktikası olsa da, hələlik bunu tam şəkildə geniş və əhatəli hesab etmək olmur.
Mübahisələrin həllində beynəlxalq məhkəmə vasitələri ilə yanaşı, beynəlxalq təcrübədə bilavasitə beynəlxalq məhkəmə kimi qeyd edilməyən, lakin məhkəmə fəaliyyətinin müəyyən ünsürlərini özündə birləşdirən digər qurumlar da formalaşdırılmışdır ki, bunlar da müvafiq sferada münasibətlərin tənzimlənməsində əhəmiyyətli rola malikdirlər. Bunlar hüquq ədəbiyyatında kvazi məhkəmə orqanları da adlanır. Bu orqanlar müxtəlif sferalarda səmərəli
fəaliyyət göstərirlər. Belə ki, insan hüquqları sferasında BMT çərçivəsində imzalanmış beynəlxalq müqavilələrlə yaradılmış insan hüquqları sahəsində komitələr müvafiq beynəlxalq müqavilə müddəalarının yerinə yetirilməsi üzrə dövlətlərin həmin beynəlxalq sənədlərlə öz üzərinə götürdükləri beynəlxalq öhdəliklərə əməl edilməsi üzrə əsas beynəlxalq nəzarət orqanları və ya beynəlxalq kvazi məhkəmə orqanlarıdır ki, bunlara da aiddir: İnsan hüquqları Komitəsi, İqtisadi, sosial və mədəni hüquqlar üzrə Komitə, İrqi ayrı-seçkiliyin ləğvi üzrə Komitə, İşgəncə və digər qəddar, qeyri-insani və ya insan ləyaqətini alçaldan rəftar və cəza növləri əleyhinə Komitə, Qadınlara qarşı ayrı-seçkiliyin ləğvi üzrə Komitə, Uşaq hüquqları Komitəsi, Əməkçi-miqrantlar və onların ailə üzvlərinin hüquqlarının müdafiəsi üzrə Komitə, Əlillərin hüquqları üzrə Komitə, Zorakı yoxa çıxarmalar üzrə Komitə.
Qloballaşma proseslərinin təsiri altında qlobal təhlükəsizliyin həlli yollarını təmin etmək üçün təkcə silahlı münaqişələrdə deyil, həm də iqtisadi rifahın yüksəldilməsi və yoxsulluq təhlükəsinin aradan qaldırılması, dünya əhalisinin sağlamlığının pisləşməsi və ətraf mühitin deqradasiyası problemlərinin həlli üçün qlobal təhlükəsizliyin qeyri-hərbi sahələrində məcburi qərar qəbul edən beynəlxalq qurumların köməyi ilə beynəlxalq təhlükəsizliyin qorunması tendensiyası əhəmiyyətli dərəcədə artmışdır. Belə ki, mübahisə obyektinin xüsusiyyətlərinə görə beynəlxalq ekoloji münaqişələrin təxirəsalınmadan hüquqi həllinin zəruriliyi münaqişələrin həlli və qarşısının alınması üçün yeni vasitələr tələb edirdi. Bunu nəzərə alaraq, XX əsrin 90-cı illərindən başlayaraq mübahisələrin həllinin daxili və xarici vasitələrini birləşdirən qlobal təhlükəsizliyin ekoloji problemlərinin hüquqi tənzimlənməsinin yeni növü formalaşmağa başladı.
Ətraf mühitin mühafizəsi üzrə beynəlxalq müqavilələr çərçivəsində dövlətlər tərəfindən beynəlxalq hüquqi öhdəliklərin icrasına nəzarət prosedurunu həyata keçirən xüsusi komitələr yaradılır. Hər bir ətraf mühitin mühafizəsi üzrə beynəlxalq müqavilələr öz xüsusiyyətləri və göstəriciləri ilə xarakterizə olunduğundan ekologiya sahəsində öhdəliklərə əməl olunmamasını müəyyən edən universal prosedur hazırlanmamışdır. Bununla belə, ətraf mühitin mühafizəsi üzrə beynəlxalq müqavilələrə əməl edilməməsi rejimi müəyyən edildikdə, hüququ pozulan dövlətə həmin beynəlxalq müqavilələr çərçivəsində beynəlxalq hüquqi öhdəliklərin həyata keçirilməsini dəstəkləmək üçün hüquqi, texniki və maliyyə yardımı göstərilir. BMT Beynəlxalq Ədalət Məhkəməsin üzvü J. Alvarez bu zaman kvazi-məhkəmə metodunun potensialını yüksək qiymətləndirir. Belə ki, kvazi-məhkəmə təcrübəsi kvazi-məhkəmə orqanlarının qəbul etdiyi qərarların beynəlxalq məhkəmə tərəfindən işin başlanmasına təşəbbüs yaratması kimi presedentlər yaradır [12].
Kvazi-məhkəmə orqanları tərəfindən beynəlxalq ekoloji təhlükəsizlik üzrə qəbul edilən qərarlar onların legitimliyini sübut edən beynəlxalq məhkəmələrin qərarlarında və beynəlxalq hüquq doktrinasında tanınır. Qlobal təhlükəsizliyin ekoloji sferasında beynəlxalq münaqişələrin həlli üçün məhkəmə vasitələrinin institusionallaşdırılması, o qədər də böyük təcrübəyə malik olmasa da, onun gələcək inkişaf imkanlarını nümayiş etdirir.
Münaqişələrin həlli üçün məhkəmə vasitələrinin institutsionallaşdırılmasının aktual problemləri güc tətbiqi ilə bağlıdır. BMT Beynəlxalq Hüquq Komissiyasının fikrincə, beynəlxalq məhkəmələrin sülhməramlı missiyasının ön plana çıxarılması praktikasının özü heç də bütün hallarda o qədər də faydalı deyildir. BMT Beynəlxalq Ədalət Məhkəməsi Təhlükəsizlik Şurasında veto hüququna malik olan üzv dövlətlərin siyasi təzyiqinə məruz qala bilər. Bir sıra ekspertlər hesab edirlər ki, Nikaraquanın ABŞ-a qarşı iddiası üzrə BMT Beynəlxalq Ədalət Məhkəməsindəki proses ən yüksək səviyyədə beynəlxalq hüquqi presedent yaratmışdır, belə ki, Amerika Birləşmiş Ştatları Təhlükəsizlik Şurasının daimi üzvü kimi veto hüququndan istifadə edərək Nikaraquaya təzminat ödəməyə məcbur edən BMT qətnaməsini bloklamışdır. Təhlillərdə qeyd edilir ki, BMT Beynəlxalq Ədalət Məhkəməsinin məhkəmə qərarları de-fakto onun yurisdiksiyasının presedentini məhdudlaşdırır [8, s.78]. Bu, hüquqi qeyri-müəyyənliyə səbəb olur və presedenti siyasi maraqlarda şərh etməklə qlobal təhlükəsizliyə əhəmiyyətli risklər yaradır. Bu nəticə, BMT üzvü olan dövlətin
Kosovo presedenti isə Moskvaya fürsətdən istifadə etməyə və Krımın öz müqəddəratını təyin etmə vəziyyətində keçmişdə qarşı çıxdığı “presedent”dən istifadə etməyə imkan verir. Bu mənfi praktikadan separatizmə meylli digər dövlətlər də istifadə edə bilərlər ki, bu da qlobal təhlükəsizliyə ciddi təhdiddir.
Qlobal təhlükəsizliyi təhdid edən beynəlxalq münaqişələrin həllində əsas rol bir sıra nüfuzlu hüquqşünaslar tərəfindən əsaslı tənqid edilən BMT Təhlükəsizlik Şurasına məxsusdur. Onlar dövlətlərin ali (yüksək) milli məhkəmə orqanlarının normativ aktın konstitusiyaya uyğunluğunu müəyyən etmək və Konstitusiyaya zidd olduğu təqdirdə onu ləğv etmək hüququna bənzər, BMT Təhlükəsizlik Şurası tərəfindən görülən tədbirlərin əsaslılığı, qanuniliyi və mütənasibliyi üzərində müstəqil məhkəmə nəzarətinin yaradılması üçün tədbirlərin zəruriliyini qeyd edirlər [5, səh. 53]. Xüsusilə, K.Tomuşat tan haqlı olaraq hesab edir ki, beynəlxalq birliyin öz mövcudluğunun əsası kimi götürdüyü ümumi normalar Təhlükəsizlik Şurasına da şamil edilməlidir [20, s. 65].
J.Alvarez də tam haqlı olaraq hesab edir ki, müstəqil məhkəmə nəzarəti Təhlükəsizlik Şurasının qərarının qanunsuzluq faktını müəyyən etmək və lazım gələrsə, bu qərarın ləğvini təmin etmək üçün tədricən tətbiq edilməlidir [12]. Bir sıra rusiyalı hüquqşünaslar əsassız olaraq Keçmiş Yuqoslaviya üzrə Beynəlxalq Tribunalın yaradılmasının legitimliyinə şübhə ilə yanaşaraq, beynəlxalq münaqişələrin həlli üçün məhkəmə vasitələrinin institutsionallaşdırılmasına [6, s. 54; 10, s. 22] beynəlxalq məhkəmə hüququ yaradıcılığına [7, s.47] son dərəcə mənfi yanaşırlar.
Lakin qeyd edilənlərə baxmayaraq, beynəlxalq münaqişələrin qarşısının alınmasında BMT Beynəlxalq Ədalət Məhkəməsinin fəaliyyətinin artırılması beynəlxalq zərurətdən irəli gəlməklə bərabər, həm də beynəlxalq ədalətin bərpa edilməsinə dəstək verə bilər. Bundan başqa, beynəlxalq hüququn aliliyinin təmin edilməsi bu zaman ən əhəmiyyətli amil kimi çıxış edir.
Tədqiqat üzrə əldə edilən nəticələr.
Beləliklə, elmi məqalədə qlobal təhlükəsizliyin təmin edilməsində beynəlxalq münaqişələrin həlli üzrə beynəlxalq məhkəmə vasitələrinin rolu üzrə aparılan təhlillərlə aşağıdakı mühüm nəticələrə gəlmək olar:
1. Mübahisələrin həllinin beynəlxalq səviyyədə tanınmış digər üsul və vasitələri ilə birlikdə beynəlxalq məhkəmə institutlarından istifadə beynəlxalq məsuliyyət institutunu gücləndirməklə beynəlxalq münaqişələrin ümumilikdə qlobal təhlükəsizliyə dağıdıcı təsirini tam şəkildə azalda bilər. Qərar qəbul edilmə prosesində digər beynəlxalq mexanizmlərə (məsələn, BMT Təhlükəsizlik Şurası və s.) nisbətən BMT Beynəlxalq Ədalət Məhkəməsinin fəaliyyətində beynəlxalq hüququn ümumtanınmış prinsip və normalarına əsaslanmaq daha realdır. Bununla bərabər, BMT Beynəlxalq Ədalət Məhkəməsinin beynəlxalq mübahisələrin həlli istiqamətində çoxlu praktikası olsa da, hələlik bunu tam şəkildə geniş və əhatəli hesab etmək olmur. Ona görə də beynəlxalq münaqişələrin həllində BMT Beynəlxalq Ədalət Məhkəməsinin rolu və fəaliyyətinin genişləndirilməsi istiqamətində dövlətlərin fəaliyyəti daha da artırılmalı, o cümlədən BMT Beynəlxalq Ədalət Məhkəməsinin qərarlarının dərhal yerinə yetirilməsi istiqamətində ciddi beynəlxalq-hüquqi tədbirlər, o cümlədən beynəlxalq məsuliyyət tədbirləri həyata keçirilməlidir. Bundan başqa, təcavüz faktları ərazi işğalı ilə birbaşa əlaqədar olduğundan, bu faktların qiymətləndirilməsi üzrə də BMT Beynəlxalq Ədalət Məhkəməsinin fəaliyyəti genişləndirilməlidir.
2. BMT Beynəlxalq Ədalət Məhkəməsinin Təhlükəsizlik Şurasının qərarlarının beynəlxalq-hüquqa uyğunluğu məsələsini aydınlaşdırmaq səlahiyyətinin verilməsi də aktual məsələdir. Bu isə BMT Təhlükəsizlik Şurasının üzvlərinin qərar qəbul edilmə prosesində özlərinin beynəlxalq mövqeyindən (daimi və müvəqqəti olaraq BMT Təhlükəsizlik Şurasının üzvü olmalarından və s.) sui-istifadə hallarının qarşısını alacaqdır. Bununla da avtomatik olaraq, BMT Beynəlxalq Ədalət Məhkəməsinin fəaliyyətinin aktivləşdirilməsi və genişləndirilməsi,
nəhayət beynəlxalq münasibətlərə təsir dairəsi artmış olacaqdır. Bundan başqa, BMT Beynəlxalq Ədalət Məhkəməsinin presedent hüququnun digər beynəlxalq qurumlar, o cümlədən universal və regional beynəlxalq təşkilatlar, universal və regional kvazi beynəlxalq məhkəmə qurumları, nəhayət regional beynəlxalq məhkəmə qurumları çərçivəsində tətbiqi halları da artırılmalıdır.
3. Beynəlxalq münaqişələrin həllində universal və regional beynəlxalq kvazi-məhkəmə qurumlarının rolunun da aktivləşdirilməsi zəruri hesab edilə bilər. Belə ki, bu hal BMT Beynəlxalq Ədalət Məhkəməsinin və regional beynəlxalq məhkəmə orqanlarının yüklənməsinin qarşısını almağa, o cümlədən işlərə baxılması müddətini sürətləndirməklə beynəlxalq münaqişələrin vaxtında həll edilməsinə gətirib çıxara bilər.
İstifadə edilmiş mənbələr
1. BMT Nizamnaməsi - https://www.un.org/en/about-us/un-charter
2. Hüseynov L.H. Beynəlxalq hüquq. Bakı, ABU, 240 səh.
3. Аби-Сааб Розмари. Гуманитарное право и внутренние конфликты. Истоки и эволю-ция международной регламентации (перевод с французского) / Розмари Аби-Сааб. – Москва: Международный Комитет Красного Креста, - 2000. –264 с.
4. Гузей С.В. Развитие международного права Международным Судом ООН (на примере территориальных споров): / дис. канд. юр. наук. / - Москва, 2006. - 160 с.
5. Исполинов А.С. Контроль Международного суда ООН над решениями Совета Без- опасности ООН // - Москва: Законодательство, – 2015. No 12, - с.48-62.
6. Костенко Н.И. Международный уголовный суд / Н.И.Костенко. - Москва: Приор, - 2002. - 272 с.
7. Мезяев А.Б. Международный трибунал по бывшей Югославии: некоторые правовые аспекты // - Екатеринбург: Российский юридический журнал, – 2007. No 2, - с. 46-49.
8. Мовчан А.П. Международный правопорядок / А.П.Мовчан. - Москва: ИГиПРАН, - 1996. – 102 с.
9. Петерс А. Принцип пропорциональности как глобальный конституционный прин- цип: [Электронный ресурс] / https://is.gd/cSK5K9
10. Решетов Ю.А. В защиту международного права // - Москва: Московский журнал международного права, – 1998. No 2, – c. 15-24.
11. Шинкарецкая Г.Г. Тенденции развития судебных средств мирного разрешения международных споров / Г.Г. Шинкарецкая. – Москва: Nota Bene, – 2009. – 252 с.
12. Alvarez Jose E. Judging the Security Council: [Electronic resource] / https://is.gd/Oh7jH2
13. Christian J.Tams., James, Sloan. The Development of International Law by the Interna- tional Court of Justice / Tams J. Christian, Sloan James / - Oxford: Oxford University Press, –2013. – 432 p.
14. General Assembly. Report of the Secretary-General on the work of the Organization (2006): [Electronic resource] / https://is.gd/Q2Rtew
15. International Court of Justice. Reports of Judgments. Advisory opinions and orders ac- cordance with International Law of the unilateral declaration of independence in respect of Kosovo advisory opinion of 22 JULY 2010: [Electronic resource] / https://is.gd/PeLcWw
16. İnternational Court of Justice. The Legal Consequences of the Construction of a Wall in the Occupied Palestinian Territory: [Electronic resource] / https://is.gd/5Pddbb
17. Merrills J.G. International dispute settlement // - Cambridge: Cambridge University Press, – 2017. – 404 p.
18. Oppenheim's International Law: Volume 1 Peace: Peace / by Robert Jennigs, Arthur Watts KCMG QC. - Oxford: Oxford University Press, - 2008. - 2887 p.
19. Sean Kay. Global Security in the Twenty-First Century: The Quest for Power and the Search for Peace / K.Sean. - Lanham, United State: Rowman & Littelfield, – 2015. – 427 p.
20. Tomuschat C. The United Nations at Age Fifty: A Legal Perspective // C.Tomuschat. - The Hague: Kluwer Law International, – 1995. – 327 р.
Vüsalə Muradxanlı
Hüquq və İnsan Haqları İnstitutu
Publik Hüquqi Şəxsin İnsan hüquqları üzrə təlim və ekspertiza şöbəsinin müdiri
(vusala-aydin@yandex.ru)