Şriftin ölçüsü :

Saytın rəngi :

QANUNİ QÜVVƏYƏ MİNMİŞ MƏHKƏMƏ QƏRARLARININ İCRASININ MƏCBURİLİYİ

09.01.2022

Məqalədə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icrasının məcburiliyi məsələləri beynəlxalq və milli praktika əsasında geniş təhlil edilir. Qeyd edilir ki, Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası adından çıxarılan və ədalət mühakiməsinin yekun aktı olan məhkəmə qərarlarının hüquqi, nəzəri, təcrübi cəhətdən düzgün tərtib edilməsi və onun hüquqi qüvvəsinin vaxtında alınmasına, habelə onun icrasına nəzarət vətəndaşların məhkəmə orqanlarına olan inamını artırır və onların hüquqi vasitələrlə tərbiyə olunmasının əsas göstəricisidir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, ədalət mühakiməsinin səmərəliliyinin və real olmasının vacib şərtlərindən biri məhkəmə aktlarının icrası ilə bağlıdır. Bundan əlavə, məhkəmə qərarının qanuni qüvvəyə minməsi nəticə etibarı ilə pozitiv və neqativ mənada da özünü göstərə bilər. Məqalədə müəllif tərəfindən qanunsuz və əsassız məhkəmə qərarları ilə (qanuni qüvvəyə minmiş məhkəmə qərarları da daxil olmaqla) pozulmuş hüquqların səmərəli bərpası mexanizminin təhlili aparılmış, qərarlara kassasiya, əlavə kassasiya və ya yeni açılmış hallar üzrə araşdırma qaydasında yenidən baxılması prosedurları təhlil edilmiş, bu sahədə beynəlxalq qanunvericilik araşdırılmışdır.

Açar sözlər: məhkəmə qərarları, ədalət mühakiməsi, qərarların icrası, qanuni qüvvəyə minmiş, hüquqi mövqe, məhkəmə orqanları, hüquq tətbiq etmə.

Tədqiqatın aktuallığı və elmi yeniliyi.

Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası adından çıxarılan və ədalət mühakiməsinin yekun aktı olan məhkəmə qərarlarının hüquqi, nəzəri, təcrübi cəhətdən düzgün tərtib edilməsi və onun hüquqi qüvvəsinin vaxtında alınmasına, habelə onun icrasına nəzarət vətəndaşların məhkəmə orqanlarına olan inamını artırır, onların hüquqi vasitələrlə tərbiyə olunmasına xidmət edir [3].

Son zamanlar hüquq tətbiq etmə təcrübəsində kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsinin məhkəmənin yekun qərarının icrasını dayandırıb-dayandırmaması ilə bağlı müxtəlif yanaşmaların olduğu müəyyən edilmişdir. Fikir ayrılığı, əsasən, aşağıdakılarla bağlıdır:

- məhkəmənin qanuni qüvvəyə minmiş hökm və ya qərarından kassasiya şikayəti, yaxud kassasiya protestinin verilməsi onların icrasını dayandırmaması;

- məhkəmənin qanuni qüvvəyə minmiş hökm və ya qərarından kassasiya şikayəti, yaxud kassasiya protestinin verilməsinin müsadirə edilmiş, dövlət nəfinə keçirilmiş, istintaq orqanları tərəfindən götürülmüş, üzərinə həbs qoyulması ilə vurulmuş əmlak ziyanının ödənilməsinə dair hissədə onların icrasının dayandırılması [1].

Tədqiqatın əsas məzmunu.

Məhkəmə qərarlarının icrasına dair milli və beynəlxalq qanunvericilik.

Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 412.7-ci maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökm və ya qərarından kassasiya şikayəti, yaxud kassasiya protestinin verilməsi onların icrasını dayandırmır [3].

Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələbinə əsasən, əmlakın müsadirə edilməsi, dövlət nəfinə keçirilməsi yalnız məhkəmə hökmü qanuni qüvvəyə mindikdən sonra həyata 

keçirilə bilər. Qeyd etmək lazımdır ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarının həqiqətə uyğunluğu prezumpsiyası təkzib edilə də bilər. Çünki onun kassasiya, əlavə kassasiya və ya yeni açılmış hallar üzrə araşdırma qaydasında ləğv olunması mümkündür. Bu səbəbdən Cinayət- Prosessual Məcəlləsinin “Bəraət qazanma (reabilitasiya), vurulmuş ziyanın ödənilməsi, vurulmuş ziyana görə kompensasiya” adlı V fəsli müəyyən edilmişdir.

Cinayət-Prosessual Məcəlləsinin 58.3-cü maddəsində göstərilmişdir ki, bu Məcəllənin 56-cı maddəsində göstərilən şəxslərə (bəraət almış təqsirləndirilən şəxs, bu Məcəllənin 39.1.1, 39.1.2, 39.1.6—39.1.8, 39.2-ci maddələrində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilmiş şəxs; bu Məcəllənin 39.1.3, 39.1.4, 39.1.10 və 39.1.11-ci maddələrində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilməli olan, lakin vaxtında xitam verilməyən və haqqında cinayət təqibi davam etdirilən şəxs; bu Məcəllənin 39.1.12-ci maddəsində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilməli olan və buna razılıq alınmasına baxmayaraq, haqqında cinayət təqibi davam etdirilən şəxs; qanunsuz həbs olunmuş və ya tibbi, yaxud tərbiyə müəssisəsinə məcburi yerləşdirilmiş, habelə qanuni əsas olmadan müəyyən edilmiş müddətdən artıq həbsdə saxlanılmış şəxs, cinayət təqibi üzrə icraat zamanı qanunsuz olaraq bu Məcəllənin 176 və 177-ci maddələrində nəzərdə tutulmuş hallarda prosessual məcburiyyət tədbirlərinə məruz qalmış şəxs) aşağıdakılara görə kompensasiya verilir:

- məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər;

- müsadirə edilməsi, dövlət nəfinə keçirilməsi, istintaq orqanları tərəfindən götürülməsi, üzərinə həbs qoyulması ilə vurulmuş əmlak ziyanı;

- ödənilmiş məhkəmə xərcləri;
- müdafiəçiyə ödənilmiş pul məbləği;
- hökmün icrası zamanı ödənilmiş və ya tutulmuş cərimə.
Kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi ilə əlaqədar məhkəmənin yekun qərarının icrasının dayandırılması ilə bağlı müddəalar Cinayət-Prosessual və “İcra haqqında” qanunvericiliklə tənzimlənmişdir.

Konstitusiya və beynəlxalq hüquq aktlarının tələblərinə görə ədalət mühakiməsi məhkəmə qərarlarının effektiv icrası nəticəsində hüquqların səmərəli şəkildə bərpa olunmasını təmin etməlidir.

İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir [5]. Ağlasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Konvensiya) 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun [4]. Həmin maddənin yalnız məhkəməyə müraciət etmək hüququ və məhkəmə iclasının aparılmasına aid edilməsi iştirakçı dövlətlərin Konvensiyaya qoşularkən öz üzərlərinə götürdükləri öhdəliklərlə bağlı qəbuledilməz vəziyyət yarada bilər. Ona görə də hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin mənasına görə “məhkəmə araşdırması”nın ayrılmaz tərkib hissəsi hesab edilməlidir (Hornsbi Yunanıstana qarşı iş üzrə 19 mart 1997-ci il tarixli Qərar) [6].

Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası qaydaları və şərtləri “İcra haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. İcra haqqında qanunvericilikdə məhkəmə və digər orqanların qərarlarının məcburi icrası vəzifəsi icra məmurunun üzərinə qoyulmuşdur və sonuncunun bununla əlaqədar tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. “İcra haqqında” Qanunun 3.2-ci maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə 

edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar [3].

Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, ədalət mühakiməsinin səmərəliliyinin və real olmasının vacib şərtlərindən biri məhkəmə aktlarının icrası ilə bağlıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məhkəməyə müraciət etmək hüququnun tərkib hissəsi olmaqla xüsusi önəm daşıyır. Belə ki, məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edər (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.4-cü maddəsinin şərh edilməsinə dair” 2014-cü il 4 iyul və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” 2015-ci il 2 sentyabr tarixli Qərarlar) [ 2 ].

“İcra haqqında” Azərbaycan Respublikası Qanununun Preambulasında göstərilmişdir ki, bu Qanun Azərbaycan Respublikası məhkəmələrinin, beynəlxalq arbitrajların və münsiflər məhkəmələrinin, xarici dövlətlərin məhkəmələrinin və arbitrajlarının mülki və kommersiya mübahisələrinə dair işlər üzrə qərarlarının, cinayət işləri üzrə hökmlərinin və qərarlarının əmlakın alınmasına dair hissəsinin, habelə məhkəmə əmrlərinin, inzibati xətalar haqqında işlər üzrə məhkəmə qərarlarının, inzibati xətalara dair işlərə baxmaq səlahiyyəti olan orqanların (vəzifəli şəxslərin) qərarlarının, alimentlərin ödənilməsi barədə notariat qaydasında təsdiq edilmiş sazişlərin, notariusun icra qeydlərinin, məişət zorakılığı ilə bağlı işlərə baxmaq səlahiyyəti olan orqanlar tərəfindən verilən qısamüddətli mühafizə orderlərinin və Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda digər orqanların (bundan sonra - məhkəmə və digər orqanların) qərarlarının məcburi icrası qaydalarını və şərtlərini müəyyən edir [ 1 ].

“İcra haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən, məhkəmənin müəyyənləşdirdiyi hüquq münasibəti vərəsəliyə və ya hüquq varisliyinə yol verirsə, borclu öldükdə, ölmüş və ya xəbərsiz itkin düşmüş elan edildikdə, habelə borclunun iflası barədə məhkəmə icraatına başlandıqda; borclu fəaliyyət qabiliyyətini itirdikdə; borclu Azərbaycan Respublikası Silahlı Qüvvələrinin döyüşən hissəsində olduqda və ya Azərbaycan Respublikası Silahlı Qüvvələrinin döyüşən hissəsində olan tələbkarın müvafiq xahişi olduqda yaxud hamıya bəlli olan hallar baş verdikdə və ya faktlar mövcud olduqda; icra sənədinə və ya onun verilməsinə əsas olan tələbə (“İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, aparılan notariusun icra qeydi və ya onun verilməsinə əsas olan tələb istisna olmaqla) dair borclu tərəfindən iddia qaydasında mübahisə qaldırdıqda, əgər bu cür mübahisəyə qanunla yol verilirsə; inzibati xətalara dair işlərə baxmaq səlahiyyəti olan orqanların (vəzifəli şəxslərin) hərəkətlərindən məhkəməyə şikayət verildikdə; icra sənədi üzrə tələbin yönəldildiyi əmlakın həbsdən azad olunması barədə məhkəməyə iddia verildikdə; icraatda olan iş üzrə qəbul olunmuş məhkəmə aktlarından verilmiş apellyasiya və kassasiya şikayəti müvafiq məhkəmələrin icraatına qəbul olunduqda; iş üzrə qəbul olunmuş məhkəmə aktlarından şikayət Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin icraatına qəbul olunduqda; icra məmuru icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən, icra sənədi sayılan sənədin izah olunması üçün müvafiq məhkəməyə və ya digər orqana müraciət etdikdə; tələbkarın müvafiq xahişi olduqda icra sənədi üzrə icraat məcburi olaraq dayandırılır.

Hüquqi müəyyənlik hüququn aliliyinin əsas prinsipi kimi.

“Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 107.4-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin I hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2012-ci il tarixli qərarında göstərilmişdir ki, hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas xüsusiyyətlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Bu isə öz növbəsində hər kəsə onun hüquq və azadlıqlarının müdafiə olunacağına, hüquq tətbiq edənin hərəkətlərinin isə proqnozlaşdırıla bilən olacağına əminlik verməlidir [3].

Qeyd olunmalıdır ki, hüquqi müəyyənlik konsepsiyası qanunun aliliyi prinsipinin fundamental aspektlərindən biridir. Hüquqi müəyyənlik belə bir anlayışı özündə ehtiva edir ki, məcburi qüvvəyə malik yekun məhkəmə qərarlarının şübhə altına alınmasına heç bir halda yol verilə bilməz [2].

“Centro Europa 7 S.R.L. və Di Stefano İtaliyaya qarşı” iş üzrə 7 iyun 2012-ci il tarixli qərarının 141-ci bəndində İnsan hüquqları üzrə Avropa Məhkəməsinin Böyük Palatası qeyd etmişdir ki, istənilən hüquq sistemində norma nə qədər dəqiq tərtib olunsa da, məhkəmə şərhi qaçılmazdır [7]. Anlaşılmayan məqamların izah olunmasına hər zaman ehtiyac olacaq. Müəyyənlik arzuedilən olsa da, bəzən lüzumsuz sərtliklə müşayiət oluna bilər, halbuki hüquq dəyişən şəraitlə addımlamaq xüsusiyyətinə malik olmalıdır. Müvafiq olaraq bir çox qanunlar qaçılmaz terminlərin istifadəsi ilə tərtib olunmuşlar ki, onlar az və ya çox dərəcədə qeyri- müəyyəndir, onların şərhi və tətbiqi təcrübədən asılıdır. İşlərə baxılarkən məhkəmələrin üzərinə qoyulmuş rol ondan ibarətdir ki, onlar bu cür şübhələri təfsirlə aradan götürsünlər.

İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Yesius Litvaya qarşı” iş üzrə 31 iyul 2000-ci il tarixli qərarının 56-cı bəndində göstərmişdir ki, söhbət azadlıqdan məhrum etmə cəzası nəzərdə tutan əməllərdən getdiyi hallarda xüsusilə vacibdir ki, hüquqi müəyyənlik prinsipinə riayət edilsin [8]. Bu hal ona görə mühüm əhəmiyyət daşıyır ki, azadlıqdan məhrum etmənin Konvensiyada nəzərdə tutulmuş “qanunilik” standartına cavab verməsi üçün azadlıqdan məhrum etmənin daxili qanunvericilikdə nəzərdə tutulmuş şərtləri kifayət qədər aydın ifadə edilməli və qanunun tətbiqinin nəticələrini öncədən görmək mümkün olmalıdır. Həmin standart tələb edir ki, bütün qanunlar konkret hərəkətin doğura biləcəyi nəticələri şəxsin mövcud şəraitdə ağlabatan dərəcədə öncədən görə bilməsinə (zərurət olduqda, müvafiq hüquqi məsləhət almaqla) imkan verəcək qədər aydın olsun ki, hərəkətin qanunsuz olması riskindən yaxa qurtarmaq mümkün olsun.

Məhkəmə qərarının həqiqətə uyğun gəlməsi prezumpsiyası.

Qanuni qüvvəyə minmiş məhkəmə qərarının həqiqətə uyğun gəlməsi prezumpsiyası da məhkəmə qərarının məcburiliyi ilə bağlıdır. Yəni qanuni qüvvəyə minmiş qərarın məzmununu rəsmi şəkildə şübhə altına almaq, onun icrasından imtina etmək yolverilməzdir.

Qeyd etmək lazımdır ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarının həqiqətə uyğunluğu prezumpsiyası təkzib edilə də bilər. Çünki onun kassasiya, əlavə kassasiya və ya yeni açılmış hallar üzrə araşdırma qaydasında (məhkəmə prosesinin bu və ya digər formasında müvafiq instansiyaların mövcudluğundan asılı olaraq) ləğv olunması mümkündür. Lakin eyni zamanda, qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının qeyri-sabitliyinin konstitusion hüquqi müəyyənlik prinsipinə zidd olduğu və bütövlükdə hüquq sisteminin qeyri-sabitliyinə gətirib çıxardığı da vurğulanmalıdır.

Bundan əlavə, məhkəmə qərarının qanuni qüvvəyə minməsi nəticə etibarı ilə pozitiv və neqativ mənada da özünü göstərə bilər. Pozitiv mənada qanuni qüvvəyə minmiş məhkəmə qərarı preyudisial effektə malik olur. Neqativ mənada götürdükdə isə qanuni qüvvəyə minmiş məhkəmə qərarı həll edilmiş mübahisə üzrə təkrar məhkəmə icraatını, bir qayda olaraq, istisna edir.

Qeyd etmək lazımdır ki, roman-german hüquq sisteminə daxil olan əksər ölkələrin prosessual hüquq elmi və təcrübəsində məhkəmə qərarının formal və maddi mənada qüvvəyə minməsi ilə də xarakterizə olunur. Formal mənada məhkəmə qərarının qanuni qüvvəyə minməsinin iki nəticəsi var: qərar icra olunur və qərarın maddi mənada qanuni qüvvəyə minməsi baş verir. Məhkəmə qərarının maddi mənada qüvvəyə minməsi həmin qərarın məzmununa aiddir və onu göstərir ki, artıq qərarın çıxarılması ilə başa çatmış prosesin predmeti olmuş faktlar, bir daha məhkəmə prosesinin və müvafiq olaraq, məhkəmə qərarının predmeti kimi çıxış edə bilməz.

Tədqiqat üzrə əldə edilən nəticələr.

Qanunverici Cinayət-Prosessual Məcəllədə qanunsuz və əsassız məhkəmə qərarları ilə (qanuni qüvvəyə minmiş məhkəmə qərarları da daxil olmaqla) pozulmuş hüquqların səmərəli bərpası mexanizminin yaradılması məqsədilə belə qərarlara kassasiya, əlavə kassasiya və ya yeni açılmış hallar üzrə araşdırma qaydasında yenidən baxılması prosedurlarını müəyyənləşdirmiş və həmin qərarların mübahisələndirilməsini bir sıra şərtlərlə, o cümlədən şikayətin və ya protestin verilməsi müddətlərinə riayət edilməsilə əlaqələndirmişdir. Göründüyü kimi, qanuni qüvvəyə minmiş məhkəmə qərarı artıq məcburidir, yəni orada konkret faktlar üzrə gəlinən nəticələr müvafiq subyektlər üçün məcburi qüvvəyə malikdir. Məhkəmə qərarının konkret iş üçün qanuni qüvvəsini əldə etdiyini, yaxud eynilə qanun kimi məcburi olduğunu bildirən “qərarın qanuni qüvvəsi” anlayışı da məhz bunu ifadə edir.

İstifadə edilmiş mənbələr

       1. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Normativ hüquqi aktların vahid internet elektron bazası https://e-qanun.az/

  1. Konstitusiya Məhkəməsinin rəsmi səhifəsi https://constcourt.gov.az/az/decisions

  2. Prezidentin rəsmi səhifəsi https://president.az/

  3. Convention for the Protection of Human Rights and Fundamental Freedoms as amended by Protocol No. 15. Rome, 4.XI.1950. https://rm.coe.int/1680a2353d

  4. https://www.coe.int/en/web/civil-society/european-court-of-human-rights

  5. https://international.vlex.com/vid/case-of-hornsby-v-870599271

  6. https://rm.coe.int/CoERMPublicCommonSearchServices/DisplayDCTMContent?documentId=0900001680700f6d )

    https://jurinfo.jep.gov.co/normograma/compilacion/docs/pdf/CASE%20OF%20JECIUS%20v.%20LITHUANIA.pdf.

 

Namiq Əliyev

Azərbaycan Respublikası Baş Prokurorluğunun

Cinayət təqibindən kənar icraatlar idarəsinin böyük prokuroru,

kiçik ədliyyə müşaviri (namiqaliyev1988@gmail.com)

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.