Şriftin ölçüsü :

Saytın rəngi :

TƏQSİRKAR ŞƏXS ÜÇÜN AŞKAR SURƏTDƏ HAMİLƏ VƏZİYYƏTİNDƏ OLAN QADININ ÖLDÜRÜLMƏSİNİN TÖVSİFİ PROBLEMLƏRİ

10.01.2022

Təqsirkar şəxs üçün aşkar surətdə hamilə vəziyyətində olan qadının öldürülməsi cinayət əməli- nin tövsifi məsələsi nəzəri ədəbiyyatda mütəmadi olaraq müzakirə edilməkdədir. Belə ki, bu zaman təqsirkar faktiki səhvə yol verərsə, əməlin tövsif edilməsində müəyyən çətinliklər yaranır. Müasir dö- vrdə hüquq ədəbiyyatında bir çox müəlliflər aşkar surətdə hamilə vəziyyətində olan qadının öldürülməsi zamanı faktiki səhvə yol verilən zaman əməlin tövsifinin müxtəlif variantlarını təklif edirlər. Məqalənin müəllifi tərəfindən belə tövsifin təklif edilən beş variantı nəzərdən keçirilir. Hesab edilir ki, cinayət qanununun hər hansı bir normasının şərhi və tətbiqi zamanı bu qədər müxtəlif fikirlərin olması yolverilməzdir. Bununla əlaqədar, qanunda müvafiq dəyişikliklərin edilməsi zəruri və məqsədəuyğundur.

Açar sözlər: adam öldürmə, hamilə qadın, məsuliyyəti ağırlaşdıran hallar, faktiki səhv, aşkar surətdə, iki və daha çox şəxsi öldürmə, düzgün tövsif, təqsirlilik dərəcəsi.

Tədqiqatın aktuallığı və əsas istiqamətləri.

Ümumbəşəri sosial dəyərlər içərisində insanın həyatı, təhlükəsiz yaşaması ilə bağlı ictimai münasibətlər ən ali dəyərlər hesab edilir. Azərbaycan Respublikası Konstitusiyasının 27-ci (“yaşamaq hüququ”) və 31-ci (“təhlükəsiz yaşamaq hüququ”) maddələri insanın həyatı və təhlükəsizliyi ilə əlaqədar olan ictimai münasibətlərin aliliyini və toxunulmazlığını təsbit edir. Başqa bir insanın həyat və sağlamlığına qəsd etmə yüksək ictimai təhlükəliliyə malik olan əməldir. Məhz buna görə də in- sanın həyat və sağlamlığı cinayət-hüquqi mühafizənin ən mühüm obyektləridir. Şəxsiyyət əleyhinə olan cinayətlər içərisində qəsdən adam öldürmə cinayətlərinin istintaqı və tövsifi zamanı meydana gələn çətinliklərin aradan qaldırılması bu cinayətlərin bütövlükdə, habelə onun ayrı-ayrı tövsifedici əlamətlərinin daha ətraflı təhlilini tələb edir. Belə əməllərdən biri də CM-in 120.2.8.-ci maddəsində nəzərdə tutulmuş təqsirkar şəxs üçün aşkar surətdə hamilə vəziyyətində olan qadını öldürmə əməlidir.

Tədqiqatın elmi yeniliyi.

Təqsirkar şəxs üçün aşkar surətdə hamilə vəziyyətində olan qadını öldürmə (CM-in 120.2.8.- ci mad.) cinayət əməlinin törədilərkən təqsirkar şəxsin faktiki səhvə yol verməsi zamanı tövsif məsələsi ədəbiyyatda mübahisəli məsələlərdəndir. Məqalədə müəlliflərin, həmçinin Ali Məhkəmə Plenumun müvafiq qərarının mövqeyi təhlil edilərək təklif olunur ki, qanunda bu normada müəyyən dəyişikliklər edilərək 120.2.7.-ci maddədə qeyd edilən iki və ya daha çox şəxsi öldürmə əməli ilə birgə nəzərdə tutularaq, yeni mətndə iki və ya daha çox şəxsin, habelə təqsirkar şəxs üçün aşkar surətdə hamilə vəziyyətində olan qadını və ana bətnində olan uşağın həyatına qəsd etmə kimi ağırlaşdırıcı hallar qismində təsbit olunmalıdır. Belə hal nəzəri ədəbiyyatda, həm də məhkəmə təcrübəsində müzakirələri aradan qaldırar, faktiki səhv zamanı əməlin düzgün tövsifinə kömək etmiş olar.

Tədqiqatın əsas məzmunu.

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2-ci maddəsində nəzərdə tutulmuş qəsdən adam öldürmə cinayətinin məsuliyyəti ağırlaşdıran hallarından biri qismində təqsirkar şəxs üçün aşkar surətdə hamilə vəziyyətində olan qadını öldürmə (CM-in 120.2.8.-ci mad.) əməli qeyd edilmişdir. Bu əməlin ictimai təhlükəliliyi zərər yetirilən qəsd obyektinin daha yüksək sosial mahiyyəti ilə fərqlənir. Bu qisim əməllər həm insanın həyatına, həmçinin ana və uşağın mühafizəsi- ni təmin edən ictimai münasibətlərə qəsd edir. Qeyd edək ki, təqsirkar şəxs üçün aşkar surətdə 

hamilə vəziyyətində olan qadının öldürülməsinin tövsifi barədə məsələ müasir hüquq tətbiqetmə təcrübəsində aktual məsələlərdən biridir. Tövsifin düzgün olması əmələ düzgün hüquqi qiymətin verilməsi üçün, cəzanın məqsədlərinə nail olunması baxımından ədalətli və səmərəli olması üçün mühüm əhəmiyyətə malikdir.

Qeyd edilən tövsifedici hal adam öldürmə cinayətinin ağırlaşdırıcı tərkib əlaməti kimi ilk dəfə Azərbaycan SSR-in 1960-cı il Cinayət məcəlləsinin 94-cü maddəsinin 5-ci bəndində müqəssir üçün aşkar surətdə hamilə vəziyyətində olan qadını öldürmə adı ilə öz əksini tapmışdır [2, s. 93].

Hazırda təqsirkar şəxs üçün aşkar surətdə hamilə vəziyyətində olan qadının öldürülməsi cina- yət əməli Azərbaycan (120.2.8-ci mad.), Gürcüstan (109-cu mad.), Rusiya Federasiyası (105-ci mad.), Qırğızıstan (97-ci mad.), Latviya (117-ci mad.), Estoniya (101-ci mad.), Litva (129-cu mad.), Belarus- iya (139-cu mad.), Bolqarıstan (116-cı mad.), Qazaxıstan (99-cu mad.), Moldaviya (145-ci mad.), Tacikistan (104-cü mad.), Özbəkistan (97-ci mad.), Ukrayna (115-ci mad.) və s. respublikaların Cina- yət Məcəllələrində qəsdən adam öldürmə cinayətinin ağırlaşdırıcı tərkib əlaməti kimi nəzərdə tu- tulmuşdur. Türkiyə CM-in 449-cu maddəsində adam öldürmənin sadalanan ağırlaşdırıcı halları sırasında hamilə vəziyyətində olan qadının öldürülməsi halı nəzərdə tutulmasa da, qəsdən adam öldürməni nəzərdə tutan 448-ci maddəsinin sanksiyasına əsasən, azadlıqdan məhrum etmə cəzasının 24 ildən 30 il müddətinə müəyyən edilmiş həddi bu qisim əməllərə görə cəzanın fərdiləşdirilməsini mümkün edir.

Əməlin düzgün tövsifi üçün hamiləlik halı təqsirkara aşkar surətdə bəlli olmalıdır. Hamiləlik barədə məlumatın necə əldə edilməsi, həmçinin də hamiləlik müddəti əməlin tövsifi üçün əhəmiy- yət kəsb etmir. Əks halda yəni əgər zərərçəkmiş şəxsin hamilə olması təqsirkara məhz aşkar surətdə bəlli deyildisə, onun əməli bu maddə ilə tövsif edilə bilməz. Bu barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli qərarının 12-ci bəndində də qeyd edilir ki, əməlin CM-nin 120.2.8-ci maddəsi ilə tövsif edilməsi üçün işdə zərərçəkmiş şəxsin hamiləliyinin təqsirkara aşkar surətdə bəlli olması barədə məlumatların (qadının xarici əlamətləri, digər məlumatlar) olması zəruridir. Bu zaman qadının öldürülməsi nəticəsində dölün də məhv olub-olmamasının və cinayətin motivinin əməlin tövsifinə hər hansı bir təsiri ola bilməz [2].

Məsələ ilə əlaqədar bəzi xarici ölkələrin cinayət qanunvericiliklərindəki fərqli xüsusiyyətlərə nəzər yetirək. Bolqarıstan (mad.116) və Litva (mad.129) Cinayət Məcəllələrində zərərçəkmiş şəxsin hamilə olması təqsirkara məhz “aşkar surətdə bəlli olma” əlaməti üzrə nəzərdə tutulmur, sadəcə olaraq ağırlaşdırıcı tərkib əlaməti kimi hamilə qadının öldürülməsi qeyd olunur. Fikrimizcə, məhz “aşkar surətdə bəlli olma” əlaməti əməlin ictimai təhlükəlilik dərəcəsini artırmış olur ki, bu da həmin əməlin ağırlaşdırıcı halda adam öldürmə kimi tövsifinə əsas verir. Məhz bu əlaməti nəzərə alaraq, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 22.X.2022-ci tarixdə V. həyat yoldaşı S.-in hamilə olduğunu aşkar surətdə bilərək onu öldürməsinə görə CM-in 120.2.8.-ci maddəsi ilə 19 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir.

Onu da deyək ki, Moldaviya Respublikası CM-si ilə (mad.145) isə təqsirkar şəxs üçün “aşkar surətdə hamilə vəziyyətində olan” əlamətinə görə qadının öldürülməsi əməli nəinki ağırlaşdırıcı, hətta xüsusilə ağırlaşdırıcı tərkib olaraq nəzərdə tutulur. Göstərilənlərə əsasən, Bolqarıstan və Litva qanunvericiliklərinin mövqeyini düzgün hesab etmirik.

Bəllidir ki, qeyd edilən cinayət əməli törədilən zaman təqsirkar zərərçəkənin şəxsiyyəti və digər hallar barədə faktiki səhvə yol verə bilər. Başqa sözlə, məsuliyyəti ağırlaşdıran hal qismində tərkibə daxil edilən zərərçəkənin əlamətinə olan səhvlərdən biri də təqsirkar şəxs üçün aşkar surətdə hamilə vəziyyətində olan qadını öldürərkən onun hamiləliyi barədə yanlış təsəvvürünün olmasıdır. Faktiki səhv ictimai-təhlükəli əməlin cinayət tərkibinə daxil olan obyektiv əlamətləri haqqında şəx- sin yanlış təsəvvürüdür. Qeyd etmək lazımdır ki, faktiki səhv təqsirin məzmununa, deməli, cinayət məsuliyyətinin həddinə də təsir edə bilir.

Son illərin cinayət hüquq ədəbiyyatında qeyd olunur ki, hamilə qadının öldürülməsinin ad- am öldürmənin tövsifedici halı kimi tərkibə daxil edilməsinin səbəbi belə adam öldürmə zamanı 

təkcə ananın deyil, həm də doğulacaq uşağın – dölün də həyatına qəsd edilməsidir [9, s. 21]. Hazır- da ədəbiyyatda məsuliyyəti ağırlaşdıran hal kimi tərkibə daxil edilən zərərçəkənin əlamətinə olan faktiki səhvlə bağlı qəsdən adam öldürmə cinayətlərinin tövsifi məsələsi mütəmadi olaraq müza- kirələrə səbəb olur. Belə ki, təqsirkarın səhvə yol verərək, hamilə zənn etdiyi qadını öldürməsi ci- nayət əməlinin tövsifinin aşağıdakı dörd variantı təklif olunur:

Birinci qrup müəlliflər (F.Y.Səməndərov, A.A.Piontkovski, V.A.Yakuşin, A.İ.Raroq, Dy- adyun K.V.) qeyd etdikləri kimi, qəsdin məzmunu və istiqamətindən çıxış edərək cinayətə cəhdə görə, yəni CM-nin 29, 120.2.8.-ci maddələri ilə tövsifə tərəfdardırlar [13, s. 782-783; 11, s. 183; 6, s. 12]. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Kommentariyasının bu barədə olan izahı da belədir: “Əgər təqsirkar zərərçəkmiş şəxsin hamilə olması barədə səhvə yol verərsə, yəni təqsirkar zərərçəkmiş şəxsin hamilə olduğunu zənn edərsə, lakin nəticədə onun hamilə olmadığı məlum olar- sa, onun əməli təqsirkar şəxs üçün aşkar surətdə hamilə vəziyyətində olan qadını qəsdən öldürməyə cəhd kimi, CM-in 29, 120.2.8-ci maddəsi ilə tövsif ediləcəkdir.” [1, s. 465]

İkinci qrup müəlliflərin (Ş.T.Səmədova, В.Ф.Кириченко, Е.Ф.Побегайло) mövqeyinə görə, bu əməl cinayətlərin cəminə görə: CM-nin 29, 120.2.8 və 120.1.-ci maddələri ilə tövsif edilməlidir. Ş.T.Səmədova qeyd edir ki, bu zaman həm faktiki törədilmiş əmələ (120.1-ci mad.), həm də qəsdin məzmununa (29,120.2.8-ci maddələr) hüquqi qiymət vermiş oluruq. Lakin müəllif tamamilə haqlı olaraq həmin fikrin ardınca əlavə edir ki, belə tövsifin qüsuru ondan ibarətdir ki, bir əməl iki hüquqi qiymətlə, bir halda başa çatmış cinayət, ikinci halda isə başa çatmayan cinayət kimi qiymətləndirilir [12, s. 233].

Üçüncü tövsif müəlliflərdən T.V .Kondraşova, L.A.Andreeva, A.A.Kovalyova, A.S.Sitnikovanın mövqeyinə görə, sadə adam öldürmə kimi, CM-nin 120.1-ci maddəsi ilə tövsif təklif edilir. Bu zaman müəlliflər nədənsə ona əsaslanırlar ki, məsələ cinayətkarın xeyrinə həll edilməlidir [4, s. 15]. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» 12 dekabr 2002-ci il tarixli 3 saylı qərarının 12-ci bəndində də deyilir ki, belə halda təqsirkarın əməli niyyətə görə, yəni CM-in 120.2.8-ci maddəsi ilə deyil, baş vermiş nəticəyə görə hadisənin törədilmə üsulu nəzərə alınmaqla tövsif edilməlidir [1, s. 465]. Baş vermiş nəticə qismində sadəcə olaraq qadının ölməsini nəzərə alsaq, onda CM-in 120.1-ci maddə ilə tövsif müvafiq Plenum qərarı ilə düzgün hesab edilmişdir. Lakin onu da qeyd etmək istərdik ki, digər bir halda, əgər təqsirkar şəxs digər qaydada səhvə yol verərək qadının hamilə olduğunu bilmədən onu öldürmüşsə, hamiləlik faktı qəsdin məzmunu ilə əhatə edilmədiyindən, haqlı olaraq əməl CM-in 120.1-ci maddəsi ilə tövsif ediləcəkdir.

Dördüncü qrup müəlliflər (S.V.Borodin, Q.N.Borzenkov) qeyd edilən cinayət əməlini bitmiş cinayətə görə – CM-nin 120.2.8-ci maddəsi ilə tövsifi düzgün hesab edirlər. Bu fikrin tərəfdarları qeyd edirlər ki, əgər təqsirkar əmindirsə ki, qadın hamilədir, baxmayaraq ki, ölümdən sonra bəlli olmuşdur ki, qadın hamilə deyilmiş, onda onun əməli Rusiya Federasiyası CM-nin 105-ci mad- dəsinin 2-ci hissəsinin «q» bəndi (AR CM-nin 120.2.8.-ci maddəsi) ilə hamilə qadını öldürmə kimi tövsif edilməlidir [5, s. 136].

Qeyd edilən əməlin tövsifi ilə bağlı mövcud müxtəlif fikirləri təhlil edərək aşağıdakıları qeyd edə bilərik:

Birinci mövqe (CM-nin 29, 120.2.8.-ci maddələri) ilə razılaşmaq çətindir. Belə ki, sadəcə olaraq maddi tərkib kimi adam öldürmə cinayətində ölümdən ibarət ictimai təhlükəli nəticənin baş verməsini nəzərə almaq məcburiyyətindəyik ki, bu da cəhdə görə tövsifi inkar etmiş olur. Həmçinin bu zaman, heç bir əsas olmadan cəza təyini zamanı CM-nin 63.3-cü maddəsinə istinad etmək lazım gələrdi. Digər bir tərəfdən, qadın ölməyib sağ qaldığı halda da, törədilmiş əməl hamilə qadını öldürməyə cəhdə görə CM-in 29, 120.2.8-ci maddəsi ilə məsuliyyətə səbəb olmalıdır. Hesab edirik ki, bu zaman artıq başa çatmış adam öldürmə faktı unudulur. “Öldürməyə cəhd” ifadəsi məntiqi olaraq zərərçəkmişin ölmədiyi qənaətini yaradır. CM-in 29-cu maddəsinə görə bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur.

Müəlliflər qeyd edirlər ki, belə halda cinayətin başa çatmaması göz qabağındadır: təqsirkar şəxs arzu etdiyi nəticəni əldə edə bilməmişdir. Sual olunur: hansı nəticəni? Axı, faktiki olaraq şəxs ona hamiləliyi aşkar surətdə bəlli olan qadını artıq öldürmüşdür. Tövsif üçün əhəmiyyət kəsb edən əlamət hamiləliyin məhz aşkar surətdə bəlli olması əlamətidır. Cinayət əməli maddi tərkibdə olduğu üçün ölümdən ibarət ictimai təhlükəli nəticə də artıq baş vermişdir. Sonradan qadının hamilə ol- mamasının bəlli olması isə artıq törədilmiş olan əməlin həm obyektiv, həm də subyektiv əlamətlərinə görə ictimai təhlükəlilik dərəcəsini azaltmır.

İkinci tövsiflə də (CM-nin 29, 120.2.8 və 120.1.-ci maddələri) razılaşmaq düzgün olmazdı. Belə ki, tək bir şəxsin öldürülməsi heç bir halda həm bir nəfər hamilə qadının öldürülməsinə cəhd, həm də sadə adam öldürmə kimi qiymətləndirilə bilməz. Belə olan halda, səhvən hamilə hesab edilib öldürülən qadının ölümü faktiki hamilə olan qadının öldürülməsindən daha ağır cəzaya məruz qalmış olardı. Nəzərdən qaçırılmamalıdır ki, göstərilən halda CM-nin 17-ci maddəsinin tələblərinə görə, cinayətlərin məcmusunun nə ideal, nə də ki real növü mövcud deyildir. Bu fikrin tərəfdarları iki zərərçəkənin, yəni hamilə qadının və uşağın olmasını qəbul edirlər. Təbii ki, qanunverici həm qadının, həm də gələcəkdə dünyaya gələcək olan şəxsin həyatının mühafizəsi baxımından əməlin ictimai təhlükəlilik dərəcəsinin yüksək olmasını nəzərə alıb məsuliyyəti ağırlaşdıran tərkibə görə müəyyən etmişdir. Lakin nəzərdən qaçırmayaq ki, insanın həyatı ana bətnində deyil, doğuşun başlanması, ilk nəfəs aldığı andan başlayır və ölüm faktına qədər davam edir. Əgər qeyd edilən müəlliflərlə razılaşmış olsaq, onda hamiləliyin süni surətdə pozulması faktı qəsdən adam öldürmə kimi qiymətləndirilmiş olardı. Daha sonra belə tövsif faktiki baş vermiş bir əmələ görə ikili məsuliyyət yaratmış olar ki, bu da ədalət prinsipinə tamamilə ziddir. Həmçinin qeyd etməliyik ki, qüvvədə olan qanunvericiliklə göstərilən halda uşağın, dölün ölməsi, yaxud da sağ qalması tövsif üçün heç bir əhəmiyyətə malik deyildir. Başqa sözlə, uşağın ölüb-ölməməsi cinayət hüquqi əhəmiy- yət kəsb etmir. Bu baxımdan da hamilə qadının öldürülməsini iki və ya daha artıq şəxsin öldürülməsi kimi qiymətləndirməyi təklif edən müəlliflərlə də razılaşmaq mümkün deyildir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» 12 dekabr 2002-ci il tarixli 3 saylı qərarının 12-ci bəndində də vurğulanır ki, bu zaman qadının öldürülməsi nəticəsində dölün də məhv olub-olmamasının və cinayətin motivinin əməlin tövsifinə hər hansı təsiri ola bilməz.

Üçüncü mövqedə qeyd edilən CM-nin 120.1-ci maddəsi ilə tövsifi qəbul etmiş olsaq, heç bir əsas olmadan cəzanın həddi xeyli yüngülləşdirilmiş olur. Həmçinin də nəzərə almalıyıq ki, 120.1-ci maddə ilə nəzərdə tutulan cinayətin – qəsdən adam öldürmənin motivləri tam fərqlidir. Qanunver- icinin mövqeyinin də, yəni təqsirkar üçün aşkar surətdə hamilə vəziyyətində olan qadını öldürmə cinayətinin ağırlaşdırıcı halda təsbit olunmasının səbəbi məhz “ictimai təhlükəli” niyyətdir. Təqsirkarın qəsdinin istiqaməti (qəsdi məhz hamilə qadını öldürmək olmuşdur) də nəzərdən qaçırıla bilməz. Başqa sözlə, onun qəsdi bilavasitə ağırlaşdırıcı əlamətə malik olan əməli törətməyə yönəlmişdir. Belə tövsifin səhv olduğunu nəzərə çatdırmaq üçün oxşar bir səhv tövsiflə müqayisə edək: məsələn, təqsirkarın qəsdinin özgə əmlakının külli miqdarda ələ keçirilməsinə yönəldiyi bəlli olduğu halda, o, faktiki 700 manat məbləğində oğurluq etdiyinə görə CM-nin 177.1-ci maddəsi ilə məsuliyyətə alınır. Burada qəsdin məzmunu və istiqaməti daha ağırlaşdırıcı hala - külli miqdarda özgə əmlakının ələ keçirilməsinə yönəldiyi üçün aydındır ki, tövsif CM-nin 29, 177.3.2.-ci maddəsi ilə aparılmalıdır.

Qeyd edək ki, hamilə qadının öldürülməsi ilə bağlı təqsirkar şəxs digər bir faktiki səhvə də yol verə bilər: qadının hamilə olduğunu bilmədən onu hər hansı bir digər motivlə öldürə bilər. Belə olan halda isə, hamiləlik faktı qəsdin məzmunu ilə əhatə edilmədiyi üçün məsuliyyət CM-nin 120.1- ci maddəsi ilə həll edilir ki, bu da düzgün hesab edilməlidir.

Sonuncu, dördüncü mövqe (CM-in 120.2.8.-ci maddə) ilə, razılaşmaq, fikrimizcə, digərləri ilə müqayisədə nəzəri cəhətdən, nisbətən əsaslandırıla bilər. Bu zaman zərərçəkənin şəxsiyyətinə olan səhvə əsasən, bitmiş cinayət tərkibi kimi, əməl 120.2.8-ci maddə ilə tövsif edilməlidir. Məhz hamilə qadını öldürdüyünü özü-özlüyündə yəqinliklə bildiyindən, belə halda təqsirkarın niyyəti, qəsdin 

məzmunu və istiqaməti tövsif üçün ciddi əhəmiyyət kəsb edəcəkdir. Belə halda, məhz qəsdin məzmunu təqsirkarın təqsirlilik dərəcəsinin artmasına səbəb olmuş olur: təqsirkar olan şəxs öz qəsdi ilə yalnız və yalnız “hamilə olan qadını”, həmçinin digər bir halda isə, qadını məhz hamiləlik vəziy- yətinə görə öldürmüşdür. Qadını bu niyyətlə öldürdükdən sonra onun hamilə olmaması təqsirkara sonradan bəlli olsa da, qeyd etdiyimiz kimi, bu onun təqsirinin məzmununu, əməlin, nə də ki xüsusilə şəxsiyyətinin ictimai təhlükəlilik dərəcəsini dəyişdirmir. Elə bu cəhət də onun təqsirlilik dərəcəsini, o da öz növbəsində isə əməlin ictimai təhlükəlilik dərəcəsini artırmış olur. Belə ki, təqsir və onun dərəcəsi əməlin ictimai təhlükəlilik dərəcəsini müəyyənləşdirən elementlər məcmusuna daxildir ki, bu da məsuliyyətin diferensiasiyasında nəzərə alınmalıdır. Fikrimizi əsaslandırmaq üçün məsələ ilə əlaqədar Rusiya Federasiyası məhkəmə təcrübəsindən belə bir misalı da diqqətə çatdırmaq istərdik: B. N.-nin hamilə olduğunu həkimin rəyinə, həmçinin N.-nin özünün və yaxın qohumların sözlərinə əsasən yəqinliklə öyrəndikdən sonra N.-i öldürmüşdür. Lakin N.-in bir neçə gün öncə abort etdirdiyini bilməmişdir ki, bu da faktiki hamilə olmayan qadının öldürülməsi deməkdir. Bu zaman qadın hamilə olmasa da, B.-nin onun hamilə olduğunu yəqinliklə bilməsi faktını nəzərə alıb Rusiya Federasiyası Ali Məhkəməsinin cinayət işləri üzrə məhkəmə kollegiyası əməli hamilə qadını öldürmə kimi tövsif etməni düzgün hesab etmişdir [9, s.350].

Qeyd edilənlərin təsdiqi üçün, həmçinin nəzəri ədəbiyyatda qəbul edilmiş digər bir tövsifi də qeyd etmək istərdik: CM-nin 120.2.6-cı maddəsi ilə nəzərdə tutulmuş başqa cinayəti gizlətmə və ya onun törədilməsini yüngülləşdirmə məqsədi ilə adam öldürmə zamanı təqsirkarın belə məqsədə nail olub-olmamasından asılı olmayaraq, əməl başa çatmış cinayət kimi qiymətləndirilir.

Onu da deyək ki, tövsifin yuxarıdakı dörd variantının hər biri ayrılıqda tam düzgün hesab edilmədiyindən, beşinci variant kimi qeyd etsək, ədəbiyyatda haqlı olaraq, göstərilən tövsifedici halın ümumiyyətlə, qanunvericilikdən çıxarılmasını, yaxud qanunvericilikdə müvafiq dəyişikliklər edilməsini təklif edən müəlliflər də (M.D.Şarqorodski, N.S.Taqansev, A.N.Popov) olmuşdur. Qanunda dəyişiklik etməklə belə təklif olunur ki, iki və ya daha çox şəxsi öldürmə və təqsirkar şəxs üçün aşkar surətdə hamilə vəziyyətində olan qadını öldürmə ağırlaşdırıcı tərkib əlaməti kimi aşağıdakı qaydada birlikdə nəzərdə tutulsun: iki və ya daha çox şəxsin, habelə təqsirkar şəxs üçün aşkar surətdə hamilə vəziyyətində olan qadını və ana bətnində olan uşağın həyatına qəsd etmə [11, s. 349]. Yalnız belə halda bəlli olacaqdır ki, təqsirkarın niyyəti həm qadının, həm də gələcəkdə dü- nyaya gələcək uşağın həyatına qəsd etməkdir. Bu zaman uşağın sağ qaldığı halda qadının ölməsi, yaxud faktiki səhvə yol verildiyi hallarda hamilə qadını öldürməyə cəhdə görə məsuliyyət müəyyən edilməsi düzgün olacaqdır. Başqa sözlə, qadının həyatı ilə yanaşı olaraq, həm də ana bətnində olan uşağın gələcək həyatı cinayət-hüquqi mühafizəyə malik olmalıdır. Məsələn, ABŞ bir çox ştatı doğulmamış uşağın qanunsuz öldürülməsini adam öldürmə kimi tanıyır. 01 aprel 2004-cü ildə qüvvəyə minmiş “Zorakılıq aktının doğulmamış qurbanları” qanununa əsasən hamilə qadına cina- yətkar qəsd olan zaman qadın, yaxud doğulmamış uşağı öldürülərsə, cinayətkar iki insanın ölümü ilə ittiham edilir [14].

Yekun olaraq qeyd etmək istərdik ki, cinayət qanununun hər hansı bir normasının şərhi və tətbiqi zamanı bu qədər müxtəlif fikirlərin olması hüquqi müəyyənlik nöqteyi-nəzərdən yolver- ilməzdir. Hesab edirik ki, ya qanunda bu norma müəyyən dəyişikliyə uğramalı, 120.2.7.-ci maddədə nəzərdə tutulmuş tövsifedici halla birləşdirilərək – iki və ya daha çox şəxsin, habelə təqsirkar şəxs üçün aşkar surətdə hamilə vəziyyətində olan qadının və ana bətnində olan uşağın həyatına qəsd etmə kimi nəzərdə tutulmalıdır. Yaxud da ki, qəsdin məzmunu və istiqamətindən çıxış edərək, bu əməli bitmiş cinayət əməli kimi, CM-nin 120.2.8.-ci maddəsi üzrə tövsiflə razılaşmalıyıq. Bütün hallarda, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu göstərilən qərarda öz tövsiyəsini bir daha dəqiqləşdirməlidir. Həmçinin də Cinayət Məcəlləsinə hüquqi və faktiki səhvin anlayışı, səhvlə bağlı törədilən cinayətlərin tövsifi qaydalarını nəzərdə tutan normaların daxil edilməsi cinayət qa- nunlarının təcrübədə düzgün tətbiqini təmin etmiş olardı.

Tədqiqat üzrə əldə edilən nəticələr.

İlk öncə, qeyd edilməlidir ki, cinayət qanununun hər hansı bir normasının şərhi və tətbiqi zamanı bu qədər müxtəlif fikirlərin olması hüquqi müəyyənlik nöqteyi-nəzərindən yolverilməzdir. Hesab edirik ki, ya qanunda bu norma müəyyən dəyişikliyə uğramalıdır – iki və ya daha çox şəxsin, habelə təqsirkar şəxs üçün aşkar surətdə hamilə vəziyyətində olan qadını və ana bətnində olan uşağın həyatına qəsd etmə kimi nəzərdə tutulmalıdır, yaxud da ki, qəsdin məzmunu və istiqamətindən çıxış edərək, bu əməli bitmiş cinayət əməli kimi CM-nin 120.2.8.-ci maddəsi üzrə tövsiflə razılaşmalıyıq. Bütün hallarda, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu göstərilən qərarda öz tövsiyəsini bir daha dəqiqləşdirməlidir. Həmçinin də Cinayət Məcəlləsinə hü- quqi və faktiki səhvin anlayışı, səhvlə bağlı törədilən cinayətlərin tövsifi qaydalarını nəzərdə tutan normaların qanuna daxil edilməsi cinayət qanunlarının təcrübədə düzgün tətbiqini təmin etmiş olardı.

İstifadə olunan mənbələr:

  1. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin Kommentariyası, Bakı: Hüquq Yayın Evi, 2023, I hissə - 788 s., II hissə - 872 s.

  2. Azərbaycan Respublikasının Cinayət Məcəlləsi (1999-cu il iyulun 26-a olan dəyişiklik və əlavələrlə). Bakı: Hüquq ədəbiyyatı, 1999, 280 s.

  3. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarlar məcmuəsi (1991-2016). Bakı: MSV NƏŞR, 2017, 479 s.

  4. Андреева Л.А. Квалификация убийств, совершенных при отягчающих обстоятель- ствах, СПб: Юридический ин-т Генеральной прокуратуры Российской Федерации, 1998, 54 с.

  5. Бородин С.В. Преступления против жизни, СПб: Юридический центр Пресс, 2003, 467 с.

  6. Дядюн К.В. Квалификация убийства заведомо беременной женщины в условиях фактической ошибки: проблемы и решения// Universum: экономика и юриспруден- ция, 2015, с.11-12

  7. Капинус О.С. Убийства: Мотивы и цели. Москва: импэ-паблиш, 2004. -312 с.

  8. Краев Д.Ю. Уголовная ответственность за убийство женщины, заведомо для винов- ного находящейся в состоянии беременности//Уголовное право и криминология,2016, No1 (18), с.20-25

  9. Лопашенко Н.А. Исследование убийств: закон, доктрина, судебная практика, Москва: Юрлитинформ, 2018, 656с.

  10. Попов А.Н. Убийства при отягчающих обстоятельствах, Санкт-Петербург, 2003, 898c.

  11. Рарог А.И. Проблемы квалификации преступлений по субъективным признакам, Москва: Проспект, 2016, 232 с.

  12. Самедова Ш.Т. Уголовное право Азербайджанской Республики. Особенная часть: в двух томах. Учебник. Баку: Адильоглы, 2020, том 1, 824 с.

  13. Энциклопедия уголовного права, т.4, СПб: изд.проф.Малинина, 2005, 797 с.

  14. http//www.nrlc/org/uploads/stateleg/StateHomicidelaws.pdf

  15. http//www.nrlc/org/site/federalunbornvictims/statechallenges

 

Məleykə Bayramova

Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Cinayət hüququ və kriminologiya kafedrasının dosenti,

hüquq üzrə fəlsəfə doktoru. (maleyka-bdu@mail.ru)

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.