Şriftin ölçüsü :
Saytın rəngi :
Beynəlxalq ticarəti asanlaşdırmaq və xarici iqtisadi fəaliyyət iştirakçılarının maraqlarını qorumaq üçün malların və nəqliyyat vasitələrinin gömrük sərhədlərindən daha sürətli və asan yolla keçirilməsini nəzərdə tutan sistemlərin işlənib hazırlanması və buna nail olmaq üçün milli qanunvericiliklərin unifikasiyası işini sürətləndirmək dövlətlərin gömrük siyasətinin prioritet istiqamətlərindəndir .
Məqalədə bu məqsədlə yaradılan bəzi yeni institutlar, xüsusən də gömrük brokerləri və səlahiyyətli iqtisadi operatorlar institutu təhlil edilir, onların tətbiqi zamanı yaranan problemlər və bu problemlərin həlli üçün milli və beynəlxalq qanunvericilikdə edilə biləcək dəyişikliklər barədə araşdırma aparılır.
Məqalədə gömrük brokerliyi institutu gömrük təmsilçiyinin dolayı forması kimi fərqləndirilir, onun tətbiqinin normativ əsaslarından bəhs edilir, məqsədləri və qarşısında duran vəzifələr müəyyənləşir .
Qeyd edilir ki, gömrük brokerliyi institutu xarici ticarət əlaqələrinin inkişafında mühüm əhəmiyyətə malik yeniliklərdən biridir, lakin onun tətbiqində təcrübədə müəyyən çətinliklər vardır. Bu çətinliklər, bir qayda olaraq, gömrük broker şirkətlərinin inhisarçılığında və gömrük orqanlarının vəzifəli şəxsləri ilə gizli sövdələşməyə girərək xarici iqtisadi fəaliyyət iştirakçılarının maraqları əlaeyhinə qərarlar qəbul edilməsində özünü biruzə verir. Bu problemlərin aradan qaldırılması üçün gömrük sahəsində qəbul edilmiş beynəlxalq konvensiyalar hər gömrük buraxılış məntəqəsində azı iki gömrük broker şirkətinin təmsil olunmasını, gömrük broker şirkətləri ilə gömrük orqanlarının vəzifəli şəxslərinin qarşılıqlı əlaqəli şəxslər qrupunda olmaması üçün tədbirlər görülməsini nəzərdə tutan normaların daxil edilməsini tövsiyə edirlər.
Məqalədə bəhs edilən digər qrup şəxslər olan Səlahiyyətli İqtisadi Operatorlar institutu gömrük brokeri institutundan daha gənc institutdur. Onun tətbiqinin nəzəri və normativ əsasları, tarixi, Azərbaycan Respublikasının gömrük qanunvericiliyinə daxil edilməsi barədə məqalədə təhlil aparılır. Səlahiyyətli İqtisadi Operatorlar institutunun tətbiqi zamanı meydana çıxan və gələcəkdə çıxa biləcək problemlər, qanunvericilikdəki boşluqlar araşdırılır, onların aradan qaldırılması üçün təkliflər verilir.
Açar sözlər: gömrük təmsilçiliyi, gömrük daşıyıcıları, gömrük brokeri, xarici iqtisadi fəaliyyət, səlahiyyətli iqtisadi operatorlar, Ümumdünya Gömrük Təşkilatının Çərçivə Standartları, dövlətin gömrük işinin təşkilində risklərin idarə olunması sistemi, gömrük dəhlizləri.
Tədqiqatın aktuallığı və əsas istiqamətləri.
Xarici ticarət əlaqələrinin inkişaf etdirilməsi bütün dövlətlər kimi Azərbaycan Respublikasının da iqtisadi siyasətinin mərkəzi ideyalarından biridir. Bunun bir çox səbəbləri vardır, lakin əsas səbəbi dövlətlərin fiskal (büdcə) maraqlardır. Təsadüfi deyil ki, Azərbaycan Respublikasının Dövlət büdcəsi haqqında 2023-cü il tarixli qanunu təhlil edərkən görmək olar ki, 2023-cü il üçün gəlir mənbələrinin növlərini qruplaşdırdıqda xarici iqtisadi fəaliyyət iştirakçılarının ödədiyi vergilər və digər ödəmələr büdcənin əhəmiyyətli hissəsini təşkil edir [2].
Odur ki, beynəlxalq səviyyədə qəbul edilmiş yeni sxemlərin milli qanunvericilikdə tətbiqi dövlətin gömrük siyasətinin formalaşmasında qarşıda duran prioritet istiqamətlərdəndir. Lakin bu
zaman, həmin güzəşt sxemlərinin milli və iqtisadi təhlükəsizlik məqsədlərinə zidd olmamasına diqqət yetirilməli, qanunvericilikdə yeni normalar tətbiq edilərkən bu nüanslar mütləq nəzərə alınmalıdır.
Bu isə tədqiqatın aktuallığını xarakterizə edən əsas amillərdəndir.
Tədqiqatın elmi yeniliyi.
Elmi yenilik bir neçə istiqamətdə müəyyən edilə bilər.
İlk növbədə, xarici ticarət əlaqələrinin tənzimlənməsi münasibətlərinin normativ bazasının təkmilləşməsidir ki, bu da tədqiqatın əsas obyektini təşkil edir.
Azərbaycan hüquq ədəbiyyatında Səlahiyyətli İqtisadi Operator institutunun gömrük hüquq münasibətlərinə və ümumiyyətlə, xarici ticarət əlaqələrinə təsiri barəsində araşdırma aparılmamışdır. Səlahiyyətli İqtisadi Operatorlar sisteminin iqtisadi əsasları tədqiqat obyekti olsa da, onun tətbiqinin hüquqi əsasları və tətbiqi zamanı yaranan problemlərin hüquq normaları aspektindən təhlili ilk dəfə təqdim edilən məqalədə araşdırılır.
Yuxarıda qeyd olunanlar, elmi ədəbiyyatlarda qarşılıqlı əlaqədə ətraflı təhlil edilmədiyindən mövzunun elmi yeniliyini bir daha əsaslandırır.
Tədqiqatın əsas məzmunu.
Gömrük hüquq münasibətləri iştirakçıların tərkibindən asılı olaraq sadə və mürəkkəb ola bilir. Sadə gömrük hüquq münasibətlərində bir tərəfdə gömrük orqanı, digər tərəfdə isə Xarici İqtisadi Fəaliyyət iştirakçısı iştirak edirsə, mürəkkəb gömrük hüquq münasibətlərində bu iki iştirakçı arasında vasitəçi, yaxud yardımçı rola malik spesifik subyektlər də olurlar [11, s.37]. Bu spesifik subyektlər bir qayda olaraq, gömrük brokerləri, gömrük daşıyıcıları və səlahiyyətli iqtisadi operatorlardır. Onların hər biri xüsusi əlamətlərə cavab verən və qanunvericiliyə uyğun olaraq səlahiyyət verilmiş ixtisaslı şəxslərdir, bu statuslarının verilməsi, dayandırılması və ləğv edilməsi qanunvericiliyin tələblərinə uyğun olaraq həyata keçirilir.
Mürəkkəb gömrük hüquq münasibətlərinin ən çox rast gəlinən iştirakçılarından biri gömrük təmsilçiləridir. Gömrük təmsilçiləri birbaşa, yaxud dolayı formalarda təzahür edə bilirlər. Gömrük təmsilçisi təmsil edilən şəxsin tapşırığı ilə onun adından və onun mənafeləri üçün hüquq münasibətində iştirak edirsə birbaşa, təmsil edilən şəxsin tapşırığı ilə öz adından və onun mənafeləri üçün çıxış edirsə dolayı təmsilçi sayılır.
Gömrük təmsilçiləri malları və nəqliyyat vasitlərini gömrük sərhədindən keçirən şəxslərə mülki-hüquqi müqavilə əsasında xidmət göstərən şəxslərdir. Onların içərisində dolayı təmsilçilik sayılmaqla, brokerlik institutu xüsusi əhəmiyyətə malikdir.
Bazar iqtisadiyyatı şəraitində gömrük münasibətlətinin tənzimlənməsində gömrük brokeri institutu vacib rola malikdir. Gömrük brokerinin əsas məqsədi xarici iqtisadi fəaliyyət iştirakçılarına gömrük rəsmiləşdirilməsində kömək edən, bununla da onun həyata keçirilməsini tezləşdirən və ləngimə riskini azaldan bir mexanizmin yaradılmasını təmin etməkdir.
Geniş mənada broker vasitəçi deməkdir. Sırf gömrük münasibətlərində broker-malların və nəqliyyat vasitələrinin gömrük ərazisinə gətirilməsi, bu ərazidən aparılması, yaxud tranziti ilə əlaqədar olaraq dolayı gömrük təmsilçiliyini həyata keçirən hüquqi şəxslərdir.
1973-cü il “Gömrük rejimlərinin sadələşdirilməsi və harmonizasiyası barədə” Kioto Konvensiyası gömrük brokerinə gömrük hüquq münasibətlərində “üçüncü şəxs” kimi anlayış verir və ilk dəfə onun hüquqi statusunu beynəlxalq qanunvriciliklə müəyyənləşdirir.
Gömrük brokeri institutu Azərbaycan üçün nisbətən yeni olsa da, dünyada onun tətbiqinin kifayət qədər yaşı vardır. Məsələn, Portuqaliyada və ABŞ-da gömrük brokerləri XIX əsrdən, Kanadada XX əsrin 20-ci illərindən mövcuddur [10, s.43-47].
Azərbaycan Respublikasında gömrük brokeri münasibətləri Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 22-23-cü maddələri ilə tənzimlənir. Gömrük brokerinin fəaliyyəti məcəllə ilə yanaşı, “Gömrük təmsilçiliyi, o cümlədən gömrük brokeri fəaliyyəti tənzimləyən Qaydalar”ın təsdiq edilməsi haqqında Azərbaycan Resubliksının Nazirlər Kabinetinin 2014-cü il 23 yanvar tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş Qaydalarla tənzimlənir. [3]. Gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsi
həyata keçirilərkən, gömrük brokeri malları gömrük sərhədindən müstəqil keçirən şəxsin bütün vəzifələrini yerinə yetirir və onun kimi məsuliyyət daşıyır. Gömrük brokerinin təmsil etdiyi şəxslərlə münasibətləri tərəflər arasında bağlanmış müqavilə ilə tənzimlənir. Qeyd edək ki, şəxs gömrük brokerinin xidmətlərindən imtina edə bilər. Bu halda gömrük orqanının vəzifəli şəxsləri bəyannaməçiyə gömrük bəyannaməsinin tərtib edilməsində, ona müvafiq düzəlişlər edilməsində və malların gömrük rəsmiləşdirilməsi üzrə digər əməliyyatların həyata keçirilməsində yardım göstərirlər. Gömrük broker xidmətləri lisenziya əsaslnda göstərilir və hər gömrük sərhəd buraxılış məntəqəsi üzrə ən azı iki hüquqi şəxsə gömrük brokeri fəaliyyəti üçün lisenziya verir. Bu, brokerlik xidmətlərində inhisarçılığın qarşısının alınması üçün tətbiq edilməli olan imperativ normadır.
Xarici iqtisadi fəaliyyətin tənzimlənməsi zamanı yarana biləcək ləngimələrin qarşısını almaq və bu münasibətləri sürətləndirmək üçün dövlətlər tərəfindən təklif edilən digər mexanizmlərdən biri də Səlahiyyətli İqtisadi Operator institutunun tətbiqidir.
Ümumdünya Gömrük Təşkilatının Çərçivə standartlarına əsasən, Səlahiyyətli İqtisadi Operatorlar elə hüquqi şəxslərdir ki, onlar malların və nəqliyyat vasitələrinin beynəlxalq daşınması ilə məşğul olur və milli gömrük orqanları öz gömrük qanunvericiliklərinə uyğun olaraq, tərəfindən bu cür tanınırlar. Səlahiyyətli iqtisadi operatorlar idxalçılar, ixracatçılar, brokerlər, vasitəçilər, distributerlər və s. ola bilər.
Artıq uzun illərdir ki, beynəlxalq gömrük hüququnda daşımaların təhlükəsizliyi diqqət mərkləzindədir. Səlahiyyətli İqtisadi Operator konsepsiyası bu sistemlərin bir hissəsidir.
Bununla əlaqədar olaraq, Ümumdünya Gömrük Təşkilatı 2005-ci ildə Səlahiyyətli iqtisadi operatorlarla bağlı Çərçivə Standartları müəyyən etmişdir. Belə ki, 2005-ci ilin iyununda Belçikanın Brüssel şəhərində Ümumdünya Gömrük Təşkilatının üzvləri beynəlxalq ticarətin təhlükəsizliyini təmin etmək naminə SAFE (Secure and Facilitate Global Trade)-Çərçivə Standartları qəbul etdilər. Bu standartlar sərhəddən malların keçirilməsi prosesində gömrük orqanları ilə sahibkarlıq subyektlərinin partnyorluğuna əsaslanırdı. 2005-ci ildən bəri bu Çərçivə Standartları vaxtaşırı olaraq təzələnir.
Çərçivə Standartları gömrük sərhədlərində daha yaxşı idarəçiliyi təşkil etmək üçün üçsütunlu iş prinsipini-ayrı-ayrı dövlətlərin gömrük orqanları arasında(custom-to-custom), gömrük orqanları ilə xarici iqtisadi fəaliyyət iştirakçıları arasında (customs-to-business) və gömrük orqanları ilə digər dövlət orqanları (customs-to-other government agensies) arasında əməkdaşlığın səmərəliyinin artırılmasını tövsiyyə edir.
Çərçivə Standartlarının əsas məqsədləri aşağıdakılardır:
• Müəyyənliyi və proqnozlaşdırıla bilənliyi təşviq etmək üçün qlobal səviyyədə təchizat zəncirinin təhlükəsizliyini və asanlaşdırmanı təmin edən standartların yaradılması;
• Bütün nəqliyyat növləri üçün inteqrasiya olunmuş və uyğunlaşdırılmış təchizat zəncirinin idarə edilməsini təmin etmək;
• XXI əsrin çağırış və imkanlarına cavab vermək üçün gömrük orqanlarının rolunu, funksiyalarını və imkanlarını artırmaq;
• Yüksək riskli yüklərin aşkar edilməsi imkanlarının təkmilləşdirilməsi üçün gömrük idarələri arasında əməkdaşlığın gücləndirilməsi;
• Gömrük idarələri arasında əməkdaşlığın gücləndirilməsi, məsələn, məlumat mübadiləsi, nəzarətin qarşılıqlı tanınması, Səlahiyyətli İqtisadi Operatorların qarşılıqlı tanınması;
• Gömrük orqanları ilə beynəlxalq ticarət və təhlükəsizliklə məşğul olan digər dövlət qurumları arasında əməkdaşlığın gücləndirilməsi (məsələn, Vahid Pəncərə sistemi vasitəsilə);
• Gömrük-Biznes əməkdaşlığını gücləndirmək;
• Təhlükəsiz beynəlxalq ticarət təchizat zəncirləri vasitəsilə malların fasiləsiz hərəkətinin təşviq edilməsi [5].
Çərçivə Standartları gömrük orqanları ilə ticarət iştirakçılarının maksimum sadələşdirmə və təhlükəsizlik üzrə əməkdaşlığını həvəsləndirir. Məhz bu sadələşməni və təhlükəziliyi təmin etmək məqsədilə, Sadələşmiş İqtisadi Operatorlar institutunun tətbiqi təklif olunmuşdur.
Bununla əlaqədar, Ümumdünya Gömrük Təşkilatında SİO üzrə metodik göstərişlər işlənmiş, SİO üçün güzəştlər planı işlənib hazırlanmışdır.
Səlahiyyətli İqtisadi Operatorlar üçün nəzərdə tutulmuş bu güzəştlər, əsasən aşağıdakıları nəzərdə tutur:
• yoxlamaların sayının azalmasını;
•Səlahiyyətli İqtisadi Operatorlar üçün beynəlxalq səviyyədə tanınmış yoxlama vasitələrinin tətbiqini;
• qabaqcadan rəsmiləşməni;
• daha yumşaq tələbləri;
• fövqəladə hallarda prioritet xidmətin göstərilməsini və s.
Təhlükəsizlik üzrə Çərçivə standartları 4 əsas elementi özündə birləşdirir:
1. Onlar yüklərin tranzitlə daşınması barədə qabaqcadan məlumat verilməsi qaydalarının va-
hid formaya salınmasını tələb edir.
2. Standartlara üzv olan dövlətlər öz üzərlərinə gömrük yoxlamalarının risklərin idarə olun-
ması prinsipinə uyğun olaraq həyata keçiriləcəyi barədə öhdəlik götürürlər.
3. Üzv dövlətlər risklər yoxlanılarkən yüksək risk qrupuna aid edildiyi təxmin edilən yüklərin
və konteynerlərin ixracı zamanı onları əlavə yoxlamadan, yaxşı olar ki, qeyri-inkluziv detektorlar və rentgenlərdən keçirməyi öhdələrinə götürürlər.
4. Dövlətlər öhdəlik götürürlər ki, bu cür təhlükəsizlik standartlarına cavab verən şirkətlərə müəyyən üstünlüklər tanıyacaqlar.
Yuxarıda qeyd olunan 2-ci element gömrük işinin təşkilinin risklərin idarə olunması sisteminə uyğun olaraq həyata keçirilməsidir. Gömrük yoxlamalarının risk meyarı əsasında həyata keçirilməsi xarici ticarət əlaqələrinin tənzimlənməsi zamanı həyata keçirilən gömrük nəzarətinin əsas prin- siplərindən biridir. Risk meyarlarının müəyən olunması, gömrük nəzarətinin sırf bu risk meyarları əsasında həyata keçirilməsi xarici ticarət əlaqələrinin ləngiməsinin və lüzumsuz müdaxilələrin qarşısının alınması istiqamətində hazırlanmış ən mütərəqqi mexanizmlərdən biridir. Risklərin idarə olunması prinsipi gömrük orqanlarının resurslarının optimal istifadəsinə əsaslanır, gömrük nəzarəti- ni əlavə bürokratik prosedurlardan azad edir. Risklərin idarə olunması gömrük nəzarətinin beynəlx- alq ticarət əlaqələrinə təsirini minimuma salmaq məqsədi güdür.
Gömrük nəzarəti zamanı idarə olunmalı olan riskə Azərbaycan Respublikasının Gömrük Məcələsində leqal anlayış verilmişdir. Azərbaycan Respublikasının Gömrük Məcələsinin 1.0.45-ci maddəsinə əsasən, risk-gömrük qanunvericiliyinin tələblərinin yerinə yetirilməməsi ehtimalıdır [1]. Gömrük orqanları gömrük nəzarətini həyata keçirərkən xarici ticarət fəaliyyətinin ləngiməsinin qarşısını almaq və xarici ticarət əlaqələrinin tənzimlənməsində əlavə yorucu prosedurlardan subyektləri azad etmək üçün riskləri düzgün analiz edə bilməli və qiymətləndirməli, gömrük qanunvericiliyinin pozulma ehtimalını vaxtında və dəqiq aşkar etməlidir.
Gömrük hüquq nəzəriyyəsində Gömrük qanunvericiliyinin pozula bilməsi ehtimalı baxımından risklərin iki forması mövcuddur – açıq və potensial. Açıq-aşkar risk dedikdə, gömrük qanunvericiliyinin artıq pozulması və bu pozulma faktı barədə gömrük orqanlarında məlumatın olması başa düşülür. Potensial risk-hələ özünü göstərməyən, lakin əmələ gələ bilməsi üçün bütün şərtlərin artıq mövcud olması halıdır.
Risk dedikdə, açıq-aşkar qanun pozuntusu faktını şərtləndirən hallardan tutmuş, bəzən ilk baxışdan nəzərə çarpmayan, əhəmiyyətsiz görünə biləcək hadisələr nəzərdə tutula bilər. Risk yarada biləcək hallara beynəlxalq səviyyədə tanınan aşağıdakı formaları misal göstərə bilərik:
• Gömrük bəyannaməsində malın mənşə ölkəsinin konkret ölkə nəzərdə tutulması;
• Daşımanın qeyri-adi marşrutu;
• Malın mənşə ölkəsinin şübhəliliyi - məsələn, bu növ mallar adətən bu ölkələrdən gəlmir; • Malların və nəqliyyat vasitələrinin gömrük sərhədinə gecə daxil olması;
• Daşıyıcının daha əvvəllər gömrük qanunvericiliyini pozması və s. [12, s.114].
Azərbaycan Respublikasının gömrük qanunvericiliyində gömrük nəzarətin risklərin idarə olunması sistemi əsasında həyata keçirilməsi təsbit olunmuşdur. Azərbaycan Respublikasının Gömrük Məcələsinin 92.5-ci maddəsində göstərilir ki, gömrük nəzarəti formaları seçilərkən
Məcəllənin 100.2-ci maddəsində müəyyən edilmiş qaydada yaradılan riskin idarə edilməsi sistemindən istifadə olunur [1]. Risk qiymətləndirilməsinin nəticələrinə uyğun olaraq, Azərbaycan Respublikasında malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi zamanı 4 növ dəhliz – Yaşıl dəhliz, Mavi dəhliz, Sarı dəhliz, Qırmızı dəhliz-dəhlizlər sistemi müəyyən edilmişdir ki, onların tətbiqi, tənzimlənməsi qaydaları Azərbaycan Respublikasının Prezidentinin fərmanı ilə təsdiq edilmiş “Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən istifadə Qaydaları” ilə həyata keçirilir. Bu dəhlizlərin fərqlənməsi, onlara fərqli rejimlərin tətbiq edilməsi xarici iqtisadi fəaliyyət iştirakçılarının malları və nəqliyyat vasitələrin gömrük sərhədlərindən keçirilməsini asanlaşdırmaq və gömrük nəzarət tədbirlərini ticarət əlaqələrinə ziyan vurmadan həyata keçirmək məqsədi daşıyır.
Risklərin idarə olunması, risk meyarlarının müəyyən edilməsi ilə bağlı məsələlər məcəllədən əlavə "Ümumi risklərin idarə edilməsi Qaydaları"nın təsdiq edilməsi barədə AR DGK-nın Kollegiya qərarı ilə tənzimlənir [7].
Ümumdünya Gömrük Təşkilatının Çərçivə Standartları SİO proqramlarının milli səviyyədə qanunvericiliyə implementasiyasının aşağıdakı mərhələlərini nəzərdə tutur: ön faza və analizlər, strateji planlaşdırma, pilot icra, monitorinq və qiymətləndirmə, genişləndirmə, tətbiq, sonrakı layihələr, bütün layihələrin tətbiqi, tamamlama.
Ölkəmizdə Səlahiyyətli İqtisadi Operator (SİO) institutu 2011-ci ildə yeni məcəllənin qəbulu ilə tətbiq olunmağa başlanmışdır. Belə ki, məcəllənin 31 və 32-ci maddələri Azərbaycan Respublikasında Səlahiyyətli iqtisadi operatorların statusu, SİO statusu verilməsi üçün şərtləri nəzərdə tutur. Qeyd olunur ki, səlahiyyətli iqtisadi operator - malların təyinat yerinə çatdırılmasının təhlükəsizliyinin təmin edilməsi və xarici ticarətin asanlaşdırılması məqsədilə gömrük nəzarətinin sadələşdirilmiş forma və üsullarından istifadə edən hüquqi şəxsdir. Səlahiyyətli iqtisadi operator statusu almaq üçün hüquqi şəxs aşağıdakı şərtlərə cavab verməlidir:
•malların təyinat yerinə çatdırılmasının Ümumdünya Gömrük Təşkilatının müəyyən etdiyi təhlükəsizlik normalarına və standartlarına uyğun olaraq təmin edilməsi imkanının mövcudluğu;
• gömrük və vergi qanunvericiliyinin tələblərinə riayət etməsi;
•gömrük nəzarəti baxımından əhəmiyyət kəsb edən kommersiya və nəqliyyat sənədlərinin idarə edilməsinə dair qənaətbəxş sistemin olması;
• gömrük ödənişlərini və digər ödənişləri həyata keçirmək üçün maliyyə imkanlarının olması; • fəaliyyət göstərdiyi sahədə azı 2 (iki) il təcrübəsinin olması;
• müvafiq təhlükəsizlik və mühafizə standartlarının tətbiqi imkanlarının olması;
• informasiya mübadiləsini lazımi səviyyədə təmin edən texniki bazasının olması.
Məcəlləyə uyğun olaraq, SİO statusunun alınması, müvəqqəti dayandırılması və ləğv edilməsi qaydaları 27 avqust 2013-cü ildə təsdiq edilmiş Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı ilə müəyyənləşir [4].
Səlahiyyətli İqtisadi Operator institunun tətbiqi zamanı yaranan ən böyük problemlərdən biri odur ki, malların və nəqliyyat vasitələrinin SİO-larla daşınması zamanı dövlətlər onlara əlavə heç bir güzəşt, yaxud üstünlük tanımırlar, sadəcə gömrük rəsmiləşdirilməsinin sadələşmiş üsullarından istifadə hüququnu verməklə kifayətlənirlər. Hesab edirik ki, Səlahiyyətli İqtisadi Operator institutunun daha səmərəli fəaliyyəti üçün istər onun əsas fəaliyyət istiqamətlərini müəyyən edən Çərçivə Standartlarında, istərsə də milli qanunvericiliklərdə onlara gömrük sərhədərindən sürətli keçiddən savayı, gömrük rəsmiləşdirilməsi zamanı və gömrük ödənişlərinin ödənməsi zamanı müəyyən güzəşt və üstünlüklərin tanınması tətbiq edilməlidir.
Tədqiqat üzrə əldə edilən nəticələr.
Aparılan tədqiqatla əlaqədar aşağıdakı mühüm nəticələrin irəli sürülməsi zəruri hesab edilə
-Xarici ticarət əlaqələrinin inkişafı üçün beynəxalq sənədlərlə təklif edilən güzəşt mexanizmlərinin tətbiqi təşviq edilməlidir;
- Xarici iqtisadi fəaliyyət iştirakçılarının fəaliyyətinin ləngiməsinin qarşısını almaq üçün dövlətlərin milli gömrük qanunvericiliklərinin unifikasiyası prosesi sürətlənməlidir;
- Səlahiyyətli İqtisadi Operator kimi mexanizmlərin təcrübədə tətbiqini təşviq etmək üçün onlara əlavə gömrük güzəştləri tətbiq edilməlidir;
- Beynəlxalq gömrük müqavilələrində və digər sənədlərdə təklif edilən güzəştli sxemlər milli qanunvericiliyə implementasiya edilərkən milli və iqtisadi təhlükəsizlik ideyaları ilə birgə tətbiqi həyata keçirilməlidir.
İstifadə olunmuş ədəbiyyat siyahısı:
1. Azərbaycan Respublikasının Gömrük Məcəlləsi. https://e-qanun.az/framework/46957
2. Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında Azərbaycan Respublikasının Qanunu https://e-qanun.az/framework/53084
3. Əliyeva Ə.Ə. Gömrük hüququ. Dərs vəsaiti. Bakı, Qanun 2016, 80 s.
4. Əliyev E.Ə., Əliyev V.İ. Gömrük işinin təşkili. İqtisadi və hüquqi əsaslar. Bakı, 2015, 816s.
5. “Gömrük təmsilçiliyi, o cümlədən gömrük brokeri fəaliyyətini tənzimləyən Qaydalar”ın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasi Nazirlər Kabinetinin Qərari. https://e- qanun.az/framework/2686
6. “Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən istifadə Qaydaları"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı https://e-qanun.az/framework/32855
7. “Səlahiyyətli Iqtisadi Operator Statusunun Verilməsi, Müvəqqəti Dayandırılması Və Ləğv Olunması Qaydaları”Nın Təsdiq Edilməsi HaqqındaAzərbaycan Respublikasi Nazirlər Kabinetinin Qərari. https://frameworks.e-qanun.az/26/c_f_26551.html
8. SAFE frameworks of Standards. https://www.wcoomd.org/- /media/wco/public/global/pdf/topics/facilitation/instruments-and-tools/tools/safe-package/safe-framework-of-standards.pdf
9. Ümumi risklərin idarə olunması Qaydalarının təsdiqi haqqında AR DGK-nin kollegiya qərarı. https://e-qanun.az/framework/48334
10. Буваева Н.Э. Международное таможенное право. Москва, 2005, 376с.
11. Таможенное право. Учебник. отв.ред. А.Ф.Ноздрачев. Москва, 2007, 688с.
12. Таможенное право. Учебник. Отв.ред.О.Ю.Бакаева. Москва, Норма, 2009, 705с.
13. Таможенное дело: Уч.пос.О.В.Молчанова. Ростов-на-Дону.2007.317с.
Əsmər Əliyeva
Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Mülki proses və kommersiya hüququ kafedrasının müdiri,
hüquq üzrə fəlsəfə doktoru, dosent. (asmer_1985@yahoo.com)