Şriftin ölçüsü :
Saytın rəngi :
Azərbaycan dövlətinin hüquq siyasətinin mühüm tərəflərindən biri, insan və vətəndaşın konstitusion hüquqi yardım almaq hüququnun təmin edilməsidir. Hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ öz mahiyyətinə görə insan və vətəndaşların hüquq və azadlıqlarının həyata keçirilməsinin vacib təminatıdır ki, bu hüququn müdafiə sistemində rolu nəzərə alınmaqla ona dair təminatların qanunvericilik əsaslarının müəyyən edilməsi mühüm əhəmiyyətə malikdir. Bu mənada, məqalədə yüksək keyfiyyətli hüquqi yardım anlayışı, onun xüsusiyyətləri, normativ məzmunu, konstitusion əsasları və təşkilati-hüquqi mexanizmləri bu sahədə qəbul edilmiş beynəlxalq müqavilələrlə sıx qarşılıqlı əlaqədə təhlil edilir, Azərbaycan Respublikasında yüksək keyfiyyətli hüquqi yardımın göstərilməsi sahəsində münasibətləri tənzimləyən qanunvericiliyin inkişafı və mövcud vəziyyəti müzakirə olunur, qanunvericiliyin tətbiqi zamanı yaranan müəyyən problemlər, onun təkmilləşdirilməsi ilə bağlı təkliflər, tövsiyələr və s. irəli sürülür. Yaşayış yerindən və ya digər hallardan asılı olmayaraq, hər bir vətəndaşa istənilən hüquqi məsələlər üzrə yüksək keyfiyyətli hüquqi yardım almaq imkanının təmin edilməsi istiqamətində qanunvericiliyin dəyişdirilməsi prinsipial əhəmiyyət kəsb edir.
Məqalədə, həmçinin vətəndaşlara yüksək keyfiyyətli hüquqi yardım göstərilməsi ilə bağlı müvafiq beynəlxalq standartlar, həlli tələb olunan bir sıra problemlər müəyyən edilir. Nəticə etibarilə, yüksək keyfiyyətli hüquqi yardımın beynəlxalq-hüquqi və təşkilati-hüquqi əsasları əhalinin hüquqi məlumatlandırılması və hüquqi maarifləndirilməsi üzrə fəaliyyətin genişləndirilməsini tələb edir. Bundan əlavə, məqalədə vəkillər tərəfindən şəxslərə yüksək keyfiyyətli hüquqi yardım göstərilməsi onların fəaliyyətinin prioritet sahəsi kimi qeyd olunmaqla, Azərbaycan Respublikasında vəkillik institutunun hüquqi təminatları, cinayət prosesində vəkilin insan hüquqlarının müdafiəsi fəaliyyətinin səmərəliliyi ilə qanunda nəzərdə tutulmuş prosessual imkanlar və onun tətbiqinin müəyyən edilmiş təcrübəsi arasında əlaqə araşdırılır. Həmçinin insan hüquq və azadlıqlarının, təşkilatların, cəmiyyətin və dövlətin maraqlarının müdafiəsi prosesində vəkillik peşəsinin əhəmiyyəti, vətəndaşların ayrı-ayrı kateqoriyalarına vəkillər tərəfindən ixtisaslı, o cümlədən pulsuz hüquqi yardımın göstərilməsinin əsasları və şərtləri nəzərdən keçirilməklə vəkilin hüquqi yardımın göstərilməsində peşəkar və işgüzar keyfiyyətlərinin əhəmiyyəti üzə çıxarılır.
Sonda, yüksək keyfiyyətli hüquqi yardım almaq hüququnun əsas təminatçısı kimi vəkilliyin cəmiyyət və dövlət həyatında nə qədər mühüm əhəmiyyətə malik olduğu göstərilməklə, bir sıra nəzəri və praktiki təkliflər irəli sürülür ki, bunlardan da ən əsası vəkillik institutunun inkişafı və təkmilləşdirilməsi istiqamətində kompleks hüquqi xarakterli tədbirlərin həyata keçirilməsi, hüquq müdafiəçilərinin hüquqi statusunu müəyyən edən ayrı-ayrı qanunvericiliklərin vahid aktda kodifikasiyasıdır .
Açar sözlər: insan və vətəndaş hüquqları, keyfiyyət anlayışı, yüksək keyfiyyətli hüquqi yardım, pulsuz hüquqi yardım, təşkilati-hüquqi təminatlar, vəkillik institutu, ədalət mühakiməsi, şəxsin müdafiə hüququ, dövlətdaxili qanunvericilik, beynəlxalq standartlar.
Tədqiqatın aktuallığı və əsas istiqamətləri.
Sovet hakimiyyəti illərində Azərbaycanda qəbul olunmuş əsas qanunlardan fərqli olaraq, yeni Konstitusiya ədalət mühakiməsinin həyata keçirilməsi, eləcə də vətəndaşların müdafiə hüququnun təminatına xüsusi önəm vermişdir. Konstitusiyanın qəbulundan sonra ona edilmiş əlavə və dəyişikliklərlə (24.08.2002, 18.03.2009, 26.09.2016-cı illər) insan hüquq və azadlıqları ilə bağlı normalar genişləndirilmiş, bu hüquqların real təminatının əsası olan hüquqi dövlət-sosial dövlət münasibətləri meydana gəlmiş, Azərbaycan Respublikasının sosial dövlət quruculuğu istiqamətində vətəndaşlar qarşısında daha ciddi öhdəlik götürməsinin qanunvericilik əsasları müəyyən edilmiş, dövlət hakimiyyət orqanlarının fəaliyyətinin əlaqələndirilməsi və daha da təkmilləşdirilməsi, dövlətimizin beynəlxalq cəmiyyətə daha sürətli inteqrasiyasının konstitusion əsasları inkişaf etdirilmişdir.
Əlbəttə ki, insan hüquqlarının müdafiəsi sistemində xüsusi yeri olan hüquqi yardım almaq hüququna dair təminatlar da dövlətin öz üzərinə götürdüyü öhdəliklərin tərkib hissəsidir. Belə ki, bir çox ölkələrdə vətəndaşların hüquqlarının müdafiə və mühafizəsinə yönəlmiş mürəkkəb mexanizmlərin yaradılmasına və fəaliyyət göstərməsinə baxmayaraq, vətəndaşların hüquqları yenə də tez-tez pozulur, onların müdafiə vasitələri isə heç də həmişə səmərəli olmur. Bununla bağlı ictimaiyyət qarşısında həm fəaliyyət göstərən institutların təkmilləşməsi problemi, həm də şəxsiyyətin hüquqlarını qoruyan və ona zəmanət verən yeni institutların yaradılması məsələsi dayanır. Söhbət, dövlət maraqlarının müdafiə edilməsinə deyil, yalnız insan hüquqlarının müdafiəsinə əsaslanaraq məmurların fəaliyyətinə nəzarət edən yeni demokratik institutun inkişafından gedir. Azərbaycan Respublikasının hüquqi islahatlar praktikası dediklərimizə əyani sübutdur. Belə ki, 26 sentyabr 2016-cı il tarixdə ümumxalq səsverməsi yolu ilə Azərbaycan Respublikası Konstitusiyasına daxil edilən hər kəsə münasibətdə “hüquq və azadlıqların inzibati və məhkəmə təminatı” və əsasən də qanunvericiliyə məzmunca müasir demokratik ruh gətirən “özbaşınalıqdan müdafiə və vicdanlı davranış hüququ” adlı konstitusion normalar dövlət orqanlarının vətəndaşlar qarşısında məsuliyyətini artırmaqla, sosial dövlətə rəvac verən inkişaf göstəricisi kimi vətəndaş-dövlət münasibətlərində kompromis kimi çıxış edir. Bundan başqa, dövlət qulluqçularının məsuliyyətinin artırılması barədə geniş tədbirlərin görülməsi də sosial-hüquqi münasibətlərin tənzimlənməsində mühüm əhəmiyyət kəsb edir.
Qeyd edilən istiqamətdə, “hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ”nun insan hüquqlarının müdafiə sistemində rolu nəzərə alınmaqla, ona dair təminatların qanunvericilik əsasları müəyyən olunmalıdır. Çünki insan və vətəndaşın konstitusion hüquqi yardım hüququnun təmin edilməsi Azərbaycan dövlətinin hüquq siyasətinin mühüm tərəfini ehtiva edir. Şübhəsiz ki, ictimai münasibətlərin hüquqi nizamasalma mexanizminin dəqiqliyi və səmərəliliyi hüquq normalarının düzgün təfsirindən və hüquqi nizamasalma subyektlərinin hüquq düşüncəsi səviyyəsindən asılıdır. Başqa cür desək, hüquq normasının həqiqi mənasının dərindən dərk edilməsi, qüvvədə olan qanunvericiliyin məzmunun rəsmi şərhini bilmək, ictimai münasibətlərin hüquqi tənzimlənməsinin keyfiyyətini xeyli yüksəldir. İctimai münasibət iştirakçılarının hüquq düşüncəsi nə qədər yüksək olarsa, hüquqi nizamasalma mexanizmi bir o qədər etibarlı işləyər.
Cəmiyyətin həyatında hüquqi yardım göstərən şəxslər dairəsi genişdir və buraya, vəkillər, hüquqşünas olan ayrı-ayrı fiziki şəxslər, hüquqi xidmət göstərən hüquqi şəxslər, qanuni nümayəndələr, hüquq klinikaları və s. daxildir ki, onların fəaliyyətinin hüquqi əsası qanuna və ya belə kateqoriyalı işlər üzrə müqavilə və nizamnaməyə əsaslanır, ya da peşə bacarıqları buna imkan verir və belə əsaslar həmin subyektlər tərəfindən hüquqi xidmətin həyata keçirilməsi sahəsində hüquq bərabərsizliyini istisna edir. Burada maraq kəsb edən əsas məsələ isə, hüquqi yardım almaq hüququ çərçivəsində keyfiyyət göstəriciliyinə dair realizə təminatları ilə bağlıdır. Həmin subyektlər üzrə həyata keçirilən hüquqi yardım işində “keyfiyyət” dəyərlərinin müəyyən olunması isə, dövlət təminatı olaraq hüququn realizəsi baxımından xüsusi önəm kəsb edir. Lakin bu hüququn normativ məzmununun, o cümlədən hüquqi yardımda “yüksək keyfiyyət” elementlərinin verilməməsi qeyri- müəyyənliyə yol açmaqla, mövcud hüquq münasibətlərində hüquqi tənzimlənməni, o cümlədən “məsuliyyət həddinin” müəyyənləşdirilməsini çətinləşdirir, dövlətin isə hüquq müdafiə
fəaliyyətində müfəssəl nəzarət imkanlarını zəiflədir. Mövcud problemlər hüquqi yardım fəaliyyətində “yüksək keyfiyyət” anlayışının müəyyən olunmasını zəruri edir.
Bundan başqa, hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ, ictimai əhəmiyyət baxımdan qiymətləndirilməlidir. Çünki bu hüquq öz mahiyyətinə görə insan və vətəndaşların hüquq və azadlıqlarının həyata keçirilməsinin vacib təminatıdır. Bu hüququn funksiyalarından biri olan preventiv funksiya nəinki şəxsin öz hüquq və azadlıqlarının qanunauyğun həyata keçirilməsinə kömək edir, həmçinin dövlət hakimiyyəti orqanlarının və onların vəzifəli şəxslərinin insan və vətəndaş hüquq və azadlıqlarının qeyri-qanuni məhdudlaşdırılmasına yönəldilmiş hərəkətlərinin qarşısının alınmasına zəmanət verir. Hər bir şəxsin müdafiəçinin köməyindən istifadə etmək hüququ yüksək keyfiyyətli hüquqi yardım almaq hüququnun növü olaraq Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını müdafiə etmək hüququ, azadlıq hüququ, məhkəmə müdafiəsi hüququ) qarşılıqlı əlaqədədir və onların həyata keçirilməsini təmin edir (12). Bundan başqa, cəmiyyət vəkillərin simasında dövlət tərəfindən hər bir insanın hüquqlarına riayət olunmasına çox səmərəli nəzarət etmək iqtidarındadır. Bu isə o zaman reallaşa bilər ki, mövcud hüquq-müdafiə mexanizmləri əlçatan və əlverişli olsun, hüquqi prosedurlar isə aydın və anlaşılan olsun.
Tədqiqatın elmi yeniliyi.
Dövlətlər tərəfindən insanların hüquq mədəniyyətinin artırılmasına yönələn səylərin çoxalmasına baxmayaraq, hüquqi yardım almağa olan ehtiyac öz əhəmiyyətini hələ də saxlamaqla daha da genişlənir. Bu, bir tərəfdən yeni ictimai münasibətlərin forma və məzmun xarakterli dəyişiklikləri ilə əlaqədardırsa, digər tərəfdən, informasiya kommunikasiya texnologiyalarının inkişafı və tətbiqi ilə bağlıdır. Buna görə də praktik olaraq, hər bir şəxsdə potensial və ya real ixtisaslaşmış hüquqi yardıma ehtiyac yaranır. Belə olan halda, hüquq müdafiə fəaliyyətində İKT-nin tətbiqi, belə resurslardan istifadə etməklə inzibati və məhkəmə müdafiəsi hüququnu reallaşdırmaq, yaranmış mübahisəli vəziyyətin perspektivliyinə dair nəticələri öncədən görmək və hüquqi yardım fəaliyyətini qiymətləndirmək imkanlarının əldə edilməsi istiqamətində fəaliyyəti özündə ehtiva edir.
Digər elmi yenilik vəkillik institutunun müasir dövrün tələblərinə uyğunlaşdırılması və onun yeni məzmununun müəyyən olunmasıdır. Bu mənada vəkilliyə aşağıdakı məzmunda anlayış vermək olar: vəkillik, insan hüquqlarının müdafiəsi təminatlarına hesablanmış, ədalət mühakiməsi maraqlarına cavab verən, hüquqi və fiziki şəxslərin peşəkar hüquqi yardım almaqdan ibarət konstitusiya və beynəlxalq hüquqla müəyyən olunan hüquqlarını təmin etməyə yönəlmiş və yüksək keyfiyyət göstəriciliyini özündə ehtiva edən hüquqi fəaliyyətdir, vəkillik təsisatı isə hüquqi xidmət sahəsində dövlət təminatına tam cavab verən vətəndaş cəmiyyəti institutudur.
Tədqiqat işinin başqa bir elmi yeniliyi hüquqi yardım fəaliyyətində yüksək keyfiyyət standartları ilə bağlıdır. Belə ki, yüksək keyfiyyətli hüquqi yardım fəaliyyəti dedikdə, kifayət qədər bilik və təcrübəyə malik olan şəxs tərəfindən qanunla nəzərdə tutulmuş və qanunla qadağan olunmayan bütün müdafiə vasitələri, şəxsin prosessual qanunla nəzərdə tutulmuş hüquqları və müdafiə təcrübəsi nəzərdən keçirilməklə, sübutların əldə edilməsi də daxil olmaqla, müəyyən olunan hüquqlardan maksimum istifadə etməklə şəxsin düşdüyü əlverişsiz vəziyyətin aradan qaldırılması istiqamətində göstərilmiş hüquqi xidmət başa düşülür.
Vəkilliyin müasir dünyada hüquqi dövlət quruculuğu və bazar iqtisadiyyatının inkişafında böyük ictimai rola malik olması istiqamətində əldə edilmiş nəticələr elmi yeniliklə bağlıdır. Əminliklə qeyd etmək olar ki, hüquqi dövlət yaratmaq şərtləri altında, vəkillik və onun nümayəndəlikləri vətəndaşlar arasında hüquq və onun vətəndaş cəmiyyəti və dövlətdə rolu haqqında düzgün təsəvvür formalaşdırırlar. Vəkillik institutunun məşhurluğu və nüfuzu onun statusunu xarakterizə edən və fəaliyyətinin səmərəliliyini təmin edən bir çox əlamətlərlə izah edilir: dövlət və yerli özünüidarəetmə orqanları sistemində müstəqil vəziyyəti ilə, təşkili və fəaliyyətində özünüidarəetməyə, kollegiallığa, insanlarla münasibətlərində konfidensiallığa əsaslanmasında və s. Vəkillik institutu ilə gerçəkləşdirilən müdafiə hüququ şəxsin qanuni maraqlarının təminatı ilə yanaşı, həm də ədalət mühakiməsi maraqlarının təminatıdır (3, s.295,297). Başqa cür desək, "vəkilliyin üzərinə düşən vəzifələr dövlət əhəmiyyəti daşıyır və cəmiyyətin ictimai marağını əks etdirir. Vətəndaşların konstitusiya, cinayət, inzibati və mülki məhkəmə icraatında maraqlarının nümayəndəliyi təkcə bir şəxsin maraqlarının ödənilməsinə deyil, həm də məhkəmə prosesinin çəkişmə prinsipinin təmin olunmasına, həqiqətin əldə edilməsinə, insan hüquqlarının mühafizəsinə və bununla da demokratik hüquqi dövlətin yaradılmasına istiqamətlənib, bu isə təkcə ayrı-ayrı şəxslər üçün deyil, bütövlükdə cəmiyyət üçün prinsipial vacib məqamdır” (7, s.58). Bu mənada vəkillik institutunun inkişafı və təkmilləşdirilməsi istiqamətində kompleks hüquqi xarakterli tədbirlər həyata keçirilməli, hüquq müdafiəçilərinin hüquqi statusunu müəyyən edən ayrı-ayrı qanunvericiliklər vahid aktda cəmlənməlidir (məcəllələşdirilməli).
Tədqiqatın əsas məzmunu.
Azərbaycan Respublikası Konstitusiyasının “Hüquqi yardım almaq hüququ” adlı 61-ci maddəsi hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququnu, qanunla nəzərdə tutulmuş hallarda hüquqi yardımın ödənişsiz, dövlət hesabına göstərilməsini və hər bir şəxsin səlahiyyətli dövlət orqanları tərəfindən tutulduğu, həbsə alındığı, cinayət törədilməsində ittiham olunduğu andan müdafiəçinin köməyindən istifadə etmək hüququ elan edir. Konstitusiyanın qeyd edilən normasının realizəsinin təşkilati-hüquqi mexanizmləri, ayrı-ayrı qanunvericilik aktlarında ifadə olunmaqla daha da inkişaf etdirilmiş və təkmilləşdirilmişdir, o cümlədən yüksək keyfiyyətli hüquq müdafiə təminatlarının gözlənilməsi məqsədilə vəkillik institutu yaradılmışdır. Hüquqi yardım hüququnun konstitusion əsası 61-ci maddədən başqa, Konstitusiyanın Preambulası, 8, 12, 26, 57, 60, 71, 125 və 127-ci maddələr də xüsusi əhəmiyyət kəsb edir və hüquqi yardım fəaliyyətinin ali hüquqi aspektlərini müəyyən edir. Bu istiqamətdə 12-ci maddə xüsusilə qeyd edilməlidir. Belə ki, həmin maddədə insan hüquqlarının qorunması dövlətin ali məqsədi hesab edilməklə, bu hüquqların tətbiqinin dövlətin qoşulduğu beynəlxalq müqavilələrə uyğun olaraq yerinə yetirilməsi müddəası beynəlxalq hüquq normalarının primatlığı barədə konstitusiya təsdiqi olmaqla yüksək keyfiyyətli hüquqi yardım almaq hüququnun, həmçinin bu hüququn realizə institutlarının beynəlxalq standartlara uyğunluğunun əsası kimi çıxış edir. Konstitusiyanın “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının müdafiəsi” adlı 26-cı maddəsinin norması insan hüquq və azadlıqlarının müdafiə edilməsinin mexanizmlərinin mükəmməl sistemini tələb etməklə, bu hüquq və azadlıqların müdafiəsinin üsul və vasitələrinə dair məhdudiyyətlərin qanunla nəzərdə tutulmalı, istənilən halda, hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsi vəzifəsinin dövlətin üzərində olmasını bəyan edir. Qeyd edilən istiqamətdə, “Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı” adlı 60-cı maddəsi də mühüm əhəmiyyət kəsb edir. Konstitusiyanın həmin müddəası, məhkəmə müdafiəsi hüququna təminat verməklə, prosessual qanunla nəzərdə tutulmuş qaydada həyata keçirilən və mülki, cinayət, inzibati və hüququn digər sahələrinin normalarının həqiqi və ehtimal olunan pozuntuları ilə əlaqədar mübahisələrə baxılması və həll edilməsi ilə başa çatan ədalət mühakiməsinə çatımlılığı təmin edir. “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təminatı” adlı 71-ci maddəsinin müddəaları isə insan hüquq və əsas azadlıqlarının müdafiə təminatlarını daha da möhkəmləndirir. Yəni, “hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ”, “hər kəsin özünün seçdiyi vəkilə müraciət etmək, tutulduğu, həbsə alındığı, cinayət törədilməsində ittiham olunduğu andan müdafiəçinin köməyindən istifadə etmək”, “hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək”, “hüquq və azadlıqların inzibati və məhkəmə müdafiəsi” hüquqları insan hüquqları fonunda Konstitusiyanın 71-ci maddəsinin mühafizəsi ilə əhatə olunur. Konstitusiyanın 125-ci maddəsində məhkəmə hakimiyyətinin həyata keçirilməsində, xüsusilə cinayət işləri üzrə ədalət mühakiməsinin yerinə yetirilməsində vacib elementlərdən biri kimi ittiham və müdafiə tərəflərinin iştirakı imperativ norma olaraq müəyyən edilmişdir. Sözügedən normaya uyğun olaraq, cinayət məhkəmə icraatında prokurorluq və müdafiə tərəfi iştirak edir ki, bu da hüquq müdafiə institutunun normativ-hüquqi əsası kimi çıxış edir. Bundan əlavə, Konstitusiyanın 127-ci maddəsində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsip və şərtləri qismində vətəndaşların müdafiə hüququnun təmin olunması və prosesdə vəkilin iştirakına yönəlmiş müddəalar təsbit olunmuşdur ki, bunlara da məhkəmə icraatının çəkişmə
prinsipi əsasında həyata keçirilməsi və məhkəmə icraatının istənilən mərhələsində hər kəsin müdafiə hüququnun təmin olunması aiddir. Göründüyü kimi, dövlət deyil, Konstitusiyanın müəllifi – “Azərbaycan xalqı" müdafiəçiyə (vəkilliyə) ali konstitusiya dəyərlərinin - insan hüquq və azadlıqlarının qorunması üzrə vəzifələrin yerinə yetirilməsini tapşırmışdır.
Hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququnun konstitusiya təsbiti, bu sahədə dövlətin məqsəd və vəzifələrinin hüquqi nizamasalma mexanizmləri vasitəsilə realizəsini zəruri edir. Qanunvericiliklə, müdafiəçi vasitəsilə reallaşan hüquqi yardım almaq hüququnun təşkilati aspektləri vəkillik institutu ilə bilavasitə bağlıdır. Hətta, vaxtilə 1978-ci il Konstitusiyasında (m.173) vəkilliyin əsasları, o cümlədən Vəkillər Kollegiyasının fəaliyyətinin təmini, onun qanunvericilik əsasları, dövlət hesabına hüquqi yardım məsələlərini əhatə edən aşağıdakı məzmunda norma nəzərdə tutulmuşdur: “Vətəndaşlara və təşkilatlara hüquqi yardım üçün vəkillər kollegiyası fəaliyyət göstərir...”. Buna görə də, konstitusion normanın realizəsi baxımından, hüquqi yardım fəaliyyətində “keyfiyyət” xüsusiyyətləri, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun təhlili əsasında nəzərdən keçirilməlidir.
Azərbaycan Respublikası qanunvericiliyinə əsasən, yüksək keyfiyyətli hüquqi yardım vəkillər tərəfindən göstərilir. Bu, onunla şərtlənir ki, hüquqi yardımı göstərən şəxsin ixtisaslılığı (peşəkarlığı) və təcrübəsi, hüquqi yardımın keyfiyyətini şərtləndirən əsas amillərdəndir. Belə ki, ədəbiyyatda (1, s.662-663), keyfiyyət, bir şey və ya şəxsi başqasından fərqləndirən xüsusiyyət, əlamətdir (əsasən, müsbət xüsusiyyət, əlamət), insanın ən yaxşı keyfiyyəti, bir şeyin dəyərlik, yararlıq, ləyaqət dərəcəsi anlamında işlədilir. Başqa cür desək, işin keyfiyyətinin yüksək dəyərliliyi peşəkarlıqla düz mütənasibdir desək, yanılmarıq. Bundan başqa, orta əsr Latın dilindən tərcümədə ixtisaslı ifadəsi “qualificatio” (hansı keyfiyyətdə) və “facere” (etmək) sözlərindən götürülmüşdür (6, s.273). Ümumi anlamda ixtisaslı dedikdə, ali təhsilə, yüksək biliyə, təcrübəyə, xüsusi peşəkarlığa malik olmaq nəzərdə tutulur (8, s.53). Deməli, yüksək keyfiyyətli hüquqi yardım iki aspekti əhatə edir: 1) hüquqi yardımı göstərən şəxsin ixtisaslılığı (peşəkarlığı) və 2) hüquqi yardımın özünün keyfiyyəti. Hüquqi yardım göstərilməsi prosesi başa çatdıqdan sonra onun keyfiyyətli olub-olmaması haqqında fikir söyləmək olar.
“Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun Preambulasında qeyd edilir ki, Qanun Azərbaycan Respublikasında fiziki və hüquqi şəxslərə yüksək keyfiyyətli hüquqi yardımın göstərilməsi üzrə vəkillik fəaliyyətinin əsas prinsiplərini, vəkillərin hüquqi statusunu və onların özünüidarəsinin əsaslarını müəyyən edir. Bu isə o deməkdir ki, vəkillik fəaliyyətinin əsas prinsipləri, vəkillərin hüquqi statusu və onların özünüidarəsinin əsasları yüksək keyfiyyətli hüquqi yardımın təmin edilməsinə səfərbər olunmuşdur (istiqamətləndirilmişdir). Həmçinin, həmin Qanunla (m.1, h.1) Azərbaycan Respublikasında vəkillik hüquq müdafiə fəaliyyətini peşəkarcasına həyata keçirməli olan müstəqil hüquqi təsisat kimi müəyyən edilmişdir ki, bu da yüksək keyfiyyətli hüquqi xidmət göstərməkdə vəkil peşəkarlığını mühüm şərt kimi ifadə edir. Deməli, hüquq müdafiə fəaliyyətində yüksək keyfiyyət, qanunvericilik təminatı ilə yanaşı, peşəkarlıqla da bilavasitə bağlıdır. Bundan başqa, yüksək keyfiyyətli hüquqi yardımın göstərilməsi vəkilliyin əsas vəzifələri kimi müəyyən olunur. Digər tərəfdən, vəkillik fəaliyyətinin qanunvericiliklə nəzərdə tutulmuş geniş dairəsi və çoxşaxəliliyi, vəkilliyin cəmiyyət və dövlət həyatında nə qədər mühüm əhəmiyyətə malik olduğunu göstərməklə, məsuliyyət yükünü də müəyyənləşdirir. Hüquqi yardımın səmərəli realizəsini şərtləndirən, belə xidmət prosesində yaranmış hüquqpozmalardan müdafiə edən, peşə fəaliyyətindən irəli gələn məsuliyyəti müəyyən edən hüquqi normalar məcmusu da hüquqi yardım fəaliyyətində yüksək keyfiyyətə təminat verir. Çünki dövlət idarəetmə fəaliyyətində şəxsin rolu onun hüquq və vəzifələr həddi ilə müəyyən olunur, hüquq, vəzifə və məsuliyyət biri-biri ilə sıx surətdə bağlı olaraq komplekslilik təşkil etməklə peşə fəaliyyətinin keyfiyyət indekslərini müəyyən edir. Qeyd edilməlidir ki, hüquqi yardım göstərən şəxsin qanunvericiliklə və ya müqavilə əsasında vəzifə funksiyalarının dairəsi, yerinə yetirilən işinin keyfiyyət təminatını şərtləndirən mühüm xüsusiyyətlərdən olmaqla, məsuliyyət həddinin müəyyənləşdirilməsi üçün də əsas kimi çıxış edir.
Qanunvericiliklə vəkillik qeyri-dövlət təsisatı hesab olunsa da, bunu dövlətdən kənar fəaliyyət kimi qiymətləndirmək olmaz. Hüquqi yardımı subyektiv hüquqla yanaşı, dövlətin publik hüquqi vəzifələrindən də hesab edən müəlliflər var. İtaliyan hüquq professoru Mauro Kappelletti qeyd edir ki, bütün şəxslərin bərabər səviyyədə hüquqi yardımla təmin edilməsi dövlətin publik öhdəliyidir (9, p.379). Bəzi müəlliflər hüquqi yardım almaq hüququnun realizəsində əsas rolun dövlətə məxsus olduğunu iddia edir. S.Raysın fikrincə, hüquqi yardım dövlət tərəfindən hüquqi informasiyaya, hüquqi konsultasiyaya və müvafiq bilik və təcrübəyə çıxışın və yararlanmanın təmin edilməsidir (11, p.16-20). Hindistanlı müəllif Panikar Meena qeyd edir ki, hüquqi yardım insan hüquqlarının tərkib hissəsi olmaqla, insan hüquqlarının müdafiəsi və insan ləyaqətinin ictimai-hüquqi əsaslarını təşkil edir. Hüquqi yardım göstərilməsi həm dövlətdaxili, həm də beynəlxalq hüquqi əsaslara malik olan hüquqlar kateqoriyasına aiddir (10, p.3-11). Onun fəaliyyəti, dövlətdaxili qanunvericiliklə müəyyən edilən qaydada həyata keçirildiyindən və insan hüquq və azadlıqlarının, həmçinin ədalət mühakiməsinin maraqlarına xidmət etdiyindən elə “dövlət xidməti” məfhumu kimi dərk edilməsinə əsas verir. Qanunvericiliyə görə, vəkilliyin əsas vəzifələri fiziki və hüquqi şəxslərin hüquqlarının, azadlıqlarının və qanunla qorunan mənafelərinin müdafiə edilməsindən və onlara yüksək keyfiyyətli hüquqi yardımın göstərilməsindən ibarət (4, m.3) olduğu üçün vəkil, həmişə özünü sosial-hüquqi institut olan vəkilliyin iştirakçısı (dövlət xidmətçisi, o cümlədən məhkəmə xadimi, istintaq iştirakçısı, müştərinin xilasedicisi və s.) kimi başa düşməli və hiss etməlidir. Məhz bu özünüdərk vəkilliyin əsas təyinatı kimi çıxış edir və onun xüsusi statusunu müəyyənləşdirir. Yəni, vəkilin dövlət xidmətçisi kimi təyinatı öz üzərinə düşən vəzifə borcuna görə dövlət qarşısında məsuliyyətini bilavasitə şərtləndirir. Bu, vəkilin həm də ədalət mühakiməsinin maraqlarına xidmət etmək kimi vətəndaş cəmiyyəti üzvü, insan hüquqlarının müdafiəçisi kimi xüsusi statusundan da irəli gəlməklə “yüksək keyfiyyətli hüquqi yardım” kimi dövlət təminatının tərkib hissəsini təşkil edir. Bundan başqa, vəkillik xidmətinin ictimaiyyətin nəzarəti altında olan fərdi şəxslər tərəfindən, vəkillik fəaliyyəti təsisat olaraq təşkilati-hüquqi məzmun daşıdığından (vətəndaş cəmiyyəti institutu kimi) da vəkillik “dövlət xidməti” kimi səciyyələnir. Lakin vəkillik fəaliyyətinin əsaslandığı müstəqillik prinsipi vəkili “dövlət məmuru” və ya “dövlət qulluqçusu”ndan fərqləndirir. Vəkillik fəaliyyətində bu amillər dövlət maraqları kimi çıxış etdiyindən, vəkil məsuliyyətinin artırılmasını şərtləndirməklə işin keyfiyyət dərəcəsinə də təsir edir.
Vəkil peşə fəaliyyətini həyata keçirərkən bu Qanunla müəyyən edilmiş qaydada öz vəzifələrini mükəmməl icra etməli olması barədə tələb vəkil etikasını (m.18) təşkil edir. İstənilən hüquqi cəmiyyətdə, vəkilə xüsusi rol ayrılması onun vəzifələrinin təkcə öz borcunu qanun çərçivəsində vicdanla yerinə yetirməklə məhdudlaşdırmır, onun qarşısında həm də bütövlükdə qanunçuluq və müştərisinin qanuni maraqları naminə hərəkət etmək vəzifəsi qoyur ki, bu da hüquqi və əxlaqi xarakterli öhdəliklər kompleksi kimi çıxış edir: müştəri qarşısında öhdəliklər; hüquqi yardım göstərdiyi zaman məhkəmə və digər hakimiyyət orqanları qarşısında öhdəliklər; Vəkillər Kollegiyası qarşısında öhdəliklər; qanundan və vəkil etikasından irəli gələn digər həmkarları qarşısında öhdəlikləri; cəmiyyət qarşısında öhdəliklər və s. Buna görə də vəkil, peşəsinin nüfuzunu qorumalı və artırmalı, vəkilin dəqiqliyi və punktuallığı zəruri qayda olmalıdır. Qeyd edilənlər isə, yüksək keyfiyyətli hüquqi yardım təminatını şərtləndirən bir sıra tələblərin vəkillər tərəfindən yerinə yetirilməsini tələb edir, əks halda isə, vəkillik təsisatı öz üzvləri barəsində intizam tənbehi tətbiq edir.
Vəkilin peşəkar fəaliyyətinə hörmətlə yanaşılması, istənilən cəmiyyətdə qanunçuluğun və demokratiyanın əsas şərtidir (2, m.1.1). Bu məqsədlə qanunvericiliklə, vəkillər üçün hüquqi yardım zamanı öz rollarını səmərəli yerinə yetirməsinin təmin olunması, öz peşə borclarını yerinə yetirərkən vəkillərə yardım etmək təşkilati formasından asılı olmayaraq bütün idarə, müəssisə və təşkilatların üzərində bir vəzifə kimi, peşə borcu ilə bağlı hallarla onların sorğu-sual olunmasının, o cümlədən onlarda toplanmış sənədlər və digər sübutların tələb edilməsi və götürülməsinin qadağan edilməsi, vəkil sirrinin mühafizəsi və vəkil toxunulmazlığı məsələlərinin həlli, vəkil peşəsinin həyata keçirilməsində maneələrin aradan qaldırılması yüksək keyfiyyət təminatına hesablanmış təşkilati hüquqi tədbirlər kompleksi kimi çıxış edir.
Qanunvericiliklə vəkil peşəsi üçün qoyulmuş tələblər də bilavasitə bu fəaliyyət üçün mühüm təminatdır. Vəkil ola bilmək üçün nəzərdə tutulan - ali hüquq təhsili, hüquqşünas ixtisası üzrə üç ildən az olmayaraq iş stajı olan və ya elmi və pedaqoji təhsil müəssisələrində hüquq sahəsində üç ildən az olmayan müddətdə fəaliyyət göstərən, İxtisas Komissiyasında peşə yararlılığının müəyyən edilməsi məqsədi ilə yazılı testdən və şifahi müsahibədən ibarət olan ixtisas imtahanını müvəffəqiyyətlə vermiş və müvafiq icra hakimiyyəti orqanının tədris-elm müəssisəsində icbari təlimi müvəffəqiyyətlə bitirmək kimi tələblər (m.8), vəkillik fəaliyyətində peşəkarlığın əsas göstəriciləridir. Məhz belə yüksək peşəkarlıq göstəriciləri ilə fərqlənən müəyyən şəxslər qrupunun (əvvəllər vəkil və ya hakim olmuş şəxslərin şifahi müsahibədən keçməklə, hüquq elmləri doktoru elmi dərəcəsi olan şəxslər, habelə əvvəllər Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi, apellyasiya və kassasiya instansiyası məhkəmələrinin sədri vəzifəsində işləmiş şəxslər) vəkillikdə iştirakı vəkilliyin peşə dəyərliliyinə müsbət impuls verir.
Vəkillər Kollegiyası qanuna və vəkillik etikası qaydalarına vəkillər tərəfindən əməl edilməsinin qarantıdır və bu təminat qurumun vəzifələri fonunda vəkil işinin keyfiyyət göstəriciliyinin günün tələbləri səviyyəsində qaldırılması, onun inkişaf xüsusiyyətlərinin öyrənilməsi və daim təkmilləşdirilməsi istiqamətində özünü ifadə edir. Bu məqsədlə, Vəkillər Kollegiyasının Rəyasət Heyəti, vəkillik fəaliyyətinin həyata keçirilməsi məsələlərinə dair metodik tövsiyələr hazırlayır, vəkillər haqqında intizam icraatı başlayır, vəkillər arasında qanunvericilik və məhkəmə təcrübəsi sahəsində məlumatlandırma işinin aparılmasını təşkil edir ki, bu da vəkillik fəaliyyətində təcrübənin bölüşdürülməsi, məhkəmə təcrübəsinin öyrənilməsi ilə vəkillik fəaliyyətinin keyfiyyət təminatının mühüm tərəflərindən hesab etmək olar.
Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Rəyasət Heyətinin qərarı ilə Vəkillər Akademiyasının yaradılması da yüksək keyfiyyətli hüquqi yardımın inkişafına öz töhfəsini verəcək və mütərəqqi addım vəkillik institutu üçün yeni mərhələnin başlanğıcı kimi qeyd etmək olar. Bu onunla izah oluna bilər ki, müasir dövr vəkilliyi, onun hüquqi məzmun və sosial formalarını müstəqil elm sahəsi kimi müəyyən etməyə imkan verir. Vəkilliyin tərkibində və ondan kənarda olan əlaqə və münasibətlərin dərindən təhlili müəyyən nəticələrə gəlməyə əsas verir ki, həmin nəticələr də öz növbəsində vəkilliyin elmi anlayışının bütöv bir sistemini meydana gətirir. Bu qanunauyğunluqlar öyrənilmədən, hüquq elminin bir sahəsi və praktiki bir fəaliyyət kimi vəkillik səmərəli şəkildə inkişaf edə və sosial cəhətdən əhəmiyyətli nəticələrə arxalana bilməz.
Vəkil işinin yüksək keyfiyyət göstəricisini təmin edən amillərdən biri də bütün vəkillərin daxil olduğu qeyri-dövlət, müstəqil, özünü idarə edən Vəkillər Kollegiyasının fəaliyyət göstərməsi, bu qurumun üzvü olmayan şəxsin isə vəkillik fəaliyyəti ilə məşğul olmasının mümkünsüzlüyü, buna müvafiq olaraq isə, Kollegiyanın Qanunun tələblərinə uyğun olaraq intizam nəzarətini həyata keçirməsi, vəkillərə münasibətdə öz səlahiyyətləri daxilində qanunla nəzərdə tutulmuş qaydada və hallarda cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı nəzarət orqanının funksiyalarını həyata keçirməsi, kollegial idarəetməyə uyğun olaraq vəkillərin Kollegiya qarşısında məsuliyyətinə əsas yaradır. Vəkil yalnız vəkillərin İntizam Komissiyasının rəyinə əsasən Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən intizam məsuliyyətinə cəlb edilir.
Vəkilin peşə fəaliyyətinin yüksək keyfiyyətlə və vicdanla aparması prinsipinə həmişə lazımi qaydada əməl etməli olması tələbi, onun korporativ birlik ruhuna uyğun hərəkət etməsini şərtləndirir ki, bu da müştərilərin maraqları və lüzumsuz mübahisələrdən qaçmaq naminə vəkillərin öz aralarında saxladıqları etimad və əməkdaşlıq münasibətlərini nəzərdə tutur. Vəkillərin peşə vəzifələrini səmərəli və ya keyfiyyətlə yerinə yetirə bilmələri üçün zəruri iş şəraiti, o cümlədən bina və avadanlıqlarla təchiz olunması tələb olunur ki, bu da Vəkillər Kollegiyası tərəfindən təmin olunur. Vəkilin müştəri ilə vəkil arasındakı münasibətlərin konfidensiallığının təmin edilməsi, habelə istifadə edilən elektron rabitə vasitələrinin və informasiya sistemlərinin müdaxilədən müdafiə olunmasının təmin edilməsi də bunun tərkib hissəsidir.
Vəkilliyə namizədlərin bu Qanunda nəzərdə tutulmuş tələblərə uyğunluğu və peşə hazırlığının müəyyən edilməsi üçün beş vəkil, üç hakim və üç hüquqşünas alimdən ibarət tərkibdə fəaliyyət
göstərən, Əsasnaməsi Vəkillər Kollegiyasının Ümumi yığıncağı tərəfindən qəbul edilən İxtisas Komissiyasının fəaliyyəti (m.13), onların müvafiq olaraq Vəkillər Kollegiyasının Rəyasət Heyəti, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu və Ədliyyə Nazirliyi tərəfindən təyin olunması da vəkil peşəkarlığında və keyfiyyətli hüquqi yardım təminatında mühüm rol oynayır. İxtisas Komissiyası vəkilliyə namizədlərin peşə yararlılığının müəyyən edilməsi məqsədi ilə mütləq ixtisas imtahanı qəbul edir, zəruri hallarda baxılan məsələlər üzrə dövlət orqanlarından, digər hüquqi və fiziki şəxslərdən müvafiq sənədlər və məlumatlar tələb edir.
Vəkillər Kollegiyasına üzv qəbul olunmuş şəxsin Kollegiyanın Rəyasət Heyətinin iclasında Azərbaycan Respublikasının Dövlət bayrağı önündə "Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməklə vəkil vəzifələrimi müstəqil olaraq şərəflə və vicdanla yerinə yetirməyə, ədalətli və prinsipial olmağa, insan hüquq və azadlıqlarını mərdliklə və dönmədən müdafiə etməyə, peşə sirrini qorumaq” barədə and içməsi barədə Qanunvericilik təminatı (m.14) peşə dəyərlərinin qorunub saxlanmasında mühüm əhəmiyyəti vardır.
Vəkil peşəkarlığını və işinin keyfiyyətini təmin edən amillərdən biri də vəkillər tərəfindən göstərilən hüquqi yardımın ixtisaslaşmasının və daha da təkmilləşdirilməsinin təmin edilməsidir. Belə ki, Qanunun 16-1-ci maddəsinə müvafiq olaraq, vəkillər mütəmadi olaraq müvafiq icra hakimiyyəti orqanının tədris-elm müəssisəsində peşə hazırlığına və ixtisasının artırılmasına cəlb edilirlər.
Hüquq müdafiə forması prosessual xarakterli kateqoriyadır ki, bu da müəyyən qaydalar məcmusunun mövcudluğunu şərtləndirir. Bu mənada, vəkillərin prosessual hüquq və vəzifələrinin Azərbaycan Respublikasının Cinayət-Prosessual, İnzibati Xətalar, İnzibati Prosessual və Mülki- Prosessual Məcəllələri ilə tənzimlənməsi nəzərdə tutulmuşdur ki, bu da hüquqi yardım işində əlavə təminatdır. Belə ki, CPM-in 7-ci maddəsi və IX fəsli (maddə 90-93) “müdafiə” və “müdafiə tərəfi” anlayışının müəyyən olunması, habelə müdafiəçinin hüquqi statusu, 19-cu maddəsi isə cinayət mühakimə icraatının rəhbər başlanğıcı kimi hüquqi yardım almaq və müdafiə hüququnun təmin edilməsi prinsipi, MPM-in 66-68-ci maddələri və VI fəsli (maddə 69-75) müvafiq olaraq vəkillik və nümayəndəlik, İPM-in 31-ci maddəsi isə prosessual nümayəndəliklə bağlı münasibətləri nizama
salır. Cinayət Prosessual qanunvericiliklə müdafiə hüququ iki aspektdə nəzərdən keçirilir: 1) şəxsən müdafiə olunmaq və ya özünün seçdiyi müdafiəçi vasitəsilə müdafiə olunmaq; 2) şəxsin maddi vəziyyəti öz hesabına vəkil tutmağa imkan vermədikdə, ona dövlət hesabına müdafiə olunmaq. Birinci vəziyyətdə, qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, hər bir şəxs heç bir müdafiəçi olmadan şəxsən müdafiə oluna və ya şəxsin öz vəkili olmadıqda, ona müvəqqəti saxlama yeri üzrə ərazidə yerləşən vəkil qurumlarında fəaliyyət göstərən vəkillərin siyahısını təqdim etmək, seçilmiş vəkillə əlaqə saxlamaq və onunla görüşmək imkanı yaratmaq. İkinci vəziyyədə, şəxs müdafiə hüququnun təmin olunması vəkilə ödəmək üçün kifayət qədər vəsaitə malik olmaması ilə bağlıdır. Hər iki vəziyyətdə söhbət, tutulmuş şəxsin hüququnun təmin olunmasından gedir. Fərqlilik, tutulmuş şəxsin “öz vəkilinin olmaması” zamanı “vəkillərin siyahısının ona təqdim edilməsi və həmin siyahıdan seçilmiş vəkillə görüşmək” imkanının yaradılması ilə “maddi vəziyyəti öz hesabına vəkil tutmağa imkanı vermədikdə” növbətçi vəkillə əlaqə saxlamaq və onunla görüşmək imkanının yaradılmasındadır. Yəni CPM-ə əsasən, istintaq orqanı dövlət hesabına vəkilin cəlb edilməsi üçün müəyyən etməlidir: - tutulmuş şəxsin öz vəkilinin olub-olmamasını (bu halda siyahıdan vəkil seçilməlidir). CPM-in 153.2.6-cı maddəsinə əsasən, tutulmuş şəxsə müvəqqəti saxlama yeri üzrə ərazidə yerləşən vəkil qurumlarında fəaliyyət göstərən vəkillərin siyahısını təqdim etməklə seçilmiş vəkillə əlaqə saxlamaq və onunla görüşmək imkanı həmin şəxsin öz vəkili olmadıqda yaradılmalıdır. Göründüyü kimi, öz vəkili olmayan tutulmuş şəxsin müdafiə hüququ aşağıdakı şərtlər daxilində təmin olunmalıdır: şəxsin vəkili olmamalıdır; müvəqqəti saxlama yeri üzrə ərazidə yerləşən vəkil qurumlarında fəaliyyət göstərən vəkillərin siyahısı tutulan şəxsə təqdim edilməli; tutulmuş şəxs vəkili həmin siyahıdan özü şəxsən seçməlidir. Bu isə dövlət hesabına vəkillə təmin olunmaq mənasına gəlmir. CPM-in 153.2.7-ci maddəsinə görə, tutulmuş şəxsin maddi vəziyyəti öz hesabına vəkil tutmağa imkan vermədikdə, ona dövlət hesabına müvəqqəti saxlama
yeri üzrə ərazidə yerləşən vəkil qurumlarına daxil olan növbətçi vəkillə görüşmək imkanı yaradılmalıdır. Vəkilin prosesə cəlb edilməsi üçün istintaq orqanı yuxarıda qeyd edilən iki şərtə mütləq riayət etməlidir: tutulmuş şəxsin maddi vəziyyəti öz hesabına vəkil tutmağa imkan verməməsi; müvəqqəti saxlama yeri üzrə ərazidə yerləşən vəkil qurumlarına daxil olan növbətçi vəkillə görüşmək imkanın yaradılması. Bu isə, müdafiəçi seçimin vəkillərin siyasına görə aparılması deyil, bilavasitə növbətçi vəkillə aparılmasını şərtləndirir. Deməli, hüquqi yardım almaq hüququnun təmin olunması (reallaşması) şəxsi hər hansı bir məcburiyyət tədbirlərinə məruz qoymamalıdır (Konstitusiya, m.71, h.X; CPM, m.6 əsasında). Vəkilin çağırılması prosessual qanunvericiliyə uyğun olaraq həyata keçirilməsi, məhkəmədə və ya digər istintaq orqanlarında müdafiə ilə təmin olunmaq üçün nəzərdə tutulan hallar düzgün nəzərə alınması, vəkilə işə qoşulmazdan əvvəl müvafiq orderi təqdim etməklə həbs yeri və cəzaçəkmə müəssisəsində müdafiə etdiyi şəxslə görüşə dərhal buraxılmaq hüququnun verilməsi məqsədə müvafiq olardı.
Bundan başqa, son dövrlərdə Mülki Prosessual Məcəlləyə edilmiş əlavələr (m.67, 67-1) mülki məhkəmə icraatında hüquqi yardım təminatları genişləndirilməklə və konkretləşdirilməklə şəxs üçün insan hüquqlarının müdafiə sahəsində daha əlverişli mühit yaradılmışdır.
Azərbaycan Respublikasında vəkillik və vəkillik fəaliyyətinin tənzimlənməsində digər qanunvericilik aktları və normativ-hüquqi sənədlərin də rolunu qeyd etmək lazımdır. Bunlara Azərbaycan Respublikasının “Cinayət prosesində iştirak edən şəxslərin dövlət müdafiəsi haqqında” 11.12.1998-ci il tarixli Qanunu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 27.01.2010-cu il tarixli Qərarı, “Azərbaycan Respublikası Vəkillər Kollegiyasının maddi-texniki təminatının yaxşılaşdırılması üzrə tədbirlər barədə” Azərbaycan Respublikası Prezidentinin 11.03.2005-ci il tarixli Sərəncamını və s. misal göstərmək olar.
Qeyd edilənlərlə bərabər, vəkillik peşəsinin inkişaf etdirilməsi məqsədi ilə Vəkillər Kollegiyasının qarşısında müəyyən tədbirlərin yerinə yetirilməsi vəzifəsi də qoyulmuşdur. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 28.12.2006-cı il tarixli Sərəncamı ilə, insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi ümumdövlət vəzifəsi hesab edilərək, bu sahədə görülən tədbirlərin genişləndirilməsi məqsədi ilə insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı (MFP) təsdiq edilmiş və normativ hüquqi aktların tətbiqi zamanı insan hüquqlarının müdafiəsi sahəsində qanunvericiliyinin tələblərinə riayət olunmasına nəzarətin gücləndirilməsi müvafiq dövlət orqanlarına tapşırılmışdır. MFP-yə əsasən, vəkillərin tədrisində insan hüquqları sahəsində beynəlxalq konvensiyalarla bağlı mövzuların geniş istifadə edilməsi, vəkillik institutunun gücləndirilməsi, fəaliyyətinin səmərəliliyinin artırılması və müstəqilliyinin təmin edilməsi, habelə əhalinin hüquqi yardım almaq imkanının təmin edilməsi məqsədi ilə bölgələrdə peşəkar vəkillərin sayının artırılması, insan hüquqları sahəsində beynəlxalq sənədlərin, xüsusilə insan hüquqlarına dair Avropa Konvensiyasının vəkillər tərəfindən öyrənilməsinin təşkil olunması Vəkillər Kollegiyasının qarşısında bir vəzifə olaraq qoyulmuşdur. Bununla yanaşı, MFP-də əhalinin müxtəlif qruplarının hüquqlarının müdafiəsinin gücləndirilməsi məsələləri də nəzərdə tutulmuşdur ki, buna da hüquq fakültəsi tələbələrinin peşə vərdişlərinə yiyələnmək məqsədi ilə ali təhsil müəssisələrinin hüquq fakültələri nəzdində “Hüquq Klinikalarının” yaradılması və fəaliyyətinə kömək göstərilməsi aiddir. Bu isə onu deməyə əsas verir ki, yüksək keyfiyyətli hüquqi yardım almaq hüququnun realizə vasitəsi təkcə vəkillik institutu ilə bağlı deyil, bu istiqamətdə digər peşəkar hüquqi yardım mərkəzləri də fəaliyyət göstərməklə rəqabət mühiti formalaşmış olur.
Azərbaycan Respublikası
nəzdində fəaliyyət göstərən “hüquq klinikaları”nın fəaliyyətinin dəstəklənməsi
Həmçinin
Prezidentinin 27.12.2011-ci il tarixli Sərəncamı ilə təsdiq
olunmuş Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini
artırmaq sahəsində Milli Fəaliyyət Proqramında:
2012-2015-ci illər üçün ali təhsil müəssisələri
; Hakimlərin və
hakimliyə namizədlərin, hüquq mühafizə orqanlarının əməkdaşlarının və vəkillərin tədrisində insan hüquqları sahəsində beynəlxalq konvensiyalarla bağlı mövzuların geniş istifadə edilməsi, bu sahədə beynəlxalq təcrübənin mütəmadi öyrənilməsi; 2012-2013-cü illər üçün Azərbaycan Respublikası vəkillik institutunun gücləndirilməsi, fəaliyyətinin səmərəliliyinin artırılması və müstəqilliyinin
təmin edilməsi, habelə bölgələrdə peşəkar vəkillərin sayının artırılması; 2012-ci il üçün "İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya"nın və onun Fakültətiv Protokolunun tələblərinin hüquq mühafizə orqanlarının, digər aidiyyəti qurumlarının əməkdaşları, habelə vəkillər və hüquq sahəsində ixtisaslaşan qeyri-hökumət təşkilatlarının nümayəndələri tərəfindən öyrənilməsi işinin təşkil olunması; 2012-ci il üçün "İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya"nın Fakültətiv Protokoluna uyğun olaraq milli preventiv mexanizmin funksiyalarının səmərəli yerinə yetirilməsini təmin etmək məqsədi ilə maarifləndirmə və digər zəruri tədbirlərin həyata keçirilməsi; Mütəmadi olaraq, insan hüquqları sahəsində beynəlxalq sənədlərin, xüsusilə İnsan Hüquqlarına dair Avropa Konvensiyasının dövlət qulluqçuları, məhkəmə, prokurorluq, daxili işlər orqanlarının əməkdaşları və vəkillər, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının və regional mərkəzlərinin işçiləri, bələdiyyə üzvləri tərəfindən öyrənilməsinin təmin edilməsi nəzərdə tutulmuşdur. Qeyd olunan məsələlərin icrası digərləri ilə
yanaşı, həm də Vəkillər Kollegiyasına da həvalə edilmişdir.
Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 22.02.2018-ci il tarixli Sərəncamı da bu məqsədlə mühüm əhəmiyyət kəsb edir. Belə ki, Sərəncamda qeyd edilir ki, vətəndaşların yüksək keyfiyyətli hüquqi yardım almaq hüququnun həyata keçirilməsi, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi və ədalət mühakiməsinin səmərəli fəaliyyəti üçün güclü və nüfuzlu vəkillik təsisatının böyük əhəmiyyəti vardır. Hüquqi dövlətdə bu təsisatın rolunu nəzərə alaraq, ölkəmizdə məhkəmə-hüquq sisteminin təkmilləşdirilməsi və müasirləşdirilməsi sahəsində görülən işlər çərçivəsində vəkilliyin inkişafına dəstək vermək məqsədilə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Rəyasət Heyətinin və Kollegiyanın digər strukturlarının fəaliyyətinin təmin edilməsi məqsədilə onun Bakı şəhərində müvafiq bina ilə təmin olunması, Azərbaycan Respublikasının regionlarında apellyasiya məhkəmələrinin, ağır cinayətlər məhkəmələrinin və inzibati-iqtisadi məhkəmələrin yerləşdikləri Gəncə, Lənkəran, Sumqayıt, Şəki və Şirvan şəhərlərində Azərbaycan Respublikası Vəkillər Kollegiyasının vəkil qurumlarının fəaliyyətinin təmin edilməsi məqsədilə onların müvafiq binalarla (yerlərlə) təmin olunması üçün tədbirlər görülməsi, vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan şəxslərə dövlət hesabına göstərilən hüquqi yardıma görə “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin I hissəsinə müvafiq olaraq müəyyən edilmiş məbləğin 3 dəfə artırılmasının təmin edilməsi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının maddi-texniki təminatı ilə bağlı məsələlərin həlli üçün tədbirlər görülməsi, o cümlədən Kollegiyanın istifadəsində olan binaların təmiri, zəruri kompüter avadanlığının və digər avadanlığın, habelə nəqliyyat vasitələrinin alınması məqsədilə vəsait ayrılması nəzərdə tutulmuşdur. Həmin Sərəncamla, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına tövsiyə edilir ki, ixtisas imtahanlarının müntəzəm keçirilməsini təşkil etməklə, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına yeni üzvlərin, xüsusən gənc hüquqşünasların qəbul edilməsi üçün şərait yaratsın, göstərilən hüquqi xidmətlərin keyfiyyətinin daim yüksəldilməsi məqsədilə vəkillərin peşə hazırlığının və ixtisasının artırılması ilə bağlı zəruri tədbirlər görsün, vəkillərin öz fəaliyyətində qanunçuluğa, ədalət mühakiməsinin prinsiplərinə və yüksək peşə standartlarına, o cümlədən əldə etdikləri məlumatların konfidensiallığı, hüquqi yardım üçün müraciət etmiş şəxslərə münasibətdə vicdanlı və nəzakətli davranış tələblərinə ciddi riayət etmələrini təmin etsin, Azərbaycan Respublikasının şəhər və rayonlarında vətəndaşların yüksək keyfiyyətli hüquqi yardıma tələbatını təmin etmək məqsədilə regionlarda vəkillərin fəaliyyətinin stimullaşdırılması üçün tədbirlər hazırlayıb həyata keçirsin, hüquqi məsləhətə ehtiyacı olan aztəminatlı şəxslər üçün Azərbaycan Respublikasının Vəkillər Kollegiyası tərəfindən pulsuz hüquqi xidmətlər göstərilməsini təşkil etsin, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının fəaliyyətində şəffaflığın artırılması və ictimaiyyətlə əlaqələrin daha da genişləndirilməsi ilə bağlı tədbirlər görsün, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının və vəkillərin fəaliyyətində müasir informasiya- kommunikasiya texnologiyalarının tətbiqini və hüquqi xidmətlərin elektron formada göstərilməsi
təcrübəsini genişləndirmək üçün vəkilliyin vahid elektron informasiya sisteminin təşkili və bu sistemin “Elektron məhkəmə” informasiya sisteminə inteqrasiyası istiqamətində tədbirlər görsün.
Bundan başqa, “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 03.04.2019-cu il tarixli Fərmanı ilə Vəkillər Kollegiyasının fəaliyyətinə dair tövsiyələr nəzərdə tutulur. Belə ki, Fərmanla vəkillərin hakimlərlə və cinayət təqibini həyata keçirən orqanların əməkdaşları ilə qeyri-prosessual münasibətlərə yol verməsinin qarşısının alınması üçün tədbirləri gücləndirməsi Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına tövsiyə edilmişdir.
Azərbaycan Respublikasının məhkəmə təcrübəsində də müdafiə hüququnun və bu istiqamətdə beynəlxalq hüquq normalarının üstünlüyünün təmin olunmasına dair müddəalar təsbit olunmuşdur. Nümunə qismində Ali Məhkəmənin Plenumunun (27 dekabr 1996-cı il tarixli “Məhkəmə hökmü haqqında” Qərar, 27 dekabr 1996-cı il tarixli “Cinayət mühakimə icraatında zərər çəkmiş şəxsin iştirakını tənzimləyən qanunların tətbiqi haqqında” Qərar, 30 mart 2006-cı il tarixli “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Qərar və s.) və Konstitusiya Məhkəməsinin (4 iyun 1999-cu il tarixli “Cinayət mühakimə icraatında zərər çəkmiş şəxsin iştirakı haqqında” Qərar, 13 dekabr 2010- cu il tarixli “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.1-ci maddəsinin şərh edilməsi haqqında” Qərar, 10 oktyabr 2011-ci il tarixli “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.3-cü maddəsinin bəzi müddəalarının, 158.4 və 290.3-cü maddələrinin şərh edilməsinə dair” Qərar və s.) qərarlarını göstərmək olar.
Lakin bütün bunlar Azərbaycanda hüquq müdafiə fəaliyyətinin hüquqi tənzimlənməsinin yeganə vasitəsi deyildir. Müdafiə hüququ sahəsində qanunvericiliyin təkmilləşməsində beynəlxalq hüquq normaları da az rol oynamır. Belə ki, insan hüquqlarının müdafiəsinə yönəlmiş beynəlxalq sənədlərin (ÜİHB-nin 11-ci maddəsi, Mülki və siyasi hüquqlar haqqında 1966-cı il Beynəlxalq Paktın 2 və 14-cü maddələri, Avropa Konvensiyasının 6 və 13-cü maddələri və s.) bu sahədə dövlətdaxili qanunvericiliyin inkişafını şərtləndirən baza tipli müqavilələr hesab olunur.
“Məhbuslarla Rəftar üzrə Minimun Standart Qaydalar” (1955, BMT), “Saxlanma və ya Həbsəalmanın Hər hansı Formasına Məruz Qalmış Bütün Şəxslərin Müdafiəsi üçün Əsas Prinsiplər ” (1985, BMT), “Vəkillərin roluna dair əsas prinsiplər” (1990, BMT), “Hüquqi Müdafiə Hüquqlarına dair Beynəlxalq Xartiya” (1987, BVB), “Müdafiə Hüquqlarının Qorunması” üzrə Beynəlxalq Konvensiya (1987, BHA) bu istiqamətdə mühüm əhəmiyyət kəsb edir.
Avropa Şurasının Nazirlər Komitəsinin Hüquqşünas peşəsini həyata keçirmək azadlığı haqqında Üzv Dövlətlərə (2001) 21 saylı Tövsiyəyə əsasən, hüquqşünasların onların kifayət qədər təcrübə almaq, məhkəmələrə və müştərilərə münasibətdə vəzifələr arasında düzgün balans yaratmaq, qanunun aliliyinin gücləndirilməsi və fərdi azadlıqların müdafiəsində hüquqşünasların rolu və məhkəməyə müraciət etmək üçün iqtisadi cəhətdən zəif olan şəxslərin hüquq yardımına ehtiyacı olduğu nəzərə alınmışdır. Bununla bərabər, Preambulada, İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsinin təmin olunmasında hüquqşünasların və onların peşə birliklərinin fundamental rolu və hüquqşünasların öz peşələrini müstəqil, istənilən səbəbdən və istənilən həddə, birbaşa və ya bilavasitə qanunsuz məhdudiyyət, təsir, təzyiq, müdaxilə, təhdid olmadan yerinə yetirmələrinə təminat verən ədalət mühakiməsinə ehtiyac olduğu vurğulanır. Preambula, “hüquqşünas”ın anlayışı kimi “milli qanunvericilikdə nəzərdə tutulmuş qaydada öz müştərisini müdafiə etmək və onun əvəzindən hərəkət etmək üçün ixtisaslaşmış və səlahiyyətləndirilmış, hüququn tətbiqi ilə məşğul olan, məhkəmə qarşısına çıxan, hüquqi məsələlərdə öz müştərisini təmsil edən və ya məsləhətlər verən şəxs başa düşülür” kimi ifadə edir.
Hüquqşünas peşəsini həyata keçirmək azadlığı haqqında Avropa Şurasının Nazirlər Komitəsinin İzahlı Memorandumu -Tövsiyə Rəyin (2000)21 “Giriş” hissəsində hüquqşünas peşəsinin əhəmiyyəti barədə qeyd edilir ki, “Hüquqşünas peşəsini həyata keçirmək istənilən cəmiyyətin mədəni, sosial, siyasi və tarixi mühiti ilə həmişə sıx bağlı olub və istənilən demokratik cəmiyyətdə hüquqşünaslar ədalət mühakiməsinin həyata keçirilməsində, insan hüquqlarının və əsas
azadlıqlarının müdafiə olunmasında və onlarla bağlı fikir ayrılıqlarının yaranmasına yol verməməkdə və onların həll olunmasında mühüm rol oynayır”. Bundan başqa, burada deyilir: “Hüquq praktikası son onilliklər ərzində mühüm dəyişikliklərə uğrayıb və praktika ilə məşğul olan hüquqşünaslar öz fəaliyyətlərinə daha kommersiya yönlü yanaşma tətbiq etməli olublar. Lakin onlar müstəqil peşə nümayəndələridir və onların məhkəmə, öz müştəriləri və digər şəxslər qarşısında öhdəliklərinə uyğun fəaliyyət göstərmələrini təmin edən qaydalara hörmət etməli, habelə müəyyən peşəkarlıq standartlarını saxlamalıdırlar. Ayrı-seçkiliyə yol vermədən yüksək keyfiyyətli hüquq xidmətlərinin göstərilməsini təmin etmək vacibdir. Aydındır ki, hüquqşünaslar təkcə öz müştərilərinin maraqlarına deyil, həm də bütövlükdə ədalət mühakiməsi maraqlarına xidmət etməlidirlər. Hüquqşünas funksiyası onun üzərinə aşağıdakılara münasibətdə müxtəlif hüquqi və mənəvi öhdəliklər (bəzən biri-birinə zidd olan) qoyur: müştəriyə; məhkəmələrə və qarşısında hüquqşünasın öz müştərisini müdafiə etdiyi və ya onun adından çıxış etdiyi digər orqanlara; bütövlükdə hüquqşünas peşəsinə və ayrılıqda onun hər bir nümayəndəsinə; eləcə də - cəmiyyətə, çünki azad və müstəqil peşənin mövcudluğu, onun özünün müəyyən etdiyi peşənin özündən irəli gələn qaydalara hörmətlə bağlıdır və dövlət hakimiyyəti və digər ictimai maraqlar şəxsində insan hüquqlarının mühüm müdafiəsi vasitəsidir».
Avropa Birliyi ölkələrinin vəkilləri üçün Ümumi Qaydalar Məcəlləsinin Giriş hissəsində Vəkilin ictimai həyatda yeri barədə qeyd edilir ki, “İstənilən hüquqi cəmiyyətdə vəkilə xüsusi rol ayrılıb. Onun vəzifələri öz borcunu qanun çərçivəsində vicdanla yerinə yetirməklə məhdudlaşmır. Vəkil, istər bütövlükdə hüququn mənafeləri naminə, istərsə də hüquq və azadlıqlarının müdafiəsi ona həvalə edilən şəxslərin mənafeləri naminə hərəkət etməlidir; o, təkcə məhkəmədə müştərinin adından çıxış etməməli, həm də ona məsləhətlər və konsultasiyalar şəklində hüquq yardımı göstərməlidir”. Burada vəkilin öhdəliklər kompleksi kimi “müştəri qarşısında öhdəliklər; müştərinin müvəkkil etdiyi şəxs qismində çıxış edərkən və ya müştərinin adından çıxış edərkən vəkilin əlaqəyə girdiyi məhkəmə və digər hakimiyyət orqanları qarşısında öhdəliklər; bütövlükdə bu peşənin digər nümayəndələri və ayrılıqda hər bir həmkarı qarşısında öhdəliklər; həmçinin cəmiyyət qarşısında - elə cəmiyyət ki, hüquq normalarına riayət edilməsi ilə yanaşı, azad və müstəqil peşənin mövcudluğu dövlət hakimiyyəti qarşısında onun üzvlərinin insan hüquqlarının müdafiəsinə və cəmiyyətin digər mənafelərinə çox mühüm təminatdır - öhdəliklər”.
Avropa Məhkəməsinin presedent hüququ da hüquqi yardım hüququnun məzmun baxımdan konkretləşdirilməsi və tətbiqi təcrübəsinin formalaşdırılmasında dəyərli mənbədir. Bu məqsədlə, Məhkəmə vurğulayır ki, həbs qərarının çıxarılması ilə nəticələnən məhkəmə prosesində şəxsən və ya nümayəndəsi vasitəsilə hüquqlarından yararlanmayan şəxs həmin məhkəmə prosesinin Avropa Konvensiyanın 5-ci maddəsinin 4-cü bəndini pozduğunu iddia etmək hüququna malikdir (5, §61). Konvensiyanın 6-cı maddəsinə əsasən, “cinayət törətməkdə ittiham olunan hər kəs ən azı öz müdafiəsini hazırlamaq üçün kifayət qədər vaxta və imkana malik olmaq” (3(b) bəndi) və “şəxsən və ya özünün seçdiyi müdafiəçi vasitəsi ilə özünü müdafiə etmək ya müdafiəçinin xidmətini ödəmək üçün vəsaiti kifayət etmədiyi zaman, ədalət mühakiməsinin maraqları tələb etdikdə, belə müdafiədən pulsuz istifadə etmək” (3(c) bəndi) hüququ vardır. Konvensiyanın “Səmərəli hüquqi müdafiə vasitələri hüququ” adlı 13-cü maddənin də vəkillik hüququnun təminatı baxımından mühüm əhəmiyyəti vardır. Həmin maddədə qeyd edilir ki, bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqları pozulan hər kəs, hətta bu pozulma rəsmi fəaliyyət göstərən şəxslər tərəfindən törədildikdə belə, dövlət orqanları qarşısında səmərəli hüquqi müdafiə vasitələrinə malikdir.
Tədqiqat üzrə əldə edilən nəticələr.
bilər: Aparılan tədqiqatla əlaqədar aşağıdakı mühüm nəticələrin irəli sürülməsi zəruri hesab edilə
- Hüquqi yardımın yüksək keyfiyyət təminatları hüquq müdafiə fəaliyyətində təşkilati-hüquqi və prosessual-hüquqi vəziyyətlə xarakterizə olunur ki, bunlara da aşağıdakıları aid etmək olar: 1) kifayət qədər bilik və təcrübəyə malik olmaq; 2) prosessual statusun qanunvericiliklə müəyyən olunması; 3) ümumilikdə və konkret iş üzrə öz aparıcı rolunu dəqiqliklə bilmək; 4) öz peşəkar məqsəd və vəzifələrinin yerinə yetirilməsi üçün qanunla nəzərdə tutulmuş geniş müdafiə tədbirləri
arsenalına malik olmaq, 5) işin keyfiyyəti üzrə öz məsuliyyətini yaxşı bilmək; 6) mükəmməl qanunvericilik bazasının formalaşdırılması.
- Hüquqi yardımı peşəkar olmayanlar da göstərə bilər, keyfiyyətli hüquqi yardımı isə ixtisaslı və peşəkar hüquqşünaslar göstərir. Yüksək keyfiyyətli hüquqi yardımın göstərilməsi zamanı həm təhsil, həmçinin təcrübə birgə olmalıdır ki, bu da ixtisaslı və peşəkar hüquqşünaslar-vəkillər üçün xarakterikdir və onların göstərdiyi hüquqi xidmət yüksək keyfiyyət hesab oluna bilər. Nümayəndə və digər hüquqşünasların göstərdikləri hüquqi kömək isə adi hüquqi yardımdır. Bu zaman mütəmadi ixtisasartırmanın fəaliyyəti mühüm əhəmiyyət kəsb edir.
- Bütün hallarda, şəxsin vəkillə təmin olunması qanunvericiliklə qadağan olunmasa da, şəxsin özünün seçdiyi vəkillə müdafiə olunmaq imkanı keyfiyyətli hüquqi yardım üçün vacib təminatdır.
- Qanunvericiliyin təkmilləşdirilməsi məqsədilə “Vəkillərin Peşə Məcəlləsi” qəbul olunmalı, qanunvericiliyə: “Anlayışlar”, “Etimad”, “Vicdanlılıq”, “Vəkil büroları”, “Şəxsi reklam” və “Müştərinin maraqları”, “Məhkəmə ilə qarşılıqlı münasibətlər”, “Məhkəmədə tətbiq edilən davranış qaydaları”, “Araşdırmanın vicdanla aparılması”, “İntizam icraatı”, “Vəkillərin qarşılıqlı münasibətləri”, “Qonorar”, “Şəxsən və özünün seçdiyi vəkil”, “Dövlət hesabına hüquqi yardım”, “Vəkilin əvəz edilməsi”, “Vəkil tərəfindən tapşırığın qəbul edilməsini istisna edən hallar”, “Vəkillə müştərinin qarşılıqlı münasibətləri”, “Hüquqi yardım hüququnun kobud şəkildə pozulması”, “Sübutlarla iş”, “Məhkəmə çıxışları”, “Peşə üzrə həmkarlarla münasibətlər” adlı müddəalar daxil edilməli və tərkib elementləri, həmçinin yüksək keyfiyyətli hüquqi yardım hüququnun təminatına müsbət təsir edən amillər müəyyən olunmalıdır.
- Qanunvericiliklə vəkil vəzifəsi kimi nəzərdə tutulan bütün üsullardan istifadə etmək tələbinin minimum standartları müəyyən olunmalıdır. Məsələn, cinayət prosesinə çağırıldığı ilk vaxtlarda məhkəmənin hazırlıq iclası başlayana qədər həbsdə olan təqsirləndirilən şəxslə görüşməklə işin müzakirə edilməsi və s.
- Ödənişsiz hüquqi yardıma görə müəyyən olunan məbləğin vahid etalon göstəriciliyi müəyyən olunmalıdır.
- Avropa Şurası çərçivəsində Hüquqşünasların (Vəkillərin) Müdafiəsi barədə Konvensiya layihəsinin hazırlanmasında Vəkillər Kollegiyasının iştirakı təmin olunmalıdır.
- Gənc vəkillərin peşə hazırlığı istiqamətində səylər artırılmalıdır.
- Konfidensiallıq və vəkil sirrini təşkil edən məlumatlar qorunmaqla, müdafiə və ya hüquqi yardım üzrə icraatda olan hər işə dair hesabatlar əsasında mütəmadi ümumiləşdirilmələr aparılmalıdır.
- Vəkillər arasında ixtisaslaşma aparılmalıdır (-cinayət; mülki; inzibati. – aidiyyət üzrə: birinci instansiya; apellyasiya; ali məhkəmə).
- Mülki işlərdə vəkillərin təmsilçiliyi əlavə rəsmiləşdirilmə aparılmadan tanınmalıdır (etibarnamə ilə təmsil olunması tələbi aradan qaldırılması).
- İnformasiya resurslarından istifadə etməklə mütəmadi hüquqi maarifləndirmə işləri aparılmalıdır.
- Təcrübəli vəkillərin müsbət hüquqi yardım təcrübələri öyrənilməli və ümumiləşdirilməlidir.
İstinadlar:
Azərbaycan dilinin izahlı lüğəti. Ə.Orucovun redaktəsi ilə. Bakı, Şərq-Qərb nəşriyyatı, 2006. 791 s.
Avropa Vəkillər Kollegiyaları və Hüquq Birlikləri Şurasının Avropa vəkillərinin davranış Kodeksi - https://www.ccbe.eu
Əliyev Ə.İ. İnsan hüquqları. Dərslik. Bakı, Nurlar. 2019. 352 s.
“Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu. -
www.e-qanun.az
Winterwerp Niderlanda qarşı, 1979.- https://www.globalhealthrights.org/ECtHR-1979- Winterwerp-v.-Netherlands.pdf
Баш Л.М. Современный словарь иностранных слов / Л.М.Баш, А.В.Боброва – М.: Цитадель-грейд, – 2005, 743 c.
Кучерена А.Г. Роль адвокатуры в становлении гражданского общества в России. Монография. М., 2002. 224c.
Ожегов С.И. Словарь русского языка. Под ред. Н.Ю.Шведовой. 21-е изд., перераб. и доп. – М.: Рус. яз., – 1989, 763 c.
Cappelletti M., Gordley J. Legal Aid: modern themes and variations // Stanford Law Review. – 1972. Vol. 24, No. 2, 421 p.
Panickar M. Socio-legal foundations of free legal aid / Legal Aid: Catalyst for Social Change. Legal Aid Society. Campus Law Centre. – Delhi: University of Dehli. – 2012, – p. 3-11.
Rice S.A Human right to legal aid / A Human Right to Legal Aid. Danish Institute for Human rights. – Copenhagen: Handy-Print A/S, – 2010, – p. 16-20.
http://www.constcourt.gov.az/decisions/286
Turqay Hüseynov
Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının İxtisas Komissiyasının sədri,
hüquq elmləri doktoru. (turguy1973@gmail.com)
Anar Bağırov
Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri,
hüquq üzrə fəlsəfə doktoru. (anar.baghirov@barassociation.az)