Şriftin ölçüsü :

Saytın rəngi :

#hüquqimaarifləndirmə #cinayətprosessualhüquq - Cinayət təqibi üzrə icraat başa çatanadək maddi sübutlar barədə qəbul edilən qərarlar

21.02.2024

  Cinayət prosesini həyata keçirən orqan cinayət təqibi üzrə icraat başa çatanadək və başa çatdıqda maddi sübutlarla bağlı qərarlar qəbul edə bilər.

  Cinayət təqibi üzrə icraat başa çatanadək təhqiqat, istintaq və prokurorluq orqanları tərəfindən aşağıdakı maddi sübutlar mülkiyyətçiyə və ya qanuni sahibinə qaytarır:

1. tez xarab olan əşyaları;

2. məişətdə gündəlik tələbat əşyalarını;

3. gündəlik qulluğa ehtiyacı olan ev heyvanlarını, quşları və digər heyvanları;

4. verilmiş mülki iddianın və ya əmlak tələbinin təmin edilməsi üçün üzərinə həbs qoyulmamış avtomobil və digər nəqliyyat vasitələrini.

  Qeyd olunan əşyaların mülkiyyətçisi və ya qanuni sahibi məlum olmadıqda və ya hər hansı səbəbdən onların qaytarılması mümkün deyilsə, bu əşyalar istifadə, saxlanma və ya qulluq edilməsi üçün müvafiq təşkilatlara verilməlidir.

  Bundan başqa, maddi sübut olan bəzi maddələr vardır ki, onlar cinayət təqibi üzrə icraat başa çatanadək məhv edilmə və ya tibbi məqsədlərlə istifadə üçün təhvil verilir.

Belə ki, cinayət təqibi üzrə məhkəməyədək icraat zamanı, yəni ibtidai araşdırma dövründə qanunsuz dövriyyədən çıxarılmaqla maddi sübut kimi götürülmüş narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının və güclü təsir edən maddələrin miqdarı qanunla həmin maddələr üçün müəyyən edilmiş xüsusilə külli miqdarın aşağı həddindən artıq olduqda, müstəntiq və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror həmin maddələrdən Cinayət Prosessual Məcəllə ilə müəyyən edilmiş qaydada ekspert tərəfindən nümunənin götürülməsini, qalan hissəsinin isə məhv edilməsini və ya tibbi məqsədlərlə istifadə üçün təhvil verilməsini təmin etmək məqsədilə zəruri tədbirlər görməlidirlər.

Ekspertizanın keçirilməsi üçün təqdim edilmiş narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının və güclü təsir edən maddələrin müvafiq ekspertizası keçirildikdən sonra ekspert həmin maddədən qanunla müəyyən edilmiş xüsusilə külli miqdarının aşağı həddi miqdarında nümunə götürür, bu nümunəni və maddənin qalan hissəsini ayrılıqda qablaşdırır. Ekspert tədqiqatı nəticəsində ekspert həmçinin təqdim edilmiş maddələrin tibbi məqsədlərlə istifadə olunub-oluna bilməməsinə dair rəy verməlidir. Nümunə və həmin maddələrin qalan hissəsi ekspert rəyi ilə birlikdə ekspertiza təyin etmiş şəxsə təqdim edilir.

Maddi sübut olan bəzi maddələrin cinayət təqibi üzrə icraat başa çatanadək məhv edilməsi və ya tibbi məqsədlərlə istifadə üçün təhvil verilməsi məsələsinə müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmə nəzarətinin həyata keçirilməsi qaydasında baxılır. Müvafiq vəsatət və təqdimat ekspert rəyi cinayət təqibini həyata keçirən orqana daxil olduğu vaxtdan 10 gündən gec olmayaraq məhkəməyə təqdim edilməlidir.

Vəsatətin təmin edilməsi barədə məhkəmənin qərarı qanuni qüvvəyə mindiyi gündən 10 gün müddətində yuxarıda göstərilən maddələrin qalan hissəsi qanunla nəzərdə tutulmuş qaydada məhv edilir və ya tibbi məqsədlərlə istifadəsi üçün təhvil verilir.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.