Şriftin ölçüsü :
Saytın rəngi :
Məhkəməyədək icraat zamanı cinayət təqibi üzrə qiyabi icraatın açılması barədə qərarın qəbul edilmə qaydası:
Məhkəməyədək icraat zamanı cinayət təqibi üzrə qiyabi icraatın açılması barədə qərar müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun yuxarı prokurorla razılaşdırılmış təqdimatı əsasında məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən qəbul olunur.
Cinayət təqibi üzrə qiyabi icraatın açılması barədə qərar yalnız təqsirləndirilən şəxs barəsində axtarış elan olunduğu vaxtdan 3 ay keçdikdən sonra qəbul edilə bilər.
Cinayət təqibi üzrə qiyabi icraatın açılması barədə məsələyə baxılarkən məhkəmə tərəfindən aşağıdakı hallar nəzərə alınır:
1. təqsirləndirilən şəxsin Məcəllədə nəzərdə tutulmuş qaydada çağırılması, olduğu yerin müəyyən edilməsi və cinayət prosesini həyata keçirən orqanın sərəncamına verilməsi üçün görülən tədbirlər;
2. təqsirləndirilən şəxsin hüquqi yardım almaq və müdafiə hüququnun təmin edilməsi;
3. təqsirləndirilən şəxsin bu Məcəllədə və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş qaydada axtarışı və verilməsi (ekstradisiyası) üçün görülmüş tədbirlər.
Məhkəməyədək icraat zamanı cinayət təqibi üzrə qiyabi icraata xitam verilməsi:
Müstəntiq tərəfindən ittiham aktı ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilənədək təqsirləndirilən şəxs könüllü gəldikdə və ya cinayət prosesini həyata keçirən orqanın sərəncamına verildikdə müstəntiq dərhal cinayət təqibi üzrə qiyabi icraata xitam verilməsi haqqında qərar qəbul edir və bu barədə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora məlumat verir.
Cinayət işinə ittiham aktı ilə birlikdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən baxılarkən təqsirləndirilən şəxs könüllü gəldikdə və ya cinayət prosesini həyata keçirən orqanın sərəncamına verildikdə prokuror dərhal cinayət təqibi üzrə qiyabi icraata xitam vermək və ibtidai istintaqın aparılması üçün cinayət işini öz göstərişləri ilə müstəntiqə qaytarmaq barədə qərar qəbul edir.
Məhkəmə icraatı zamanı cinayət təqibi üzrə qiyabi icraata xitam verilməsi:
Məhkəmə hökm və ya digər yekun qərar çıxarmaq üçün müşavirə otağına gedənədək təqsirləndirilən şəxs könüllü gəldikdə və ya məhkəmənin sərəncamına verildikdə məhkəmə dərhal cinayət təqibi üzrə qiyabi icraata xitam verilməsi haqqında qərar qəbul edir. Həmin qərar qəbul edildikdən sonra məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi qaydada aparılır.
Cinayət təqibi üzrə qiyabi icraata xitam verilməsi haqqında qərar çıxarıldıqdan sonra məhkəmə təqsirləndirilən şəxsə hüquq və vəzifələrini, o cümlədən vəsatət vermək hüququnu izah edir, bunu məhkəmə iclasının protokoluna daxil edir və onun cinayət işinin materialları ilə tanış olmasını təmin edir.
Cinayət işinin materialları ilə tanışlıq başa çatdığı vaxtdan 48 saat ərzində təqsirləndirilən şəxsin, onun müdafiəçisinin və dövlət ittihamçısının məhkəməyə aşağıdakılar barədə vəsatət vermək hüququ vardır:
1. təqsirləndirilən şəxsə aid istintaq və digər prosessual hərəkətlərin keçirilməsi;
2. cinayət işinin baxılmasına xitam verilməsi və onun hazırlıq iclasının keçirilməsi mərhələsinə qaytarılması.
Vəsatət əsasında və ya məhkəmənin öz təşəbbüsü ilə cinayət təqibi üzrə qiyabi icraat zamanı aparılmış təqsirləndirilən şəxsə aid istintaq və digər prosessual hərəkətlər təkrar keçirilə, əlavə istintaq və digər prosessual hərəkətlər aparıla, habelə cinayət işinin baxılmasına xitam verilməsi və onun hazırlıq iclasının keçirilməsi mərhələsinə qaytarılması haqqında qərar qəbul edilə bilər.

Xəbərlər gündəlik olaraq sizin e-poçt ünvanınıza göndəriləcək.
492-55-40 492-01-38
Korrupsiya və Rüşvətxorluqla bağlı