Şriftin ölçüsü :

Saytın rəngi :

#hüquqimaarifləndirmə #cinayətprosessualhüquq - Cinayət təqibi üzrə qiyabi icraat (1)

31.01.2024

  “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” 26 yanvar 2024-cü il tarixdə qüvvəyə minmiş Qanunla  Məcəlləyə cinayət təqibi üzrə qiyabi icraatı tənzimləyən normalar əlavə edilmişdir.

  Belə ki, dəyişikliklə Məcəlləyə əlavə edilmiş 7.0.8-1-ci maddəyə əsasən cinayət təqibi üzrə qiyabi icraat dedikdə məhkəmə tərəfindən qəbul edilmiş cinayət təqibi üzrə qiyabi icraatın açılması barədə qərar əsasında təqsirləndirilən şəxsin iştirakı olmadan onun barəsində cinayət təqibi üzrə məhkəməyədək, həmçinin birinci, apellyasiya və kassasiya instansiyası məhkəmələrində aparılan icraat başa düşülür.

  Dəyişikliklə Məcəlləyə  əlavə edilmiş “Cinayət təqibi üzrə qiyabi icraat” adlanan LIV-II fəsildə cinayət təqibi üzrə qiyabi icraatın xüsusiyyətləri, cinayət təqibi üzrə qiyabi icraatın açılması, məhkəməyədək icraat  və məhkəmə icraatı zamanı cinayət təqibi üzrə qiyabi icraata xitam verilməsi, qiyabi hökm və ya digər yekun qərarın çıxarılması,  qanuni qüvvəyə minmiş qiyabi hökm və ya digər yekun qərarın ləğv edilməsi və yeni məhkəmə baxışının keçirilməsi məsələləri müəyyən edilmişdir.

  Dəyişikliyə əsasən cinayət təqibi üzrə qiyabi icraat LIV-II fəsildə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, Məcəllədə nəzərdə tutulmuş ümumi qaydalara uyğun olaraq aparılır və icraat aparıldıqda Məcəllənin 91-ci maddəsində nəzərdə tutulmuş təqsirləndirilən şəxsin hüquqları cinayət prosesini həyata keçirən orqan tərəfindən təmin edilməlidir.

  Məhkəməyədək qiyabi icraat yalnız ibtidai istintaq şəklində aparılır.

  Yetkinlik yaşına çatmayan şəxslər barəsində cinayət təqibi üzrə qiyabi icraatın aparılmasına yol verilmir.


  Cinayət təqibi üzrə qiyabi icraat hansı cinayətlər üzrə və hansı hallarda aparıla bilər?

  Cinayət təqibi üzrə qiyabi icraat yanlız Cinayət Məcəlləsinin 100–119, 137, 144–145, 178, 179, 182, 193-1, 204, 205, 206, 206-1, 208, 214–219-1, 228, 274–283-1, 308–314-3, 318, 318-1, 319 və 324-cü maddələri, eləcə də həmin maddələrlə yanaşı eyni bir cinayət işi çərçivəsində cinayətlərin məcmusu üzrə həmin Məcəllənin digər maddələri ilə ittiham olunan təqsirləndirilən şəxsin barəsində və həmin təqsirləndirilən şəxs Azərbaycan Respublikasının ərazisindən kənarda istintaqdan və ya məhkəmədən gizləndiyi və ya çağırışa gəlməkdən qəsdən boyun qaçırdığı üçün cinayət prosesində şəxsən iştirakının təmin edilməsi mümkün olmadıqda aparıla bilər.

  Cinayət təqibi üzrə qiyabi icraat açılmazdan əvvəl cinayət təqibi orqanı tərəfindən görülməli tədbirlər:

  Təqsirləndirilən şəxs Cinayət-Prosessual Məcəllədə nəzərdə tutulmuş qaydada cinayət prosesini həyata keçirən orqana çağırılmalı, eyni zamanda barəsində cinayət təqibinin qiyabi icraat qaydasında keçirilməsi imkanı barədə  məlumatlandırılmalı, habelə həmin icraatda özünün seçimi əsasında müdafiəçi vasitəsilə təmsil olunmaq hüququndan istifadə etmək istədiyi halda, müdafiəçisi barədə məlumatları cinayət prosesini həyata keçirən orqana göndərməli olduğu bildirilməli, bu  nəticə vermədikdə, cinayət prosesini həyata keçirən orqandan gizlənən və ya çağırışa gəlməkdən qəsdən boyun qaçıran şəxsə ittiham elan etmək üçün onun tutulması, axtarışı, eləcə də bu Məcəllə və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə müəyyən edilmiş qaydada verilməsi (ekstradisiyası) üçün tədbirlər görülməlidir.

  Bu tədbirlər nəticə vermədikdə, cinayət prosesini həyata keçirən orqan təqsirsizlik prezumpsiyasına riayət etməklə, çağırış vərəqəsində qeyd edilməli olan məlumatları (çağırış vərəqəsinin verilməli olduğu şəxsin ünvanı istisna olmaqla) ictimai televiziya və radio vasitəsilə yayımlayır və rəsmi internet səhifəsində dərc etdirir.

  Təqsirləndirilən şəxs cinayət təqibi üzrə icraatın hər hansı mərhələsində şəxsən iştirak etdikdən sonra istintaq və ya məhkəmədən gizləndikdə, onun ictimai televiziya və radio vasitəsilə məlumatlandırılması tələb edilmir və həmin şəxs cinayət təqibinin qiyabi icraat qaydasında aparılmasından məlumatlı hesab olunur.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.