Şriftin ölçüsü :

Saytın rəngi :

#maarifləndirmə - Yaşıllıqların mühafizəsi (3)

25.01.2024

  Yaşıllıqların qanunsuz kəsilməsi, götürülməsi, məhv edilməsi və ya zədələnməsi  təbiətə dəymiş ziyanın həcmindən aslı olaraq inzibati və ya cinayət məsuliyyəti yaradır. 

  Qanunsuz ağackəsmə, yəni meşələrdə və ya xüsusi mühafizə olunan təbiət ərazilərində ağacların, kolların və ya digər yaşıllıqların, eləcə də meşə fonduna daxil olmayan ağacların, kolların və ya digər yaşıllıqların qanunsuz kəsilməsi (götürülməsi) nəticəsində təbiətə xeyli miqdarda, yəni 1000 manatdan yuxarı məbləğdə ziyan vurulduqda əməl cinayət hesab edilir və beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

  Qeyd edilən əməllər nəticəsində təbiətə 1000 manatadək ziyan dəydikdə əməl inzibati xəta hesab edilir və fiziki şəxslər iki min manat miqdarında, vəzifəli şəxslər dörd min manat miqdarında, hüquqi şəxslər iyirmi beş min manat miqdarında inzibati cərimə edilir. 

  Meşə fonduna daxil olmayan ağac və ya kol əkililərinin zədələnməsinə görə fiziki şəxslər yüz manat miqdarında, vəzifəli şəxslər iki yüz manat miqdarında, hüquqi şəxslər min manat miqdarında inzibati cərimə edilir.

  Yaşıllıqların götürülməsinə  yanlız aşağıdakı hallarda yol verilir:

1. dövlət ehtiyacları üçün yaşıllıq altına düşən torpaqlar geri alındıqda;

2. “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, strateji ekoloji qiymətləndirilmə (SEQ) və ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədləri və həmin sənədlərin dövlət ekoloji ekspertizasının müsbət rəyi olan ərazi planlaşdırılması sənədlərində nəzərdə tutulan, habelə strateji ekoloji və ətraf mühitə təsirin qiymətləndirilməsinin aparılması tələb olunmayan, lakin dövlət ekoloji ekspertizasının obyekti olan və dövlət ekoloji ekspertizasının müsbət rəyi olan layihə həyata keçirildikdə; 

3. şəhərsalma və tikinti qaydalarına zidd olaraq əkilmiş ağaclar yaşayış və qeyri-yaşayış binalarında işıqlanma (inşaat fizikası) rejimini pozduqda;

4. ağac və kol bitkiləri olan sahədə sanitar qırma işləri (qurumuş, müalicəsi mümkün olmayan xəstə ağac və kol bitkilərinin kəsilməsi və sair) aparıldıqda;

5. texnogen və ya təbii xarakterli fövqəladə hallar (ekoloji fəlakət) baş verdikdə və onların nəticələri aradan qaldırıldıqda;

6. ağac və kol bitkiləri yerüstü və yeraltı mühəndis-kommunikasiya təminatı sistemlərinə mane olduqda.

  Yuxarıda qeyd edilən hallar istisna olmaqla, yaşıllıqların götürülməsi qadağandır.

  Yaşıllıqların götürülməsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı əsasında həyata keçirilir. 

  Yaşıllıqların mühafizəsi tələblərinin pozulmasına görə vəzifəli şəxslərin hüquqi məsuliyyəti

  Yaşıllıqların uçotunun, kadastrının və monitorinqinin aparılması və yaşıllıqların götürülməsi qaydalarının pozulmasına görə bələdiyyə və müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri inzibati məsuliyyətə cəlb edilərək  1000 manatdan 3000 manatadək cərimə edilirlər.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.