Şriftin ölçüsü :

Saytın rəngi :

#hüquqibilikləriniartır - 19 yanvar 2023-cü il tarixdə qüvvəyə minmiş Azərbaycan Respublikasının Qanunu ilə Cinayət Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində, “Azərbaycan Respublikası Silahlı Qüvvələri Daxili xidmət nizamnaməsinin təsdiq edilməsi haqqında” və “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilmişdir

22.01.2024

  19 yanvar 2023-cü il tarixdə qüvvəyə minmiş Azərbaycan Respublikasının Qanunu ilə Cinayət Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində, “Azərbaycan Respublikası Silahlı Qüvvələri Daxili xidmət nizamnaməsinin təsdiq edilməsi haqqında” və “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilmişdir

  Dəyişikliyə əsasən Cinayət Məcəlləsinə yeni - 281-1-ci və 284-2-ci maddələr əlavə edilmişdir.

  Məcəllənin Azərbaycan Respublikasının ərazi bütövlüyünün parçalanmasına yönələn atributları və ya simvolları nümayiş etdirmə, yayma, hazırlama, əldə etmə, saxlama, daşıma və ya gəzdirmə adlanan 281-1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyünün parçalanmasına yönələn atributları və ya simvolları nümayiş etdirmə və ya yayma, yaxud nümayiş etdirmək və ya yaymaq məqsədilə hazırlama, əldə etmə, saxlama, daşıma və ya gəzdirmə beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

  Həmin əməllər qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən və ya xarici təşkilatların və onların nümayəndələrinin tapşırığı ilə törədildikdə daha ağır məsuliyyətə səbəb olur.

  Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şəxsi heyətinin, hərbi silah, sursat və ya hərbi texnikasının hərəkəti, yaxud dislokasiyası haqqında məlumatları yayma adlanan 284-2-ci maddəyə əsasən isə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şəxsi heyətinin, hərbi silah, sursat və ya hərbi texnikasının hərəkəti, yaxud dislokasiyası haqqında məlumatları yayma, müharibə vaxtı və ya döyüş şəraitində törədildikdə və bu Məcəllənin 274-cü (dövlətə xəyanət), 276-cı (casusluq) və ya 284-cü (dövlət sirrini yayma) maddələrində nəzərdə tutulmuş əməllərin əlamətləri olmadıqda  üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

  Eyni əməllər ağır nəticələrə səbəb olduqda 5 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

  Maddənin Qeyd hissəsinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şəxsi heyətinin, hərbi silah, sursat və ya hərbi texnikasının hərəkəti, yaxud dislokasiyası haqqında dövlət orqanları (qurumları) tərəfindən ictimaiyyətə açıqlanan məlumatların yayılması hallarına həmin maddənin qüvvəsi şamil edilmir.

  19 yanvar 2023-cü il tarixdə qüvvəyə minmiş Qanunla həmçinin İnzibati Xətalar Məcəlləsinə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şəxsi heyətinin, hərbi silah, sursat və ya hərbi texnikasının hərəkəti, yaxud dislokasiyası haqqında məlumatların yayılması adlanan yeni – 614-1-ci maddə əlavə edilmişdir. 

  Həmin maddəyə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şəxsi heyətinin, hərbi silah, sursat və ya hərbi texnikasının hərəkəti, yaxud dislokasiyası haqqında məlumatların mediada, o cümlədən internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində hərbi qulluqçular və ya toplanışa çağırılmış hərbi vəzifəlilər tərəfindən yayılması  inzibati xəta hesab edilir və əmələ görə on gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur.

  Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili xidmət nizamnaməsi”nin 2-ci maddəsinə edilmiş dəyişikliklə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şəxsi heyətinin, hərbi silah, sursat və ya hərbi texnikasının hərəkəti, yaxud dislokasiyası haqqında məlumatların (dövlət orqanları (qurumları) tərəfindən ictimaiyyətə açıqlanan məlumatlar istisna olmaqla) yayılmaması hərbi qulluqçunun vəzifələrindən biri kimi müəyyən edilmişdir.

  “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununa   isə yeni - 13-2.3.3-1-cü maddə əlavə edilmiş və Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şəxsi heyətinin, hərbi silah, sursat və ya hərbi texnikasının hərəkəti, yaxud dislokasiyası haqqında məlumatlar (dövlət orqanları (qurumları) tərəfindən ictimaiyyətə açıqlanan məlumatlar istisna olmaqla) internet informasiya ehtiyatında (informasiya-telekommunikasiya şəbəkəsində) yayılması qadağan edilən informasiya kimi təsbit edilmişdir.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.