Şriftin ölçüsü :

Saytın rəngi :

#hüquqimaarifləndirmə - Narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının və güclü təsir edən maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin gücləndirilməsi məqsədilə 1 məcəllə və 4 qanuna dəyişiklik edilmişdir

14.12.2023

Dəyişikliklərə əsasən aşağıdakı siyahılar təsdiq edilmişdir:

1. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahıları”; 

2. “Güclü təsir edən maddələr və onların külli və xüsusilə külli miqdarlarının Siyahısı” 

3. “Narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz hazırlanmasında və emalında prekursorlardan istifadə məqsədi ilə törədilən əməllərlə əlaqədar həmin prekursorların xeyli, külli və xüsusilə külli miqdarlarının Siyahısı” 

  Bundan əlavə, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanuna “Narkotik vasitələrin (o cümlədən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) və psixotrop maddələrin, habelə onların prekursorlarının miqdarı” barədə yeni maddə əlavə edilmişdir. 

  Həmin maddəyə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının miqdarı təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyənləşdirilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin (o cümlədən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) və psixotrop maddələrin, habelə onların prekursorlarının xeyli, külli və xüsusilə külli miqdarları müvafiq qanunlarla müəyyən olunur.

  Narkotik vasitələrin (o cümlədən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) və psixotrop maddələrin, habelə onların prekursorlarının müvafiq qanunlarla müəyyən edilmiş xeyli miqdarından aşağı olan miqdarı şəxsin inzibati məsuliyyətə cəlb edilməsinə əsas verən az miqdardır.

  Beləliklə qeyd olunan dəyişikliklərin və siyahıların qüvvəyə minməsi ilə eyni gündə, yəni 13 dekabr 2023-cü ildə “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında” 26 aprel 2022-ci il tarixli Qanunun 1.3.1-ci, 1.3.4-cü, 1.3.5-ci, 1.4-cü, 1.5-ci maddələri də qüvvəyə minmişdir.

  Xatırladaq ki, həmin maddələrə əsasən Cinayət Məcəlləsinə narkotik vasitələrin və ya psixotrop maddələrin xüsusilə külli miqdarda qanunsuz dövriyyəsinə görə məsuliyyət nəzərdə tutan yeni 234.4-1-ci və narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını xüsusilə külli miqdarda talama və ya hədə-qorxu ilə tələb etməyə görə yeni 235.5-ci maddələr əlavə edilmiş və bu əməllərin törədilməsinə görə yuxarı həddi 15 ilədək azadlıqdan məhrumetmə növündə cəza müəyyən olunmuşdur. 

  Eyni zamanda, tərkibində narkotik maddələr olan bitkilərin kultivasiya edilməsi, yəni yetişdirilməsi ilə onların əldə edilməsi (o cümlədən toplanması), saxlanılması, daşınması əməlləri fərqləndirilərək, Cinayət Məcəlləsinin müvafiq olaraq 237-ci və 234-cü maddələri təkmilləşdirilmişdir.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.