Şriftin ölçüsü :

Saytın rəngi :

Sosial şəbəkələrdə yayılmış əsassız və həqiqətə uyğun olmayan məlumatlarla bağlı vətəndaşa xəbərdarlıq olunub

24.11.2023

  Bəzi sosial şəbəkə səhifələrində guya Ağdam rayonunda müxtəlif ərazilərin minalanması görüntüsünün formalaşdırılması ilə bağlı yayılmış məlumatlar üzrə araşdırma aparılıb. 

  Azərbaycan Respublikası Baş Prokuroruluğunda aparılmış araşdırmalarla müəyyən edilib ki, 1999-cu il təvəllüdlü Emin Nəcəfzadə Ağdam rayonunun Baş Qərvənd kəndinin yaxınlığında çəkiliş apararaq həmin mina olmayan ərazilərdə Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbərliyinin göstərişi ilə guya təhlükənin mövcud olmasını göstərmək məqsədilə müxtəlif nişanlar və yararsız minalar yerləşdirildiyini iddia edib.

  Bildirilir ki, istinad olunan təşkilat həmin ərazilərdə minatəmizləmə işlərində iştirak etməyib. Qeyd olunan ərazidə səlahiyyətli dövlət orqanları tərəfindən minatəmizləmə işləri həyata keçirilib, eyni zamanda təhlükənin qarşısının alınması məqsədilə monitorinqlər davamlı həyata keçirilir. 

  Şəxsi qərəzlilik zəminində və Fondun keçmiş əməkdaşı kimi işçi münasibətlər zamanı ortaya çıxmış narazılığı səbəbindən Emin Nəcəfzadənin irəli sürdüyü əsassız və həqiqətə uyğun olmayan iddiaları əhalinin təhlükəsizliyinin təmin olunmasına kölgə salmaqla yanaşı cəmiyyət içində ciddi narahatçılığa və təşvişə səbəb olmuşdur.

  “Prokurorluq haqqında” Azərbaycan Respublikasının Qanunun 22-ci maddəsinə əsasən Emin Nəcəfzadə Tərtər rayon prokurorluğuna dəvət olunaraq ona xəbərdarlıq edilib.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.