Şriftin ölçüsü :

Saytın rəngi :

#maariflənək #uşaqhüquqlarıaylığı - Yetkinlik yaşına çatmayanlar barəsində inzibati məsuliyyətin xüsusiyyətləri

20.11.2023

  Qanunvericiliyə əsasən inzibati xəta törədərkən 16 yaşı tamam olmuş fiziki şəxslər inzibati məsuliyyətə cəlb olunurlar. 

  İnzibati həbs və ya ictimai işlər növündə inzibati tənbeh nəzərdə tutan inzibati xətalar istisna olmaqla, şəxsin psixi inkişafı, həyat şəraiti, səhhəti və təhsili nəzərə alınmaqla, ilk dəfə inzibati xəta törətmiş 16 yaşından 18 yaşınadək şəxslər yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar tərəfindən inzibati məsuliyyətdən azad oluna bilərlər.

  Yetkinlik yaşına çatmayan şəxslərin inzibati xəta işlərinə xüsusi komissiya baxır. Bu kateqoriya şəxslər barəsində inzibati xəta haqqında işlər üzrə icraat zamanı vəkil iştirak edə bilər. Habelə, icraat zamanı qanunvericiliyə əsasən şahidlərin, psixoloqların və yetkinlik yaşına çatmayan şəxslərin işləri üzrə mütəxəssislərin prosesə cəlb olunmasına icazə verilir.
 
  Bundan başqa, inzibati tənbeh tətbiq edilərkən, yetkinlik yaşına çatmayanların inzibati xəta törətməyə cəlb edilməsi və inzibati xətanın yetkinlik yaşına çatmayanlara qarşı törədilməsi məsuliyyəti ağırlaşdıran hallar kimi, əməlin yetkinlik yaşına çatmayan tərəfindən törədilməsi isə məsuliyyəti yüngülləşdirən hal kimi qiymətləndirilir.

  Qanunvericiliyə əsasən yetkinlik yaşına çatmayanlar barəsində inzibati xətalar haqqında, habelə öz təşəbbüsü ilə başlanmış inzibati xətalar haqqında işlərin baxılmasının yeri və vaxtı prokurora bildirilir. Həmin işə prokurorun iştirakı olmadan yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın.

  Yetkinlik yaşına çatmayanlar barəsində inzibati xətalar haqqında işlərə şəxsin yaşadığı yer üzrə baxılır.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.