Şriftin ölçüsü :

Saytın rəngi :

#hüquqimaarifləndirmə #cinayətprosessualhüquq #uşaqhüquqlarıaylığı – Yetkinlik yaşına çatmayanlar barəsində cinayət təqibinin xüsusiyyətləri (2)

13.11.2023

Yetkinlik yaşına çatmayan şəxs barəsində ibtidai istintaqın bütün mərhələlərində aşağıdakı hüquqların təmin edilməsinə riayət edilməlidir:

1. irəli sürülmüş ittiham barəsində məlumat almaq hüququ;
2. ifadə verməkdən imtina etmək hüququ;
3. müdafiə hüququ;
4. valideynlərin və ya digər qanuni nümayəndələrin iştirak etmək hüququ;
5. məxfilik hüququ.

- 16 yaşınadək və əqli cəhətdən zəiflik əlamətləri olan yetkinlik yaşına çatmayan şəxsin iştirakı ilə istintaq hərəkətlərinin aparılmasında müstəntiq müəllim və ya psixoloqun iştirakını təmin etməlidir.

- Yetkinlik yaşına çatmayan şəxs barəsində cinayət işi üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməsinə hər bir halda yetkinlik yaşına çatmayan şəxsin və ya onun valideynlərinin (digər qanuni nümayəndələrinin) razılığı ilə yol verilir. 

- Yetkinlik yaşına çatmayan təqsirləndirilən şəxsə ibtidai istintaqın qurtarmasını elan edərkən və ona cinayət işinin materiallarını təqdim edərkən müstəntiq və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror öz mülahizələrinə görə yetkinlik yaşına çatmayan şəxsə mənfi təsir göstərə biləcək cinayət işinin materiallarının yetkinlik yaşına çatmayan şəxsə təqdim edilməməsi barədə əsaslandırılmış qərar çıxarmaq hüququna malikdirlər. Belə halda göstərilən materiallarla məcburi qaydada yetkinlik yaşına çatmayan şəxsin müdafiəçisi və ya qanuni nümayəndəsi tanış edilməlidir.

- Yetkinlik yaşına çatmayan şəxsin tutulması zamanı bu barədə dərhal onun valideynlərinə və ya digər qanuni nümayəndələrinə məlumat verilir. Məlumatın dərhal verilməsi mümkün olmadıqda, yetkinlik yaşına çatmayan şəxsin valideynlərinə və ya digər qanuni nümayəndələrinə mümkün qədər qısa müddətdə tutulma barədə məlumat verilir.

- Məhkəmə nəzarəti funksiyasını həyata keçirən hakim və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror yetkinlik yaşına çatmayan şəxsin tutulması onlara məlum olan kimi dərhal onun azad edilib-edilməməsi məsələsinə baxmalıdırlar.

- Yetkinlik yaşına çatmayan təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin tətbiq edilməsinə müstəsna tədbir kimi və mümkün qədər qısa müddət ərzində, yalnız ona ağır və ya xüsusilə ağır cinayətin, 16 yaşına çatmış təqsirləndirilən şəxslərə isə həmçinin az ağır cinayətin zorakı üsulla və ya iki dəfədən çox törədilməsi istinad edildikdə yol verilir. 

- Həbsdə saxlanılan yetkinlik yaşına çatmayan şəxslər digər şəxslərdən ayrı saxlanılmalıdırlar. Onlar yaşının, cinsinin və şəxsiyyətinin xüsusiyyətlərinə görə tələb olunan qulluq, müdafiə və digər fərdi yardımla təmin edilməlidirlər.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.