Şriftin ölçüsü :

Saytın rəngi :

#insanhüquqları #uşaqhüquqlarıaylığı - Uşaq hüquqlarına dair əsas prinsiplər

02.11.2023

1959-cu il noyabrın 20-də Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi tərəfindən qəbul edilmiş Uşaq hüquqları Bəyannaməsində uşaq hüquqlarının əsas prinsipləri müəyyən edilib:

1. Din, dil, irq, rəng, cinsiyyət, milliyyət, mülkiyyət, siyasi və ya sosial sinif ayrı-seçkiliyi olmadan dünyanın bütün uşaqları bu bəyannamədəki hüquqlardan istifadə etməlidirlər.

2.  Uşaqlar xüsusi olaraq qorunmalı, qanunun və lazımi qurumların köməyi ilə fiziki, əqli, əxlaqi, mənəvi və sosial cəhətdən sağlam, azad və ləyaqətinə xələl gətirməyən normal şəraitdə tərbiyə edilməlidir. Bu məqsədlə qəbul ediləcək qanunlarda uşağın ən yüksək maraqları nəzərə alınmalıdır.

3. Hər bir uşağın doğulduğu zaman adı və dövlətin vətəndaşı olmaq hüququ var.

4. Uşaqlar sosial təminatdan faydalanmalı, sağlam şəkildə böyümələri üçün onlara və analarına doğuşdan əvvəl və sonra xüsusi qayğı və müdafiə göstərilməlidir. Uşaqlar adekvat qidalanma, sığınacaq, istirahət, oyun imkanları və lazımi tibbi yardımla təmin edilməlidir.

5. Fiziki, əqli və ya sosial qüsurlu uşaq lazımi müalicə, təhsil və qayğı ilə təmin edilməlidir.

6. Uşağın şəxsiyyətini inkişaf etdirmək üçün anlayışa və sevgiyə ehtiyacı var. O, valideynlərinin qayğısı və məsuliyyəti altında sevgi və təhlükəsizlik mühitində tərbiyə olunmalıdır. Uşağı kiçik yaşda anasından ayırmamaq üçün bütün imkanlardan istifadə edilməlidir. Ailəsi olmayan və kifayət qədər maddi dəstəyi olmayan uşaqlara xüsusi qayğı göstərmək cəmiyyətin və qurumların borcudur. Daha çox uşaqlı ailələrə dövlət yardımı verilməlidir.

7. Ona ümumi mədəniyyət və qabiliyyətlərini, fərdi qərar qəbul etmə qabiliyyətini, mənəvi və sosial məsuliyyətini inkişaf etdirəcək, cəmiyyətin faydalı üzvü olmasına şərait yaradacaq təhsil hüququ verilməlidir. Bu tərbiyədə məsuliyyət ilk növbədə ailəyə aid olmalıdır. Təhsilin ilk pillələri pulsuz və icbari olmalıdır.

8. Uşaq bütün hallarda qorunma və xilasetmədən ilk faydalanan şəxslərdən biri olmalıdır.

9. Uşaqlar hər cür sui-istifadə, laqeydlik və istismardan qorunmalı və heç bir şəkildə ticarət obyekti olmamalıdır. Uşaq müvafiq minimum yaş həddinə qədər işlə təmin olunmamalı, sağlamlığına və təhsilinə xələl gətirən, fiziki, əqli və əxlaqi inkişafına mane ola biləcək işə məcbur edilməməli və ya icazə verilməməlidir.

10. Uşaq irqi, dini və ya digər ayrı-seçkiliyi təşviq edən təcrübələrdən qorunacaq. Anlayış, dözümlülük, dostluq, sülh və ümumbəşəri qardaşlıq mühitində enerji və istedadlarını başqalarının xidmətinə qoymalı olduqları şüuru ilə yetişdirilməlidir.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.