Şriftin ölçüsü :

Saytın rəngi :

“Azərbaycanda əmlakların bərpası və idarə edilməsi sistemində islahatlara dəstək” adlı Tvinninq layihəsi üzrə təlimlər davam etdirilir

30.10.2023

  Avropa İttifaqının dəstəyi ilə həyata keçirilən və Baş Prokurorluğun benefisiar olduğu “Azərbaycanda əmlakın bərpası və idarə edilməsi sistemində islahatlara dəstək” adlı Tvinninq layihəsi çərçivəsində prokurorluq əməkdaşlarının aktivlərin bərpası və idarə edilməsi sahəsində bilik və bacarıqlarının artırılması istiqamətində silsilə təlimlər keçirilmişdir.

  Cari ilin oktyabr ayında Baş Prokurorluğun Xüsusi müsadirə məsələlərinin əlaqələndirilməsi idarəsi tərəfindən qeyd edilən Layihə çərçivəsində Azərbaycan Respublikasının şəhər və rayon prokurorluqlarının, eləcə də Bakı şəhərinin rayon prokurorluqlarının əməkdaşları üçün əyani şəkildə və real vaxt rejimində təlimlər baş tutmuşdur. Qeyd edilən təlimlərdə müxtəlif şəhər və rayon prokurorluqlarından ümumilikdə 52 əməkdaş iştirak etmişdir. 

  Belçika Krallığının Həbs və müsadirə üzrə mərkəzi ofisi (COSC), Litva Respublikasının Baş Prokurorluğu və Xüsusi istintaq xidmətindən olan ekspertlərin, eləcə də Azərbaycan Respublikası Baş Prokurorluğundan olan təlimçilərin də iştirak etdiyi tədbirlərdə müvafiq cinayət işləri üzrə qanunsuz yolla əldə edilmiş əmlakların aşkar edilməsi, izlənməsi, idarə edilməsi və bərpasını ehtiva edən bütün elementlərin dərindən öyrənilməsi, eləcə də təcrübədə istifadə edilməsi qaydasına dair təqdimatlar baş tutmuş, qarşılıqlı müzakirələr aparılmışdır.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.