Şriftin ölçüsü :

Saytın rəngi :

#hüquqimaarifləndirmə #cinayətprosessualhüquq #qətimkantədbirləri - Qətimkan tədbiri nədir? Həbs qətimkan tədbiri hansı qaydada seçilir?

18.10.2023

Qətimkan tədbiri Cinayət-Prosessual Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə tərəfindən şübhəli, yaxud təqsirləndirilən şəxsin hüquqlarını müvəqqəti məhdudlaşdırmaqla onun qanuna zidd davranışının qarşısını almaq və hökmün icrasını təmin etmək məqsədi ilə seçilən prosessual məcburiyyət tədbiridir.

Qətimkan tədbirlərinin aşağıdakı növləri var:

1. həbs;
2. ev dustaqlığı;
3. girov;
4. başqa yerə getməmək barədə iltizam;
5. şəxsi zaminlik;
6. təşkilatın zaminliyi;
7. polisin nəzarəti altına vermə;
8. yetkinlik yaşına çatmayanı nəzarət altına vermə; 
9. komandanlığın müşahidəsi altına vermə.
10. Vəzifədən kənarlaşdırma.

Həbs qətimkan tədbirinin seçilmə qaydası:

İbtidai istintaq zamanı təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyat keçirən prokurorun təqdimatı əsasında məhkəmə tərəfindən seçilir.

Yəni, cinayət işi üzrə istintaqı aparan müstəntiq təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsini zəruri hesab etdikdə bu barədə əsaslandırılmış vəsatətlə prokurora müraciət edir.

Prokuror vəsatətin əsaslılığını yoxlayır, təqsirləndirilən şəxsin barəsində həbslə bağlı olmayan, digər qətimkan tədbiri seçilməklə də məqsədə nail olunmasının mümkün olduğunu hesab etdikdə, müstəntiqin vəsatətinin təmin edilməməsi barədə qərar qəbul edir.

Prokuror şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsini zəruri hesab etdikdə, bu barədə əsaslandırılmış təqdimatla məhkəməyə müraciət edir.

Həbsdə saxlama müddətinin uzadılması zamanı da eyni qayda tətbiq edilir.

İbtidai istintaq zamanı məhkəmə öz təşəbbüsü ilə şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsi məsələsinə baxa bilməz. Bunun üçün mütləq prokurorun təqdimatı olmalıdır. Lakin cinayət işinə məhkəmədə baxıldıqda, məhkəmənin öz təşəbbüsü ilə həbs qətimkan tədbiri seçilə bilər.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.