Şriftin ölçüsü :

Saytın rəngi :

#HÜQUQİBİLİKLƏRİNİARTIR - Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Prokurorluğunun sorğusu əsasında Azərbaycan Respublikası Konstitusiyasının 26 və 61-ci maddələri baxımından Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 92.16.3-cü maddəsində nəzərdə tutulan “müdafiəçinin cinayət prosesində iştirakını istisna edən hallar” müddəasını həmin Məcəllənin 19.6, 32, 92.10 və 114-cü maddələri ilə əlaqəli şəkildə şərh etmişdir

13.10.2023

  Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 9 oktyabr 2023-cü il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 92.16.3-cü maddəsinin “müdafiəçinin cinayət prosesində iştirakını istisna edən hallar” müddəası, yalnız həmin Məcəllənin 114.1-ci maddəsində göstərilən müdafiəçinin cinayət prosesində iştirakını istisna edən halları nəzərdə tutur və bu Məcəllənin 92.10-cu maddəsində sadalanan müdafiəçiyə qadağan olunmuş hərəkətləri ehtiva etmir.

  Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Konstitusiyanın 61-ci maddəsi ilə təsbit edilmiş şübhəli və ya təqsirləndirilən şəxsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququnun təmin edilməsi və Konvensiyanın 6-cı maddəsindən irəli gələn dövlətin üzərinə düşən pozitiv öhdəliklərinin yerinə yetirilməsi məqsədi ilə, müdafiə olunan şəxsin mövqeyi ilə müdafiəçinin mövqeyi uzlaşmadıqda, bu hal, cinayət prosesini həyata keçirən orqanlar tərəfindən dərhal müdafiə olunan şəxsin diqqətinə çatdırılmalı və ona həmin müdafiəçidən imtina etmək hüququ izah edilməlidir. 

  Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməsə də, ittiham üzrə cinayət əməlinin daha yüngül maddəyə tövsif edilməsi və ya yüngülləşdirici halların yekun ittihamda nəzərə alınmasına dair vəsatət verən müdafiəçinin icraatın sonrakı mərhələsində iştirakının mümkünlüyü ilə  bağlı Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, bu məsələ müdafiə olunan şəxs tərəfindən dəyərləndirilməli və yalnız onun vəsatəti əsasında Cinayət-Prosessual Məcəlləsinin 114.4-cü maddəsi tətbiq edilməlidir.

  Hüquqi yardım göstərilən şəxs, müdafiəçinin fərqli mövqeyini öz marağına və mənafeyinə zidd hesab etmirsə və onun prosesdən kənarlaşdırılması barədə vəsatət vermirsə, müdafiəçinin prosesin sonrakı mərhələlərində iştirakı Cinayət-Prosessual Məcəlləsinin 303.3-cü maddəsi ilə nəzərdə tutulmuş müdafiə hüququnun kobud pozuntusu kimi qiymətləndirilə bilməz.

  Beləliklə, təqsirləndirilən şəxsin özünü təqsirli bilmədiyi ittiham üzrə müdafiəçinin cinayət əməlinin daha yüngül maddə ilə tövsif edilməsinə dair müraciətinə müdafiə olunan şəxsin etirazı olmadığı halda, müdafiəçinin icraatın sonrakı mərhələsində iştirak etməsi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 303.3.1-ci maddəsi ilə nəzərdə tutulmuş müdafiə hüququnun kobud pozuntusu hesab edilə bilməz. 

  Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.