Şriftin ölçüsü :

Saytın rəngi :

#HÜQUQİBİLİKLƏRİNİARTIR - Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinin tələbləri baxımından Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 74.2.1, 74.5 və 74.8-ci maddələrini əlaqəli şəkildə şərh etmişdir

12.10.2023

  Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Prokurorluğunun sorğusu əsasında 25 sentyabr 2023-cü il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 74.2.1-ci maddəsinə uyğun olaraq, alternativ tərkibli uzanan cinayətlərə dair işə cinayətə son qoyulduğu yerin yurisdiksiyasına aid olan məhkəmələr tərəfindən baxılmalıdır. Qərara əsasən, uzanan cinayət əməli (hərəkət və ya hərəkətsizlik) törədildiyi andan başlayır və onu törədən şəxsin özünün cinayətin qarşısını almağa yönəlmiş hərəkəti və ya cinayətin törədilməsinə əngəl yaradan hadisələrin (məsələn, hakimiyyət orqanlarının müdaxiləsi) baş verməsi nəticəsində başa çatır. Uzanan cinayət bir məhkəmənin yurisdiksiyasına aid olan yerdə başlayıb, başqa məhkəmənin yurisdiksiyası daxilində bitibsə, cinayət işinə cinayətin bitdiyi yer üzrə məhkəmə tərəfindən baxılmalıdır. Alternativ tərkibli uzanan cinayətlərə gəldikdə isə qeyd olunmalıdır ki, belə tərkibli cinayətlərin obyektiv cəhətini təşkil edən alternativ hərəkətlərdən hər hansı birinə yol verildiyi anda hüquqi cəhətdən cinayət baş vermiş hesab edilsə də, məhkəmə aidiyyəti məsələsinə münasibətdə cinayətə son qoyulma yeri faktiki cəhətdən cinayətin başa çatdığı yer hesab olunmalı və cinayət işinə həmin yerin məhkəməsi tərəfindən baxılmalıdır.

  Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 74.5-ci maddəsinə müvafiq olaraq, cinayət işlərindən biri ağır cinayətlər məhkəməsinə, digəri isə rayon (şəhər) məhkəməsinə aid olan bir icraatda birləşdirilmiş cinayət işlərinə ağır cinayətin törədildiyi yer üzrə ağır cinayətlər məhkəməsində baxılmalıdır.

  Ərazi yurisdiksiyası Azərbaycan Respublikasının bütün ərazisini və ya bir neçə inzibati ərazi vahidini əhatə edən istintaq qurumlarında məhkəməyədək icraatı tamamlanan cinayət işlərinin məhkəmə aidiyyəti Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 74.1-ci maddəsinin hüquqi mahiyyətinə əsasən müvafiq cinayətlərdən ən çoxunun və ya ən ağırının törədildiyi yer üzrə müəyyən edilməlidir. 

  Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.