Şriftin ölçüsü :
Saytın rəngi :
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 06 oktyabr 2023-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 383-cü maddəsində birinci instansiya məhkəməsi tərəfindən çıxarılmış hökm və ya qərar ilə hüquq və qanuni maraqlarına toxunulan cinayət prosesində iştirak edən digər şəxslərin (şahidin) apellyasiya şikayəti vermək hüququnun nəzərdə tutulmaması Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin I hissəsinə və 60-cı maddəsinin I hissəsinə uyğun olmayan hesab edilmişdir.
Həmin qərarda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 383 və 384-cü maddələrində birinci instansiya məhkəməsi tərəfindən çıxarılmış hökm və ya qərar ilə hüquq və qanuni maraqlarına toxunulan cinayət prosesində iştirak edən digər şəxslərin (şahidin) apellyasiya şikayəti vermək hüququnun və müvafiq olaraq məhkəməyə müraciət edilməsi üçün müddətlərin axımının hesablanması qaydalarının müəyyən edilməsinə dair müvafiq dəyişikliklərin həyata keçirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilmişdir.
Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin I hissəsinə, 60-cı maddəsinin I hissəsinə və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunan hüquqi mövqelərə əsasən, məsələ qanunvericilik qaydasında həll edilənədək birinci instansiya məhkəməsi tərəfindən çıxarılmış hökm və ya qərar ilə hüquq və qanuni maraqlarına toxunulan cinayət prosesində iştirak edən digər şəxslərin (şahidin) apellyasiya şikayəti vermək hüququ təmin edilməlidir.
E.Axundovun apellyasiya şikayətinin verilməsinin mümkünlüyünə dair iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 12 noyabr 2021-ci il tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin I hissəsinə, 60-cı maddəsinin I hissəsinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarının təsviri-əsaslandırıcı hissəsində istinad olunan əvvəlki hüquqi mövqelərinə və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 2.1, 2.2, 10.1, 12.3 və 416.1.20-ci maddələrinə uyğun olmayan hesab edilsin və işə bu Qərarda əks olunmuş hüquqi mövqelərə uyğun olaraq Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada yenidən baxılmalıdır.
Qeyd edilməlidir ki, Konstitusiya Məhkəməsinin Plenumunun 24.02.2022-ci il tarixli qərarında da Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin I hissəsinə və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin tələblərinə uyğun olaraq, cinayət mühakimə icraatına cəlb olunmamış, məhkəmə hökmü ilə maraqlarına toxunan şəxsin məhkəməyə apellyasiya şikayəti ilə müraciət etmək hüququnun tənzimlənməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilmişdir.
Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.

Xəbərlər gündəlik olaraq sizin e-poçt ünvanınıza göndəriləcək.
492-55-40 492-01-38
Korrupsiya və Rüşvətxorluqla bağlı