Şriftin ölçüsü :

Saytın rəngi :

Korrupsiyaya qarşı mübarizə və əmlakların bərpası sahəsində mütərəqqi beynəlxalq təcrübənin öyrənilməsi istiqamətində işlər davam etdirilir

22.09.2023

  Cari ilin 04-15 sentyabr tarixlərində Hindistanın Texniki və İqtisadi Əməkdaşlıq (ITEC) proqramı çərçivəsində həmin ölkənin Mərkəzi İstintaq Bürosunun Akademiyası tərəfindən "Korrupsiya cinayətlərinin istintaqı və əmlakların bərpası" mövzusunda təlim keçirilib.

  Ümumilikdə 12 ölkədən 20 nümayəndənin iştirak etdiyi 2 həftəlik əyani təlimdə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin böyük prokuroru Ziya Hacıyev iştirak edib. 

  Tədris zamanı hakimlər, habelə müvafiq sahədə çalışan prokurorluq və polis əməkdaşları tərəfindən korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq hüquqi mexanizmlər, əsasən də Birləşmiş Millətlər Təşkilatının Korrupsiya əleyhinə Konvensiyasının təqdim etdiyi imkanlardan istifadə etməklə həyata keçirilən beynəlxalq hüquqi əməkdaşlığa dair müsbət təcrübə qeyd edilib, həmin əməkdaşlığın korrupsiya cinayətlərinin qarşısının alınması, aşkarlanması və cəzalandırılmasında, habelə cinayət yolu ilə əldə edilmiş əmlakın bərpasındakı rolu barədə geniş məlumat verilib. 

  Bundan əlavə, tədris kursu qanunsuz varlanma, əmlak bəyannamələrində təqdim olunmuş məlumatların təhlili, benefesiar mülkiyyətçinin müəyyən edilməsi, korrupsiya hüquqpozmaları ilə əlaqədar daxil olmuş məlumatların yoxlanılması və əməliyyat tədbirlərinin keçirilməsinin xüsusiyyətləri kimi mövzuları əhatə edib.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.