Şriftin ölçüsü :

Saytın rəngi :

#HÜQUQİBİLİKLƏRİNİARTIR - Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.4-cü maddəsinin Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 167-ci maddəsinə münasibətdə şərh etmişdir

14.09.2023

  Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 1 sentyabr 2023-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.4-cü maddəsinin mənasına görə, məhkum edilmiş şəxsin cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti cəzanın çəkilməmiş hissəsini əvəz edən cəzanın çəkilib qurtardığı gündən hesablanmalıdır.

  Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə müvafiq olaraq, şəxs təyin olunmuş cəzalardan birini çəkməkdə davam etdiyi vəziyyətdə (nə qədər ki bu cəza qəti cəzanın tərkib elementidir) o, hökmlə müəyyən edilmiş cəzanı çəkib qurtarmış hesab edilə bilməz və bu səbəbdən ayrıca olaraq çəkilib qurtarmış cəzaya görə məhkumluğun ödənilməsi müddətinin axımının başlanması istisna edilir. Əks yanaşma, vahid hökmlə təyin olunmuş hər bir cəzanın müstəqil hesablanan bir neçə məhkumluq yaratması, həmçinin eyni bir hökmlə müxtəlif cəzalara məhkum olunmuş şəxsin həm məhkumluğu ödənilən, həm ödənilməyən, hətta cəza çəkən şəxs statusunda ola bilməsi kimi yanlış nəticəyə gətirib çıxarar.

  Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 167.0.4-cü maddəsində cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz edilməsi cəzanın çəkilməmiş hissəsindən azad etmənin cəzaların icrası qaydasında tənzimlənməsini nəzərdə tutur.

  Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.