Şriftin ölçüsü :

Saytın rəngi :

Prokurorluq orqanları nüfuzlu beynəlxalq təşkilatlar və xarici ölkələrin prokurorluq orqanları ilə səmərəli əməkdaşlıq əlaqələrini davam etdirir

13.09.2023

  Cari ilin 6-8 sentyabr tarixlərində Qazaxıstan Respublikasının Astana şəhərində İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Şərqi Avropa və Mərkəzi Asiya regionu üzrə Anti-Korrupsiya Şəbəkəsinə üzv ölkələrin hüquq mühafizə orqanlarının 13-сü iclası keçirilmişdir.

  İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı və Birləşmiş Millətlər Təşkilatının nümayəndələri, habelə, 25 müxtəlif ölkənin hüquq-mühafizə orqanlarının nümayəndələrinin iştirak etdiyi tədbirdə ölkəmizi Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq idarəsinin rəis müavini Nazim Rəşidov və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsinin mühüm işlər üzrə böyük müstəntiqi Emin Vəliyev təmsil etmişlər.

  Tədbirdə təşkilata üzv ölkələr arasında korrupsiyaya qarşı mübarizə sahəsində qarşılıqlı əməkdaşlıq əlaqələrinin gücləndirilməsi, sözügedən sahədə mövcud istintaq təcrübəsi, yüksək vəzifəli şəxslər tərəfindən törədilmiş korrupsiya hüquqpozmaları ilə bağlı aparılmış cinayət işlərinin istintaq metodikası, müvafiq sahədə əmlakın müsadirəsi məsələləri və digər mövzular ətrafında geniş fikir mübadiləsi aparılmışdır.

  Görüşdə təqdimatla çıxış edən nümayəndələrimiz ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilmiş effektiv islahatlar, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla qəbul edilmiş müvafiq qanunvericilik aktları, xüsusi müsadirə institutunun inkişafı istiqamətində görülmüş işlər və digər mühüm məsələlər barədə tədbir iştirakçılarını məlumatlandırmışlar.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.