Şriftin ölçüsü :

Saytın rəngi :

#heçbilirsinizmi? #sahəviqanunlar - Həkim sirri

04.09.2023

Həkim sirri nədir?
- Vətəndaşın tibbi yardım üçün müraciət etməsi faktı, onun xəstəliyinin diaqnozu, sağlamlığının vəziyyəti müayinə və müalicə vaxtı əldə edilən digər məlumatlar barədə informasiya həkim sirrini təşkil edir. Vətəndaşın verəcəyi məlumatın gizli saxlanılması haqqında ona zəmanət verilir.

Həkim sirrini təşkil edən məlumat hansı hallarda başqa şəxslərə verilə bilər?

Həkim sirrini təşkil edən məlumat vətəndaşın və ya onun qanuni nümayəndəsinin razılığı ilə  pasiyentin müayinə və müalicəsinin mənafeyi naminə, elmi tədqiqatların aparılması, elmi ədəbiyyatda nəşr edilməsi, tədris və digər məqsədlərlə istifadə olunması üçün başqa vətəndaşlara, vəzifəli şəxslərə verilə bilər.

Həkim sirrini təşkil edən məlumat  hansı hallarda vətəndaşın, yaxud onun qanuni nümayəndəsinin razılığı olmadan başqa şəxslərə verilə bilər? 

-vətəndaş öz vəziyyətini izah etmək qabiliyyətinə malik olmadıqda, vətəndaşı müayinə və müalicə etmək məqsədilə;

-yoluxucu xəstəliklərin yayılması təhlükəsi olduqda, kütləvi zəhərlənmələr və zədələnmələr baş verdikdə;

-istintaq və təhqiqat orqanlarının, prokurorun və məhkəmənin sorğusu ilə;

-yetkinlik yaşına çatmayanların valideynlərinə, yaxud qanuni nümayəndələrinə məlumat vermək məqsədilə;

-hüquqa zidd hərəkətlər və vətəndaşın sağlamlığına vurulan zərər barədə şübhə olduqda;

-həqiqi hərbi xidmətə çağırışın və səfərbərliyin təmin olunması məqsədilə müvafiq icra hakimiyyəti orqanının sorğusu ilə.

Həkim sirrinə qanuni qaydada yiyələnən şəxslər onun yayılmasına və bununla əlaqədar vətəndaşa dəyən zərərə görə qanuna uyğun olaraq tibb və əczaçılıq işçilərinə bərabər məsuliyyət daşıyırlar.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.