Şriftin ölçüsü :
Saytın rəngi :
Həmin qanun 2024-cü il yanvarın 1-dən qüvvəyə minir və qanun qüvvəyə mindiyi gündən “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının 27 dekabr 2001-ci il tarixli Qanunu ləğv edilir.
Azərbaycan Respublikasında dövlət satınalmalarının iqtisadi, hüquqi və təşkilati əsaslarını və qaydalarını müəyyən edən yeni qanunda satınalmanın yalnız vahid internet portal (bundan sonra – portal) vasitəsilə həyata keçirilməsi, təkliflərin cəlb edilməsi barədə elanların portalda yerləşdirilməsi, məxfi məlumatlarla əlaqəli satınalmaların və bu satınalmalarla bağlı prosedurların kağız daşıyıcılarında həyata keçirilməsi nəzərdə tutulub.
Qanunda, habelə satınalmaların planlaşdırılması və mərhələləri, satınalma komissiyasının formalaşdırılması və komissiyanın məsuliyyəti, təchizatçıların uyğunluq göstəriciləri, təkliflərin qiymətləndirilməsi, satınalmaya dair hesabatın hazırlanması və satınalma müqaviləsinə dair digər tələblər, o cümlədən satınalmanın dayandırılması şərtləri göstərilir.
Yeni qanuna əsasən Azərbaycanın beynəlxalq öhdəlikləri ilə nəzərdə tutulduğu və ya dövlət təhlükəsizliyi baxımından müəyyən xarici təchizatçıların və ya müəyyən ölkələrdən (o cümlədən Azərbaycanın diplomatik əlaqələri olmadığı ölkələrdən) olan xarici təchizatçıların satınalmada iştirak etməsinə məhdudiyyətlər qoyulduğu hallar istisna olmaqla, istənilən rezident və qeyri-rezident təchizatçı ölkədə keçirilən satınalmalarda iştirak edə biləcək.
Qanunda nəzərdə tutulan hallar istisna olmaqla, satınalma komissiyası təchizatçıların satınalmalarda iştirakını məhdudlaşdıra, habelə onlar arasında ayrıseçkilik yaradan tələblər, meyarlar və prosedurlar müəyyənləşdirə bilməz.
Həmçinin, təchizatçıların aşağıdakı hallarda (satınalma predmetinin yalnız hər hansı konkret təchizatçıda olduğu, yaxud satınalma predmetinin əvəzedicisi və alternativi olmadığı hallar istisna olmaqla) satınalmalarda iştirakına yol verilmir:
- təchizatçının satınalan təşkilatdan və ya satınalan təşkilatla təchizatçının eyni qurumdan hüquqi, maliyyə və ya təşkilati asılılığı olduqda;
- təchizatçılardan biri digərinin benefisiar mülkiyyətçisi olduqda, yaxud təchizatçıların azı ikisi eyni benefisiar mülkiyyətçinin nəzarətində olduqda;
- təchizatçılardan biri digərinin idarəetmə orqanının üzvü və (və ya) iştirakçısı olduqda, yaxud təchizatçıların azı ikisinin idarəetmə orqanının üzvü və (və ya) iştirakçısı eyni şəxs olduqda;
- satınalmada təchizatçı qismində çıxış edən fiziki şəxs və ya hüquqi şəxsin Mülki Məcəllənin 49-1-ci maddəsinə əsasən aidiyyəti şəxsi satınalan təşkilatın rəhbəri ilə qohumluq (ər-arvadlar, valideynlər, övladlar, övladlığa götürənlər, övladlığa götürülmüş şəxslər, babalar, nənələr, nəvələr, doğma (ögey) bacılar və qardaşlar, bacı və qardaşların övladları, bacıların ərləri, qardaşların arvadları, valideynlərin bacıları və qardaşları, ər-arvadların valideynləri, bacıları və qardaşları) münasibətində olduqda.
Yeni qanuna əsasən aşağıdakı şəxslər satınalmalar zamanı satınalma komissiyasının üzvü, satınalan təşkilatın nümayəndəsi, kənar məsləhətçisi və ya satınalmalarla əlaqədar digər vəzifələrin icraçısı ola, o cümlədən satınalmaya dair sənədlərin hazırlanmasına cəlb edilə bilməzlər:
- təchizatçı qismində çıxış edən fiziki şəxs və ya hüquqi şəxsin icra orqanının rəhbəri, təchizatçının digər işçisi və ya nümayəndəsi, habelə təchizatçı qismində çıxış edən fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin, Mülki Məcəllənin 49-1-ci maddəsinə əsasən təchizatçının aidiyyəti şəxsinin və ya nümayəndəsinin qohumları (ər-arvadlar, valideynlər, övladlar, övladlığa götürənlər, övladlığa götürülmüş şəxslər, babalar, nənələr, nəvələr, doğma (ögey) bacılar və qardaşlar, bacı və qardaşların övladları, bacıların ərləri, qardaşların arvadları, valideynlərin bacıları və qardaşları, ər-arvadların valideynləri, bacıları və qardaşları), eləcə də təchizatçı ilə təsisçilik və (və ya) hüquqi və maliyyə asılılığı münasibəti olan şəxslər;
- keçirilən satınalmadan əvvəlki 3 (üç) il ərzində satınalmada iştirak edən təchizatçının işçisi və ya vəzifəli şəxsi olmuş şəxslər.
Qeyd olunan hallar aşkar edildikdə satınalma komissiyasının üzvü bu barədə komissiya sədrini məlumatlandırır və həmin satınalma ilə bağlı komissiyada iştirak etmir.
Bu Qanunda qeyd olunan məlumatlar nəzarət orqanına müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə təqdim edilir.
Satınalan təşkilat bu Qanunda qeyd olunan məlumatları təchizatçıların təqdim etdiyi sənədlərdə (məlumatlar), dövlət orqanlarının (qurumlarının) rəsmi internet səhifələri və digər etibarlı, müstəqil mənbələr vasitəsilə yoxlayır.
Bundan başqa yeni qanunda dövlət satınalmalarına nəzarəti həyata keçirən orqan Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti müəyyən edilmiş və Xidmətin satınalma zamanı satınalan təşkilatlardan və təchizatçılardan keçirilən satınalma proseduru ilə əlaqəli sənədləri (məlumatları) tələb etmək, satınalma planında göstərilən ehtimal olunan qiymətlə bağlı şübhələr olduqda onun dəqiqləşdirilməsi ilə bağlı satınalan təşkilatlara müraciət etmək, satınalma planında kənarlaşmalar aşkar etdikdə isə aradan qaldırılmasını tələb etmək, satınalma komissiyalarının iclaslarında müşahidəçi qismində iştirak etmək, satınalmalarla bağlı araşdırma aparmaq və nəticəsindən asılı olaraq bu Qanunda nəzərdə tutulmuş qaydada tədbirlər görmək, satınalma predmetinin həcminin (miqdarının) 15 faizə qədər artırılıb-azaldılmasına razılıq vermək, qanunda nəzərdə tutulmuş hallarda satınalma komissiyalarının qərarlarının (protokollarının) təsdiq olunub-olunmaması haqqında qərar qəbul etmək, satınalmalar üzrə illik hesabatı hazırlamaq və portalda yerləşdirmək, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş qaydada satınalan təşkilatların, satınalma müqavilələrinin və etibarsız təchizatçıların reyestrlərini aparmaq, təchizatçıların həmin reyestrdə qalma müddəti barədə qərar qəbul etmək və s səlahiyyətləri təsbit edilmişdir.
