Şriftin ölçüsü :

Saytın rəngi :

#hüquqimaarifləndirmə #sahəviqanunlar - İdman mərc oyunlarının, lotereyaların reklamı

17.08.2023

  İdman mərc oyunlarının, lotereyaların reklamında aşağıdakılar qadağandır:

1. yetkinlik yaşına çatmayanlara müraciət olunması;

2. bu cür oyunlarda, lotereyalarda iştirakın cəmiyyətdə nüfuz qazanmaq vasitəsi olması fikrinin yaradılması;

3. oyunlarda və lotereyalarda qazanc əldə edilməsinə zəmanət verilməsi, idman yarışlarında tərəflərdən birinin uduş ehtimalının artması ilə bağlı məlumatın təqdim olunması;

4. oyunlarda və ya lotereyalarda iştirak etməyənlərin nüfuzdan salınması.

  İdman mərc oyunlarının, lotereyaların reklamı telekommunikasiya, kütləvi informasiya, nəqliyyat vasitələrində, açıq məkanda olan reklam daşıyıcılarında yerləşdirilə bilər. İdman mərc oyunlarının, lotereyaların açıq məkanda reklamı uşaq və təhsil müəssisələrindən azı 100 metr kənarda olan reklam daşıyıcılarında yerləşdirilir.

  İdman tədbirinin, idman mərc oyununun keçirildiyi yerdə reklamın yerləşdirilməsi üçün reklamverici və ya reklam agenti yaxud reklam yayıcısı idman tədbirinin təşkilatçısı yaxud idman mərc oyunlarının operatoru ilə müqavilə bağlayır.

  Reklamda “Milli Olimpiya Komitəsi” və “Milli Olimpiya komandası” adından, onlardan yaranmış sözlərdən və söz birləşmələrindən yalnız Milli Olimpiya Komitəsi ilə bağlanan müqavilə əsasında istifadə edilə bilər.

  İdman mərc oyununu və ya lotereyanı udan şəxsin yazılı razılığı olmadan, adı reklamda açıqlana bilməz.

  Qumar oyunlarının, belə oyunların təşkilatçısının (operatorunun) və ya satıcısının, həmçinin  qanunla müəyyən edilmiş qaydada dayandırılmış, ləğv edilmiş və ya keçirilməsi qadağan edilmiş idman mərc oyunlarının və lotereyaların reklamına yol verilmir.


  Hüquqi məsuliyyət:

  İnzibati Xətalar Məcəlləsinə əsasən Qumar oyunlarının və ya belə oyunların təşkilatçısının (operatorunun) və satıcısının, o cümlədən keçirilməsi qadağan edilmiş və ya keçirilmə hüququ əldə edilməmiş stimullaşdırıcı lotereyaların və qeydiyyata alınmamış digər lotereyaların reklamına görə fiziki şəxslər 3.000 min manat məbləğində, vəzifəli şəxslər 7.000 min manat məbləğində, hüquqi şəxslər 40.000 min manat məbləğində inzibati cərimə edilir.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.