Şriftin ölçüsü :

Saytın rəngi :

#hüquqimaarifləndirmə #sahəviqanunlar - Reklamda yetkinlik yaşına çatmayanların müdafiəsi

14.08.2023

  Yetkinlik yaşına çatmayanlara mənəvi və fiziki baxımdan zərərli təsirin qarşısını almaq məqsədi ilə reklamda aşağıdakılar qadağan olunur:

1. valideynlərin, qəyyumların, himayəçilərin, tərbiyəçilərin və başqa şəxslərin nüfuzuna xələl gətirən, onlara olan etibarı zəiflədən məlumatların verilməsi;

2. başqa şəxsə münasibətdə kobudluğun, nifrət hissinin, təcavüzkarlığın, zərərli vərdişlərin aşılanması;

3. qüvvətləndirici və fərqləndirici sözlər vasitəsilə ailənin maddi vəziyyətindən asılı olmayaraq əmtəənin əldə edilməsinin mümkünlüyü fikrini yaratmaqla, valideynlərin və başqa şəxslərin bu əmtəəni almağa vadar edilməsinə yönəlmiş məlumatlar;

4. həyat və sağlamlıq üçün təhlükəli olan hərəkətləri nümayiş etdirməklə, onların təkrarlanmasına sövqetmə;

5. yetkinlik yaşına çatmayanlara aid olmayan əmtəənin reklamının onlar üçün nəzərdə tutulmuş kütləvi informasiya vasitələrində, teleradio proqramlarında (verilişlərində) yerləşdirilməsi;

6. yetkinlik yaşına çatmayanlara ünvanlanan yaxud onların iştirakı ilə yayımlanan reklamlarda uşaqların maraqlarına zərbə vuran ünsürlərdən istifadə olunması;

7. yetkinlik yaşına çatmayanların psixoloji gərginlik yarada biləcək vəziyyətlərdə göstərilməsi;

8. energetik içkilərdən istifadə olunması ilə bağlı yetkinlik yaşına çatmayanlara müraciət edilməsi, uşaqlar üçün proqramların (verilişlərin) energetik içkilərin reklamı ilə kəsilməsi.

  Yetkinlik yaşına çatmayanlara mənəvi və fiziki baxımdan zərərli təsir göstərə bilən reklam məktəbəqədər və ümumi təhsil müəssisələrinin ərazisindən 150 metrdən az məsafədə yerləşdirilməsinə yol verilmir.

  Uşaqlar üçün kino və video xidmətlərin göstərilməsi zamanı, uşaq teleradio proqramlarında və verilişlərində, uşaqlar üçün nəzərdə tutulmuş dövri mətbu nəşrlərdə yayılan reklam onun yerləşdirildiyi informasiya məhsulunun yaş kateqoriyasına uyğun olmalıdır. 

  Uşaqlar üçün nəzərdə tutulan informasiya məhsullarında (telekommunikasiya şəbəkələri, o cümlədən internet şəbəkəsi vasitəsilə yayılan informasiya məhsulları və sellülar (mobil) rabitə şəbəkəsi də daxil olmaqla) onların zərərli informasiya məhsulunun hazırlanmasına cəlb edilməsi barədə elanların yerləşdirilməsinə yol verilmir.

  Hüquqi məsuliyyət:

  Qeyd olunan tələblərin pozulmasına  görə İnzibati Xətalar Məcəlləsinə əsasən vəzifəli şəxslər 300 manatdan 500 manatadək məbləğdə, hüquqi şəxslər 1000 manatdan 2000 manatadək məbləğdə cərimə edilir.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.