Şriftin ölçüsü :

Saytın rəngi :

#HÜQUQİMAARİFLƏNDİRMƏ #SAHƏVİQANUNLAR - Reklama dair tələblər (Dərman vasitələrinin, tibbi təyinatlı texnikanın və məmulatların, tibbi xidmətlərin reklamı)

11.08.2023

Azərbaycan Respublikasında yalnız həkim resepti olmadan buraxılan dərman vasitələri, istifadəsinə (tətbiqinə) Səhiyyə Nazirliyi tərəfindən icazə verilmiş tibbi təyinatlı texnika, müalicə, profilaktika, diaqnostika və reabilitasiya metodları reklam oluna bilər.

Həkim resepti olmadan buraxılan dərman vasitələrinin reklamında aşağıdakılara yol verilmir:

1. yetkinlik yaşına çatmayan şəxslərə müraciət etmək;

2. reklam olunan dərman vasitəsinin istifadəsi nəticəsində insanın xəstəliklərdən sağalmasının, səhhətinin yaxşılaşmasının konkret hallarına istinad etmək (tibb və ya əczaçılıqla bağlı sərgilər, seminarlar və konfranslar keçirilən yerlərdə yayımlana bilər);

3. reklam olunan dərman vasitəsindən istifadə ilə bağlı fiziki şəxslərin minnətdarlığını bildirmək (tibb və ya əczaçılıqla bağlı sərgilər, seminarlar və konfranslar keçirilən yerlərdə yayımlanan reklamlar istisna olmaqla);

4. sağlam insanda reklam olunan dərman vasitəsinin istifadə edilməsinin zəruriliyi barədə təsəvvür yaratmaq;

5. həkimə müraciət etməyin gərəksiz olmağı barədə təsəvvür yaratmaq;

6. reklam olunan dərman vasitəsinin müsbət təsirinə, təbii mənşəli olmasına, təhlükəsizliyinə, effektivliyinə və əlavə təsirlərin olmamasına təminat vermək;

7. reklam olunan dərman vasitəsini bioloji fəallığa malik qida əlavəsi qismində və ya dərman vasitəsi olmayan digər əmtəə (məhsul) qismində təqdim etmək. 

Həkim resepti olmadan buraxılan dərman vasitələrinin qəbulu və tibbi texnikadan istifadə əlavə təsirlə müşayiət olunduqda, reklamda bu barədə məlumat verilməli, həkimlə yaxud mütəxəssislə məsləhətləşmənin zəruriliyi qeyd olunmalıdır.

İstifadəsi üçün xüsusi hazırlıq tələb olunan dərman vasitələri və tibbi texnika barədə reklam yalnız tibb sahəsində ixtisaslaşdırılmış mətbu nəşrlərində, tibb işçiləri və əczaçılar üçün keçirilən tədbirlərdə yayımlana bilər.

Reklamı qadağan olunan tibbi xidmətlər:

- donor orqanların reklamı (insan orqanlarının və toxumalarının donorluğunun təbliği məqsədilə tibb müəssisələri və qeyri-hökumət təşkilatları tərəfindən bu qanunvericiliyə uyğun olaraq sosial reklamlar nümayiş etdirilə bilər);

- hamiləliyin süni yolla pozulması və süni mayalanma;

- dərman vasitələrinin pulsuz paylanması, satışı, ödənişli və ya ödənişsiz tibbi xidmətlərin göstərilməsi ilə müşayiət olunan reklam aksiyalar;

- kütləvi müalicəvi seansların, hipnoz metodlarının, psixi və bioenerji təsirlərin müalicəvi xassələrinin reklamına yol verilmir.


Qeyd olunan qanun pozuntularının törədilməsinə görə İnzibati Xətalar Məcəlləsinə əsasən əməlin xarakterindən asılı olaraq fiziki şəxslər 300 manatdan 500 manatadək, vəzifəli şəxslər 300 manatdan 800 manatadək, hüquqi şəxslər 1000 manatdan 2000 manatadək məbləğdə cərimə edilir.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.