Şriftin ölçüsü :
Saytın rəngi :
Bu Qanun ödəniş sistemlərinin, ödəniş xidmətlərinin, ödəniş təşkilatlarının, elektron pul təşkilatlarının və ödəniş sistemi operatorlarının fəaliyyətinin hüquqi əsaslarını və bu sahədə tənzimləmə və nəzarətin hüquqi, təşkilati və iqtisadi əsaslarını müəyyən edir.
Qanunda ilk dəfə elektron pul anlayışı, electron pulun emissiyası ilə bağlı müddəalar müəyyən edilib.
Qanuna əsasən Azərbaycan Respublikasının ərazisində elektron pulun emissiyası banklar və xarici bankların yerli filialları, poçt rabitəsinin milli operatoru, elektron pul təşkilatları tərəfindən həyata keçirilə bilər.
Qanunda həmçinin xidmətlərinin növləri, ödəniş xidməti təchizatçılarının, ödəniş təşkilatının və elektron pul təşkilatının fəaliyyəti ilə bağlı məsələlər müvafiq maddələrdə öz əksini tapıb. Habelə, pul vəsaitlərinin təhlükəsizliyinin təmin olunması, mühasibat uçotu və maliyyə hesabatlarının aparılması, müraciətlərə baxılması və mübahisələrin həllinə dair qaydalar müəyyənləşdirilib.
Bununla yanaşı, qanunda ödəniş sistemlərinin təşkili və qaydaları, hesablaşmaların aparılması, lisenziyalaşdırma və qeydiyyata dair tələblər, elektron pul təşkilatları və operatorların müqavilə əsasında fəaliyyəti, ödəniş təşkilatının və elektron pul təşkilatının filial və nümayəndəliyinin açılması, xarici ödəniş təşkilatının və xarici elektron pul təşkilatının yerli filialının lisenziyalaşdırılması, hesab üzrə məlumat xidməti təchizatçısının reyestrə daxil edilməsi və çıxarılması, nəzarət subyektlərinin rəhbərlərinə qarşı tələblər, dövlət tənzimlənməsi və nəzarəti ilə bağlı normalar göstərilib.
Qanuna əsasən Azərbaycanda ödəniş xidmətlərinin təchizatçılarına 6 təşkilat aid edilib. Həmin təşkilatlar aşağıdakılardır:
- Azərbaycan Mərkəzi Bankı;
- banklar və xarici bankların yerli filialları;
- Bank olmayan kredit təşkilatları;
- Poçt rabitəsinin milli operatoru;
- Ödəniş təşkilatları;
- Elektron pul təşkilatları.
Həmçinin qanuna əsasən operatorun biznes-planı, daxili nəzarət sistemi, risklərin idarə edilməsi sistemi, o cümlədən fırıldaqçılıq hallarından, həssas ödəniş məlumatlarının və fərdi məlumatların qeyri-qanuni istifadəsindən müdafiə üçün təhlükəsizlik tədbirləri, habelə fövqəladə hallarda fəaliyyətin davamlılığı və bərpa planına dair tələblər Mərkəzi Bank tərəfindən müəyyən olunur.
Qanunla fırıldaqçılıq əməliyyatının aparılması üçün istifadə edilə bilən, fərdiləşdirilmiş təhlükəsizlik məlumatlarının da daxil olduğu məlumatlar həssas ödəniş məlumatları hesab olunur və ödəniş alətinin itirilməsi, oğurlanması və ya səlahiyyətli olmayan şəxs tərəfindən istifadəsi zamanı ödəyicinin məsuliyyəti müəyyən edilir.
Belə ki, ödəyicinin dələduzluğa yol verdiyi hallar istisna olmaqla, ödəniş alətinin itirilməsi, oğurlanması və ya səlahiyyətli olmayan şəxs tərəfindən istifadəsi haqqında ödəyici ödəniş əməliyyatının aparılmasından əvvəl məlumatlı olmadıqda və ya ödəniş xidməti təchizatçısının hərəkət və ya hərəkətsizliyi səbəbindən ödəniş alətinin istifadəsi nəticəsində yaranan itkilərə görə ödəyici məsuliyyət daşımır.
Ödəyici Qanunun 38-ci maddəsinin (ödəniş xidməti istifadəçisinin ödəniş alətinə münasibətdə vəzifələri) tələblərini qəsdən və ya kobud ehtiyatsızlıqdan pozması halında, avtorizə edilmədən həyata keçirilən ödəniş əməliyyatları üzrə yaranan itkilərə görə tam məsuliyyət daşıyır.
Qanun 09.08.2023-cü il tarixdə dərc edilib və dərc edildiyi gündən 3 (üç) ay sonra qüvvəyə minəcək. Bu Qanun qüvvəyə minənədək ödəniş xidmətlərini göstərən şəxslər bu Qanun qüvvəyə mindiyi tarixdən etibarən 6 (altı) ay müddətində lisenziya almalı və reyestrə daxil edilməli, habelə öz fəaliyyətlərinin bu Qanunun tələblərinə uyğunlaşdırılmasını təmin etməlidirlər.

Xəbərlər gündəlik olaraq sizin e-poçt ünvanınıza göndəriləcək.
492-55-40 492-01-38
Korrupsiya və Rüşvətxorluqla bağlı