Şriftin ölçüsü :

Saytın rəngi :

#hüquqimaaarifləndirmə #cinayəthüququ - Sülh və insanlıq əleyhinə cinayətlər

03.08.2023

Soyqırım

Soyqırım dedikdə, hər hansı milli, etnik, irqi və ya dini qrupun, bütövlükdə və ya qismən məhvinə məqsədli şəkildə yönəlmiş fəaliyyət başa düşülür.

Azərbaycan Respublikasının cinayət qanunvericiliyinə əsasən, insanlıq əleyhinə cinayətlər kateqoriyasına aid olan soyqırım (maddə 103) bu əməllərdə ifadə olunur:

- qrup üzvlərini öldürmə; 
- qrup üzvlərinin sağlamlığına ağır zərər vurma
- qrup üzvlərinin əqli qabiliyyətinə ciddi zərər vurma
- qrupun bütövlükdə və ya qismən fiziki məhvinə yönəlmiş yaşayış şəraiti yaratma
- qrup daxilində doğumların qarşısını alma;
- bir qrupa mənsub olan uşaqları zorla başqa qrupa keçirmə

Xüsusilə ağır cinayətlər kateqoriyasına aid olan soyqırım cinayəti 14 ildən 20 ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Əhalini deportasiya etmə və ya məcburi köçürmə

Cinayət qanunvericiliyinə əsasən insanlıq əleyhinə cinayətlər kateqoriyasına aid olan əhalini deportasiya etmə və ya məcburi köçürmə cinayəti (maddə 107) beynəlxalq hüquq normaları və Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadıqda, əhalini qanuni yerləşdiyi yerlərdən başqa ölkəyə qovma və ya digər məcburi hərəkətlərlə didərgin salmada ifadə olunur.

Xüsusilə ağır cinayətlər kateqoriyasına aid olan bu cinayət 10 ildən 15 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.