Şriftin ölçüsü :

Saytın rəngi :

#HÜQUQİBİLİKLƏRİNİARTIR - Rəqəmsal Sənəd Dövriyyəsi altsistemi yaradılması barədə Fərman imzalanıb

02.08.2023

Dövlət orqanlarında (qurumlarında) kargüzarlığın aparılması sahəsində qabaqcıl informasiya və kommunikasiya texnologiyalarından istifadə olunmaqla “kağızsız hökumət”ə keçid prosesinin sürətləndirilməsi və rəqəmsal idarəçiliyin tətbiq edilməsi məqsədilə 1 avqust 2023-cü il tarixdə Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Dövlət orqanları (qurumları) arasında sənəd mübadiləsinin elektronlaşdırılması haqqında” Fərman imzalanıb.

Fərman ilə Elektron Hökumət İnformasiya Sisteminin infrastrukturunda dövlət orqanlarının (qurumlarının) elektron sənəd dövriyyəsi sistemləri arasında real vaxt rejimində və təhlükəsiz qaydada sənəd mübadiləsinin aparılması ilə bağlı inteqrasiyanın və sənədlərin hərəkəti üzrə uçotun həyata keçirilməsini təmin edən Rəqəmsal Sənəd Dövriyyəsi altsistemi (bundan sonra – altsistem) yaradılması qərara alınıb.

2023-cü il sentyabrın 1-dək altsistemin formalaşdırılmasının təmin edilməsi Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə tapşırılıb. 

Dövlət orqanlarına (qurumlarına) altsistem formalaşdırıldıqdan sonra elektron sənəd dövriyyəsi sistemlərini altsistemə inteqrasiya etməklə digər dövlət orqanları (qurumları) ilə sənəd mübadiləsinin həmin altsistem üzərindən aparılmasının təmin edilməsi tövsiyə edilib.

Elektron sənəd dövriyyəsi sistemləri mövcud olmayan dövlət orqanlarına (qurumları) altı ay müddətində elektron sənəd dövriyyəsi sistemlərinin yaradılması ilə bağlı tədbirlər görülməsi tapşırlıb.

Dövlət orqanlarının (qurumlarının) elektron sənəd dövriyyəsi sistemlərinin altsistemə qoşulması üçün onları mühafizə olunan telekommunikasiya kanalları ilə təmin edilməsi, altsistemə inteqrasiyası üçün onların informasiya təhlükəsizliyi tələblərinə cavab verməsi ilə bağlı rəy verilməsi Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinə həvalə edilib.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.