Şriftin ölçüsü :
Saytın rəngi :
Həmin Qanunla Mülki-Prosessual Məcəllədə vəkilin prosesdə dövlət hesabına iştirakı ilə bağlı normalara dəyişiklik edilib, “Vəkilin prosesdə dövlət hesabına iştirakı” adlanan yeni, 67-1-ci maddə əlavə edilib.
Belə ki, Məcəllənin əvvəlki redaksiyasında vəkilin prosesdə dövlət hesabına iştirakı yanlız vəkilin prosesdə məcburi iştirakı tələb olunduğu hallarda, yəni kassasiya və əlavə kassasiya şikayətləri, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxılması haqqında ərizələrin tərtibi və həmin işlərə baxılmasında təmin edilirdi.
Yeni dəyişikliklə isə vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan şəxsin maraqlarının təmsil olunması və prosessual hüquqlarının həyata keçirilməsi üçün dövlət hesabına peşəkar hüquqi yardım almaq hüququna malik olması mülki iş üzrə məhkəmə baxışının prinsiplərindən biri kimi müəyyən edilmişdir. Yəni yanlız vəkilin iştirakının məcburi olduğu hallarda deyil, digər hallarda da şəxsin vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda dövlət hesabına vəkillə təmin edilmək hüququ müəyyən edilmişdir. Yeni dəyişikliklə həmçinin vəkilin iştirakının məcburi olmadığı hallarda dövlət hesabına vəkillə təmin edilməsinə yol verilən şəxslərin dairəsi dəqiq göstərilmişdir.
Belə ki, yeni əlavə edilmiş 67-1-ci maddəyə əsasən birinci və apellyasiya instansiya məhkəmələri iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğunu nəzərə alaraq, mülki işlər üzrə məhkəmə icraatında maraqlarının təmsil olunması və prosessual hüquqlarının həyata keçirilməsi məqsədilə peşəkar hüquqi yardıma ehtiyacı olan, lakin kifayət qədər vəsaiti olmayan aşağıdakı şəxslərin vəkil tərəfindən göstərilən hüquqi yardım haqqını ödəməkdən azad edilməsi və ödəmənin Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi və ya bundan imtina barədə əsaslandırılmış qərardad qəbul edir:
1. orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş və işləməyən, eləcə də 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər;
2. insan alverinin qurbanları, məişət zorakılığından zərər çəkmiş şəxslər;
3. valideynini itirmiş və ya valideyn himayəsindən məhrum olunmuş uşaqlar;
4. ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri;
5. müvafiq icra hakimiyyəti orqanında işsiz kimi qeydiyyatda olan şəxslər;
6. maddi vəziyyəti və orta aylıq gəlirinin cari il üçün yaşayış minimumundan əhəmiyyətli dərəcədə aşağı olması məhkəmə tərəfindən qiymətləndirilən digər şəxslər.
Məhkəmə yuxarıda qeyd edilən şəxslərin müraciətinə əsasən vəkil qurumunun ərizəsinə daxil olduğu vaxtdan 15 gün müddətində, müraciət müvəqqəti təminat tədbirlərinin tətbiqi ilə bağlı olduqda isə təxirə salınmadan baxır. Ərizəyə baxılmasının nəticəsi barədə qərardaddan qanunla müəyyən edilmiş qaydada şikayət verilə bilər.

Xəbərlər gündəlik olaraq sizin e-poçt ünvanınıza göndəriləcək.
492-55-40 492-01-38
Korrupsiya və Rüşvətxorluqla bağlı