Şriftin ölçüsü :

Saytın rəngi :

#HÜQUQİBİLİKLƏRİNİARTIR - Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Prokurorluğunun sorğusu əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.4 və 236-cı maddələrini İnzibati Xətalar Məcəlləsinin 428.10-cu maddəsi ilə əlaqəli şəkildə şərh etmişdir

19.07.2023

Qərara əsasən, Azərbaycan Respublikası Konstitusiyasının norma və prinsiplərini nəzərə alaraq Birləşmiş Millətlər Təşkilatının “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” 1988-ci il tarixli Konvensiyasının (3-cü maddəsinin 1-ci bəndinin (c) yarımbəndinin (iii) abzasının) tələblərinə riayət edilməklə, narkotik vasitələrin və ya psixotrop maddələrin təşviqinə görə cinayət məsuliyyətinin müəyyən edilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilmişdir.

Bu onunla əsaslandırılmışdır ki, həmin Konvensiyaya görə hər bir tərəf, özünün konstitusiya müddəalarını və öz hüquq sisteminin əsas prinsiplərini nəzərə almaqla, qəsdən törədildiyi hallarda, istənilən vasitələrlə başqalarını bu maddədə nəzərdə tutulmuş hüquqpozmaların törədilməsinə, yaxud narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz istifadəsinə açıq (publik) təhrik etmə, yaxud vadar etmə hərəkətlərinin öz qanunvericiliyinə müvafiq olaraq cinayət kimi tanınması üçün tələb oluna biləcək tədbirlər görür.

Birləşmiş Millətlər Təşkilatının İqtisadi və Sosial Şurasının 1993/42 saylı Qətnaməsinə əsasən hazırlanan həmin Konvensiyanın şərhinə uyğun olaraq, yuxarıda adı çəkilən hüquqi müddəa narkotiklərdən istifadəni tərifləyən və narkotik mədəniyyətini təbliğ edən jurnal və film materialları ilə bağlı narahatlıqlardan qaynaqlanır. Vaxtilə Konvensiya hazırlanıb qəbul edilərkən narkotik vasitələrdən sui-istifadənin reklamı və təşviqi üçün elektron media vasitələrinin, xüsusən də internetin istifadəsi halları məlum olmasa da, hazırda reklam və təşviqat zamanı bu cür vasitələrdən istifadə Konvensiyanın müvafiq maddəsində yer almış “istənilən vasitələrlə” sözləri ilə əhatə olunur.

Bundan başqa, qərara əsasən Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin VIII hissəsindən irəli gələn cinayət qanununun genişləndirici təfsirinin qadağan edilməsi prinsipinin tələbləri baxımından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.4-cü maddəsinin məzmununa uyğun olaraq, narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə bağlı əməllərin internet informasiya ehtiyatlarından və ya informasiya-telekommunikasiya şəbəkələrindən yalnız satıcı ilə alıcı arasındakı fərdi rabitə əlaqəsi kimi istifadə edilməklə törədilməsi kütləvilik əlamətini ehtiva etmədiyindən, həmin maddədə nəzərdə tutulmuş cinayət tərkibini deyil, işin hallarından asılı olaraq həmin Məcəllənin 234.2, 234.3, 234.3-1, 234.4.1, 234.4.2 və ya 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət tərkibini yaradır.

Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.