Şriftin ölçüsü :

Saytın rəngi :

#HÜQUQİBİLİKLƏRİNİARTIR - “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 09 iyun 2023-cü il tarixli Qanun qüvvəyə minmişdir

12.07.2023

 1. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 09 iyun 2023-cü il tarixli Qanun qüvvəyə minmişdir.

  Həmin Qanunla “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanuna yoxlayıcının və  yoxlama zamanı sahibkarın hüquq və vəzifələri və sair barədə yeni maddələr əlavə edilmişdir. 

1. Yeni dəyişikliyə əsasən yoxlama zamanı sahibkarın aşağıdakı hüquqları var: 

1. Aşağıdakı hallarda yoxlayıcının yoxlama aparmasına icazə verməmək:
a. yoxlama qanunla müəyyən edilən dövrilik pozulmaqla aparıldıqda;
b. yoxlamanın aparılması ilə əlaqədar qanunla müəyyən edilən müddətlər pozulduqda;
c. Xidməti vəsiqəsi (şəxsiyyət vəsiqəsi ilə birlikdə), yoxlamanın aparılması haqqında qərarın surəti və yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı, eləcə də yoxlamanın hüquqi əsasları, predmeti, müddəti, yoxlama zamanı tərəflərin hüquq və vəzifələri haqqında məlumat  yoxlayıcı tərəfindən təqdim edilmədikdə;
2. yoxlama başlamazdan əvvəl yoxlayıcıdan onun xidməti vəsiqəsini (şəxsiyyət vəsiqəsi ilə birlikdə), yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı tələb etmək, yoxlamanın hüquqi əsasları, predmeti, müddəti, yoxlama zamanı tərəflərin hüquq və vəzifələri haqqında məlumat almaq və bu sənədlərlə tanış olmaq imkanının yaradılmasını tələb etmək;
3. yoxlayıcı orqanların (yoxlayıcıların) qərar və hərəkətlərindən (hərəkətsizliyindən) şikayət vermək;
4. sübut və izahatlar təqdim etmək;
5. yazılı izahatlar vermək, yoxlamaya aid olan hər hansı bir sənədin və ya onun surətinin yoxlama aktına əlavə olunmasını, həmçinin yoxlama zamanı baş verən, sahibkarın və ya yoxlayıcının hüquq və ya vəzifələrinə təsir edə biləcək faktlar barədə qeydlərin yoxlama aktına daxil edilməsini tələb etmək;
6. yoxlama zamanı tərtib olunmuş yoxlama aktı və digər sənədlərlə tanış olmaq;
7. bildirişlərin və yoxlama ilə əlaqədar məlumatların (sənədlərin) göndərilməsi üçün elektron poçt və ya digər poçt ünvanını yoxlayıcıya bildirmək;
8. yoxlayıcının fəaliyyətinə maneə yaratmamaqla, yoxlama prosesinin foto, audio və video çəkilişini aparmaq və bu məqsədlə digər şəxsləri yoxlama prosesinə cəlb etmək;
9. öz hüquq və mənafelərini qorumaq məqsədilə üçüncü şəxsləri yoxlama prosesinə cəlb etmək;
10. yoxlama obyektinə aid olmayan, həmçinin yoxlamanın aparılması haqqında qərarda qeyd olunan yoxlama dövrünə aid olmayan məlumatları (sənədləri) yoxlayıcıya təqdim etməmək;
11. yoxlayıcının qanunsuz tələblərini icra etməmək.

2. Yeni dəyişikliyə əsasən yoxlama zamanı sahibkarın aşağıdakı vəzifələri var:

1. yoxlama suallarına aid olan və yoxlamanın icrası üçün yoxlayıcılar tərəfindən bu Qanuna uyğun olaraq tələb olunan məlumatları (sənədləri) təqdim etmək;
2. iş saatları ərzində yoxlayıcıların yoxlama obyektinin yerləşdiyi yerə maneəsiz daxil olmasına şərait yaratmaq;
3. yoxlamanın başladığı və davam etdiyi müddətdə yoxlamada iştirak etmək və ya səlahiyyətli nümayəndəsinin iştirakını təmin etmək;
4. bilavasitə, yaxud səlahiyyətli nümayəndəsi və işçiləri vasitəsilə yoxlayıcıya yoxlama aparılmasına şərait yaratmaq;
5. kommersiya, vergi və qanunla qorunan digər sirlərin qorunması məqsədilə qanunla müəyyən edilmiş tələblər nəzərə alınmaqla yoxlama aktına əlavə edilməsi üçün yoxlama obyektinə aid olan sənədlərin və digər növ informasiya daşıyıcılarının surətlərini kağız və (və ya) elektron daşıyıcıda yoxlayıcıya təqdim etmək, habelə yoxlayıcıya yoxlama obyektinə dair məlumat olan informasiya sisteminə çıxış əldə etmək imkanı yaratmaq.


3. Yoxlama zamanı yoxlayıcıya aşağıdakıları etmək qadağandır:

1. səlahiyyətinə, sahibkara və yoxlama suallarına aidiyyəti olmayan məlumatları (sənədləri) tələb etmək və yoxlamaq;
2. qanunla digər yoxlayıcıların nəzarət sahəsinə aid olan və ya yoxlama suallarının siyahısında nəzərdə tutulmamış məsələləri yoxlamaq;
3. məhsulun tədqiqi (sınağı) və məhsul nümunələrinin götürülməsi halları istisna olmaqla, sahibkarın razılığı olmadan onun resurslarını (daşınmaz əmlakını, nəqliyyat vasitələrini, kompüterlərini, surətçıxarma avadanlığını, dəftərxana ləvazimatını və s.) istifadə etmək;
4. sahibkardan yoxlayıcı orqanlara əvvəllər təqdim edilmiş məlumatları (sənədləri) tələb etmək.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.