Şriftin ölçüsü :

Saytın rəngi :

Baş Prokurorluğun nümayəndələri beynəlxalq tədbirdə iştirak edib

24.06.2023

  Cari ilin 21 iyun tarixində Rusiya Federasiyasının Baş Prokurorluğunda “Qanunsuz miqrasiya hallarının çoxalması ilə bağlı artan terror və ekstremizm təhdidlərinə qarşı mübarizə” mövzusunda ekspert səviyyəsində çoxtərəfli görüş keçirilib.

  Hibrid formatda keçirilmiş tədbirdə digər xarici ölkələrin nümayəndələri ilə yanaşı Baş Prokurorluğun Dövlət təhlükəsizliyi, fövqəladə hallar və sərhəd xidməti orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin böyük prokuror-metodisti Qədir Məmmədov və Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin prokuroru Rəşad Əsgərov iştirak edib.

  Azərbaycan Respublikası Baş Prokurorluğunun nümayəndələri tədbirdə çıxış edərək, qanunsuz miqrasiya, terror və ekstremizm təhdidləri, həmin təhdidlərə qarşı aparılan mübarizə, bu mübarizəyə dair qüvvədə olan qanunvericiliyin tələbləri barədə məlumat verməklə problemlər və onların həlli yolları barədə aktual məlumat mübadiləsi aparıblar.

  Bundan əlavə, tərəflər milli səviyyədə terrorizm və ekstremizm təzahürlərinə qarşı aparılan mübarizəyə dair praktiki təcrübələrini bölüşərək qloballaşan dünyada belə təhdidlərə qarşı beynəlxalq əməkdaşlığın, effektiv qarşılıqlı hüquqi yardımın zəruriliyi vurğulayıblar.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.