Şriftin ölçüsü :

Saytın rəngi :

#HÜQUQİKAZUS - Təqsirləndirilən şəxsin müdafiə hüququ pozulubmu?

13.06.2023

  İbtidai istintaq orqanı tərəfindən A Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilmişdir ondan ötrü ki, o, satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmiş, saxlamış və qanunsuz olaraq narkotik vasitəni satmışdır.

  Belə ki, o, satış məqsədilə külli miqdarda narkotik vasitə olan heroin əldə edib bir hissəsini B-yə satmış, narkotik maddənin qalan hissəsini isə yaşadığı evin zirzəmisində gizlətməklə satış məqsədilə saxlamışdır. 
 
  B də sözügedən qanunsuz hərəkətlərə yol verdiyi üçün təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona qarşı da Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham irəli sürülmüşdür.
        
  Təqsirləndirilən şəxs A istintaq zamanı verdiyi ifadələrində B-yə narkotik vasitə satmadığını bildirmişdir.

  Cinayət işinin materialları öyrənilərkən müəyyən olunmuşdur ki, ibtidai istintaq dövrü mənafeləri arasında kəskin ziddiyyət olmasına baxmayaraq B-nin hüquqlarını müdafiə etmiş müdafiəçi, sonradan istintaq zamanı A-nın da vəkili kimi işə buraxılmışdır. 

  Azərbaycan Respublikası CPM-nin 92.10.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxslərin qanuni mənafeləri arasında ziddiyyət olduqda onlardan ikisini və daha çoxunu müdafiə etmək müdafiəçiyə qadağan olunur. 

  Bundan başqa, CPM-nin 114-cü maddəsinə əsasən qanuni mənafeyini müdafiə etdiyi təqsirləndirilən və ya şübhəli şəxsin, qanuni mənafeyi ilə ziddiyyət təşkil edən şəxsə hüquqi yardım göstərməsi müdafiəçiyə etiraz üçün əsasdır və şərtsiz təmin olunmalıdır.

  Göründüyü kimi, belə olan halda müdafiəçi özü özünə etiraz etməli, müstəntiq isə öz növbəsində müdafiəçinin kənarlaşdırılması və yeni müdafiəçinin işə buraxılmasına dair tədbirlər görməli olduğu halda bunları etməmiş və nəticədə təqsirləndirilən şəxsin müdafiə hüquqları kobud şəkildə pozulmuşdur.

  #hüquqikazus #maariflənək

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.