Şriftin ölçüsü :

Saytın rəngi :

Belarus Respublikasının Minsk şəhərində keçirilmiş beynəlxalq elmi-praktiki konfransda Baş Prokurorluğun nümayəndə heyəti iştirak edib

12.06.2023

  İyunun 9-da Belarus Respublikası İstintaq komitəsinin dəvəti əsasında, Azərbaycan Respublikası Baş Prokurorluğunun nümayəndələri - Ramin Camalov və Məhərrəm Məmmədov  Minsk şəhərində keçirilmiş “İstintaq fəaliyyəti: elm, təhsil, təcrübə” mövzusunda III beynəlxalq elmi-praktiki konfransda iştirak edib.

  Dövlət, məhkəmə və hüquq mühafizə orqanları, ali və hüquq sahəsində ixtisaslaşmış təhsil müəssisələrinin nümayəndələrinin iştirak etdiyi konfransda istintaq və təhsil sahələrində tətbiq edilən yeni üsul, metod və texnologiyalar barədə geniş məlumatlar verilib, qanunvericilik və təcrübənin təkmilləşdirilməsi üzrə təkliflər irəli sürülüb.

  Konfrans zamanı Ramin Camalovun “Eyni vergi qanunvericiliyinin pozulması faktının paralel araşdırılmasının təcrübədə yaratdığı çətinliklər və çıxış yolları” mövzusunda etdiyi elmi çıxışı eyni zamanda Belarus Respublikasının İstintaq komitəsinin Peşə hazırlığının artırılması və yenidən hazırlanması institutunun elmi praktiki konfrans materiallarında dərc edilib.

  “Azərbaycan Respublikası Baş Prokurorluğunun Elm-Tədris Mərkəzi ilə Belarus Respublikası İstintaq komitəsinin “İxtisasartırma və yenidən hazırlıq institutu” təhsil müəssisəsi arasında əməkdaşlıq haqqında” imzalanmış Memoranduma əsasən, Baş Prokurorluğun nümayəndə heyəti İstintaq komitəsinin institutunun funksional təyinatı, imkanları və texniki təchizatı ilə tanış olub, tərəflər arasında təcrübə mübadiləsi aparılaraq tədris prosesində tətbiq olunan yeniliklər diqqətə çatdırılıb, hazırlanmış yeni tədris vəsaitləri mübadilə edilib.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.