Şriftin ölçüsü :

Saytın rəngi :

#HÜQUQİBİLİKLƏRİNİARTIR - Baş Prokurorluğun sorğusu əsasında qəbul olunmuş Konstitusiya Məhkəməsinin qərarı dərc edilib

07.06.2023

  Baş Prokurorluq Konstitusiya Məhkəməsinə  sorğu verərək Cinayət-Prosessual Məcəlləsinin 49.4.2-ci maddəsində nəzərdə tutulan “cinayətin törədilməsi ilə onun gizlədilməsi və ya xəbər verilməməsinə dair ittihamlar bir icraatda birləşdirilə bilməz” müddəasının həmin Məcəllənin 8.0.3, 8.0.4, 48.1, 50.1 və 211.3-cü maddələri və Cinayət Məcəlləsinin (bundan sonra – Cinayət Məcəlləsi) 307-ci maddəsi ilə (cinayət barəsində xəbər verməmə və ya qabaqcadan vəd etmədən cinayəti gizlətmə) əlaqəli şəkildə şərh edilməsini xahiş etmişdir.

  Qərara əsasən, Konstitusiya Məhkəməsi Plenumu Milli Məclisə töysiyə edir:

1. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 53-cü maddəsində ağır və ya xüsusilə ağır cinayət barəsində xəbər verməmə və ya qabaqcadan vəd etmədən cinayəti gizlətmə əməlləri ilə əlaqədar cinayət təqibi üzrə icraatın dayandırılmasının xüsusi əsasının müəyyən edilməsini;

2. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75-ci maddəsində ağır və ya xüsusilə ağır cinayət barəsində xəbər verməmə cinayəti ilə bağlı cinayət məsuliyyətinə cəlb etmə müddətinin axımının hesablanmasının fərqli qaydasının təsbit edilməsini.

  Bundan başqa, qeyd olunur ki, Cinayət və Cinayət-Prosessual Məcəllələrinin müvafiq normaları Milli Məclis tərəfindən təkmilləşdirilənədək, Cinayət Məcəlləsinin 307-ci maddəsində təsbit olunmuş cinayət əməlləri ilə bağlı cinayət təqibi üzrə icraatlar, barəsində xəbər verilməyən və ya qabaqcadan vəd edilmədən gizlədilən ağır və ya xüsusilə ağır cinayət işləri üzrə məhkəmə hökmü qanuni qüvvəyə minənədək dayandırılsın.

  Cinayət Məcəlləsinin 307.1-ci maddəsində nəzərdə tutulmuş əmələ görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin axımı ağır və ya xüsusilə ağır cinayət işi üzrə məhkəmə hökmü qanuni qüvvəyə mindiyi gündən hesablansın.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.