Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikasının Prokurorluğunun beynəlxalq təşkilatlarla qarşılıqlı əməkdaşlığı uğurla davam etdirilir

22.05.2023

  Cari ilin 18-19 may tarixlərində Qazaxıstan Respublikasının Almatı şəhərində Birləşmiş Millətlər Təşkilatının (BMT) Narkotiklər və Cinayətkarlığa qarşı Mübarizə İdarəsi tərəfindən yaradılmış “Təmiz İpək Yolu Pekin Təşəbbüsü” Şəbəkəsinin 3-cü iclası keçirilmişdir.

  2019-cu ildə Çin Xalq Respublikasının Pekin şəhərində təşkil olunmuş İkinci “Bir Kəmər, Bir Yol-Beynəlxalq Əməkdaşlıq Forumu” zamanı irəli sürülən “Təmiz İpək Yolu Pekin Təşəbbüsü” BMT-nin Korrupsiya əleyhinə Konvensiyasının icrasına dəstək məqsədi ilə sözügedən region ölkələrində beynəlxalq infrastruktur layihələrinin korrupsiyadan azad iqtisadi mühitlərdə maneəsiz inkişafı və şəffaf nəzarət mexanizmlərinə malik milli təsisatların təşviqi çağırışlarına uyğun olaraq yaradılmış bir layihədir.

  BMT nümayəndələri, habelə, Türkiyə, Çin, İran, Albaniya, Qazaxıstan, Monqolustan, Qırğızıstan, Özbəkistan və digər dövlətlərin təmsilçilərinin qatıldığı tədbirdə ölkəmizi Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Təşkilati və informasiya təminatı idarəsinin prokurorları Kamil Kamilli və İlkin Babazadə təmsil etmişlər.

  Yerli və beynəlxalq investisiya layihələri sahəsində korrupsiya hallarının qarşısının alınması istiqamətində həyata keçirilməli olan preventiv tədbirlər, yerli və xarici investorlar üçün şəffaf biznes mühitinin yaradılması və digər bu kimi mövzular ətrafında geniş müzakirələrin aparıldığı görüşün birinci sessiyasında nümayəndəmiz Kamil Kamilli çıxış edərək ölkəmizdə özəl sektorda korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilmiş effektiv tədbirlər haqqında iştirakçıları məlumatlandırmışdır.

  Tədbirin ikinci sessiyasında isə beynəlxalq investisiyalar sahəsində baş vermiş korrupsiya hüquqpozmalarının müəyyən edilərək qarşısının alınması mövzusunda ekspertlər tərəfindən təqdim edilmiş praktiki məsələlər nümayəndələrimiz tərəfindən həll edilmiş, habelə sözügedən məsələlər üzrə ölkəmizdə mövcud istintaq təcrübəsi barədə görüş iştirakçıları məlumatlandırılmışdır.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.