Şriftin ölçüsü :

Saytın rəngi :

“Heydər Əliyev İli” ilə bağlı Səbail rayon prokurorluğunda “Açıq qapı günü” keçirilib

16.03.2023

Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə əlaqədar həyata keçirilən silsilə tədbirlərin davamı olaraq, prokurorluq orqanlarında növbəti “Açıq qapı” Günü keçirilib.

Səbail rayon prokurorluğunun inzibati binasında keçirilmiş tədbirdə məqsəd Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin siyasi irsi barədə tədbir iştirakçılarını məlumatlandırmaq, eyni zamanda onları prokurorluğun fəaliyyət istiqamətləri ilə tanış etmək olub. 

Tədbirdə müxtəlif vətəndaş cəmiyyəti institutları və qeyri-hökümət təşkilatlarının nümayəndələri iştirak edib.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyev, vətən uğrunda canından keçən şəhidlər və qardaş Türkiyədə baş vermiş zəlzələ qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Qonaqları salamlayan Səbail rayon prokuroru Natiq Əsədov xalqımızın ümummilli lideri Heydər Əliyevin hüquqi dövlət quruculuğu ilə bağlı apardığı islahatlar barədə danışıb.

Daha sonra Bakı şəhər prokurorunun köməkçisi Famil Axundov, Baş Prokurorluğun Mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov, Səbail rayon prokurorunun müavini Ədalət Aslanov və prokurorluğun əməkdaşları “Heydər Əliyev və milli mübarizə tariximiz”, “Prokurorluq orqanlarının fəaliyyətində şəffaflıq”, “Qanunların icrasına prokuror nəzarəti”, “İstintaq təcrübəsi” və digər mövzularda çıxış ediblər.

Çıxışlardan sonra prokurorluq orqanları tərəfindən 2022-ci il ərzində görülmüş işlərlə bağlı videoçarx və “Valideynimin peşəsi” adlı qısa metrajlı film izləndikdən sonra tədbir iştirakçıları ilə fikir mübadiləsi aparılıb, prokurorluq orqanlarının fəaliyyəti ilə bağlı onları maraqlandıran suallar cavablandırılıb.

Vətəndaş cəmiyyəti institutları və qeyri-hökümət təşkilatlarının nümayəndələri rayon prokurorluğunun inzibati binası, istifadədə olan kriminalistik texnika, habelə yaradılmış iş şəraiti ilə əyani olaraq tanış olub.

Sonda xatirə fotoşəkili çəkilib.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.