Şriftin ölçüsü :

Saytın rəngi :

#HÜQUQİBİLİKLƏRİNİARTIR - “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizəyə dair 2023–2025-ci illər üzrə Milli Fəaliyyət Planı” təsdiq edilib

01.03.2023

  Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 28 fevral tarixli Sərəncamı ilə  “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizəyə dair 2023–2025-ci illər üzrə Milli Fəaliyyət Planı” təsdiq edilmişdir.

  Milli Fəaliyyət Planı aidiyyəti dövlət qurumları, nəzarət orqanları və özəl sektor tərəfindən risklərin başa düşülməsi, azaldılması və ya qarşısının alınması məqsədilə səmərəli tədbirlərin həyata keçirilməsinə, habelə qanunvericiliyin tətbiqi ilə bağlı fəaliyyətlərinin effektiv əlaqələndirilməsinə, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə üzrə qarşılıqlı əməkdaşlıq və məlumat mübadiləsi mexanizminin daha təkmil əsaslar üzərində formalaşdırılmasına, beynəlxalq əməkdaşlığın genişləndirilməsinə və nəhayət, müvafiq sahədə institusional potensialın gücləndirilməsinə xidmət edir.

  Sərəncama əsasən, Milli Fəaliyyət Planında icraçı qismində nəzərdə tutulmuş mərkəzi icra hakimiyyəti orqanlarına, publik hüquqi şəxslərə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə tapşırılmış, Azərbaycan Respublikasının Baş Prokurorluğuna, Azərbaycan Respublikasının Ali Məhkəməsinə, Azərbaycan Respublikasının Mərkəzi Bankına, Azərbaycan Respublikasının Auditorlar Palatasına və Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına isə tövsiyə edilmişdir ki:

- Milli Fəaliyyət Planının icrası üzrə illik iş planlarını təsdiq etsinlər və bu barədə məlumatı “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə uyğun olaraq yaradılan Koordinasiya Şurasına (bundan sonra - Koordinasiya Şurası) və Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasına göndərsinlər;

- Milli Fəaliyyət Planında nəzərdə tutulan tədbirlərin icrası barədə hər il yanvarın 31-dək Koordinasiya Şurasına və Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasına illik hesabat təqdim etsinlər.

  Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasına və Koordinasiya Şurasına tövsiyə edilib ki, Milli Fəaliyyət Planının yerinə yetirilməsi ilə əlaqədar görülən işlərin vəziyyətini birgə təhlil edib bu barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat versinlər.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.