Şriftin ölçüsü :

Saytın rəngi :

Baş Prokurorluqla media və qeyri-hökumət təşkilatları arasında işgüzar əlaqələrin möhkəmləndirilməsi istiqamətində növbəti addım atılıb

24.02.2023

  Azərbaycan Respublikasının Baş Prokurorluğunda media və qeyri-hökumət təşkilatları ilə işgüzar əlaqələrin daha da möhkəmləndirilməsi, məlumat mübadiləsi zamanı mövcud qanunvericiliyin tələblərinə əməl olunması və istintaq sirri təşkil edə biləcək məlumatların ictimailəşdirilməsinin qarşısının alınmasına xüsusi diqqət yetirilir. Bu məqsədlərə nail olmaq üçün mütəmadi maarifləndirmə tədbirləri həyata keçirilir.

  Bu sahədə növbəti addım kimi cari ilin 22 və 23 fevral tarixlərində Baş Prokurorluğun Elm-Tədris Mərkəzi və Mətbuat xidmətinin birgə təşkilatçılığı ilə medianın və qeyri-hökumət təşkilatlarının nümayəndələri üçün “Cinayət təqibi, media və vətəndaş cəmiyyəti institutlarının qarşılıqlı əlaqələrinin müasir tendensiyaları” mövzusunda keçirilmiş treninq xüsusi qeyd edilməlidir.
Medianın bütün növ qruplarının (televiziya, radio, çap mətbuatı, xəbər agentliyi, internet portal) və müxtəlif ictimai birliklərin təcrübəli nümayəndələri iştirak edən treninq üzrə maarifləndirici tədbirlər müasir informasiya-kommunikasiya texnologiyalardan geniş istifadə edilməklə Baş Prokurorluğun inzibati binalar kompleksinin təyinatına uyğun olan konfrans zalında və auditoriyalarında həyata keçirilmişdir.

  Əvvəlcədən müəyyən edilmiş proqrama əsasən tədbirin ilk günü Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin rəisi Mübariz Əhmədov və Mətbuat xidmətinin rəhbəri Saleh Hacıyev tədbirin açılışını etdikdən sonra Elm-Tədris Mərkəzinin şöbə rəisi Nigar Qələndərli “Müstəqil Azərbaycan mediasının inkişafında Ümummilli lider Heydər Əliyevin əvəzedilməz xidmətləri”, Real TV-nin baş direktoru Mirşahin Ağayev “Azərbaycanın informasiya sahəsində milli maraqları, bu sahədə olan təhdidlər və media”, “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev “İctimai nəzarət: Vətəndaş cəmiyyəti və dövlət orqanlarının əməkdaşlığı” mövzularında təqdimatla çıxışlar etmiş, Medianın İnkişafı Agentliyinin nümayəndəsi Pərvanə İbrahimova tərəfindən “Sosial media və media savadlılığı” mövzusunda dəyirmi masa təşkil edilmiş, Prokurorluqda istintaqa nəzarət idarəsinin prokuroru Kənan Babazadə istintaq sirri təşkil edən məlumatların yayılmasının yaratdığı fəsadlar barədə mühazirə oxumuşdur.

  Treninqin ikinci günündə “Lent.az” informasiya agentliyinin baş redaktoru Hafiz Heydərov “Rəsmi dövlət qurumu ilə razılaşdırmadan yayılmış məlumatların hüquqi nəticələri”, Mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov “Prokurorluqda aşkarlıq və şəffaflığın təmin olunması ilə bağlı həyata keçirilən kompleks tədbirlər”, Elm-Tədris Mərkəzinin şöbə prokuroru Rəşad Qasımov isə “Mediada istifadə olunan hüquqi terminlərin anlayışı” mövzularında məruzə ilə çıxış etmişlər. 

  Yekunda iştirakçılara sertifatlar təqdim olunmuş və xatirə fotoşəkli çəkilmişdir.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.