Şriftin ölçüsü :

Saytın rəngi :

Baş Prokurorluqda “2 Fevral – Azərbaycan Gəncləri Günü”nə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan gəncliyi” adlı konfrans keçirilmişdir

02.02.2023

 Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvəti olan, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində Baş Prokurorluq tərəfindən silsilə tədbirlər həyata keçirilməkdədir. 

  Bu tədbirlərin davamı olaraq, fevral 2-də Ulu öndər tərəfindən təsis edilmiş gənclər gününə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan gəncliyi” adlı konfrans keçirilmişdir.

  Konfransda Bakı Dövlət və “ADA” universitetləri, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik, Milli Aviasiya, Dövlət Gömrük Akademiyalarının tələbələri, habelə Dövlət Təhlükəsizliyi Xidməti, Polis, Fövqəladə Hallar Nazirliyi və Dövlət Sərhəd Xidmətinin Akademiyalarının kursantları iştirak etmişlər. Həmçinin tədbirə onlayn rejimində Naxçıvan Dövlət Universitetinin tələbələri və müəllim heyəti qoşulmuşlar.

  Tədbirdə millət vəkili Nizami Səfərov “Heydər Əliyevin hüquqi islahatlar strategiyası və beynəlxalq hüquq sisteminə inteqrasiya”, millət vəkili Kamal Cəfərov “Gənclərin intellektual, fiziki və mənəvi inkişafında Heydər Əliyevin rolu”, Elm-Tədris Mərkəzinin rəisi Mübariz Əhmədov “Heydər Əliyev və hüquqi dövlət quruculuğu”, “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev “Heydər Əliyev və vətəndaş cəmiyyəti”, Dövlət İdarəçilik Akademiyasının kafedra müdiri İsaxan Vəliyev “Heydər Əliyev müasir Azərbaycan dövlətinin memarı və qurucusu”, “Azərbaycan Respublikası Prokurorluq Orqanlarının Veteran və Pensiyaya Çıxmış İşçiləri” İctimai Birliyinin idarə heyətinin rəhbəri Seyfulla Aslanov “Müasir prokurorluğun inkişafında Heydər Əliyevin irsi”, birliyin idarə heyətinin üzvü Zahid Vəliyev “Gənclərin sosial rifahında Ümummilli Liderin müstəsna rolu” mövzularında çıxışlar etmişlər.

  Bundan əlavə, Konfransda Elm-Tədris Mərkəzinin əməkdaşları Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinə dair müxtəlif mövzularda təqdimatlar etmişlər. 

  Konfransda iştirak edən gənc hüquqşünaslar tərəfindən maraqlı çıxışlar edilmişdir. Tədbir çərçivəsində milli vətənpərvərlik ruhunda mahnılar ifa olunmuşdur.

  Sonda xatirə fotoşəkilləri çəkilmişdir.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.