Şriftin ölçüsü :

Saytın rəngi :

BMT-nin ixtisaslaşmış qurumu tərəfindən təşkil edilmiş beynəlxalq tədbirə Azərbaycan Respublikası Prokurorluğunun nümayəndəsi ekspert qismində iştirak etmişdir

20.12.2022

  Cari ilin 12–13 dekabr tarixlərində Misir Ərəb Respublikasının Qahirə şəhərində Birləşmiş Millətlər Təşkilatınin Narkotiklər və Cinayətkarlıqla Mübarizə İdarəsi (UNODC) ilə həmin ölkənin Adminstrativ Nəzarət Qurumunun birgə təşkilatçılığı ilə Şarm əl-Şeyx Bəyannaməsinin icrası üzrə Ekspert görüşü keçirilmişdir. 
  Dünyanın 40-dan çox ölkəsinin nümayəndələrinin, UNODC və digər beynəlxalq təşkilatların, həmçinin xarici ölkələrin ədliyyə, məhkəmə və anti-korrupsiya orqanlarının əməkdaşlarının iştirak etdiyi tədbirdə ölkəmizi eksperti qismində Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Təşkilati və informasiya təminatı idarəsinin rəis müavini İsfəndiyar Hacıyev təmsil etmişdir.
  Tədbirdə BMT-nin Korrupsiya əleyhinə Konvensiyasına Tərəf Dövlətlərin ekspertləri tərəfindən ötən ilin 13-17 dekabr tarixlərində Misirin Şarm əl-Şeyx şəhərində fövqəladə dövrlərdə korrupsiyanın qarşısının alınması və onunla mübarizə sahəsində beynəlxalq əməkdaşlığın gücləndirilməsinə dair qəbul edilmiş Bəyannamənin məqsədlərinə xidmət edəcək qeyri-məcburi xarakterli təlimatın hazırlanması üzrə ilkin məsləhətləşmələr aparılmışdır. 
  Təlimat layihəsinin hazırlanmasına yönəlmiş paralel dinləmələrdə iştirak edən nümayəndəmiz Azərbaycanda fövqəladə vəziyyətlərdə və pandemiya dövründə korrupsiyanın qarşısının alınması sahəsində aparılmış işlər barədə xarici həmkarlara məlumat verərək həmin mövzu və digər sahələr üzrə ümumi müzakirələrdə yaxından iştirak etmişdir.
  Tədbirin sonunda UNODC-nin Katibliyi tərəfindən təlimatın ilkin layihəsi qebul edilərək gələcəkdə məzmununun daha da təkmilləşdirilməsi istiqamətində hökumətlərarası müzakirələrin davam etdiriləcəyi bəyan edilmişdir. 
  Təlimatın təqdimatının 2023-cü ildə ABŞ-ın Nyu-York şəhərində keçiriləcək BMT-nin Korrupsiya əleyhinə Konvensiyasına Tərəf Dövlətlərin Assembleyasının 10-cu sessiyası zamanı keçirilməsi nəzərdə tutulur.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.