Şriftin ölçüsü :

Saytın rəngi :

Xarici tərəfaşdaşlarla qurulmuş geniş spektrli əməkdaşlıq əlaqələri çərşivəsində daha bir əyani təcrübə mübadiləsi həyata keçirilmişdir

02.12.2022

  Məlumat verildiyi kimi, Azərbaycan və Rusiya Baş Prokurorluqları arasında imzalanmış 2021-2023-cü illər üçün Əməkdaşlıq Proqramından irəli gələn müddəaların icrası məqsədilə Rusiya Federasiyası Baş Prokurorluğunun nümayəndə heyətinin ölkəmizə səfəri baş tutmuşdur.
  ​Tərəflərin əldə etdikləri müsbət təcrübələrin qarşılıqlı olaraq ötürülməsini nəzərdə tutan səfər proqramının məqsədlərinə uyğun olaraq Baş Prokurorluqda xarici nümayəndələrin iştirakı ilə dəyirmi masa təşkil edilmişdir. Qarşısının alınmasında beynəlxalq əməkdaşlığın müstəsna dərəcədə vacib əhəmiyyət kəsb etdiyi korrupsiya cinayətlərinə qarşı mübarizə sahəsində qanunvericiliyin tətbiqi təcrübəsi, habelə bu növ hüquqpozmaların törədilməsi yolu ilə əldə edilmiş əmlakın xaricdən geri qaytarılmasının aktual məsələlərinin müzakirə edildiyi həmin tədbirdə müvafiq təcrübəyə malik olan əməkdaşların təqdimatları nümayiş etdirilmişdir.    
  ​Proqram üzrə prokurorluğun struktur qurumlarının nümayəndələrinin dinləyici qismində qatıldığı növbəti tədbirdə xarici həmkarlar tərəfindən son dövrlər qlobal səviyyədə aktuallığı ilə qabaqcıl mübarizə metodlarının tətbiqi şərtləndirən kriptovalyutalardan istifadənin hüquqi statusu və onların xaricə çıxarılmasının qarşısının alınmasına dair qonşu ölkədə formalaşmış yeni təcrübələrdən bəhs edilmişdir.  
  Daha sonra Azərbaycan Prokurorluğunun struktur qurumlarının işi ilə yaxından tanış olan qonaqlara dövlət orqanında aparılmış struktur islahatlar nəticəsində cinayətkarlığa qarşı mübarizədə yeni tətbiq olunan qabaqcıl hüquqi yanaşmalardan bəhs edilmiş, həmçinin onlar Baş Prokurorluğun yeni inzibati bina kompleksi və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin inzibati binalarında yaradılmış səmərəli əmək şəraiti ilə tanış edilmiş, kriminalistik və digər elmi-texniki imkanlar barədə məlumatlandırılmışlar.
  ​Səfər zamanı ölkəmizin zəngin tarixi, mədəniyyəti və milli irsi barədə müfəssəl məlumatlılığın təmin edilməsi məqsədi ilə nümayəndə heyəti İçərişəhərdə yerləşən UNESCO-nun Ümumdünya irs siyahısına daxil edilmiş tarixi-memarlıq abidələri ilə tanış olmuş, eləcə də Heydər Əliyev Mərkəzinə səfər edən qonaqlara orada yerləşən muzey və eksponatlar barədə ətraflı məlumat verilmişdir.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.