Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikasının Prokurorluğunun beynəlxalq təşkilatlarla qarşılıqlı əməkdaşlığı uğurla davam etdirilir

26.11.2022

  Cari ilin 23-24 noyabr tarixlərində Moldova Respublikasının paytaxtı Kişinyov şəhərində Moldovanın Milli Antikorrupsiya Mərkəzinin (CNA) təşkilatçılığı ilə Korrupsiyaya qarşı Avropa Tərəfdaşları Təşkilatı (EPAC) və Korrupsiyaya qarşı Avropa Ələqələndiricilər Şəbəkəsinin (EACN) 21-ci illik Peşəkar Konfransı və Baş Assambleyasının İclası keçirilmişdir.
  Avropa İttifaqı çərçivəsində fəaliyyət göstərən regional təşkilatların, habelə EPAC/EACN-a tərəfdaş olan ölkələrin korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış qurumlarının yüksək vəzifəli nümayəndələrinin iştirak etdiyi tədbirdə ölkəmizi Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Təşkilati və informasiya təminatı idarəsinin rəis müavini İsfəndiyar Hacıyev təmsil etmişdir.
Yüksək səviyyəli tədbirin açılış mərasimində çıxış edən Moldova Respublikasının Prezidenti Maya Sandu qonaqları salamladıqdan sonra konfransın işini açıq elan edərək qarşıda duran məqsəd və vəzifələr barədə danışmışdır.
  Ardınca tədbir iştirakçıları tərəfindən yüksək səviyyəli korrupsiya cinayətlərinin istintaqı, habelə bu sahədə aparılan məlumat mübadiləsinin beynəlxalq təcrübəsi ətrafında fikir mübadiləsi aparılmış, bu sahədə yaranan problemlər və onların həlli yolları müzakirə edilmişdir.
  Görüşün ikinci sessiyasında çıxış edən nümayəndəmiz korrupsiyaya qarşı mübarizənin dövlət siyasətinin başlıca istiqamətlərindən biri olduğunu vurğulamış, həmin sahədə həyata keçirilən mütərəqqi islahatları iştirakçıların diqqətinə çatdırmış, habelə ölkəmizdə korrupsiya cinayətlərinin törədilməsi yolu ilə əldə olunmuş aktivlərin bərpası təcrübəsinə dair təqdimatla çıxış etmişdir.
  Tədbirin sonunda təşkilata üzv olan ölkələr tərəfindən “Kişinyov Bəyannaməsi” qəbul edilmiş, habelə, təşkilatın üzlüyünə 6, müşahidəçi qismində isə 1 qurumun qəbul edilməsi və eləcə də növbəti iclasın İrlandiya Respublikasının paytaxtı Dublin şəhərində keçirilməsi qərara alınmışdır.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.